Müharibənin qırmızı rəngini, ağrı – acılarımızın və ölümün qara rəngini bizə sevdirən bütün qəhrəman şəhidlərimizin ruhları şad olsun! Qəhrəman qazilərimizin hörmət və ehtiramını saxlamaq əsgərə verilən dəyər və qiymətimiz oldu. Biz dünyanın ən qüdrətli xalqları sırasında yer alaraq insanlığa ən gözəl şeirlər, ən möhtəşəm əsərlər bəxş etmişik, haqqımız olan “Şair xalq” adını qazanmışıq. Müharibə özü ilə daha bir halal haqqımız olan həqiqəti də üzə çıxartdı, haqqımızda “Döyüşkən, qəhrəman xalqdır” söz – söhbəti tez bir zamanda bütün dünyaya yayıldı. Biz sülhün ağ rəngini, sevginin yaşıl rəngini, həyat tərəfini sevirdik, qəhrəman əsgərlərimiz çağdaşlığın, müharibənin, mübarizənin qırmızı rəngini, ölüm – itimin, ağrı – acının qara rəngini də könlümüzə sevdirə bildilər. Müharibəyə nifrət edirdik. Bu 30 ildə canlar alınmış, qanlar tökülmüşdü. 20% torpaqlarımız işğal olunmuş, 1 000 000 – dan çox qaçqın və köçkünümüz öz dədə – baba torpaqlarından didərgin salınmış, yüzlərlə soydaşımız öldürülmüş, evləri talanmış və yandırılmışdı (Bir milyonu ona görə rəqəmlə yazıram ki, görməzdən gələnlərin gözünə girsin). Beynəlxalq təşkilatlar haqqımız olanı haqqımızda susurdu, bizi məcbur etdilər, nəhayətdə əzm göstərdik, silah götürüb düşmənə cavab verdik, qalib gəldik və qələbə naminə ağrı – acılarımız soyudu, müharibəni də sevməyə başladıq.
Müharibə evimizə qədər gəlib çıxmışdı. Qəlpə yarası alan atam Bəbir Xanverdi oğlu müharibə qazisi idi, çəliklə gəzirdi. Xanverdi babam atamın adını Ərdəbil xanlığının əsasını qoyan Bədir xanın şərəfinə Bəbir adlandırmışdı. Əslində bu adın mənşəyi Böyük Moğol imperiasının yaradıcısı və ilk hökmdarı “Baburnamə” müəllifi Qazi Zahirəddin Məhəmməd Baburun şöhrətinə bağlıdır. Xanlara layiq bu adın sahibi olan atam Xan olmadı, xalqının əsgəri oldu və biz də çoxlarından seçilib fərqli bir ailə olduq, dövlətimiz və ətrafımız bizi “Əsgər ailəsi” – kimi tanımağa başladı. Bütün qohum əqrəba və ətraf bizim evə, atamın başına toplaşar və söhbətləşərdi, yəni evimiz hər gün qonaqlı – qaralı olardı. Atam bir çox cəhətləri ilə məhəlləmizdə hamıdan seçilirdi, tanıdıqlarımın içərisində təkcə o və qardaşı, yəni üzünü heç görmədiyim şəhid olan əmim Böyük Vətən müharibəsində dövlətinin əsgərləri olmuş və faşizmə qarşı vuruşmuşdular. Ətrafımızdakı gödüyüm, tanıgığım bütün kişilərdən fərqli sağlamlığını; – başından qəlpə yarasını, əl və ayağın birtərəfli iflici, çəliklə hərəkət, nisbətən əsəbiliyı, tütünə olan güclü meyli – müharibədə almışdı. Amma müharibə atamın təbiətdən aldığı qeyri – adi fərqli xüsusiyyətləri; – uca boyu, qartal baxışı, güclü, səlis məntiqi, qəlb sevindirən şux zarafatı, ağayanalığı və alicənablığı, həyata, insanlara