Savaşın qara və ağ üzü
Hər cür savaşın əleyhinə olmuşam. Elə bilmişəm ki, haçansa dünya düzələcək və biz yazıçılar dinclik dövrünün məhəbbət, sədaqət, səxavətdən bəhs edən, bahardan, xoş gələcəkdən mayalanan hekayələrini, ağzı gül qoxulu gəncliyin sevgi romanlarını yazacağıq…
Heyhat…
Ustad demişkən, mən bu təmənnada ikən… Adıbəlli qonşu Xocalıda qan saldı, Şuşanı işğal etdi… etdi, etdi, axırda gəlib mənim Qaradərəmi, Zəngilanımı da əlimdən aldı… Otuz ildir oranın həsrətindəyəm və nə vaxt qocalıb 70-ə çatdığımı bilmədim…
Və bu otuz ildə, həm də bir şeyə əmin oldum: yazıçı da insandır, onun da duyğuları var, onun da qəlbi var və ağrıyan yeri var. Sən onun ağrıyan yerini bassan, daha ondan “yazıçı tərəfsizliyi” tələb edə bilməzsən!..
Bəli, düz otuz ildir mən də xalqımın bir fərdi kimi tərəf olmuşam, tərəfli mətnlər yazmışam – Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə və müharibəyə çağıran hekayələr və romanlar yazmışam. Savaş əsərləri! Savaşa çağıran mətnlər!
Yazdıqlarımın tən yarısı işğaldan və lap sonralar, şükürlər olsun ki, həm də azadlıq müharibəsindən – 44 günlük şərəf tariximizdən bəhs edən əsərlərdir…
Müharibə gedə-gedə bir kitablıq hekayələr (“Sevgilim Vətən”) və bir roman (“Cəbrayıl əfsanəsi”) yazıb kitab halında çap etdirdim. Elə bir kitablıq da hələ kitablaşmayan yazılarım var, 44 günlük savaşımıza aid…
O kitablara düşməyən böyük savaşımızın kiçik hekayələrindən bəzilərini oxucularımıza təqdim edirəm. Hansı ki, oxucu bu yazılarda savaşın qara və ağ üzünü görəcəklər… Qara Məliklərin yanında üzümüzü ağ edən Ağatlı oğlanların üzü ağ olsun…
Müəllif
İki yaşlı qəhrəman
Biz gecə ikən yola çıxdıq. İki yaşlı oğlumu şalla kürəyimə şəlləyib düşdüm yolun ağına. Ağ da dedim, ağmı vardı? O gün hər şey qara idi…
O qədər tələsmişəm ki, ayaqyalın çıxmışam. Fevralın şaxtası, qırovu ayaqlarımı kəsir, amma dayanmıram. Məndən qabaqda qaçan adamların iziylə yüyürürəm. Arada dayanır, nəfəsimi dərir, bir də qaçıram. Neynim? Yüküm ağırdır. Qabaqda gedənlər tək canlarını götürüb qaçırlar, mənsə, üç canam: oğlum kürəyimdə, bətnimdə körpəm, bir də qarabaxt canım…
Ay Allah! Ayaqlarımı hiss etmirəm. Oduna dönüblər. Belə getsə, qəfildən yıxılacam.
İncavara, kürəyim istidir. Oğlum qızdırır onu. Canım da istidir – bətnimdəki isti saxlayır məni. Bircə ayaqlarım…
Bəs nənəm deyirdi kiçik çilə çıxdı, qorxu yoxdu? Hanı, bu şaxta, bu qırov niyə götürülmür? Ayaqlarımı kəssələr, xəbərim olmaz.
Birdən yadıma düşür ki, kürəyimə şəllədiyim oğlumun corablarını kürkümün cibinə qoymuşdum. Dayanıb axtarıram. Və tapıram! Nə yaxşı! Bir daşa söykənib balamın cıqqılıca corablarını çətinliklə də olsa, birtəhər ayağıma taxıram. Uxayyyy… Bir az isti gəldi ayaqlarıma. Nə yaxşı… Allah köməyin olsun, bala. Allah köməyimiz olsun…
Bu uşaq corablarını geyəndən sonra bir az ayaqlarım qızışır. Artıq hiss eliyirəm onları.
