Almaniyanın populyar “Enzyklopädie des Islam” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Məhəmməd Füzuli – 530” layihəsi çərçivəsində dahi şairin alman dilinə tərcümə edilmiş müsəddəs və qəzəlinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan əsərlərin alman dilinə tərcümə müəllifi – tanınmış filoloq, alman dili mütəxəssisi, “Enzyklopädie des Islam” portalının akademik direktoru – doktor Yavuz Özoguzdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Enzyklopädie des Islam” portalı mütəmadi olaraq səhifələrində Xaqani Şirvani, Nizami Gəncəvi , Ömər Xəyyam, Yunus Əmrə, İmadəddin Nəsimi, Volfqanq Höte, Teodor Fönten, Fridrix Rükkert, Rayner Maria Rilke kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Məhəmməd Füzuli
(1494-1556)
- XVI əsr dahi Azərbaycan şairi;
- Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifi;
- görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəyli “Leyli və Məcnun” poemasının motivləri əsasında Şərqin ilk operasını yazıb;
- türk, ərəb, fars dillərində xeyli sayda qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai qələmə alıb;
- əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib;
- vəsiyyətinə görə Kərbəlada, İmam Hüseynin məqbərəsinin yaxınlığında dəfn olunub.
Müsəddəs
Dün sayə saldı başimə bir sərvi-sərbülənd
Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd.
Göftarə gəldi nagəh açıb lə’li-nuşxənd,
Bir püstə gördüm bu dürci-dəhəndir – dedim, dedi:
– Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin!
Əymiş hilali üstünə tərfi-külahini,
Çox dilşikəstənin gögə yetirmiş ahini,
Zülfün dağtdı, gizlədi əbr içrə mahini,
Gördüm üzündə həlqeyi-zülfi-siyahini,
– Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi:
– Dövri-rüxümdə rişteyi-canındürür sənin!
Vermiş füruğ şəm’i-rüxi gün çirağinə,
Salmış şikəst sərv qədi gül budağinə.
Dün sərv tək basanda qədəm göz bulağinə,
Bir neçə xardən ələm irmiş əyağinə,
– Gül bərginə batan nə digəndir? – dedim, dedi:
– Müjgani-çeşmi-əşkfəşanındürür sənin!
Ceyr ilə saldı bağə güzər ol səmən’üzar,
Ənvai-zibü zinət ilə fəsli-növbəhar,
Açmış gül üzrə sünbülü giysuyi-mişkbar,
Yaxmış lətif ayağına gülbərg tək nigar,
– Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi.
– Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!
Düşmüş üzarı üzrə müənbər səlasili,
Aşüftəhal edib neçə bisəbrü bidili,
Əqlimi valeh eylədi, şəklü şəmaili,
Göz gördü qamətin, dilü can oldu maili,
– Vəh, bu nə türfə sərvi-çəməndir? – dedim, dedi:
–Mənzuri-dideyi-nigəranındürür sənin!
Seyli-sirişkim oldu rəvan xaki-kuyinə,
Can valeh oldu lə’li-ləbü göftguyinə,
Dil düşdü dami-silsileyi-mişkbuyinə,
Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,
– Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi:
– Ey çox xətalı, kəndi qiranındürür sənin!
Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab,
Gül çöhrəsindən atdı səba pərdeyi-hicab,
Gülzarə çıxdı seyr ilə ol rəşki-afitab,
Şəbnəm nisarın etdi yüküş lö’löi-xoşab,
– Bunlar nədir, nə dürri-Ədəndir? – dedim, dedi:
– Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin!
Qəzəl
Ruzigarım buldu dövrani-fələkdən inqilab,
Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.
Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi,
Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?
Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq,
Oldu vacib eyləmək ol biədəbdən ictinab.
Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim,
Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab.
Olmadı ol mahə rövşən yandığm hicran günü,
Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab.
Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk,
Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab.
Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah,
Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.
Kəsmədi məndən səri-kuyində azarın rəqib,
Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?
http://www.eslam.de/begriffe/f/fudhuli.htm
http://www.eslam.de/manuskripte/gedichte/fudhuli/fudhuli_ghazal.htm
http://www.eslam.de/manuskripte/gedichte/fudhuli/fudhuli_musaddas.htm
aztc.gov.az