Marina ÇVETAYEVA (1892-1941) – Görkəmli rus şairəsi, nasiri və tərcüməçisi, rus poeziyasında “Gümüş dövr” adlandırılan cərəyanın əsas təmsilçilərindən biri
Qeyd: Ana dilimizdəki bir çox ədəbi mənbələrdə bu şairənin soyadı, nədənsə, yanlışlıqla Svetayeva şəklində yazılır. Qeyd etmək lazımdır ki, rusca “Svet” sözü “işıq” mənasına gəlir. Şairənin soyadı isə “Çvet” və ya “Tsvet” (rəng) sözündən törəyibdir – (Tərcüməçi)
Axı neyləmişdim sənə, əzizim?!
Göz-gözə baxardıq dünənə qədər,
İndi gözlərini tutursan yana.
Quşlarla açardıq sübhü… baş-başa,
İndi torağay da qarğadır sana.
Sən həm ağıllıydın, həm də diribaş,
Bəyənməzdin məntək kütü, fərsizi.
Qadının əbədi bir sualı var:
“Axı neyləmişdim sənə, əzizim?!”.
Tökdüyüm göz yaşı, qanlar hədərmiş,
Eləcə mənmişəm qədər məhkumu.
Sevgi – doğma deyil, ögey anasa,
Ondan nə ədalət, nə şəfqət umun!
Gəmilər aparar yarı-aşnanı,
Ağaran yollarda qeyb olar izi…
Bütün yer üzünə bir fəryad çökər:
“Axı neyləmişdim sənə, əzizim?!”.
Bir Çin dövlətiydim sənin gözündə,
Mənə diz çökürdün dünənə qədər.
Ovcum açılınca, o şirin günlər
Düşüb-dığırlanan pula döndülər.
Suçlanıb çıxınca hakim önünə,
Uşaq qatilitək titrədi dizim.
Bunu soracağam cəhənnəmdə də:
“Axı neyləmişdim sənə, əzizim?!”.
Kətilə, yatağa sual edirəm:
“Niyə buna dözüm, qatlaşım yenə?!”.
“Səni öpüb, doydu, getdi dolaşıb,
Başqa bir yar tapsın”, – deyirlər mənə.
Əvvəl məni odun içinə atdın,
Sonra rəva gördün buz kimi düzü.
Sən mənə, əzizim, bunları etdin:
Bəs mən neyləmişdim sənə, əzizim?!
Hər şeydən agaham, gəl, dəbbələmə!
Gözü açıldısa, sevməz bu qafa.
Məhəbbətin qaçaq düşdüyü yerdə
Ölüm öz toxumun səpər ətrafa.
Niyə silkələyək axı ağacı?!
Alma dəyibdirsə, düşəcək özü…
– Sən məni əfv eylə hər şeyə görə,
Etdiyim hər şeyə görə, əzizim!
Qanadlı bir ruhsa
Tanrıdan payın…
Qanadlı bir ruhsa Tanrıdan payın –
Neylərsən daxmanı, büllur sarayı?!
Vecinə gələrmi Çingizxan, Orda?!
Bir cüt düşmənim var mənim dünyada:
Siam əkizlərtək ayrılmaz axı
Toxun toxluğuyla… acın aclığı!
Anna AXMATOVA (1889-1966) – Görkəmli rus şairəsi, tərcüməçisi və ədəbiyyatşünası
Atəş və nur kimi
yüksəldi göyə…
Atəş və nur kimi yüksəldi göyə
Məni üç il boyu qoruyan mələk.
Geri dönəcəyi o şirin anı
Durub gözləyirəm səbr eyləyərək.
Tanınmaz olubdur sirim-sifətim –
Onda şux yanağım, dodağım vardı.
Onu nəğməsiylə xəcil eyləyən
Əvvəlki o gözəl deyiləm artıq.
O son sözlərini heç unutmuram,
Nə qorxu salar ki, daha bu cana?!
Bir vaxt zorla salam verdiyim insan
Kaş gələ… qapanam ayaqlarına.
Qoşa misra
Özgədən gələn tərif – başıma yağan küldür,
Sənin qınağın isə… həm alqışdır, həm güldür.
Qaraya bürünən
dultək payızın…
Qaraya bürünən dultək payızın
Kirpiyi qurumaz, bitməz məlalı.
Aramsız hönkürsün deyə, elə bil
Mərhumun hər sözün yadına salır.
Bu ki adi haldır… Səssiz yağan qar
Xəstəni, dərdlini eyninə almaz.
Ağrını, ləzzəti unutmaq üçün
Ömrü fəda etmək çox şey sayılmaz.
İlham pərisi
Taleyim bir tükdən asılıb qalır
Gecələr mən onu gözlədiyim vaxt.
Ada, yaşa-başa, ya azad ruha
Baxmaz o tütəkli, nazənin qonaq.
Bax, özün yetirdi. Atıb çadrasın,
Zənlə məni süzdü, əcəb üşəndim.
Soruşdum: “Danteyə “Cəhənnəm” fəslin
Diktə edən səndin?” Dedi: “Hə, məndim”.
Epiqram
Dantetək nə yaza bilərdi Biçe?
Necə vəsf edərdi eşqi Laura?
Dil-dilçək verdiyim bu xanımları
Bəs necə susdurum, pərvərdigara?!
Tərcümə: Azad Yaşar
edebiyyatqazeti.az