Bir dərədən keçəndə sucuq yerə düşürük. Palçıqlı dərədə ayağımdakı corablar islanır və yenidən ayaqlarım donur. Qabaqda gedən adam işarə verir ki, bu dərənin kolluğuna qısılıb bir hovur dincələcək, sonra təzədən qalxacağıq. Bir qadınla diz-dizə oturmuşam. Nə qədər çalışsam da, qadının kimliyini xatırlaya bilmirəm. Və dəhşət məni bürüyür: ağlımmı qaçıb?! Bəs niyə bu arvadı tanımıram? Və qadının qucağında bir cüt kişi çəkmələri görürəm! Əl atıb ətəyinnən tuturam.
– Kimindi bunnar?
– Oğlumundu, – deyir. – Qapıdan çıxanda götürdüm ki, geydirəm ayağına, tapa bilmədim. Sonra bildim ki, ermənilər güllələyib.
– Nə olar, ayaqlarım dondu, bir azdan yıxılacam… Ver, onları geyinim…
Arvad bir az darılır, nə düşünürsə, verir ayaqqabıları.
Bah! Həyat varmış. Daha ölmərəm. Balalarım canımı isti saxlayır, bu şəhid oğlanın ayaqqabıları da ayağımı. Ya Allah! Sən bizə kömək ol…
***
Bir zəmi yerini keçəndə düşmən bizi arxadan gülləyə tutdu. Dəstəmizdəkilərin yarısı qırıldı. İncavara, mənə güllə dəymədi.
Bələdçimiz deyir ki, bax, o tapı da aşsaq, Şellidi. Şelli Ağdamın kəndidir. Ora çatsaq, day qorxusu yoxdur. Mən isə narahatam. Kürəyimdəki isti yavaş-yavaş yoxa çıxır. Əvəzində elə bil islanır kürəyim. “Yəqin uşağım çiş eliyib. Gör, neçə sahatdı yoldayıq. Hələ indi…”
Ayaqqabıları verən qadına səslənirəm:
– Xala, bir zəhmət olmasa, bu uşağa bax, gör yatıbmı? Kürəyim sudu eləcənə…
Arvad dayanıb uşağa baxır və içini çəkir:
– Ağız, a bala, bu tifilə gülləmi dəyib?! Şəlləcəyin də, uşax da, sənin kürəyin də qan içindədi…
Bələdçiyə xəbər verirlər. Dəstə dayanır. Qadın uşağı kürəyimdən alır. Oğlumun boynu düşüb. Al-qanın içindədir!.. Oğul balam kürəyini gülləyə sipər eləyib, bizi – anasını, bacısını qoruyub…
– Yazıq balam, körpə balam, iyid balam! Kürəyini gülləyə sipər eliyən balam, heyyyyyyyy….
Yavaşcadan ağı deyirəm. Qadın əli ilə ağzımı tutur. Oğlumu məndən güclə alıb kiməsə verirlər. Dəstə yenə yola düzəlir. Mən isə hələ də oturmuşam. Bu vaxt içəridən bir təpik dəyir qarnıma. Elə bil təpik deyil, “qalx” əmriydi. Qanlı şəlləcəyimi üzümə basıb iyləyirəm. Üzümü görməsəm də, şaldakı qan ləkələrinin üz-gözümə bulaşdığını hiss edirəm – qan qurumayıbmış… Yadıma dədəmin sözü düşür: “Şəhid qanı qurumaz…”
Qanlı şalı belimə dolayıb yola düşürəm…
26.02.2021
Kəşfiyyatçının bir gecəsi
Zülmət gecə. Saat 11-12 arasıdır. Kəşfiyyatçı dəstəmiz düşmənin arxasına keçib və mühasirəyə düşmüşük. Artıq bir şəhidimiz var. Döyüşə-döyüşə oradan çıxmağı gözə almışıq. Amma düşmənin qüvvəsi o qədər çoxdur ki, burdan çıxacağımıza heç ümid yox kimidir. Kəşfiyyatçılar isə heç vaxt ümidi üzməzlər. Ən azı, qaranlıqdan istifadə edib əlbəyaxa döyüşəcəyik.
Bu vaxt telefonum qoltuğumu titrədir (zəng səsi eşidilməsin deyə vibrasiyaya qoymuşam). Fikir vermirəm. Atışa-atışa bir az aralana bilmişik. Dağın arxasına çatanda yenə qoltuğum qıdıqlanır. Yarəb, heç zamanımı?
Yadıma düşür ki, bu vaxtlar zəng vuran anam olur. Məcburən açıram.
