Qardaşxan Əzizxanlı. Məmməd Arazın poeziya olimpi

KLV.az saytı şair, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının Bakının “Hollivud”unda Məmməd Arazın xatirə gecəsindəki çıxışının mətnini təqdim edir.

XALQIN RUHUNU YENİLMƏYƏ QOYMAYAN ŞAİR

Bu gün Hollivud adlı məkanda Məmməd Arazı sevənlərlə onun xatirə gecəsini keçiririk və bu adla anındaca zehnimizdə kino ulduzları, məşhur və sevilən aktyorlar, filmlər xatırlanır. Şair sözlə oynayan sənətkardır. Bu gün “xatirələr ekranında” seyr edəcəyimiz M.Araz söz sənətininən ünlülərindəndir. Yəni Xatirə Gecəsinin bu məkanda keçirilməsinin anlamı var.

Xatirə Gecəsinin keçirildiyi bugünkü 10.01 tarixinə fikir versək güzgü əksi olan bu tarixdə 2026-cı ildəki rəqəmlərin cəmini hesablasaq, 10 alarıq. 10 sonsuzluq, intəhasızlıq rəmzidir. Mən bu təsadüfü Məmməd Araz adının yaşarılığının, onun  poeziyasının əbədiliyinin təsdiqi kimi mənalandırıram.

Mən M.Araz yaradıcılığında sanki kodlanmış bir neçə informasiyanı paylaşmaqla, qısa bir keçidlə şairin poetik aləminə daxil olmaq istəyirəm.

Şairin ilk kitabının adı “Sevgi nəğməsi” idi, onun bütün yaradıcılığı bu yurdun oğluna, qızına bir sevgi nəğməsi oldu.

Onu sevdirən kitablarından biri “Oxucuya məktub” idi,şairin bütün şeirləri oxuculara səmimi bir məktub oldu.

Sevilən şeirlərindən biri “Məhəbbət körpümüz” idi, M.Araz öz şeirləri ilə könüllərə, dayanıqlı, etibarlı bir məhəbbət  körpüsü saldı.

Bu günMən öz varlığımı, öz ünvanımı // tapıram hər yeni gəlişinizlə” (“Dostlar”)  deyən şairin onu sevənlərin, dostların gəlişi ilə öz varlığıtapdığı günlərdəndir.

Əgər M.Araz yaradıcılığının açar sözlərini düşünsək, bu sözlərin Azərbaycan, vətən, millət, yurd, Araz, qaya, vətən daşı olduğunu görərik. O,  “Bu torpağın daşı olub qalaydım”, “Vətən mənə oğul desə, nə dərdim, // Mamır olub qayasında bitərdim” deyə bu torpağın daşını, qayasını vətənləşdirib, şeirləri ilə milli dəyərlərin poetik dairəsini genişləndirib. “Vətən yolunda birinci ölmək” düşüncəsinin, milləti ayağa qaldırmaq missiyasının aliliyini Məmməd Araz ön plana çəkdi. Bu mənada Məmməd Araz yaradıcılığı vətəndaşlıq simfoniyasıdır sanki.

Əgər Azərbaycan deyiləndə ayağa dur ki, // Ana yurdun ürəyinə toxuna bilər!”, “Nə yatmısan, qoca vulkan, səninləyəm, // Ayağa dur, Azərbaycan, səninləyəm!” poetik çağırışları ilə Vətənə “Taleyin  hökmünü özün imzala,”deyən M.Araz yaradıcılığının məna və mahiyyətini, onun fəlsəfəsini ümumiləşdirmək istəsək, fikrimizin ən səlis ifadəsi şairin “Xətainin qılıncını suvardım, // Məmməd Araz karandaşı göyərdi” aforistik deyimi olardı.

“Xalq çox şeyi itirə bilər, bütün mümkün faciələrə məruz qala bilər, amma yenə ayaq üstə qalxmağı bacarar. Əgər o öz ruhunu itirsə, demək hər şeyini itirib və o bir də heç vaxt ayaq üstə dura bilməz” (G.le Bon). Məmməd Araz xalqın ruhunu yenilməyə qoymayan şairdir.

“Madam ki, əksliklər heç bir zaman özünün şəxsi səviyyəsində birləşmirlər, demək həmişə ali nizamın daha yüksək “üçüncü” müstəvisi tələb olunur ki, bütün hissələr orada birləşsin” (K.Yunq). Coğrafi-siyasi cəhətdən ayrı “əksliklər vəziyyətində” olan Güney və Quzey Azərbaycanı milli-mənəvi, ideya cəhətdən bütün “hissələr” hələ ki, yalnız daha yüksək “üçüncü” müstəvidə poetik müstəvidə birləşirlər.  M.Araz poeziyası belə poetik müstəviyə ən öncül örnəkdir.  

Məmməd Araz dünyası Azərbaycan dünyasıdır: Mənim könlüm bu torpağı vəsf eləyərək, // Azərbaycan dünyasından baxar dünyaya, Ömründə ayağı yerə dəyməyən // Yer gəzir, yer qura, yerlibaz ola, // Biz niyə bu günə düşdük, ay dədə?!”, “Mən ki, bölünməzi bölə bilmirəm, // Üzü dönüklərdən dönə bilmirəm, // Məni bağışlamaq olarmı?- Çətin!”, Başının altına yastıq qoyanlar // Ayağı altına qumbara qoydu”, “Xəzərin taleyinə // Bax belə sərbəstlik var, professor, // Sərbəstlikdən betər // Sərməstlik var, professor!”.

“Ayağa dur, Azərbaycan”, “Məndən ötdü, qardaşıma dəydi”, “İlhamım”, “Ya rəbbim, bu dünya sən quran deyil”tək neçə şeir düşüncəmizi ən  dərin qatlarınadək şumlayır: “Səndən qeyri biz hər şeyi bölə billik // Səndən qeyri biz hamımız ölə billik”, “Məndən ötən sənə dəydi, // səndən ötən mənə dəydi // Səndən məndən ötən zərbə, // Vətən, vətən sənə dəydi”, Bir ocaq başında bir isinməsək, // Sən kimə gərəksən, // Mən kimə gərək?!”, “Ələyib sovur da ələnənləri.., // Dağlıya, düzlüyə bölünənləri.

“Araz dili”ndə ən çox və daha obrazlı danışan M.Arazdır. O öz şerində Arazın lüğəvi mənasını dəyişib, ona ictimai məzmun verib. Arazı anan, Araz hənirli şeirlərindən poetik bir “qövsi-qüzeh” yaradıb: “Araz, dilin olsa sözün, söhbətin // Min il yazalası bir dastan olar”, “Sudan çıxan balıq tək ölərəm mən Arazsız”, “Gözümə bir Araz şırımı dəydi, // Yüz Araz töküldü gözümdən mənim…”, Ağlasa – ayaqda tüfəngə dönər, // Balası vurulan pələngə dönər, // Bir dərə ağızlı nəhəngə dönər, // Dumanlar yas qurdu dağlar başında, // Təbriz oxuyurdu dağlar başında”, Musa Yaqub, gözü yolda Təbrizin, // Gözlərinin qara yaşı göyərdi. // Göyərmədi istədiyi bircə dən, // Savalanın qara daşı göyərdi”.

Hələ sovetlər dönəmində “Mənim öz yağışım, öz qarım olsun // İstədiyim yerə yükümü çəkən // Hökmüm, ixtiyarım, qərarım olsun” deyən M.Araz lirikanın azadlıq pərisi müstəqillik arzusu ilə çırpınırdı.

Hər sözünün məna yükü, sıxlığı, şeirindəki ritmik elementlər, səs və vurğu, intonasiya, tonallıq, dil elementləri M.Araz poeziyasının göy qurşağı mahiyyətindən xəbər verir: “Sən mənim yazıma birinci yağış, // Sən mənim qışıma sonuncu qardın, // O mənim qəlbimdə ünvan tapmamış, // Pərişan bir eşqi hara apardın?!”, “Nə sənin mənimtək duyanın olub, //məni sənintək duyan olacaq”, “Bir ocağı yana-yana qoyub getdin, // Bir ocağı sönə-sönə aparırsan”. Sinəm çox söykənib buz nəfəsinə, // Məhəbbət ehtiras, ünsiyyət deyil. // Özümü yaşatmaq xatirəsinə // Səni yaşatmaq da məhəbbət deyil. // Çıxıram şəhərlər, kəndlər seyrinə, // Atıram olanı, keçəni bir-bir. // Bu qədər sənsizlik, sənsizlik yenə, // Səni ürəyimə qaytara bilmir”.

