Nurəddin Ədiloğlu. Adını əməli ilə qazanan insan

İnsan var ki, ömür yollarında rastına təbiətin və taleyin ən böyük bəxşeyişi qismində çıxır… Bir çox qələm dostları kimi mənim də Ağa deyə xitab etdiyim Ağacəfər Həsənli də belə dəyərli və nadir insanlardan biridir. Adı ilə əməli həmişə  tən gələn Ağacəfərlə çox sonralar dostluğa çevrilən tanışlığımızın düz 40 illik tarixçəsi var. O vaxt universitetinin jurnalistika fakültəsini təzəcə bitirmişdim,  Ağacəfər isə Haqqdan gələn istedadı ilə SÖZə bəndəlik edə-edə çoxdan Haqqa gedən yola çıxımışdı. İlk tələbəlik illərindən üzü bəri bədii SÖZün təsir gücünə güvənib könüldən-könülə körpü salan Ağacəfər Həsənli bu gün artıq öz imzasını çağdaş ədəbiyyatımızda çoxdan təsdiqləmiş peşəkar bir qələm əhlidir. Azərbaycan ədəbi tənqidin aparıcı siması, ustad tənqidçi Vaqif Yusifli demişkən, külli-aləm bilir ki, Ağacəfər Həsənli ŞAİRDİR, özü də əlüyyül-əlasından!..

Təbii ki, hər bir yaradıcı insana güc verən qoynunda doğulub boya-başa çatdığı yurd, dədə-baba ocağıdır. Ağacəfərin ulu babalarının şəcərəsi seyid-peyğəmbər nəslindən zinətlənib. Nadir şah Əfşarın zamanında Ərdəbildən Muğana, ordan da ecazkar təbiəti olan Lerikə köçüblər. Ağacəfər də yetmiş il əvvəl günəşli bahar günü sözünün sahibi olan ağır ləngərli, ağzı xeyir-dualı ata-babalarının məskunlaşdığı Rvarud kəndində dünyaya göz açıb.

Başı lacivərd göylərə söykənən məğrur dağlardan düzə enib, paytaxtda lövbər salan Ağacəfərin halal qələmindən çıxan yazılarının əksəriyyətində elə o dağların saf havası, daşlı – qayalı çayların şırıltısı, diş göynədən bulaqların xoş zümzüməsi, dibi görünməyən dərələrin, yaşıl ormanların nəfəsi duyulur. Adına tapındığı, and yeri bildiyi müqəddəs yurdun bulaqları bulaq dilində, meşələrin şahı sayılan dəmirağacla ağac dilində, dağ kəkliyi ilə quş dilində danışa bilir.

Deyirlər, mərhum xalq şairi Musa Yaqub şəhərə gələndə qələm dostları ona “dağ qartalı” deyərmişlər. Ağacəfər Həsənli də dağlara, el-obasına, doğma kəndinə bağlıdır. Ona görə də yarım əsrdən çox şəhərdə yaşasa da “Mən köklü-köməcli bir kənd oğluyam”  deyir. Sözün zirvəsinə yuksələn yoluna şəhərdə davam edən şairin poetik dünyasından ədəbi tənqidin görkəmli nümayəndələri sanballı məqalələr yazıblar. Mən isə gənc yaşlarından qələmi müxtəlif mətbuat orqanlarında cilalanmış Ağacəfərin özünəməxsus dəst-xətti ilə seçilən publisistik yaradıcılığından qısa da olsa, söz açmaq istərdim.

Sovet dönəminin 70-80 -ci lləri də Azərbaycanda Ağacəfərin təbirincə desək, jurnalistikanın qızıl çağları, ən parlaq dövrüydü. Respublikamızın demək olar ki, bütün şəhər və rayonlarda qəzetlər nəşr olunurdu. Paytaxtda dərc olunan qəzetlərin tirajı 250-300 minə, hətta yarım milyona çatırdı. Ağacəfər də o vaxtalar “Sovet kəndi” qəzetində çalışırdı və əks-səda doğuran yazıları ilə oxucuların diqqətini cəlb edirdi. Poeziyada olduğu kimi, publisistikada da Ağacəfər bədii amalına sadiq qalır; dilə, sözə həssaslıqla yanaşır, lirik duyğulardan məharətlə istifadə edərək dolğun təsvirlər, canlı lövhələr yaradırdı.

Mətbuat səhifələrində bizi əhatə edən ətraf mühitin qorunması haqda zaman-zaman yazılır, danışılır, “həyəcan təbili” çalınır. Çünki TƏBİƏT ədəbiyyat və incsənətin əbədi mövzu mənbəyidir. Əfsus ki, yaşadığımız zəmanədə təbiəti talayanların sayı, onu qoruyanlardan daha çoxdur! Bir çox publisistik məqalələrində, o cümlədən  “Cənub meşələrinin həyəcanı” eko – oçerkində Ağacəfər təkcə ana təbiətin taleyindən narahatçılığını dilə gətirməklə kifayətlənmir, həm də mövzunun aktuallığını önə çəkərək milli təəssübkeşlik  hissi ilə qabartdığı məsələnin nə qədər ciddi olduğunu müvafiq qurumların diqqətinə çatdırırdı (yeri gəlmişkən qeyd edim ki, həmin oçerk 23 il əvvəl “Azərbaycan” ədəbi dərgisində də dərc olunub).  Ağacəfər vətənpərvər ziyalı, mübariz publisistdir. O, nəinki ölkədə, respublikamızın hüdudlarından uzaqlarda gəzib-gördüklərini, içində olduğu hadisələrin mahiyyətini,  qürbətdə yaşayan soydaşlarımızın həyat və fəaliyyətini, bir sözlə, təbiət, cəmiyyət, sənət həqiqətlərini oxucularla bölüşməyi özünə borc bilir.