– Alo, ana…
– Can. Anan qurban, nə təhərsən? O nə səsdi elə? Güllə atırlar? Vay, başıma xeyir! Ay bala…
– Ana, bizimkilərdir, erməniləri qovurlar. Mən sənə sonra zəng vuraram, yaxşımı? – çalışıram ki, səsimdən həyəcanı duymasın.
– A bala, axşam yeməyi yemisən?
“Ana, susuzdan dilim quruyub, nə yemək?” – deməkdən özümü güclə saxlayıram.
– Ana, yemişəm… mən səni bir az sonra…
Bir güllə düz qoluma saplanır və səsimi qısmaq üçün yaralı qolumu ağzıma basıram.
– Bala, o nə səsdi…
Telefon əlimdən düşür. Mən buradan aralanmalıyam. Anam isə hələ də danışır:
– A bala, isti çay iç… Gecə yatanda üstünü yaxşı ört…
Əyilib telefonu götürürəm və məcburən anamın üzünə qapayıb qalxıram. Bu zaman boğazıma isti bir şey axır. “A bala, isti çay iç…” Yadıma düşür ki, yaralı qolumu ağzıma basmışdım… Qanım ağzıma dolubmuş… Quruyan boğazım yumşalır. “Sağ ol, ana. Boğazım qurumuşdu…”
O gecə səhərəcən atışdıq. İşıqlanana yaxın artıq sərhədimizə yaxınlaşmışdıq və az keçmiş, bizimkilər köməyimizə gəldi. İki şəhidimizin nəşini, mən də daxil üç yaralımızı alıb arxaya aparırlar.
Bayğın olsam da, səsləri eşidir və anlayıram.
– Əsgərin birinin ağzınnan qan gəlmiş…
– Axı qolu yaralıydı… Bəlkə ayrı yarası da var?
“A bala, isti çay iç…” – bu yenə anamın səsidir. Məni dartıb bayğınlıqdan çıxardır. Gözlərimi açıb su istəyirəm. Amma vermirlər… Yaralıya, qan itirənə su verməzlər axı…
15.01.2021
“Bizi köçürdürlər…”
“Salam, müəllim… Bilirsiniz…”
“Nə olub, səsiniz niyə belə boğuq gəlir?..”
(Sualımdan özüm də utanıram – şəhid atasına da belə sual verərlər?! Nə olsun oğlunun ili çıxıb?! Onunçün oğulsüz keçən hər gün…)
“Bizi burdan köçürdürlər… Mən sizi Beyləqana – onun yaşadığı hərbçi evinə, Şuşaya – qanını çilədiyi qala şəhərimizə aparmaq istəyərkən… yaşadığı, boya-başa çatdığı evi…”
(Səsi qırılır. Bir şey başa düşməsəm də, az qala qəzəblə qışqırıram.)
“Siz bir şəhidin, bir qəhrəmanın atasısınız!.. Kim sizi evinizdən köçürdə bilər axı?!”
“Yox e, müəllim, məsələ ayrı cürdür… Bizim ev sürüşmə zonasındadır… Son zəlzələdə sürüşmə həddi daha da çoxalıb… Ona görə bizim binanı köçürdürlər… Mənə, illah da, anasına çox çətindir… Axı o bu evdə böyümüşdü…”
Məsələni anlasam da, bu “haqsızlığ”a – taleyin bəd naxışına az qala üsyan edirəm içimdə… Və xəttin o başından susan ata kimi nəfəs dərir və bu bəd xəbərlə barışmalı oluram…
Sonra nə oldu, nə olmadı, önəmli deyil…
Önəmli olan odur ki…
Önəmli heç nə yoxdur…
Biz neçə vaxtdır ata ilə danışa bilmirik.
Başladığım bu yazı da beləcə yarımçıq qalıb… Eynən Onun həyatı kimi…
Sürüşmə zonasındaymışam, sanki…
(Yaza bilmədiyim əsərdən kədərli fraqment)
Əsgər çəkmələri
Nəvəm Əliyə, ana dili ilə bərabər, ingiliscəni də öyrənən bütün uşaqlara
***
Amerikada yaşayan Vətən müharibəsi qazisi Hüseyn Məmmədov müharibə bitəndən sonra Amerikaya geri dönərkən döyüş zamanı geydiyi əsgər çəkmələrini də özü ilə aparıb.