olan sevgi, istəyi və eşqi onun əlindən ala bilməmişdi. Müharibə çoxdan qurtarmışdı, insanlar çətinliklərin hələ də davam etdiyi yeni həyatlarını yenidən qururdular. Varlı – karlı, pullu – paralı, arxalı, “axarlı – baxarlı” ailələr elə bil yox idi. Hamı bir – birinə bənzəyirdi, insanların yedikləri yeməklər də, geydikləri geyimlər də, hətta fikir və düşüncələr də, istək və arzular da demək olar ki, eyni idi, biz də hamı kimi idik, həyatın bütün sahələrində ictimai bərabərlik hökm sürürdü, müharibə çoxdan qurtarsa da qara rəng evləri və insanları tərk etməmişdi. Əvəllər insanlar üçün çoxlu çətinliklər vardı və bunu heç kim özünə dərd eləmirdi, müharibənin gətirdiyi ağırlıqlar, çatışmamazlıqlar çox – çox idi, amma dərd yox idi, dərd qonaq qismində gəlirdi, ona görə tutub onu uzun müddətə saxlayırdılar, dərdin, kədərin, qara rəngin içində səadət axtarırdılar, əsatir və nağıllar dünyasına daha yaxın olan bir dünya yaşayırdılar, üstəlik dünyanın, bütün əzilən insanların dərdini də özlərinə əlavə dərd edirdilər; Hindistanın, Vetnamın, Kubanın, Çilinin, Afrika xalqlarının və s…
İndi isə hər şey var, çətinliklər azalıb, demək olar ki, yoxdur, insanlar artıq heç nağılvari həyat da yaşamaq istəmirlər, elə bil hər şey hamı üçün daha əlçatan olub, şükür Allaha, indi əvvəllərə nisbətən pis yaşamırıq, ancaq əlavə dərd saxlaya bilmirik, əvvəl əyyamlarda Tufarqanlı Abbasdan eşidilib ki, insana ağırlıq gələndə qəm başından, dərd ayağından tutar. İndi dərd bogazdan yapışıb nəfəs kəsir, müasir dünya dönəmini yönəldənlər hər yerə hamı üçün dərd toxumları əkirlər. Qarın dərdi, müharibə dərdi gündəlik rifah halımızın kodeksləri cərgəsində yer alıb. Dünya üçün yeni, tər – təzə dərdlər yaradılır; ekologiya, qripin bütün növləri, pandemiya, ay təqvimi, gün saatının, çərxi – fələyin yeyin hərəkəti dərdi, su, çörək dərdi və hər il üçün müharibə ocaqları dərdi… Yaxşı yaşayış da özüylə yeni yaxşı dərdlər gətirir.
Əvvəllər də ildə bir, on ildə bir müharibələr olardı, olardı və bitərdi. Xırda müharibə ocaqları yaradılar və xırda xalqları, zəlf dövlətləri silahlandırıb döyüşdürərdilər. İndi bu bitməyən müharibələr hər gün hər yerdədir, yer üzü, torpaq hər gün dərd çəkir. Dünya imperializmi qarşı – qarşıya durub döyüşür, dünya dərd çəkir. Gözümü açandan mənim təsəvvürümdə atam müharibənin mükəmməl obrazı, tütün yarpaqları isə müharibə atributu, döyüş simvolu kimi yadımda qalıb. Tütünçülük təsərrüfatı bəlkə elə buna görə imiş ki, başları dumanlandirıb dərdlərini, çətinliklərini insanlara unutdursun. Siqaret qutusunun üzərindəki “Sağlamlığınız üçün zərərlidir” yazısını götürüb müharibə hazırlayan və onu başlayan ölkələrin bayrağı üzərinə yapışdırmaq daha düzgün olardı.
Qohum – qonşularımızdan da papiros çəkən vardı, lakin heç kim atamın yanında papiros çəkməzdi, aşikarda siqaret çəkən təkcə atam idi. Tütünçülük rayonunda yaşayan qohumlarımız atam üçün sarımtıl tütün yarpaqlarından böyük bir bağlama hədiyyə gətirmişdilər və biz o bağlamanı nisbətən əlçatan yerdə, mətbəx damında qoymuşduq ki, lazım olduqca rahatlıqla götürə bilək. Qış aylarında tütün yarpaqlarını gətirib peçin altına sərib qurudardıq, atam da götürüb ovucunda əzər və sonra müştük – qəlyanına doldurub çəkərdi. Hə, doğrusu az qala unudacaqdım, atamın müharibədə qazandığı daha bir əlavə üstünlüyü də vardı, işlək vəziyyətdə olan bir ovucu vardı, ikinci əli zədə aldığından hərəkətsiz idi. Amma bütün bu fiziki çatışmamazlığa rəgmən mən atamla fəxr edirdim, o, davam edə biləcək minlərlə insan ölümünün qarşısını almışdı, müharibəni qazanmışdı, faşizmə qalib gəlib qəhrəman olmuşdu.
Tütün yarpaqlarının qəribə rəngləri vardı, torpaq rəngində, payızlamış zəmi rəngində, hərbçiləri və hərbi texnikanı qoruyan örtük- kamuflyaj rəngində idi, hansısa xüsusi bir rəng adını üzərinə qoyub ad vermək mümkünsüz idi, əllərimə götürüb saatlarla tamaşa edər və bu qarışıq, isti – soyuğu bir yarpaqda yer alan rənglər toplusuna ad fikirləşərdim, tapa bilməyib ona elə tütünü rəng deyirdim. Tütünü rəng yalnız bizə, bizim ailəyə aid idi, hər halda mən elə düşünürdüm, tavana vurulan taxtamızın da, döşəməyə çəkilən torpaq – şirənin də, o şirənin üzərinə sərilən həsirimizin də rəngi tütünü idi, üstəlik faşizmə qarşı döyüşən atamın və bütün müharibə iştirakçılarının geydikləri əsgər formaları da tütünü rəngdə idi.
Məktəbin 6- cı yaxud 7- ci sinfində oxuyarkən bizə “Kim olmaq istərdin?” mövzusunda inşa yazdırırdılar. Mən bu məsələyə nisbətən fərqli yanaşaraq “Rənglər və peşələr” mözusunda yazmaq həvəsinə düşdüm. Məni bu işə sövq edən yeni bir rəng adını “icad etməyim” və o rəngin peşə sahibini, Vətəni qoruyanların – Vətən əsgərinin – rəngini tapmağım idi. Sarımtıl tütün yarpaqlarının tütünü rəngini atamın şərəfinə “əsgəri rəng” adlandırdım. Dəftərlər yığıldı, lakin mən yazımı gizlətdim, müəllimə vermədim və əvəzində haqq etdiyim “2” qiymətini aldım. Yazını göstərməməkdə məqsədim vardı, məktəb tərbiyəsi və əxlaqı tütünün bütün rəng və təzahürlərini inkar edirdi. Yaxşı qiymətlərlə oxuduğumdan “2” məsələsi görünür müəllimi də narahat edirdi. Növbəti dərslərin birində müəllim məni çağırıb hazırlığımı yoxladı, “2” – ni pozub yerinə iki “5” yazdı.
Tarix yenidən təkrarlanırdı, müharibə uşaq yaşlarında olanlar üçün böyük yaşda olan atasını, böyüklər üçün kiçik yaşda olan övladını döyüşə götürürdü. Atalar və oğullar yenidən imtahan olunurdu. Yenidən yaşamaq uğrunda müharibə ilə üz -üzə qaldıq, indi daha uşaq deyildik, silah götürüb döyüşə hazır vəziyyətimiz, dünyanın bütün qarışıq rənglərinə ad verə bilmək gücümüz və qüdrətimiz vardı. I – ci döyüşdən qiymət ala bilmədik, erməninin yalan və iftiralarına çox könüllü uyan bölgəmizdə marağı olan dünya gücləri; Azərbaycan xalqına, dövlətçiliyimizə qarşı erməni əli ilə illərlə davam edən haqsız zülmlər başladılar. Şükür Allaha, indi vəziyyət başqadır, dünya ermənini tanımağa başlayır. Erməni nə istəyir? – sualı 30 – 40 ildir ki, dünyanın çözə bilmədiyi və yaxud çözmək istəmədiyi bir düyünə dönüb. Erməni başqalarının torpaqlarını istəyir. Erməni xəstə təxəyyülə uyub öz övladlarını türk xalqlarına qarşı əsassız düşmənçilik siyasətinə öyrədir. Erməni sülh istəmir, Çar Rusiyasının himayəsinə keçən gündən türklərə qarşı müharibə istəyir, hər başa çatan masaya gələn bir məsələnin yenidən ayağından yapışmaq adətlərini tərgitmək istəmir. Yazıq görkəm alıb özünü əzilən xalq kimi dünyaya təqdim edir. Əslində Azərbaycan xalqına qarşı boynunda Xocalı kimi ən yeni dövrün genosid siyasəti olan erməni qaniçən cəlladları timsah misallı adətlərindən əl çəkmirlər, öldürdükcə, yeni – yeni torpaqlar işğal etdikcə gözlərindən yaş axıtmaqda davam edirlər, havadarlar axtarırlar, təbiətin bu əsrarəngiz guşəsində, dünyanın bənzərsiz, sayılan – seçilən yerlərindən olan muğam beşiyi Qarabağımızda barıt qoxusunu saxlamaq istəyirlər, erməninin bu yanaşma tərzinə yumuşaq desək, “həyasızlıq” deyərlər. Biz kimsənin torpağında deyilik, öz torpağımızda Vətənimizi qoruyuruq, Bu illər bizə yeni bir elm – hərb elmini, Vətəni qorumaq elmini öyrətdi. Acı və ağrılarımız qəlbimizi göynətsə də Vətən qurbanı olan şəhidlərimiz başımızın tacı oldu. Silah götürüb döyüşə gedən, atalara bənzəyən oğulların sayı günü – gündən artır və çoxalır. İndi atama bənzəyən oğulların sayı – hesabı yoxdur, minlələ, milyonlarla igidimiz, ümumiyyətlə, bütün Azərbaycan xalqı əsgəri rəngin qalib ruhunu bayrağımızla birgə qəlbində gəzdirir. Xalqımız və dövlətimiz əzm göstərib çalışdı, ilk uğursuzluğumuzun peşmançılıq hissi bizi yaxşı tərbiyə etdi. Dahi Füzuli demiş; “Nədamətsiz tənəüm yox, təsərrüfsüz tamaşa tək”. (Peşmançılıq hissi çəkmədən tərbiyələnmək asan olmadığı kimi, gərgin, daimi əmək və mütəmadi məsrəf sərf etmədən tamaşa – gözəllik əldə etmək də mümkün deyil). Allah bizə və torpaqlarımıza olan bu zülmü və haqsızlığı götürmədi, öz lütfü, mehri və məhəbbətini bizdən əsirgəmədi, xalqımıza çıxış yolu və nicat verdi. “Ölkəm” romansını, “Vətənim” şeirini daha ürəkdən, daha bərkdən oxumağa başladıq. Tütün yarpaqlarının “Əsgəri rəng”ini biz seçdik, zəhər kimi zəhrimar acısını düşmənlərə verdik. Sarımtıl tütün yarpaqlarının əsgəri rəngi erməni faşizmini və onun havadarlarının başını əzdi, torpaqlarımızın 30 illik işğalına qarşı Azərbaycan dövlətinin apardığı 2-ci şərəfli və şanlı, nümunəvi və tarixi 44 günlük Qarabağ müharibəsi iştirakçıları, şəhid və qazilərimiz, əsgər və zabitlərimiz, şanlı Xalqımız indimiz və gələcəyimiz naminə iki dəfə “5” qiymət aldı. Qardaş – qardaşla əl – ələ verib birlikdə oldu. Bir “5” bizim oldu, bir “5” də bizimkilərin. Dünya üçün qara ləkə olan Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğal tarixinə barmaq silkələndi.