Əvvəli: https://klv.az/2023/12/13/edmund-husserl-kartezian-dusunceleri-10-5/
(davamı)
Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK
§ 29. Maddi-formal-ontoloji regionlar, aşkarlıqların transsendental sisteminin indeksləri kimi
Onun özündə qərarlaşan və qərarlaşmalı olan maddiliyin nəzərdən keçirilməsi ilə meydana çıxan eqonun transsendental olaraq özü-özünə izah edilməsi məsələsinin, habelə onun şüur həyatının şərhi məsələsinin bu qədər genişliyi indi aydın olur. Mənim üçün transsendental eqo kimi qərarlaşan və ya nə vaxtsa qərarlaşa biləcək predmetlərdən hər biri üçün “həqiqi varlıq” və “həqiqət” (bütün modallıqlarda) sözləri, gerçək və mümkün coqitationes-in sonsuz müxtəliflikləri daxilində həyata keçirilən, bu predmetlərlə əlaqəli hansısa struktur bölgüsünü göstərir və beləliklə, onlar, ümumiyyətlə hansısa eyniləşdirilən sintezlərin birliyini təşkil edə bilər. Gerçək mövcud predmet bu müxtəlifliyin daxilindən onlarla əlaqədər olan aşkarlıqların hansısa xüsusi sistemini ayırır ki, bunlar da sintetik olaraq bir-biri ilə o dərəcədə əlaqəlidir ki, hərçəndi, ola bilsin ki, sonsuz, total aşkarlıq bunlardan birinə daxil edilir.
Nəhayət predmetin özü, o necə var eləcə də verilsəydi, mütləq mükəmməl aşkarlıq da elə olardı ki, bu zaman aşkarlıq, sintezdə o ayrı-ayrı aşkarlıqlarda əsaslandırılmaqla, özündə hələ tamamlanmamış ilkin intensiyanı təmsil edən nə varsa hamısının adekvat doluluğunu əldə edə bilərdi. Nə qədər ki, artıq deyildiyi kimi mütləq aşkarlıq onlar üçün hansısa ideya kimi qalır, gerçəklikdə o bu cür aşkarliq əldə etməsə – bütün obyektiv-real predmetlərdən hər biri üçün – bu məqsəd mənadan məhrum olardı, – onun struktur mahiyyətinin nədən ibarət olmasını, bütün daxili strukturların bu struktur mahiyyətinə münasibətinin necə olduğunu, onun ideal sonsuz sintezlərinin sistematik olaraq açıldığı həmin sonsuz ölçülərdə aydınlaşdırmaq – tamamilə aydın, geniş məsələni – sözün hərfi mənasında mövcud olanın predmetliliyinin transsendental quruluş məsələsini təşkil edir. Formal-ümumi araşdırmalarla, xüsusi ilə, ümumiyyətlə predmetin formal-məntiqi (formal-ontoloji) anlayışı üzərində dayanan və beləliklə, predmetlərin müxtəlif ayrıca kateqoriyalarının maddi xüsusiyyətlərinə qeyri-həssaslıq göstərən araşdırmalarla yanaşı, biz həmçinin heç də bundan az əhəmiyyət kəsb etməyən, yuxarıda deyilən, artıq formal-məntiqli olmayan predmetli kateqoriyaların (regionların), məsələn, “obyektiv dünyanın” ifadələrlə birləşdirilən regionlarının hər birinin ayrılıqda konstruksiyalaşması ilə əlaqəli daha geniş problematika ilə məşğul oluruq. Həmişə mövcud olan (ona görə də həmişə güman edilir) kimi verilən fiziki təbiətin, habelə, insanın, insan cəmiyyətinin, mədəniyyətlərin və s. hamısının konstitutiv nəzəriyyələrinin yaradılması üçün tələb meydana çıxır. Araşdırmaların müxtəlif istiqamətləri ilə, sadəlövh-ontoloji qeyri-tipik anlayışlara (məsələn, real məkan, real zaman, real səbəbiyyət, real şey, real xassə və s. kimi) müvafiq, bu ifadələrin hər birində hansısa böyük intizam görünür. Əlbəttə, söhbət hər yerdə, transsendental təəssüratlarda olduğu kimi, implitsit olaraq təcrübənin özündə saxlanılan intensionallığın açılmasından, ilkin qorizontların mümkün tamamlayıcı aşkarlığa köçürülməsi vasitəsi ilə sistematik izahından və müəyyən üsula uyğun, həmin dərəcədə də fasiləsiz olaraq onlarda açılan yeni qorizontların fasiləsiz şərhlərindən gedir; bununla belə, intensional korrelyatların daimi araşdırılması zəruridir. Konstitutiv aşkarlıqların son dərəcə mürəkkəb intensional quruluşunun, məsələn, onların tədrici əsaslandırılması ilə sintetik birliyində, predmetli əsasın ən aşağı səviyyəsi üzərində qurulan qeyri-obyektiv (yalnız subyektiv) predmetlər meydana çıxır. Belə bir əsasın funksiyası daim özünə və özünün bu günkü günü üçün immanent müvəqqətiliyi yerinə yetirir və bu axında özü-özünü quran həyat və bu həyatın konstitutiv aydınlaşması, özündə müvəqqəti məlumatları müəyyən edən zamanın əzəli şüur nəzəriyyələrində mövzulaşdırılır.
Tərcüməçi: Obaçı
Davamında təqdim olunacaq: Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 30. Transsendental eqo öz təəssüratlarından ayrılmazdır