İnternet xəbərlərindən
– What smell it is! Do you carry dried fish?*
Kobud ingiliscədə verilən sual onu diksindirdi. Xalası çox yapışmışdı ki, qoy, çəkmələri yuyum, sabunlayım, qurudum, sonra yük çamadanına yerləşdirib apararsan. O isə razı olmamışdı.
“Yox, xala… Əl dəymə… Bu mənə elə belə yaxşıdı… Büküb, yol çantama qoyacam…”
Bu cümlədə nələr yox idi? Amma xalası kimi ürəyiyuxa bir qadının onun sözlərindən ağlayacağını bildiyindən eləcənə, üstüörtülü cavab vermişdi…
İndi bude ha, burda öz millətindən olan birisi onun çəkmələrinin qoxusunu quru balıq qoxusuna bənzədir… (Bir az əvvəl yanındakı qızı öz dillərində azarlamışdı:”Azzar! Bəsdi də! Atana deyəcəm, kəssin dilini!..” Gənc bir xanımın öz doğma qızını belə acılaması xoşuna getməsə də, öz dilində səs eşitdiyinə görə umudlanmış, qabaq cərgədə oturan xanımla qızına diqqətlə baxmışdı.)
– Bilirsiniz?.. – Azərbaycan türkcəsində səs eşidən xanım diksindi. Səhərdən bir yerdə durmayan qızcığazla didişdiyindən oğlana əməlli-başlı fikir verməmişdi (“Bu ki bizlərdənmiş! Ayıb oldu… Quru balıq-zad… Bu qız məni dəli eləyəcək də…”).
– Siz allah bağışlayın… Bu uşaq məni lap dəli eləyib… Qardaşımın qızıdır. Bakıya gəlmişdilər gəzməyə. Atasıgil geri dönən kimi… Elə bil buna bəndmiş, müharibə başladı…
Oğlan da bu köktəhər xanımı gəlin bilmişdi – qızı onun uşağı sanmışdı – indi diqqətlə baxdı və gördü ki, azca köklüyü onu belə qadına bənzədib, əslində gənc qızmış…
– Həəəə… Müharibə… – Oğlan ləzzətlə dedi. Və onun “müharibə” sözünü belə ləzzətlə işlətməsi qıza qəribə gəldi və nədənsə birdən-birə ona qanı qaynadı. Tərslikdən təyyarəyə minik çoxalmışdı və gəlib-gedənlər onların söhbətinə mane olurdu. Amma oğlanın yanı hələlik boş idi deyə, rahatca qıza tərəf əyilib nələrsə deyə bilirdi.
– Hə, hə! Müharibə!.. – Bu dəfə qız da ləzzətlə söylədi bu sözü. Sanki oğlanın o mübhəm sözünün nə anlama gəldiyini anladığını deyirdi.
– Nə yaxşı Amerikaya uçursunuz? – Bu dəfə oğlan ərklə soruşdu. Qız hiss elədi ki, bu oğlanı Allah özü göndərib ki, qardaşı qızının əlindən alsın onu.
(Yeddi-səkkiz yaşlarında qızcığaz əlindəki telefonla oynayır, hərdən də bibisinin gah saçını dartır, gah əyninə qısıqıvraq oturmuş boz kostyumunun yaxasındakı qızılı sancaqlı firuzəyi daşı dartışdırır, gah da qıza yad olan hansısa mahnını zümzümə edirdi. Bir sözlə, “su durur, bu durmur” deyimi, sanki bu qızçün yaranmışdı.)
– Alisa… əslində Alsudur, orda Masseçusuda ona belə deyirlər, məktəbə getməlidir… anası bir-iki vacib sənədə görə Bakıda qaldı hələlik… Bu da ki, oddu də, od… İngiliscə dil açsa da, bizim dildə də toqquşdurur… Hə… indi… ona görə mən bunu aparmalı oldum… Həm də dedim, bir Amerikanı görüm də, mən də… – Qız şirin bir tərzdə güldü. Oğlanın ürəyinə yatan bu gülüş onu qıza tərəf daha da itələdi, sanki.
– Bəs siz? Siz nə yaxşı ora gedirsiniz?.. – Qız verdiyi sualdan utanan kimi oldu. İndicə tanıdığı adama birdən-birə belə sual vermək “bir az birtəhər çıxmazmı?” düşüncəsi ilə pörtüb qızardı, hətta. Oğlan bunu hiss etsə də, belə ciddi geyimli, hiylə-riya görməyən üzü, nazik, amma adamı çəkən dodaqları, eşidəni qarsan səsi olan qıza daha yaxın hiss etdi özünü.
– Bilirsiz… Mən iyirmi ildir Amerikada yaşayıram… Ailəmlə… İndianada…
Qız diqqətlə oğlana baxdı və qorxantəhər oldu. “Amerikada yaşayırmış! Allah bilir, min cür şey görüb… Amma qəribədir, ləhcəsi heç dəyişməyib… Səhərdən bircə ingiliscə söz də işlətməyib… Yaxşısı budur, bununla söhbəti burdaca bağlayaq… Nə bilim, haranın nəyidir?.. Bayaqdan ağzımı Allah yoluna qoymuşam mən də…”
– Müharibə başlayanda anama dedim, İstanbula uçuram. Orada dostlarımla görüşəcəyəm… Hələ zarafatla dedim ki, bir türk qızı var, onunla feysbukda yazışırıq… Onunla da görüşəcəyəm… Sözümüz tutsa, onu da alıb sənə gəlin gətirəcəyəm… Ha-ha-ha!.. Anadır da, o sahat inandı, dedi, gəlinimi mütləq gətir… Ha-ha-ha…
Qızın əti ürpəşdi. Oğlanın belə açıq-saçıq danışması onu lap əsəbiləşdirdi. Hələ müharibə başlayanda İstanbula kefə getməsi!..
Alisa-Alsu telefonu əlindən yerə saldı. Bibisinin indicə qışqıracağından ehtiyatlanıb “i am sorry**” dedi və əyilib telefonu götürdü. Amma qız Alsunun telefonu salmasını, sonra nəsə söyləyib götürməsini duymadı, sanki.
Oğlansa bayaqkı nəşəylə danışmağındaydı.
– Amma İstanbula deyil, Bakıya gəldim… Ordan da birbaşa çağırış məntəqəsinə və sonra cəbhəyə… Sol qolumdan aldığım güllə yarası hələ də sağalmayıb… Bu qolumu yaxşı işlədə bilmirəm…
Oğlan sağ əlini yanında sallalı qalmış sol qolunun üstünə elə qoydu ki, elə bil öz qolunun deyil, sevgilisinin qolunun üstünə qoyurdu – ehtiyatla, ehmalca, sevgiylə və bir az da ağrıdacağından qorxarcasına…
Qız yalnız indi baxıb gördü ki, oğlanın sol qolu qorxaq uşaq kimi yanına qısılıb. Sağ əlini danışanda tərpətsə də, o birisi göyümtül bambazı köynəyin sol qolunun içində sallalı qalmışdı.
Utandığından bilmədi nə etsin. Bu gözəl qəlbli, vətənpərvər insan haqqında iki dəqiqə əvvəl düşündüklərindən elə utandı ki, üzü od tutub yanmağa başladı. Tərslikdən təyyarənin də ayağının yerdən üzülüb göyə qalxması, bu zaman yüngül təkan və titrəyiş də qızın həsb-halı ilə eyni vaxta düşdü.
Araya dərin bir sükut çökdü. Alsunun arabir şıltaqlıqları, müxtəlif dillərdə eşidilən səslər, gəmi kapitanının sərnişinlərə müraciəti, stüardessaların yemək və içki dolu arabaları ora-bura dartmaları da onların arasına çökmüş səssizliyə əngəl ola bilmədi. Nəhayət, qız nəsə deməli olduğunu düşünüb, bayaqdan dilinin altında gizlədiyi sualı verəsi oldu:
– Harda yaralandınız? – titrək səslə deyə bildi və başını aşağı saldı. Oğlan stüardessanın bir qədər əvvəl “xahiş olunur, kəmərlərinizi bağlayın” xəbərdarlığından sonra nə qədər çalışsa da, tək əli ilə kəmərini bağlaya bilməmişdi. Bəlkə də bağlayardı, ancaq indi onu basmış həyəcan buna mane olurdu. (“Döyüş vaxtı heç belə həyəcanlanmamışdım… Mənə nə oldu?!”)
Qız yalnız indi sezdi ki, oğlan bayaqdan bəri kəmərini bağlamaqda çətinlik çəkir. Əlini uzadıb ona kömək etməkdən özünü zorla saxladı. Hətta əli oğlanın sinəsinə tərəf uzalı qaldı da… (“Tərslikdən kəmər də elə yerdədir ki…”) Bu zaman gözucu oğlanın üzünə baxdı. Bu gözlərdə etibar və inam gördü. Yad ölkədə yaşadığı 20 il ona qəti toxunmamışdı.
(“Qız bayaqdan söz soruşub, cavab da verməmisən… Ayıb olsun! Sən necə döyüşçüsən?!”)
– Hadrutda… – Nəhayət, kəməri uzun çalıq-balıqdan sonra bağlaya bilmişdi. – Orada ilk dəfə yüngül yaralandım, iki gün hospitalda qalsam da, tezliklə cəbhəyə döndüm… Amma qolumdan yaranı Şuşada almışam… Müharibənin bitməsinə bircə gün qalmış…
– Bəs… Qarabağdan… Azərbaycandan ananıza nə aparırsınız? – Qız bu sualının da yersiz olacağından ehtiyat etdiyindən çəkinə-çəkinə dedi.
Oğlan bir an gərildi. Bayaqkı şuxluğundan əsər-əlamət qalmadı. Təyyarənin kiçicik pəncərəsindən ağappaq buludları süzdü və kədərli halda dedi:
– Şuşadan torpaq götürdüm bir az, anamın bir tərəfi oralıdır axı… Bir də… Bir də özümlə əsgər çəkmələrimi götürmüşəm… Bütün Qarabağı 44 gün mənimlə dolaşan çəkmələrimi…
Qız diksindi. İçinə elə bil təyyarənin balaca pəncərəsindən görünən o ağ buludlar dolmağa başladı. Şişdi ürəyi. Nəfəs almağı çətinləşdi. Elə bil içinə dolan o pəmbə buludlar şar kimi üfləndi və oturduğu yerdən yuxarı qalxdığını hiss edib, oturacağın sağ-solundakı tutacaqdan yapışdı. Və tez-tez nəfəs almağa başladı.
Oğlan bir an gözünü buludlardan çəkdi, qıza tərəf baxdı və onun nə halda olduğunu anlayıb, tez qıza sarı əyildi, əlini onun əlinin üstünə qoyub asta-asta dedi:
– Sakit… Sakit olun… Biz ilk gün döyüşə girəndə belə olmuşduq… Bir an sonra keçib gedəcək… Yüksəklik qorxusu var sizdə, yəqin… Yüksəklik… Nəfəs alın. Nəfəs alın…
Alisa da gözləri böyümüş halda bibisinə baxırdı.
Az sonra qız özünə gəldi. Oğlan yalnız indi hiss etdi ki, bayaqdan qızın əllərini bərk-bərk tutub, özü də iki əllə – necə olmuşdusa, yanında qalaraq bir işə yaramayan zədəli əli də o biri əlinə köməyə gəlmişdi… Tezcənə sağ əlini, sonra isə ağrısını unutduğu sol əlini bir az çətinliklə geri çəkib, gülümsündü.
– Bayaqdan danışırıq, tanış da olmadıq… Mənim adım…
Alisa bic-bic güldü, çətinliklə sözləri tapa-tapa dedi:
– Onu adi Şuşadi… Sənin döyüşən Şuşan…
Oğlanın sözü ağzında qaldı. Əlini uzadıb Alisanın başını tumarladı və dedi:
– Biz Şuşa üçün canımızdan keçməyə hazır idik!..
Üçü də gülümsündü. Alisa isə qəfil elə söz dedi ki, onların gülüşləri sifətlərində dondu.
– What smell it is! Do you carry dried fish?
Şuşa gözünü oğlandan qaçırdı. Oğlanın isə sataşmaq üçün əlinə bəhanə keçdi.
– Hə, Alsu, düzdür, quru balıq qoxusu mənim çamadanımdan gəlir… Əsgər çəkmələrimi özümlə Amerikaya aparıram axı… Müharibənin yadigarı kimi…
Bir anlıq üçü də susdular. Amma Alisa dözmədi, pıqqıldayıb güldü. Sonra oğlanı gülmək tutdu. Nəhayət, Şuşa da çar-naçar güldü və elə gülüşdülər ki, təyyarədəkilər dönüb təəccüblə onlara baxdılar…
* Bu nə qoxudur?!
Quru balıq aparırsınız? (İngiliscə)
** İ am sorry – üzgünəm. (İngiliscə)
08.01.2022
edebiyyazqazeti.az