Ayaz Arabaçı. Görürsənmi, onun üçün seçmişəm yalqızlığı

Çətin olacaq, oğlum,
sənə çətin olacaq.

Səni gözləyən işıqlar hələ çox uzaqdadır.
Təbəssümlər, gülüşlər
baştan-başa saxtadır.
Sənə çətin olacaq…

Hələ ki ümid azdır bahar şəfəqlərinə,
bəzi şeylərə görə
getmək olmur dərinə.
Qanad taxmağa dəymir hansısa bir arzuya,
qurd ağızlı oğullar
bir-bir dönüb quzuya.

Nə elmin, nə zəhmətin, nə işin dəyəri var,
“kişi” bildiklərinin çöldə neçə əri var.
Şərin yolları heç cür
çən olmur, duman olmur.
Bu günnən,
bu ömürnən fatıya tuman olmur.

Sənə çətin olacaq,
çətin olacaq, oğlum.
Elə ona görə də sən də gözlərini yum.

Əslində istəmirəm qəlbini qanatmağı,
məncə, unut bir sıra şeylərə can atmağı.
Hərənin öz ətrafı, hərənin öz tərəfi…
Çoxdan yerə soxublar
bu vətəndə şərəfi.

Vəhşi bir ehtirasla əmirlər bu vətəni,
əmilər bu vətəni…
Bakirə duyğuların tapdalanıb qızlığı.
Görürsənmi, onun üçün
seçmişəm yalqızlığı.

Qanımızla qalanır bu od, bu ocaq, oğlum.
Sənə çətin olacaq,
çətin olacaq, oğlum.

Vardı o hiss, o cürət, o qüvvət atanda da.
Gərək pəncəsi üstə yatasan
yatanda da.

Bu söhbəti saxlayaq, gəl toxdayaq bir anlıq.
Görək nə vaxt çəkilir bu uğursuz qaranlıq…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir