Ülvi Babasoy. Əşyalar eşqdən çox yaşayır

   İlıq payız axşamıdır. İstanbulda İstiqlal caddəsindəyəm, ağlım isə bir qarış xatirələrdədir. İstiqlalın simvolu olan qədim və qırmızı tramvay gəlir, tullanıb yapışıram quyruğundan. Qalatasaray liseyinə çatanda hoppanıb düşürəm, müqavimətimi itirirəm, az qala yıxılam, tez özümü tarazlayıb üzüaşağı həyəcanla qaçıram, çürümüş albalı rəngində bir binaya daxil oluram. Yuxarı qalxıb darısqal və yarıqaranlıq bir otağın aurasına qapılıram. Kamal Basmacının Orxan Pamuka öz eşq hekayətini danışdığı yerdir. Kiçicik, dəmir haşiyəli çarpayıya əyləşirəm, dinclik bürüyür canımı, 10 günlük İstanbul gəzintimin asudəlik və rahatlığı ilə üzləşirəm. İlk dəfədir ki, İstanbulda hüzur tapır ruhum. Uzanıram, gözümü yumuram, yuxuya gedirəm“Beyefendi, beyefendi burası yasak, lütfen terk edin…” Gözümü açıram ki, 2 nəfər orta yaşlarında, ucaboy mühafizəçi üstümü kölgələndirir. Ürəyimdə qəribə təəssüf hissi keçirirəm. Mühafizəçilər qadağan işarəsi və yazısını göstərirlər. Təəssüf və həyəcanım iki səbəbə görədir. Dincliyimi pozduqları və bir yazıçının qəhrəmanı ilə olan məhrəmliyin arasına girdiyim üçün.

   “Eşq avtoqəzadır”, özü də ölümcül. Deyəsən, özüm deyib özüm də eşidirəm. Eşq olmayan bir ideal yaratmaqdır. O ideala qarşı ən ülvi arzu, istək və diləkdir. Eşqin ehtirası da müqəddəsdir, məhrəmdir, təkcənədir. Yalnız və yalnız bir insana aiddir. Variantsızdır. Əvəzedilməzdir. Ruhanidir. Ruhundan, ürəyindən və canından sözlə keçirə biləcəyin adama qarşı ehtiras xatircəmdir.  Bəzən də xəstəlikdir, ilişib bir insanda qalmaqdır. Bəs yaratmış olduğumuz ideal yoxa çıxanda necə olur? Yenə də o insanı seviriksə, eşqin saf, məsum halı odur. Xalis eşq budur. Adam aşiq olduğu insanı qüsurları ilə sevir. Nə olsa da, üz döndərmir. Xəyanət etmir. Hətta aşiq olduğu insan yemək yeyərkən üst-başını batırırsa, deyir: “Necə də qəşəng, şirin yeyir e”. Olduqca mədəni yemək qabiliyyəti olan bir insanla ya zəlzələdən, ya da vəlvələdən birlikdə isə o vəziyyətə qarşı qəribə bir kin, qəzəb yaranır içində. İstənilən gözəl əməl və davranışı belə gözünə batır.

