Adam istəyir desin ki, ay vətən, ay bayraq, çox ucasan e…
O qədər ucasan ki, ayağının altında qalırıq.
Öldük sənin üçün, gəncliyimiz, sağlamlığımız, torpaqlarımız getdi.
Xankəndidə sənə baxıb sevincimizdən ağladıq.
Ən yaxşı sözləri yazdıq sənə…
Sən də haqlı olaraq ucaldın, dünyanın ən böyük qələbəsini təmsil etdin.
Amma səni and verirəm 8 noyabra, xəstə balamızı İran çöllərinə atmağa icazə ver…
Bilirəm çox ədalətlisən, Mir Şahinə inanmırsan, sərhədlərə də ucalıqdan baxırsan…
İtin olaq, qurdun olaq…
Heyvanın olaq, gözəlim!
İmkan ver qaçaq kölgəndən…
Sənin üçün balalarımız öldü…
Öləcək də…
Amma səni Şuşadan asanda, ətəyindən öpəndə belə danışmamışdıq…
Səni müzəffər ölkə başçısının fonunda şəkil, sinifdə lövhə, yaltaq şairlərin şeirində mövzu kimi görməkdən yorulduq…
Hər gün mülk siyahıları yayılan eks məmurların vəsiqəsində emblem olma…
Səni cavan balalarımza bükdük, sığallayıb təsəlli tapdıq…
İcazə ver səmimi sevim səni, məni bambılı yerinə qoyma…
Üç rəngin, üstəlik hilalın var, heç olmasa saplağının bizə bir dəxli osun…
Pis yozma, ümidsiz vaxtı başımıza çırpıb ağlayaq!
İndi sənin şahidliyinlə Rəşad Məcidin bir sözünü oxudum, deyir, nikbin olun, neqativ yaymayın…
Ona deyin Adnan Əhmədzadənin xanımının iki-üç cüt ayaqqabısı qiymətinə həyatı xilas ola biləcək xəstə qardaşın oğlu əlacsız-əlacsız sənə baxırsa və məğlubiyyət bəhanəsi ilə oğurlanan ömrün eyni şəkildə qələbə eyforiyası ilə oğurlanırsa, zibil yemiş ördək kimi dayanırsan və nikbin ola bilmirsən…
De, əziz bayraq…
Yaxşı adamdı…
Hamı yaxşı adamdı, amma nə isə vəziyyət yaxşı deyil…