Amma, bununla belə, o: Sənət yarışında, söz yarışında, Yüzümüz bir Sabir deyilik hələ, Bir də azarkeşlər diliylə desək Çoxumuz oynayır B qrupunda...” deyirdi.

Amma, bununla belə, bu yaradıcılıq insanların düşüncə tərzini dəyişdirmək, yatmışları, batmışları” oyatmaq gücündə, sərhədləri keçərək insanları birləşdirmək qüdrətindədir.

Şairin neçə-neçə misrası aforizmə çevrilib:

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Ürəyə girməyi bacarmaq azdır,
Ürəkdə qalmağı bacarmalısan.
Ana itirmişəm ana yaşında.
Mən belə dünyanın nəyindən küsüm?!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Bir ağılın budağından sallanıb
  Neçə-neçə ağlı dayaz yaşayır.
Bir ocaq başında bir isinməsək,
Sən kimə gərəksən, mən kimə gərək?!
Səndən, məndən ötən zərbə
 Vətən, vətən sənə dəydi.
Ağıllı artdıqca ağılsız artır
Qoruyun dünyanı ağıllılardan.
Böyük dünyamızın kiçik dərdləri
  Böyük dərdlərindən daha böyükdür.
Bu da belə bir ömürdü yaşadım.
Od kimi, su kimi köhnəyəm, bala.
Axır səni düzdə qoydu bu düzlük.
Yaş ötəndə yada düşər günahlar.
Səndən mənə gün ağlayan olmadı.
Ya rəbbim, bu dünya sən quran deyil.
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Ucalıqdı bağışlamaq, bağışla məni.
Kiminsə taleyi quzu taleyi...

M.Araz kimliyi şeiri ilə tən olan şairdir: Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdi yazanım”, “Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa, onu demişəm // Anadan, bacıdan gizlətdiyimi. Kağızdan, qələmdən gizlətməmişəm”. Şeirində necə idisə, həyatda elə idi, səmimi, müdrik olduğu qədər sadə.

Şair Söhrab Tahirlə dostluğu o tayla bu tayınbirgəliyini, Bütöv Azərbaycanı simvolizə edirdi.

2002-ci ilin yayında şair rayona anamın görüşünə gələndə qollu-budaqlı gilas ağacının altında süfrə açıb əyləşdik. 2004-cü ilin 1 dekabrında şair ölümü ilə xalqın ona olan sevgisinin ən yüksək nöqtəsinə çatanda kölgəsində oturduğu gilas ağacı həmin qışı qurudu.

Baharla birgə” adlı şeirim isə daha əvvəl, M.Arazın 1983-cü ilin Novruz bayramı günlərində Bakıdakı evimizə ilk dəfə gəlişindən bir gün qabaq yazılıb və şairin həmin ilin may ayında filarmoniyada keçirilən əlli illiyi, əslində, bizə gəlişindən başlamışdı.

Sabah, sabah Məmməd Araz bizə gələcək,

Fərəhdi hey dörd bir yana daşınır duman.

Bu xoşbəxt ev nədən qorxur? Gözə gələcək…

Bütün günü duz çevirir başına duman.

“Azərbaycan – dünyam mənim” olacaq sabah,

Sabah bütün o dağ, aran mənim olacaq.

“Dünya sənin, dünya mənim” olacaq, ana,

Bu gün mənim axırıncı qəmim olacaq.

Bayram elə, bayramındı yaşıdım gənclik,

Sabah sənə qonaq gəlir özü Gələcək!

Döz ürəyim, intizara bircə gecəlik,

Ömrü boyu intizara dözən gələcək!

Baharla bir bahar kimi şairdi gələn,

Vaxtımız da, bəxtimiz də təzələnəcək.

Özü görsün payızıma, qışıma gülən,

Ünvanıma bir əbədi bahar gələcək!

Xoş gəlirsən, üzü gülsün yaxının, yadın,

Dünən – sabah, bu gün olub, bu gün qalacaq.

Buyur, ustad, mən ən gözəl şeirimi yazdım,

Bu gəlişin ən oxunan şeirim olacaq.

Düşünürəm, şairin bugünkü Xatirə Gecəsi də xoş duyğular bəxş edən bir şeirtək yaddaşlarda qalacaq. Sağ olun, M.Araz adlı bu bir neçə saatlıq poeziya olimpinə xoş gəlmisiniz.

https://youtube.com/watch?v=VBpMbuQHbx4&feature=shared

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post