   Orxan Pamukun “Məsumiyyət muzeyi” romanında Kamal uzaq qohumu Füsuna aşiqdir. Bu eşq saf və məsum deyil. Hər şey Kamalın nişanlısı Sibelin “Jenny Colon” markalı çantanı istəməsi ilə başlayır. Bir əşya olmayan, kilidli münasibətlərin açarı olur. Kamal çantanı almaq istəyərkən ondan 12 yaş kiçik, unudulmuş, kasıb və uzaq qohumları Füsunla rastlaşır. Füsunun qırmızı boyalı ayaq dırnaqları Kamalda və kişiliyin qədim şüuraltında erotik hisslər yaradır.  Çanta saxta çıxır. Sibel orijinal çanta ilə saxta olanı müqayisə edir. Kamal çantanı geri qaytarmaq istəyəndə Füsunun ağlaması ilə üzləşir, elə bu an qəzaya uğrayır sanki. Şirin öpüşlə başlayır sevgiləri. Kamalla Füsun Kamalgilin yaşamadığı evdə hər gün saat 2-də görüşürlər. İkinci görüşdə Füsunla Kamal “sonuna kimi gedir”lər.
    Sibel Kamala “uyğundur”. Çünki onun kimi təhsillidir və şəhər elitasını təmsil edir. “Hilton Hotel”də Sibellə Kamalın nişanında Füsun və ailəsi də iştirak edir. Məhz həmin gün Kamal Füsunu itirir. Çünki Kamalın onunla yanaşı nişanlısı Sibellə də sevişdiyini öyrənir. Füsun Kamaldan uzaqlaşır, yaşadıqları evdən köçürlər. O gündən Kamal Sibeldən də soyuyur. Nişanı qayıdır. Aylar sonra Füsundan məktub alır. Evlərinə dəvət edib Kamalın gözünün içinə baxaraq əri Feridunla tanış edir. Feridun ucuz senarilər yazan kasıb bir adamdır. Füsunun Kamalla ünsiyyət qurmaqda məqsədi onlara maddi köməklik göstərməsidir. Ərinə film çəkmək üçün şərait yaratsa, Füsun da baş rola çəkilib məşhur olacaq. Nəticədə, Kamal pul ayırır, ancaq Füsunun filmə çəkilməyinə nə Feridun, nə də ki Kamal imkan verir. 8 il Kamal ailəli Füsunun evinə gedib onu seyr edir, bununla xoşbəxt olur. Ta ki Füsun ərindən boşananacan. Nəhayətdə, Füsunla Kamal evlilikdən əvvəl səyahətə çıxırlar və Füsun avtoqəzada vəfat edir. Ölümdən dönən Kamal Füsunun əli dəyən və xatirəsi olan hər bir əşyanı yığıb muzey edir. “Məsumiyyət muzeyi” belə yaranır.  Pamuk romanda psixoloji məqamları, insan münasibətlərini və eşqin qaranlıq, xəstə tərəflərini epik təqdimatla göstərir. Füsun hələ uşaqkən talesizdir. Qarabəxtdir. Atasının dostları tərəfindən qısnanır, gənc yaşlarında isə İstanbulun zəngin iş adamları ondan şorgöz baxışlarını və əllərini çəkmirlər. Hətta özündən xeyli böyük və varlı Turqay bəylə “eşq” yaşayır. Pamuk qadına yalnız cinsi obyekt kimi baxan kişilərin ümumi obrazını yaradır. Belə duyğuların heyvani və şəhvani çürüklüyünü sənətin dili ilə danışır və göstərir. Eyni zamanda Füsunun da gözü açıldıqca fərqli kişilərlə yaşadığı təcrübələrin bədii kataloqunu yaradır. Məhz Kamalla bu qədər tez, cəmi ikinci görüşdə sonuna qədər getməsi təsadüfi deyil. Hə, bir qadın sevdiyi kişiyə özünü təslim edə bilər. Ancaq bu yalnız bir kişiyə olanda nadir və qiymətlidir.

    13 fevralda “Netflix” platformasında “Məsumiyyət muzeyi” romanı əsasında eyniadlı mini serial yayımlandı. Rejissor Zeynəb Günay romana sadiq bir senari üzərində işləyib. Hətta yazıçı Orxan Pamuk da ilk və son bölümlərdə rol alıb. Yazıçının yaratmış olduğu “Məsumiyyət muzeyi” də serialın kadrlarına güclü vizual effekt bəxş edib. İstanbulun 1970-1980-ci illərdəki bədii panoramı uğurlu estetik nostalgiya yaşadır. “Yeşilçam” dövrünə adi mahnıların səsləndirilməsi dövrün ab-havasını daha doğma edir. Xüsusilə Neconun “Səni mənə qatsam” mahnısı Kamal və Füsun qütbləri arasındakı ziddiyyəti daha yumşaq dramatik qarşıdurma ilə ifadə edir.

