Məmməd Arazın Xatirə Gecəsi keçirildi

Bakıda Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir şəhidlərin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gecədə vurğulanıb ki, Məmməd Araz yaradıcılığı təkcə poeziya deyil, millətin yaddaşı, yol xəritəsi və vicdan səsidir. Onun misralarında dağların sükutu, şəhərin hay-küyü və insanın içindəki böyük Vətən sevgisi bir araya gəlir.

Tədbir çərçivəsində ölkənin tanınmış elm və ədəbiyyat adamları çıxış ediblər. Akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı Məmməd Araz yaradıcılığının poetik, fəlsəfi, folklor və vətəndaşlıq qatlarından bəhs ediblər. Xəzər Universitetinin müəllimi, tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı və filoloq-alim, şair Adilə Nəzər isə çıxışlarında şairin poeziyasının çağdaş ədəbi düşüncədə davam edən təsirinə diqqət çəkib, eyni zamanda ustada həsr etdikləri şeirlərini səsləndiriblər.

Gecə boyunca şairin misraları müxtəlif sənət növlərində səslənib. Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova, Aşıq Ramin Qarayev, bəstəkar və müğənnilər Niyaməddin MusayevÇilənay Hüseynova, müğənnilər Mehranə VəliqızıSərxan Bünyadzadə Məmməd Araz sözünü musiqi və muğamın dili ilə tamaşaçılara çatdırıblar

Şairin poeziyası bədii qiraətdə də xüsusi yer tutub. Aktyor və qiraət ustaları Kamran YunisHəlimət SultanŞirzad PirallahıMüşfiqə BaləddinqızıÜlviyyə Niyazqızıİbrahim Əhmədov, eləcə də Hədəf Liseyinin şagirdləri Məmməd Arazın şeirlərini böyük duyğu ilə səsləndiriblər.

Tədbirdə həmçinin Məmməd Arazın Naxçıvandakı ev muzeyindən video-görüntülər və muzeyin direktoru Əzizə Süleymanovanın çıxışı nümayiş etdirilib. 

Ailə üzvləri adından yazıçı Aqil Abbas çıxış edib və şairin xatirəsi yad edilən Gecəni təşkil edənlərə təşəkkürlərini çatdırıb. 

Tədbir iştirakçılarına şairin 4 cildlik kitabları hədiyyə olunub.

Xatirə gecəsində təşkilatçılara – ideya müəllifi Adilə Məmmədli, ssenari müəllifi Adilə Nəzər, təşkilati işlərə görə Ələddin Məmmədli, İslam Bağırov, Qardaşxan Əzizxanlı və məkanın sahibi iş adamı İsfəndiyar Axundova təşəkkür edilib.

Xatirə gecəsi şairin öz səsi ilə səslənən “Salamat qal” şeiri ilə yekunlaşıb. Bu səs bir daha sübut edib ki, şairlər getsə də, poeziyası ilə xalqın yaddaşında yaşayır.

Məmməd Arazın Xatirə Gecəsi Azərbaycan poeziyasına, milli yaddaşa və sözə ehtiramın parlaq nümunəsi kimi yadda qalıb.


Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxan Əzizxanlı. Məmməd Arazın poeziya olimpi

KLV.az saytı şair, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının Bakının “Hollivud”unda Məmməd Arazın xatirə gecəsindəki çıxışının mətnini təqdim edir. XALQIN RUHUNU YENİLMƏYƏ QOYMAYAN ŞAİR Bu gün Hollivud adlı məkanda Məmməd Arazı sevənlərlə onun xatirə gecəsini keçiririk və bu adla anındaca zehnimizdə kino ulduzları, məşhur və sevilən aktyorlar, filmlər xatırlanır. Şair […]