Ləman Abasova. Susqun Bakı

Bakı kimsəsizdi, Bakı yetimdi.
Uzaq sahillərə dikilən qara qızıl gözləri
İşığını itirmiş fənər təkin sönükdü.

Ayaq biləklərində ötən illərdən miras qalma buxov izləri
Dodaqlarını deyə bilmədiyi sözlər uçuqlatmışdı.
Yöndəmsiz kəsilən saçları
İçində özünü öldürüb yenidən doğan qadınlarınkitək dağınıqdı.
Xəzrinin ara-sıra sərt həqiqətlərlə vurduğu bənizi qabarlaşmış, çatlara, qırışlara yuva olmuşdu.
Qocalmışdı, tükənmişdi Bakı.

Zəhərli havanın məhv etdiyi ciyərləri durmadan ağrıyırdı.
Qulaqları səksəkə içində,
Bir də dostu deyib bağrına basdığı Xəzərlə illərdir sürən küslüyü öldürür, axrına çıxırdı Bakının.
“Övladların əvvəl məni qanıma bələyir, sonrasında isə zəhərləyirlər”,-demişdi sonuncu dəfəsində Xəzər
Deyir:” Övlad elə şirin şeydir ki, onu qorumaq üçün Allaha belə qarşı gələ bilərsən”.
Odur ki, dilinə gələn sözləri yenə udmağı seçmişdi Bakı.

Gecələr onu çoxdan tərk edən yuxusundan, öz vətənində vətən həsrəti çəkməsindən ən çox da, ən çox da qoxumağa başladığı üçün duyduğu utancdan nə bəhs edəcəkdi?
Kimə bəhs edəcəkdi?
Kim duyacaqdı onun illərin susqunluğundan batmış səsini?
Bəs susduqca? Susduqca anlayanı olacaqdımı?
Gözlərinin içinə baxıb onu başa düşəcək bir Allah bəndəsi tapılacaqdımı?

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/05/15/edmund-husserl-kartezian-dusunceleri-10-11/  (davamı) Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ § 52. Özünün xüsusi üsulu ilə təsdiqləmə əldə edən apprezentasiya, təcrübə növü kimi Lakin indi bizim qarşımıza, bu cür appersepsiyanın necə mümkün olduğunu və onsuz ötüşməyin mümkün olmamasını aydınlaşdırılmalı olan, həlli cətin problem meydana çıxır. Örtüyün nətıcələri kimi, yaradılan […]