1 şeirin 4 tərcüməsi

Bu rubrikada redaksiyanın seçdiyi bir şeirin, yaxud nəsr parçasının bir neçə tərcümə variantını təqdim edirik. Tərcüməçiləri də redaksiya seçir. Onlar bir-birinin tərcüməsindən, təbii ki, xəbərsiz olurlar. Daha sonra tərcümələri nömrələyib, münsifə göndəririk. Aydındır ki, münsif tərcüməçilərin kimliyindən, hansı variantın hansı tərcüməçiyə məxsusluğundan xəbərsiz olur.

Bu layihənin ilk təqdimatının münsifi həm də poetik tərcümələri ilə tanıdığımız şair Ramiz Rövşəndir.

 

 

Анна Ахматова

(Rusiya) 

Высокомерьем дух твой помрачен,

И оттого ты не познаешь света.

Ты говоришь, что вера наша — сон

И марево — столица эта.

 

Ты говоришь — моя страна грешна,

А я скажу — твоя страна безбожна.

Пускай на нас еще лежит вина, —

Все искупить и все исправить можно.

 

Вокруг тебя — и воды, и цветы.

Зачем же к нищей грешнице стучишься?

Я знаю, чем так тяжко болен ты:

Ты смерти ищешь и конца боишься.

Слепневo 1 января 1917

 

Anna Axmatova

 

Sənin ruhun təşəxxüsdən qaralıb,

Elə ona görə də işığı dərk edə bilmirsən.

Sən deyirsən ki, inamımız bir yuxu,

Bu paytaxtsa ilğım kimi bir şeydir.

Sən deyirsən bu ölkədir günahkar,

Mənsə sənə deyirəm ki, sənin ölkən tanrısızdır.

Qoy hələ boynumuzda günah yükü qalsın –

Hər şeyin bədəlini ödəmək və hər şeyi düzəltmək mümkündür.

Sənin ətrafında sular da var, çiçəklər də.

Bəs onda məzlum, günahkar qadının qapısını niyə döyürsən?

Mən bilirəm ki, sən hansı xəstəliyə çox ağır tutulmusan:

Sən ölüm axtarırsan və sonundan qorxursan.

1 yanvar 1917 Slepnevo

Sətri tərcümə İlqar Əlfioğlunundur

 

 

Tərcümə 1

Təkəbbür ruhunu kirlədib sənin,

O üzdən işığa-nura korsan sən.

Yuxudur, deyirsən, etiqad-iman,

Bu paytaxt ilğımdır, ilğım, deyirsən.

 

Deyirsən, bu ölkə günaha batıb,

Yox, allahsızdır sadəcə ölkən.

Qoy olsun, günahkar olsaq da, nolar,

Hər şeydən arınmaq, qurtulmaq mümkün.

 

Dörd yanın sulardır, güllərdir, sənsə

Məzlum, kafir qızın qapısındasan?

Dərdini bilirəm, dərdin ağırdır,

Ölüm istəyirsən, gəl, qorxursan sondan.

Etimad Başkeçid çevirib

 

 

Tərcümə 2

Qürurun ruhunu yoldan çıxarıb,

İşıq da yad gəlir odur ki, sənə.

Yuxudu deyirsən inamımız da,

İlğım tək görünür paytaxt gözünə.

 

Deyirsən, günaha batıbdı ölkən –

Mənsə deyərdim ki, ağ yalandı o.

Günah günah üstə qalanıb, neynək,

Yuyub ağardarıq, – ağarandı o.

 

Alıb dörd yanını sular, çiçəklər,

Suçlu qapısını sən az döy, az vur.

Bilirəm nə dərddi canını saran

Sən ölüm gəzirsən, – sonsa qorxudur

Zahid Sarıtorpaq çevirib

 

Tərcümə 3

Ruhun sənin təkəbbürdən boğulur,

Odur ki, bir işıq görcək, şəklənib

Deyirsən, bəs inancımız – yuxudur,

Paytaxtı da ilğımdır bu ölkənin.

 

Deyirsən ki, günahdır mənim ölkəm,

Səninki də allahsızdır – qoy deyim.

Lap günahla yaşayarıq, qəmin kəm,

Tövbə qapısı ki açıqdır daim.

 

Dörd tərəfin gül-çiçəkdir, çeşmədir –

Umduğun nə bəs bu suç yiyəsindən?

Mən bilirəm tutulduğun dərd nədir:

Sən sonundan qaçıb, ölüm gəzirsən.

Mahir N. Qarayev çevirib

 

Tərcümə 4

Təkəbbürdən bəsirətin bağlıdı,

İşığı yox, qaranlığı sevirsən.

Deyirsən ki, inancımız nağıldı,

Və ilğımdı paytaxtımız – deyirsən.

 

Ölkəm günahkardı – deyirsən, fəqət,

Mənsə deyirəm ki, allahsız olar.

Eybi yox, qoy bizim olsun bu qələt,

Bütün günahların kəffarəsi var.

 

Yan-yörən bulaqlar, bağ-bağat, çəmən.

Mən kiməm – bir yoxsul, günahkar bəndə.

Ölmək istəyirsən, başa düşərəm,

Amma aqibətdən qorxursan həm də.

Qismət çevirib

 

 

Ramiz Rövşənin rəyi

 

Məncə, tərcümələrin ən əsas qüsuru budur ki, tərcüməçilər dilimizə çevirmək istədikləri poetik mətni içdən yaşa­mayıblar, qıraqdan, misra-misra baxıb tərcümə ediblər. Odur ki, rus dilini bəlkə də çox yaxşı bilən bu tərcüməçilərin heç biri Anna Axmatovanın üçcə bəndlik bu balaca şeirini yəqin əzbər bilmir. Hər halda, soruşub dəqiqləşdirmək mümkündür. Tərcümə etdiyi şeiri içdən yaşamayan, indi dəbdə olan sözlə desək, özəlləşdirə bilməyən tərcüməçinin ortaya qoyduğu mət­nin ana dilimizdə təbii səslənməsi, yaşaması çox çətindir. Və bu po­etik tərcümələrin ikinci qüsuru da məhz tərcümə mətni olduqlarının açıq-aşkar hiss edilməsindədir. Bu baxımdan, 2-ci tərcümənin ilk iki bəndi nisbətən təbii səslənir. Amma bu tərcümə də (xüsusən, 2-ci bənd), təəssüf ki, orijinal­dan çox fərqli və yüngüldür. Ümumiyyətlə, tərcüməçilər oriji­nalın 2-ci bəndinin mahiyyətinə varmayıblar. Bunun da səbəbi, yəqin ki, onların şeirin altındakı yazılma tarixinə fikir verməmə­sidir. Şeir 1917-ci il yanvarın 1-də yazılıb. Bir ay sonra Fevral in­qilabı, bir neçə ay sonra Oktyabr inqilabı baş verdi. Yəni, bu şeiri Anna Axmatova 2-ci bənddə dedi­yi həmin o “günahkar və allahsız” ölkənin dağılması ərəfəsində yazıb. Təəssüf ki, “hələ günahları yumağın və hər şeyi düzəltməyin mümkünlüyü” ilə bağlı müəllifin ümidləri özünü doğrultmadı.

Anna Axmatova mənim ən çox sevdiyim və oxuduğum rus şair­lərindən biri olsa da, onun bu şeiri əvvəllər diqqətimi çəkmədiyindən, sözün düzü, bu misraların kimə ünvanlandığını dəqiq deməyə bir az çətinlik çəkirəm. Amma sonun­cu bənddəki bəzi ifadələr (“sular, çiçəklər…”) ekzotik mövzularda, dənizlərdən, okeanlardan yazmağı çox sevən, o dövrün tanınmış şai­ri, Anna Axmatovanın birinci əri Nikolay Qumilyova işarə ola bilər. Bu şeirin yazıldığı gündən təx­minən üç-dörd il sonra Nikolay Qumilyovun bolşeviklər tərəfindən əksinqilabçı kimi güllələndiyini nəzərə alsaq, şeirin son misrası (“Sən həm ölümünü axtarırsan, həm də sondan qorxursan”) daha təsirli və faciəvi səslənir. Nəyin sonundan? Bir insan ömrününmü? Yoxsa bir ölkəninmi?

Bu dediklərim kiməsə lirik bir sevgi şeirini guya orada olmayan ictimai məzmunla yükləmək kimi də görünə bilər. Ancaq Anna Axmatova yaradıcılığına bələd olanlar onun bir çox lirik şeirlərinin alt qatında dərin fəlsə­fi-ictimai məna gizləndiyindən xəbərdardırlar…

Sonda bu tərcümələrlə bağlı bəzi texniki məqamları, dil və üslub xətalarını da qeyd etmək istərdim. Bu tərcümələrdə, oxuyarkən “dil burxulan” köntöy misralara da (“o üzdən işığa-nura korsan sən”, “hər şeydən arınmaq-qurtulmaq mümkün” – 1-ci tərcümə), bu şeirə yad arxaik ifadələrə də (“təkəb­bürdən bəsirətin bağlıdır”, “bütün günahların kəffarəsi var” – 4-cü tərcümə) rast gəlmək mümkündür. 3-cü tərcümənin birinci bəndində­ki qafiyələnmə sistemi isə Anna Axmatovanın yox, başqa bir rus şairinin, Nobel mükafatı laureatı İosif Brodskinin şeirləri üçün daha xarakterikdir.

Tənqidi qeydlərdən sonra onu da deyim ki, bu tərcüməçilərin heç birinin istedadına və peşəkarlığı­na mənim şübhəm yoxdur. Eyni şeirin bu cür fərqli dörd tərcümə­si də məhz hər bir tərcüməçinin özünəməxsus fərdi yanaşmasından xəbər verir. Mən onların hər birinə bundan sonra tərcümə edəcəkləri şeirlərə qarşı daha diqqətli ol­mağı arzulayıram. Hətta o şeirlərin yazılma tarixlərinə də…

 

aydinyol.aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İlknur Əsgərova. Qollarım arasında ölən tanrı və ya 1593 xoşbəxt gecə

Ça Yan 30 , 2024
Qadın güzgüdə özünə baxır, əllərini yanaqlarında, boynunda, qarnında gəzdirir.  “Mədəmdə kəpənəklər uçmalı deyildi? Deyirlər ki, axı, sevgi adamın içində çiçək açdırır, kəpənək uçurdur. Bəs niyə onda sevgi mənə sancı verir?” – soruşur aynadakı əksindən. Sanki, bir həkim vəziyyəti çox ciddi olan xəstənin ciyərlərini fonendoskopla yoxlayırmış, rentgenini çəkirmiş kimi qadın da […]