     Serialın ilk 3 seriyası olduqca statik və sıxıcıdır. Onsuz da Orxan Pamuku oxumaq da o qədər asan deyil. Vərəm Çexovun hekayələrini oxuyarkən nə qədər dinamika hiss edirsənsə, Pamuku mütaliə edəndə bir o qədər vərəmləyirsən.  Pamukun yazı tərəzisində düşüncə saf tərəfdən daha ağırdır, planlıdır. Baş rollarda Səlahəddin Paşalı (Kamal) və Eylül Lize Kandemirdir (Füsun). Kamal romandan fərqli olaraq, daha gülərüz və dinamikdir. Bir qədər əyləncəlidir. Füsun da filmdə xeyli gülümsəyir. Pamukun romanlarında sosial funksiya olduqca dərindir. İstanbulun varlı elitası Kamalın ailəsi və çevrəsi simasında göstərilir. Füsundan sonra Kamal bu həyatdan uzaqlaşıb kasıb və yoxsulların məhəlləsindəki “Fatih Hotel”də yaşayır. O bölgənin mədəniyyətini, gündəlik həyatını mənimsəyir.  Özünü kəşf edir. Daxilə çəkilir. Füsunla aylar sonra qarşılaşma səhnəsi qüsursuzdur. Məğrur və qalib ədasıyla ərini təqdim edən Füsunun (Zeynəb Kandəmirin) sifəti kinematoqrafikdir. Bədən plastikası isə bütün səhnələrdə, hətta erotik situasiyalarda dinamikdir. Füsun Kamalla ilk dəfə sevişəndə bədəninə baxır, onu kəşf etməyə çalışır. Qadın bədəninin eşqin tarixindəki rolu mərkəzdə dayanır. Ancaq ruhla bütövləşməsi şərtdir. Əks halda erotik və ya pornoqrafik sayaqlamalardan o tərəfə keçə bilmir. Dünya ədəbiyyatında eşq ruhani və cismani cəhətdən göstərilməyə çalışılıb. Eşqin ali mərtəbələri klassik ədəbiyyatımızda bəznərsizdir. Qarsiya Markesin “Vəba günlərində eşq” romanının nəhəng kölgəsi isə “Məsumiyyət muzeyi”nin üzərinə düşür. Fəqət Markesin romanı daha uğurludur. Bədənlərarası əlaqə yaratsaq, Florentino Ariza Fermina Dazanı sevir və 51 il, 9 ay, 4 gün onun ərinin ölməyini gözləyir. Fermina ahıl yaşında bu bənzərsiz və vəbalı eşqin qarşısında tab gətirə bilmir, təslim olur. Markes eşqin bədəndə hansı izlər buraxdığını gənc və moruq kimi büzüşmüş bədənlər fonunda maddiləşdirir. Axı bütün sevinclər və kədərlər bədəndə üzə çıxır.

   Seriala baxdıqdan sonra belə bir sual yaranır: Roman, yoxsa serial? Əlbəttə ki, roman və muzey. Çünki serial romanın süjetinə sadiq qalsa da, əsərin “Yeşilçam” filmlərinə xas atmosferini daha da bayağılaşdırıb. Kamalı eşq acısından daha çox yeniyetməlik sindromundan əziyyət çəkən biri kimi görürük. Bəs Pamukun romanı bizə nə deyir? Eşq yalnız hər yeri çəhrayı görmək, gözlərində kəpənəklərin uçuşması deyil. Sevdiyinə qeyri-adilik gözlüyünü çıxarıb baxmaqdır. Onda da sevirsənsə, eşqdən söhbət açmaq olar. Yoxsa həm füsunları, həm də sibelləri eyni anda yola verir və vicdanın səni narahat etmirsə, burda eşqdən söhbət gedə bilməz. Bir münasibət bitər-bitməz başqasını başladırsansa, burda yalnız şəhvət, azğınlıq var. Şəhvətin xaricindəki eşq məsumluqdur, saflıqdır. Serialda Kamalın məsum tərəfi Füsuna aid hər bir əşyanı yığıb bir vaxtlar görüşdükləri evə aparmasıdır.  Kamalın şüuraltıdır muzeyin hər bir eksponatı. Pamukla Kamalın filmdə də görüşməsi yazıçının roman dünyasındakı inandırıcılığı artırır. Romanı, filmi və muzeyi olan şedevr yaranır. Kimin hansına vaxtı və gücü çatırsa, onunla tanış ola bilər. Serial bitəndən sonra Zeynəb Günay obyektivi tuşlayır kadrarxasına, işin mətbəxinə. Rejissor deyir ki, bu serialı ona görə çəkdim ki, roman və senari eşqin mədh edilməsi, gözəlləməsi deyil. Füsun obrazını canlandıran Eylül Kandemir isə ən dəqiq məqama toxunur. Füsun daima ətrafdakı, xaricdəki insanlar tərəfindən görülməyə, kəşf edilməyə can atır. Bu hal olduqca bəşəri və təbiidir. Fəqət Füsun özünü görmür, özünü görsə, həyatında yalnız bircə kişi olardı, bəlkə də. Orxan Pamuk isə o qədər arxayın danışır ki serial haqqında. Çünki ekran işinin romanın kölgəsində qaldığından adı kimi əmindir. Serial haqda son fikirlərini səthi yumor və dərin sarkazmla birləşdirir: “Mənim romanım daha sosial bir romandır, burada isə sosial roman duyğuların, melodramatik anların diqqətlə dramlaşdırıldığı, böyüdüldüyü, yaşanıla bilən hala gətirildiyi bir şeyə çevrilib və ortaya çıxan bu şey bizim gözlərimizi mənim romanımdan daha çox nəmləndirir, ha ha haaa… ağladır deyə bilmirəm. Ha ha haaa”.

