XX əsrin roman səmasını iki böyük ulduz işıqlandırmışdı. Xəyallar aləmi ilə real dünyanı bir-birinə qarışdıran magik realizm və ekzistensializm. Kafka bu iki ulduzun yazıçılarını və manifestlərini nə gördü, nə də tanıya bildi. O çox tez öldü. Maraqlıdır ki, yazdığı romanlarla bu iki estetik inqilabı qabaqladı. Daha maraqlısı budur ki, bunları bir-birinə bağladı, vahid bir estetikada birləşdirdi.
Balzak, Flober və Prustun romanlarında hər hansı mistik bir təsvir estetik baxımdan yersiz görünür. Halbuki yazıçı obyektivini ekzistensial problemə tuşlayanda vəziyyət dəyişir. Oxucu üçün real dünya yaratmağa məcbur olmur. Artıq təhkiyəçi danışdığı əhvalatı real hadisə kimi göstərməməkdə sərbəstdir. Üstəlik, fövqəladə hallarda qəhrəmanlarını qəsdən reallıqdan uzaq bir dünyaya aparmağı daha sərfəlidir.
Ağla sığmayan (reallığa bənzəməyən) estetikanın sərhədini Kafka keçdi. Kafkadan sonra bu sərhəd polissiz və gömrüksüz qaldı, sərhədlər əbədi olaraq açıldı. Bu, roman tarixində əlamətdar hadisə idi. Mövzunun səhv başa düşülməməsi üçün mən bu ədəbi inqilabın banisinin XIX əsr Alman romantiklərinin deyil, Kafkanın olduğunu düşünürəm. Onların obrazlı fantastikalarının mənası başqaydı. Yəni, real həyatdan uzaqlaşmışdı, başqa bir dünya axtarışındaydı, roman sənəti ilə elə də çox əlaqəsi yox idi. Kafka romantik deyildi. Novalis, Tik, Arnim və E.T.A. Hofmanndan o qədər də xoşu gəlmirdi. Arnimə heyran olan Bretondu, Kafka yox. Kafka dostu Brodla birlikdə Floberi fransız dilindən hərisliklə oxudu. Onu tədqiq etdi. Kafkanın müəllimi böyük müşahidəçi Flober idi.
Reallıq nə qədər diqqətlə və inadkarlıqla tədqiq edilərsə, hər kəsin onun barəsində düşündüyü fikrə cavab vermədiyi o qədər asan başa düşülər. Məhz buna görə də reallıq Kafkanın həyata baxışında daha mənasız, ağıldankənar və həqiqətdən uzaq şəkildədir. Kafkanı və ondan sonra gələn böyük yazıçıları reallığa bənzəməyin sərhədlərindən uzaqlaşdıran və real dünyaya uzun-uzadı nəzər yetirən bu maraqlı kafkaist baxışdır.
İngilis dilindən tərcümə edən: Ülvi Babasoy

