Elvin Urşan. Dənizgənin diləyi

I

…Və o, gözlərini açaraq qaranlıqdan qurtuldu…

Küləklər şəhərində küləkdən əsər-əlamət yoxdur, ona görə də, Xəzər qonaqlıqda oturmuş utancaq uşaq kimi dalğalarını coşdurmadan, sakitcə dayanıb. Bu, təəccüb doğurmasın, zira onun üçün əlamətdar bir gündür.

“Şıxov” adıyla bilinən sahilə toplaşmış yığnağın arasında fərqli dillərdə pıçıldaşıb danışan insanlar, səbirsizliklə kürsüyə çıxmalı olan xanımı gözləyir; Çünki məhz o cavan mucid, xaricdən gələn texnologiya mütəxəsislərini, yatırımcı şirkət rəhbərlərini, media nümayəndələrini, gənc tələbələri Xəzəri ziyarət etmək şərəfinə nail edir.

Toplantıya azacıq gecikən professor Nik, yığnağın seyrək yönündə söhbət edən dostlarına qoşulur.

– “Əlbətdə…” Frenk davam edir: “Bu yeni qurğular, o biri zəhlətökən suyu neftdən arındırma üsullarını sıradan çıxaracaq. Bu arada, xoş gəldiniz professor, buyurun.”

“Təşəkkür edirəm”.

– “Artıq “çıxardı” desək, daha düzgün olar”. Samuel təkid etdi: “Xəzərin qaralması” haqqında eşitməyən yoxdur deyə düşünürəm. Mən şəxsən tanıq olum deyə ötən il bura gəlmişdim. Durum həddən artıq kədərli idi. Bakının bir çox sahili (böyük bulvar da) qara bataqlığa dönmüşdü, oradan gələn üfünətli və baş ağrıdan qoxu isə az qala şəhərin içərilərinə qədər gedib çıxırdı. Hətta, mən hansısa ağciyər xəstəliyinə tutalacağımdan qorxub mümkün qədər tez şəhəri tərk etdim”. O, həsrətindəymiş kimi acgözlüklə havanı ciyərlərinə çəkir və davam edir: “İndi isə əziz dostlar, qəribə olsa da, bu gün Bakı sahilləri dünyanın ən arı sahilləri sırasındadır…”

Dostlar şaşqınlıqla Xəzərə sonra da bir-birlərinə baxırlar. Frenk belə deyir: “Amerika, Yaponiya kimi ölkələrin milyonlar yatırılan laboratoriyalarında çalışan bunca alimin edə bilmədiyini, iyirmi beşində olan bir qız bacarır, özü də ikicə ilə… Bax, əsl qəribə olan budur”.

– “Həyat dürlü hadisələrə doludur, əziz Frenk” professor təsəlli verirmiş kimi söyləyir: “Hərdən, kimilərinin ömür boyu Günəş işığında görmədiyini, kimiləri qaranlıq gecədə, kiçik bir şam şöləsilə görə bilir…”

Frenk nəsə deməyə yeltənir, ancaq bu sırada yığnaqdan qopan gurultulu çəpik sədaları yoldaşların nəzərini, mavi donu ilə dalğatək süzüb kürsüyə çıxan cavan qıza yönəldir. Şəhla gözlü mucidin, dodaqları ilə bərabər gözləri də, qəlbi də gülür. Onun yaydığı xoş aura bütün izləyicilərə sirayət edir, buna görə də alqışlar uzandıqca-uzanır. Nəhayət Qızın, sevinc içində alqışları qəbul etməyinin ardından qəlbə yatımlı nitqi eşidilir: “Dəyərli qonaqlar, xoş gəlmisiniz! Mən, Dəniz Azadqızıyam, “DƏNİZ QURTARMA” layihəsinin rəhbəri, eyni zamanda “Dəniz qurtarıcı” qurğularının yaradıcısı…”

Onun dəniz və okeanların çirklənməsindən, bunun ekologiyaya vurduğu ziyandan, nəsli kəsilməkdə olan canlılardan, Xəzər suiti növünün ötən əsrlə müqayisədə bir milyondan yüz min civarına düşməsi və s. haqqındakı qısa nitqindən sonra qurğuların nümayişi başlanır.

“Budur, DQ-Uralayıcı adından bəlli olduğu kimi, neft yığımında dənizə tökülən, dağılan və ya qəza zamanı itirilmiş nefti sudan toplayır. Hazırladığımız xüsusi süzgəclər vasitəsilə DQ-Uralayıcı dəniz suyuna qarışmış nefti ayırır və deposuna yığır. Sonra…”

Az qala, qıza qibtə ilə baxan professor Nik, öz-özünə pıçıldayır: “Lənətə gələsən, doğrudan da kimin ağlına gələrdi ki, birdən-birə Azərbaycanlı bir nimfa ortaya çıxacaq və sehr edib bütün dənizləri arındıracaq…”

Nümayişdən sonra professor dostlarından ayrılıb bir neçə addım uzaqlıqda dayanmış tələbələrinə yaxınlaşır. Həmin anda onlardan biri dəniz qurtarıcını “denis kurtarichi” kimi tələffüz etməyə çalışanda çevrəsində möhkəm gülüşlər qopur.

– “Özünə əziyyət etmə, çox keçməz ona “sea rescuer” deyəcəklər.” tələbələrdən biri vurğulayır.

Professor gəncləri salamlayıb tələbəyə cavab verir: “ Yox əzizim, az öncə öyrəndim ki, qurğuların adının dəyişdirilməsinə icazə yoxdur, bu, Azərbaycan dilindən dünyaya çıxacaq ilk termin olacaq…”

– “Hansı dildə olması kimin vecinədir ki? Əsas qurğunun özüdür.”

