Yaradılışına “qabırğa” damğası vurduq. Onu hər cür bəd əməlin səbəbkarı adlandırdıq. Hər fürsətdə onu əzməyə, sıxışdırmağa, tapdalamağa çalışdıq. Çadraya bükdürüb adını “namusumuz” qoyduq. Əvvəl “naz evi”, sonra “evin süpürgəsi”. Hüsn-xilqətindən yaza-yaza bitirə bilmədiyimiz, adını nəqarətə, özünü isə bineyi-qədimdən hər cür zillətə, zülmə, şiddətə, təhqirə, həqarətə oyuncaq etdik. Çox çalışdıq ona təhsili, mədəniyyəti, azadlığı bəxş etməyə. Çox çarpışdıq ona mənliyini, kimliyini, insanlığını dərk etdirməyə. O, beynimizin elə sərhədindədir ki, onunla bağlı çəkdiyimiz “çəpər”i sökə bilməyəcəyik. Bəzisi dünya işığından məhrum ikən, bəzisi də özünü nəyəsə məhkum hiss edirmiş kimi davranır. Haqqında söz açılanda mübahisə və ziddiyyətdən qaçmaq mümkün deyil. Zamanın başlanğıcında onunla bağlı olan anlamların müqəddəsliliyi və dəyəri zaman keçdikcə daha da cılızlaşdırılır, ona olan fikirlərin dəyəri beynimizdə adiləşir. Bəs yaranan bu paradoksun səbəbkarı kim və kimlərdir? Bəlkə, səbəbkarını bilmirik, ya da bilirik, amma söyləməyə çəkinirik…