Müxtəlif qəzet və jurnallarda çap olunmuş publisist məqalələri, sənət haqqında fikirləri, ayrı-ayrı sənətkarlara həsr etdiyi yazılarında poetik dil, bədii söz  Ağacəfər Həsənlinin ruhunu, mənəvi dünyasını əks etdirən şəffaf aynaya bənzəyir. Bu aynada onun özü və sözü ilə bərabar dünənimizin və bu günümüzün mənəvi mənzərəsi, yaradıcı simalarının obrazları canlanır.

Ağacəfərin bələdçiliyi ilə Xalq şairi Məmməd Arazın: “Sən bölgə şairi deyilsən, ölkə şairisən” dediyi Şəkər Aslanın, “Dağlar oğlu” romanınım müəllifi Məmmədhüseyn Əliyevin, “Mənə vaxt verin”  deyən, fəqət dünyadan çox erkən köçən Vaqif Hüseynovun, AzTV-də “Hünər” in əsasını qoyan  Məmməd Kazımın, bugünkü “nəsildaşları, tale ortaqları –  Vaqif Bəhmənli, Adil Cəmil, Tofiq Nurəli, Maarif Soltan, Əjdər Ol, Balayar Sadiq və neçə-neçə əhli-qələmlərin söz dünyasına səyahət edirsən.     Ağacəfərin şair dostu Tofiq Nurəlinin 70 yaşına həsr etdiyi məqalədə başlığa çıxartdığı “Sözünün “ağası” və “qara fəhləsi” fikrini elə onun özünə də şamil edirəm.

Xatirələr aynasında  Ağacəfərlə Masallıda, Lənkəranda, Lerikdə unudulmaz görüşlərimiz, Bakıda  “Mars” ədəbi dərgisində çiyin-çiyinə çalışdığımız günlər canlanır. İlk dəfə Ağa məni cənub bölgəsinin mədəni mərkəzi Lənkəranda Respublikanın əməkdar artisti, rəhmətlik Əli Salahlının yaratdığı ”Muğam” teatrına aparıb. Əli klassik və muasir Azərbaycan şairlərinin şeirlərini əzbərdən, həm də çox məharətlə ifa edirdi. Onun şeir yaddaşı sanki özüylə əkiz doğulmuşdu.  Əli özü də Ağacəfərin Mövlanə Füzuli sevgisinə, qüdrətli söz ustadının əksər qəzəllərini əzbərdən bildiyinə heyran idi.

“Muğam” teatrında Ağacəfər çıxışına qeyd etdi ki, bütün söz məclisləri Füzuli kəlamları ilə açılmalıdır və musiqinin müşayiəti ilə dahi şairin qəzəllərindən birini dedi.  O gün mən də Ağacəfərin “Can böyük təslim aktıdır, bədəndən ağrıyla çıxır” mətləli şeirini söylədim.  Böyük zövq aldığım o məclisdə Ağacəfərin   bir çox şeirini əzbər söyləyəndən sonra Əli Salahlı üzünü bizə tutub ərklə dedi: “Ağanın qədrini bilin, bu kişi böyük şairdir.”

Etiraf edim ki, iyirmi il əvvəl mənim Bakıya gəlməyimin əsl səbəbkarı Ağacəfər Həsənli olub. Elə ona görə də  özünü “əziyyətə” salıb, 55-60-65 illik yubileylərimin həm rəsmi, həm də bədii hissələrinə aparıcılıq edib.

Ağacəfər Həsənli Azərbaycan ədəbiyyatını bir sıra beynəlxalq tədbirlərdə uğurla təmsil edib. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY və “Qızıl kəlmə” (Azərbaycan) mükafatlarının laureatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun baş məsləhətçisidir. 50-dən çox kitabın müəllifidir. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Müxtəlif ədəbi janırlarda yazılan yüzlərlə kitabın redaktorudur. Göründüyü kimi, şair-publisist Ağacəfəri Həsənlinin ədəbi fəaliyyəti çoxşaxəlidir. Geniş diapozona malik yaradıcılığı çoxcəhətli çalarları və mövzu rəngarəngliyi ilə seçilir.

Deyirlər, insanın doğulduğu  yer, fəsil, adı, soyadı onun xarakterinə və taleyinə təsir edir, hətta qədim inanclara görə, onun gələcəyini müəyyən edir. Bu mənada ilin bahar çağı dağlar qoynunda dünyaya gələn Ağacəfər Həsənlinin adı  ədəbi aləmdə ən məhsuldar və görkəmli qələm sahiblərinin cərgəsində çəkilir.

70 yaşlı qələm dostuma nə arzulayardım? Özü bir şeirində deyir ki,  heç kəs azadlığın tamını axıracan dadmır –  yoxsa ağzının ləzzəti qaçardı…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Pərvin Əliyeva. Çərçivəli fikirlər

Ca May 30 , 2024
Bu cığırlar söyləməz, addımladar harasa, Gözünü qırışdırar, sifətini soldurar. Arzular haraylayar, ilğım keçər sinəndən, Qırçınlanar üfüqlər, ömür-günə tələsər.   Tələsər kölgələrin dirsəklənən hürküsü, Təntisə də yay günü, torpaqtək gümrahlaşar. Mənim ruhum dincələr qılçıq sünbüllər kimi, Saralsa da sapsarı, hikkəsindən boğulmaz.   Yazığam, nərildəmə ov üstünə tüfəngtək, Sürünüb ayaqlarım addım-addım gəlibdir. […]