Qoca professor, az aralıda əl sıxışıb, hədiyyələr alan mucidə baxaraq düşünür: “Həə, bu bizim üçün adi bir haldır, ancaq onlar üçün bəlkə də başlanğıcdır…”

Dəniz Azadqızı isə son dərəcə sevincli, ümidli və xoşbəxtdir! O, uşaqlıqdan bəri oxuduğu nəğməni zümzümə edərək, sonsuzadək çəkəcək olan bu anını qeyd edir.

Bilirsiniz kiməm mən?

Diləkləri yandıran, vətən odlar yurdunda.

Arzularla donanmış,

Dənizgən bir qızam mən…

II

Və o, gözlərini qaranlığa yumdu…

“Çünki Bu diyarda qız doğulmaq, Xəzər olmaq kimidir…” Avtobusun çirk basmış şəffaf şüşəsindən dənizə baxarkən, gecəyarısı bitirdiyi cizgi romanına yazdığı son cümləni anımsadı.

– “İncimə Xəzərim, axı bilirsən, coğrafiya taledir.” – deyə pıçıldadı.

Bütün həftə boyu məktub yaza bilməyincə, ağlına belə bir parlaq idea gəlmişdi; hansı ki, hal hazırda otağında masanın üstündə oxunmağı gözləyən “Dənizgənin diləyi” adlı cizgi romanını hazırlamaq. Düşünürdü ki, belə olsa deyə bilmədiklərini rəsmləri ilə ifadə edə bilər.

Avtobusun dayanacaqda sərtcə durması, onu fikir aləmindən qopardan ildırımın çaxmasına və qəlbinin titrəməsinə səbəb oldu. Bir an tərəddüd günəşi buludların arasından görsənib alar yaydı, lakin bu alar dünyanı aydınlatmağa qadir olsa da onun soyumuş yanaqlarında qızartı yaratmağa qadir olmadı.

Avtobusdan endi və çox sürməyən yayaq yeriyişdən sonra dəniz kənarına vardı.

“Ey Xəzər… Mən gəldim, ruhu “sirenomel”, gövdəsi insan olan qızın…” deyə səsləndi dənizə. Cavabında da azman mavi səhra dalğalarının əzəmətli musiqisilə gələn qonağını ağırladı.

O, uşaq kimi sevinib qaçmağa başladı. Ardından yalın ayaqlarını quma basdı, ciyərlərini Xəzərin rayihəsi ilə doldurdu, balıqqulağı götürüb içindəki sehirli nəğməyə qulaq kəsildi. Uşaqlıqdan bəri yay-qış demədən edərdi bunları, yan aldıqca sahilə…

Günəş, dənizin səthində açdığı və üfüq boyu sonsuzluğadək uzanan narıncı cığırı ortaya çıxaranda isə, “Doğrudan da digərlərindən fərqli olaraq mənim hekayəm yazıldıqdan sonra yaşanacaq.” deyə düşündü. O, çantasından səliqə ilə qatlanmış bir kağız çıxarıb, bəlkə də, yüzüncü dəfə onu başdan-sona oxudu və vərəqi əlindən buraxdı.

Sonra Dodaqlarına sadə gülüş qondurub inamla Günəşin açdığı altunsu cığıra baxdı və nəğməsini oxuyaraq həmin yolla çıxıb getdi.

Kağızda yazılan ilk cümləni görən Bakı küləyi dərhal yönünü dəyişərək, çizgi romanın yazıldığı evə sarı götürüldü.

Cümlə isə belə başlayırdı : “Dəyərli, Dəniz Sahib qızı, sizə yazmaqda məqsədim Oksford universitetinə qəbul olduğunuzu təsdiq etməkdir…”

***

Həmin axşam Sahib – Dənizin atası yorğun görsənirdi. O əslən Cəlilabadlı olsa da on ildən çoxdur ki, ailəsilə birgə Bakıya köçmüşdü və on ildir ki, burada hörmətli, sınaqlı bir usta kimi ad-san çıxarmışdı.

Sahib ustanın yaşı əlliyə yaxınlaşsa da iş sonrası yorğunluq nədi bilməzdi, lakin son günlər yaşananlar onu da, necə deyərlər yıpratmışdı. Üstəlik az öncə bitən qonaqlıq Sahib ustanı qəribə hala salmışdı.

Divana əyləşib siqaretini yandırdı. Qənşərdəki divardan asılmış ailə portretində qucağında tutduğu kiçik Dənizi gördü.

“Elə bil dünən çəkilib şəkil, bu günsə üstündən illər keçib.” deyə düşündü ağlında. “Eybi yox, belə daha yaxşıdır.”

– “Qızın hələ də otağından çıxmayıb?”

– “Yox, bayaq xəstəyəm demişdi, yəqin yatıb.” Mətbəxdə qabları yuyan Səkinə – Dənizin anası cavab verdi.

Sahib usta dodaqaltı nəsə mızıldanaraq ayağa durdu. O, Xarab olmuş lampanı dəyişdiyi gündən bəri Dənizin otağına addım atmamışdı, “Lampa haçan xarab olmuşdu, altı ay qabaq yoxsa səkkiz?” təəccüblə anımsamağa çalışdı. O, qapını döymədən ehmalca açıb, qaranlıqda güclə sezilən yatağa doğru nəzər saldı. Gözlərini zillədiyi yerə bir xeyli baxaraq qaldı. Az sonra tərəddüdünü qırıb, irəli getdi və yatağın boş olduğunu gördü. “Yəqin ayaqyolundadır”

Otağın işığını yandırdı. Divardan asılmış onlarla dəniz şəkli, dolaba yığılmış dürlü-dürlü balıqqulağılar Sahib kişiyə yad görünsə də, saçılan aurasının təsirindən dəniz qoxusunu hiss etmiş kimi oldu. