Əvvəli: https://klv.az/2024/02/14/edmund-husserl-kartezian-dusunceleri-9/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 40. Transsendental idealizm probleminə keçid
Fenomenoloji problematikanın, mümkün şüurun əyaniliyinin vahid statik və genetik quruluşunun ümumi problemlərinə yaxınıaşdırılmasından sonra, elə gəlir ki, fenomenologiya qayda üzrə, həm də dərketmənin transsendental nəzəriyyəsi kimi də xarakterizə oluna bilər. Bu münasibətlə dərketmənin transsendental nəzəriyyəsini ənənəvi dərketmə nəzəriyyəsi ilə tutuşduraq. Ənənəvi dərketmə nəzəriyyəsinin əsas problemi transsendentlik problemidir. Dərketmənin ənənəvi nəzəriyyəsi, hətta o empirizmdə olduğu kimi, adi psixologiyaya söykənsə də, bununla belə, psixologiya ilə təkcə, yalnız dərk olunmaq istəmir, həm də onun prinsipial imkanlarını aydınlaşdırmaq istəyir. Onun problemi qarşısına təbii quruluşda meydana çıxır və sonralar da yalnız bu quruluşda nəzərdən keçirilir. Bu dünyada mən özümü insan kimi, üstəlik də, bu dünyanı təcrübədə və elmdə dərk edən kimi tapıram. İndi mən özümə deyirəm: mənim üçün nə varsa hamısı, mənim üçün özlüyündə, mənim təcrübəmlə şüurumda dərk edilmiş, mənim təfəkkürümlə fikrimdə tutulmuş, mənim nəzəriyyəmlə nəzəri inkişaf etmiş, mənim müəyyənliyimlə müəyyən edilmiş, məhz mənim dərk edən şüurum sayəsində vardır.
Brentanodan sonra intensionallığı etiraf etməklə demək olar ki, hər hansı digər insanda, onun daxili həyatının xalis psixi əlaqəsində olduğu kimi, eynilə insan kimi mənə də xas olan intensionallıq, mənim psixi həyatımın fundamental xassəsi kimi realdır, belə ki, bunu artıq Brentanonun özü insanın empirik psixologiyasının mərkəzində yerləşdirmişdir. Başlanğıcda birinci şəxs tərəfindən aparılan danışıq, birinci şəxsdə təbii nitq kimi qalır; o özünü dünyanın mövcudluğunda, sonradan nəzərdən keçirilən bütün problemlərin əsasında saxlayır. Və indi tamamilə aydındır ki, mənim üçün, insan üçün mənaya malik və mövcud olan nə varsa hamısı, hər cür dünya dərki ilə və hər cür elmi başa düşmə ilə özü-özündə qalmaqla, şüurun xüsusi həyatında mövcud olur və onun daxilində məna əldə edir. Mənim həqiqi və səhv təcrübə arasında, təcrübənin özündə isə – varlıq və görünüş arasında müəyyən etdiyim bütün fərqlər, mənim şüur sferamın hüdudlarında yerə malikdir, həm də o hallarda ki, nə vaxt ki, mən fərqləri daha yüksək səviyyədə, əsaslandırılmış və əsaslandırılmamış təfəkkür mülahizələri arasında, həmçinin aprior zərurilik və ziddiyyət arasında, empirik həqiqət və empirik yalan arasında aparıram. Aşkar gerçəkliklə, ağla gələn zərururiliklə, imkanlarla düşünülən, ehtimal edilən, ziddiyyətli nə varsa – bunlar hamısı mənim şüurumun xüsusi sferasında meydana gələn intensional predmetin bu və ya digər xarakteristikalarıdır. Həqiqətin və varlığın hər hansı əsaslandırılması, hər hansı təsdiqlənməsi tam və bütövlükdə məndə həyata keçirilir və onun nəticəsi mənim coqito-mun coqitatum-una məxsus bu və ya digər xarakteristika olur. Burada indi mühüm problem görünür. Aydındır ki, mənim həyatımı öz şüurumun sferasında müəyyən edən motivasiyaların qarşılıqlı əlaqəsi sayəsində, mən bu və ya digər doğruluğu və hətta aşkarlığı tapıram, hansı ki, bunlarsız keçinmək mümkün deyil. Lakin şüurun immanent həyatında baş verən bütün bu oyunlar, obyektiv mənanı hansı şəkildə əldə edə bilərlər?
Mənim şüuruma məxsus xarakteristikalarından biri olmaqdan başqa, aşkarlıq (clara et distincta perceptio) nə isə daha çox şeyə necə iddia edə bilər? Əgər, bəlkə, dünyanın varlıq mənasını tanımaqdan kənara durmağımızın, bir o qədər də buna fərq etmədiyini bir tərəfə qoysaq, onda qarşımızda ilahi veracitas-ın həll etməli olduğu dekart problemi duracaq.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/02/28/edmund-husserl-kartezian-dusunceleri-11-2/