    Hər bir əşyanın ruhu var. Şeylərin məsumiyyəti məhz budur. Unudulan, tərk edilən, sevilən, daima istifadə edilən, doğma və yad əşyaların hər biri məsumdur. Xatirələr bayağılaşsa və ucuzlaşsa da, əşyalar öz məsumluq, saflıq və gözəlliklərindən heç nə itirmirlər. Sevilən və sevən insanın əlinin, nəfəsinin və nadir xatirəsinin toxunduğu hər əşya məsumdur. Əgər o qadın yalnız bir kişiylə xəyal qurur və sevirsə, əbədi bir ehtirama layiqdir. Gənc və enerjili çağında olanda kişi bircə qadınla kifayətlənirsə, o da ən az bu şeylər qədər məsumdur. Bəzən əşyalar insandan və eşqdən daha çox yaşayır. Necə də məhzun görkəmdir. Eşqin ruhani, bioloji, antroploji, sosial və psixoloji qatları bircə əşya qədər sadiq deyilsə, o yalnız şəhvətdir, qaranlıq bir dünyadır.  İndi münasibətlər ayaqüstü olub. Belə bir zamanda özünə çəkilməyin gözəllik duyumu və estetik zövqü eşqin və şeylərin məsumluq və saflığını yarada bilər. Axı bir-birini sevənlərin biri Şərqdə, digəri Qərbdə, biri Şimalda, o biri Cənubda, biri bu dünyada, digəri başqa həyatda olsa da, onları yenə də aşiqdirlər bir-birilərinə. Ən azından üçüncü müstəvidə.

   İstanbulda İstiqlal caddəsindəyəm. Ağlım isə bir qarış şeirdədir. Çiçək Pasajına buruluram. Cemal Süreya Pamukdan fərqli olaraq eşq gözəlləməsi yaradır. Şairin  “Üvercinka” şeiri bu yazının arxasında səslənən nəğməni, musiqini əvəz edir. Sevə bilənlər və xatircəm eşqlər üçün:

Böylece bir kere daha boynunlayız sayılı yerlerinden

En uzun boynun bu senin dayanmaya ya da umudu

                                                             kesmemeye

Laleli’den dünyaya doğru giden bir tramvaydayız

Birden nasıl oluyor sen yüreğimi elliyorsun

Ama nasıl oluyor sen yüreğimi eller ellemez

Sevişmek bir kere daha yürürlüğe giriyor

Bütün kara parçalarında

                          Afrika dahil

Aydınca düşünmeyi iyi biliyorsun eksik olma

Yatakta yatmayı bildiğin kadar

Sayın Tanrıya kalırsa seninle yatmak günah, daha neler

Boşunaymış gibi bunca uzaması saçlarının

Ben böyle canlı saç görmedim ömrümde

Her telinin içinde ayrı bir kalp çarpıyor

Bütün kara parçaları için

                          Afrika dahil

Senin bir havan var beni asıl saran o

Onunla daha bir değere biniyor soluk almak

Sabahları acıktığı için haklı

Gününü kazanıp kurtardı diye güzel

Birçok çiçek adları gibi güzel

En tanınmış kırmızılarla açan

Bütün kara parçalarında

                          Afrika dahil

Birlikte mısralar düşünüyoruz ama iyi ama kötü

Boynun diyorum boynunu benim kadar kimse

                                                 değerlendiremez

Bir mısra daha söylesek sanki her şey düzelecek

İki adım daha atmıyoruz bizi tutuyorlar

Böylece bizi bir kere daha tutup kurşuna diziyorlar

Zaten bizi her gün sabahtan akşama kadar kurşuna

                                                           diziyorlar

Bütün kara parçalarında

                           Afrika dahil

Burda senin cesaretinden laf açmanın tam da sırası

Kalabalık caddelerde hürlüğün şarkısına katılırkenki

Padişah gibi cesaretti o, alımlı değme kadında yok

Aklıma kadeh tutuşların geliyor

Çiçek Pasajında akşamüstleri

Asıl yoksulluk ondan sonra başlıyor

Bütün kara parçalarında

                          Afrika hariç değil

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir