İlknur Əsgərova. Qollarım arasında ölən tanrı və ya 1593 xoşbəxt gecə

Qadın güzgüdə özünə baxır, əllərini yanaqlarında, boynunda, qarnında gəzdirir.  “Mədəmdə kəpənəklər uçmalı deyildi? Deyirlər ki, axı, sevgi adamın içində çiçək açdırır, kəpənək uçurdur. Bəs niyə onda sevgi mənə sancı verir?” – soruşur aynadakı əksindən. Sanki, bir həkim vəziyyəti çox ciddi olan xəstənin ciyərlərini fonendoskopla yoxlayırmış, rentgenini çəkirmiş kimi qadın da bu ecazkar hissin onda yaratmış olduğu qarmaqarışıq, xaotik halı analiz edir. Əvvəl sinəsinin ortasından bir yanğı, istilik başlayır. Həmin isti hava axını boğaz körpüsündən keçib üz şəhərinə çatır. Yanaqlar sanki qırmızı işıqlarla aydınlanır.  Sevgi və həyəcan sinənin yuxarısına, sol məmənin altına yayılır, getdikcə bütün bədənə hücum çəkir, bədən və ruhu eyni anda əsir edir. Mədə artıq heç bir yeməyi qəbul etmir, qarında şiddətli ağrılar başlayır. Nəfəsin və ürəyin ritmləri dəyişir. Düz dizlərinə qədər ayaqları uyuşur. “İlahi! Özümü sərsəm kimi hiss edirəm”. Bu duyğudan həm zövq alır, həm də boğulur. Qorxur. Darçın qoxusuna bənzədir bu hissi – qəribə bir istilik yaradır içində. Baxışları, səsi ələ verir onu. Təcrübəsiz oğrular kimidir – eşq oğrusu… Eşqin başgicəlləndirən xəstəliyinə yoluxur. İlk dəfə…

Sevinc, kədər, sevgi, nifrət, qəzəb – istənilən duyğu fizioloji olaraq insan bədənində az və ya çox dərəcədə özünü bəlli edir. Duyğular möcüzəvi insan beyninin neyronlarına, hormonlarına karvan kimi köç edir. Orhan Pamuk ”Məsumiyyət muzeyi” romanında “Aşk acısının anatomik yerleşimi”ni təsvir edərkən ağrı mərkəzlərinin vizual görüntüsünü yaradır. Həmin hissi oxucuya ötürə bilir. Həm ifadəlilik, həm də intellektuallıq Pamuk qələminin xarakterik xüsusiyyətidir. Hətta intelektual çalarlar gözəllik duyumu ilə birləşir. İntellektual emosiya yaranır. Bəzən də intellektuallıq mətnin poetik enerjisini üstələyir. Bu cəhətdən Pamukun yazıları bəzən “quru” təəssürat oyadır. Lakin “Məsumiyyət muzeyi”ndə yazıçı düşüncəlidən çox saf romançıdır.

Bu roman anormal dünyanın normal olmayan, “takıntılı” eşqi haqqındadır. Bəlkə də, eşq özü anormal hissdir. Bəlkə də, eşq ağlını itirmə halıdır, sərsəmlikdir.

“Yaşardım yine böyle aşk ile sersem

Ben beni bir daha ele geçirsem”.

– deyir Nazım Hikmət. İnsan övladı zaman keçdikcə təsirini itirən və yox olan bu hissin özünə belə aşiqdir. Onun əlçatmazlığına, sehrinə və insan bədənindəki təsirlərinə heyranlıq duyur. Tibbi araşdırmalara görə, eşqin şiddətli olduğu zamanlarda beyinin frontal bölgəsində passivləşmə gedir və bu, yanlış qərarlar verilməsi ilə nəticələnir, dopamin adlı kimyəvi maddənin ifrazatı artır. Bu maddə eyni zamanda kokain qəbul edən insanlarda da artım göstərir. Dolayısı ilə fərd aşiq olduğu insanı görməzsə, duyğusal ehtiyacları qarşılanmazsa, maddə aludəçilərinə bənzər hal yaşayır və dopamin ifrazı azaldığı üçün bədəndə buna təbii ehtiyac yaranır. Bu hal romanın əsas qəhrəmanı Kamal Basmacıda depressiya və Füsunun əşyalarını toplamaqla özünü göstərir. Kamal zamanı, xatirələrini sevdiyi qadının əşyaları ilə qorumağa çalışır. Yenidən və yenidən o hissləri duymaq, unutmamaq üçün əşyalara anlam yükləyir və muzey yaradır. Kamal üçün zaman anlayışı funksionallığını itirir. Muzeyləri dəyərli edən səbəblərdən ən başlıcası da “zamanda səyahət etmək”dir?  Eyni anda həm indidə, həm də yüzillər öncəsində olmaq deyil mi? Pamuk, Aristotelin zaman qavramına istinad edir: “Zaman indiki anlarımızı birləşdirən bir düz xəttdir”. Romanda zamanın dəqiqliyi, təqvimi funksiyası deyil, mücərrəd anlamı ön plandadır. “Hayatımızı Aristonun Zamanı gibi bir çizgi olarak değil de, böyle yoğun anların tek tek her biri olarak düşünmeyi öğrenirsek, sevgilimizin sofrasında sekiz yıl beklemek bize alay edilebilecek bir tuhaflık, bir saplantı gibi değil, şimdi yıllar sonra düşündüğüm gibi Füsunların sofrasında geçirilmiş 1593 mutlu gece gibi gözükür”.

Kamal Füsuna illərlə dərin bir eşq duysa da, bir gün eşqinin bitəcəyini bilir. Bu dərin duyğu əbədi deyil axı, zaman keçdikcə sevgiləri məişətləşəcək, vərdiş halına çevriləcək, bəlkə də. Kamal Füsuna qovuşduqca əvvəl əşyalar öz mahiyyətini itirməyə başlayır “Küpemi bile fark etmedin” – deyir Füsun. Əşyalardan sonra növbə Füsuna gələcəkdi. Və o, Kamalın “qolları arasında ölən Tanrı” olacaqdı. Bəlkə də, eşq elə əlçatmazlığı ilə gözəldir. Nazımın sözləriylə desək, “Sende ben imkansızlığı seviyorum”.

 

“Her kes bilsin, çok mutlu bir hayat yaşadım” – Kamalin romandakı son sözüdür. Hər kəs fərqli yaşayır, yaşamaq anlayışına fərqli yanaşır. Kiməsə görə, Kamal sadəcə psixi xəstədir, bir qız uğrunda həyatını fəda edir. Hər halda o, yaşamağı bacarır. Bu, özü də bir sənətdir.

“Yaşamak şakaya gelmez,

Büyük bir ciddiyetle yaşayacaksın

Bir sincap gibi mesela,

Yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,

Yani, bütün işin gücün yaşamak olacak”. (Nazım Hikmet)

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç Yan 31 , 2024
Əvvəli: https://klv.az/2024/01/24/edmund-husserl-kartezian-dusunceleri-7/  (davamı) Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI § 37. Zaman, hər cür eqoloji genezisin universal forması kimi Bir yerdə ola bilən mahiyyətli qanunlar (faktiki yaşayışın ardıcıllığı və eynivaxtlılığı qaydaları və bu cür yaşayışın mümkünlüyü) daha geniş mənada kauzal qanunlardır. Lakin burada ən yaxşısı mövhumatla yüklənmiş “kauzallıq” ifadəsindən […]