Fidan Əlizadə. Nağıl fantaziyası qarşısında uşaq məntiqi

(Astrid Lindqrenin Böyük bacı, balaca qardaş hekayəsi üzərinə)

Astrid Lindqren uşaq ədəbiyyatında özünəməxsus üslubu, yumoru və dərin məna daşıyan sadə süjetləri ilə tanınır. “Böyük bacı, balaca qardaş” hekayəsi də ilk baxışda sadə, gülməli dialoqlardan ibarət görünsə də, əslində uşaqların dünyagörüşü, düşüncə tərzi və böyüklərlə uşaqlar arasındakı fərqləri ustalıqla əks etdirən bir əsərdir. Hekayə böyük bacının balaca qardaşına nağıl danışmaq istəyi üzərində qurulub. Bacı klassik nağıl sxeminə uyğun olaraq padşah, şahzadə, sehirli alma, div və uçan xalça kimi motivlərdən istifadə edir. Lakin balaca qardaş bu nağıl dünyasını olduğu kimi qəbul etmir, hər detalı real həyat məntiqi ilə sorğulayır. Bu isə nağılın axarını pozur və komik vəziyyətlər yaradır.

Əsərin əsas xüsusiyyəti dialoq formasında qurulmasıdır. Demək olar ki, hekayədə təsvirlərdən çox, danışıq üstünlük təşkil edir. Bu da mətni canlı, dinamik və oxucu üçün maraqlı edir.

Əsərdəki böyük bacı obrazı böyükləri, ənənəvi düşüncəni və klassik nağıl dünyasını təmsil edir. O, nağılı dəyişməz qaydalarla danışmaq istəyir və balaca qardaşın suallarına əsəbiləşir. Böyük bacı şahzadənin xalçada uçduğunu deyəndə, qardaşı onun dediyini real xalçada yoxlamağa çalışır. Bu da uşaq təxəyyülünün reallıqla qarşılaşmasıdır. Bacının səbrsizliyi böyüklərin uşaqları bəzən anlamadığını, onların suallarını ciddiyə almadığını göstərir.

Balaca qardaş isə əsərin ən canlı və əsas fiqurudur. Hekayədə uşaq məntiqini və sərbəst düşüncəni təmsil edir. O, dəcəl, maraqlı, şübhəçi və məntiqi düşünən uşaq obrazıdır. Hər şeyi sorğu-sual edir. Nağıldakı sehrli hadisələri qəbul etmir, fantaziyanı qəbul etmir, hər şeyi real həyatla müqayisə edir:

Xəstəliyin qurd yağı ilə sağalması,
Uzaq ölkəyə getməyin mənasızlığı,
Xalçanın uça bilməməsi və s.

Bu suallar vasitəsilə yazıçı uşağın dünyanı necə dərk etdiyini, hər deyilənə kor-koranə inanmadığını göstərir. Hekayədə nağıl fantaziyası ilə uşağın məntiqi toqquşur. Böyüklərin “belə olmalıdır” düşüncəsi ilə uşağın sərbəst düşüncəsi üz-üzə gəlir.

Əsərdə yumor əsas yer tutur. Balaca qardaşın sualları və nağılı “yenidən qurması” ironik və gülməli təsir bağışlayır. Yazıçı gülüş vasitəsilə ciddi bir problemi- böyüklərlə uşaqlar arasındakı anlaşılmazlığı oxucuya çatdırır.

Astrid Lindqren bu hekayə ilə bir neçə mühüm fikri çatdırır:

1. Uşaqlar fərqli düşünür – Onlar dünyanı öz məntiqləri ilə dərk edirlər və böyüklərin “belə olmalıdır” dediklərini sual altına alırlar.
2. Xəyal gücü azad olmalıdır – Balaca qardaşın nağılı dəyişməsi uşağın sərbəst fantaziyasını göstərir.
3. Böyüklər uşaqları dinləməlidir – Böyük bacının əsəbiləşməsi əslində böyüklərin uşaqları anlamamaq problemini simvolizə edir.
4. Nağıl təkcə danışılan deyil, qurulandır – Hər uşaq nağılı öz düşüncəsinə uyğun yaradır.

Nəticə olaraq “Böyük bacı, balaca qardaş” hekayəsi sadə süjet altında dərin məna gizlədən, həm güldürən, həm də düşündürən bir əsərdir. Biz bu hekayə ilə görürük ki, uşaqlar dünyanı böyüklərdən fərqli anlayır. Həmçinin fantaziya hərkəs üçün eyni formada qəbul edilmir. Bacı ilə qardaş arasındakı kiçik mübahisə iki fərqli düşüncə tərzinin, yəni qəbul edən və sorğulayan tərzin mübarizəsi olduğunu göstərir. Qardaşın verdiyi suallar əslində bir yetkin insanın verə biləcəyi suallardır. Məsələn: Bacı deyəndə ki, padşah şahzadəni uzaq ölkəyə alma axtarmağa göndərir, qardaş qarşılığında haqlı olaraq soruşur: “Yaxınlıqda alma ağacı yox idi?”

Astrid Lindqren bu hekayə ilə biz oxuculara göstərir ki, uşaqların sualları “dəcəllik” yox, düşünməyin göstəricisidir. Uşaqları susdurmaq deyil, onları anlamaq və dinləmək lazımdır.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Ürəyimi titrədən çex gözəlinin arxasınca

Praqa baharında bu nə işiydi özümü saldım  “Kavarna Slavia” Bethovenin “Ay işığı”na qərq olub. Nazim Hikmətin masasından Heminqueyə zilləmişəm gözlərimi. Fikrim yaman dolaşıb. Axı, mən necə oldu bura gəldim? Bu gün təkcə Qədim Praqanı gəzəcək, Kozna küçəsində qaraladığım italyan restoranında şam edəcəkdim. Sonra da nağıl şəhərin əsrarəngiz gecəsinə qarışacaqdım. Bu […]