Bir sınıq pəncərəsi var otağımın
Mən onu dünyanın gözü bilmişəm.
Nə olsun köhnədi, həm də sınıqdı,
Mən onu əzəldən belə sevmişəm.
Həvəsim hər şeyə küsüb, başımı
gəlib-gedənlərə baxıb qatmışam.
Bəzən saatlarla durub önündə
Hara istəmişəm, ora çatmışam.
Mən nələr görmüşəm o pəncərədən,
Həyatı güzgütək göstərib mənə.
Göstərib hər seyi olduğu kimi
Mənə söyləməyib yalan bir dənə.
Görmüşəm qaçaraq getdiyin yolu
Sürünə-sürünə gələ bilirsən.
Torpağın üstündən ayaq izini
Torpağın altından silə bilirsən.
Görmüşəm həyatda, dünyaya insan
taxta pəncərədən baxa bilirmiş.
Demə ki, bu ucsuz-bucaqsız cahan
Kiçik pəncərəyə sığa bilirmiş.

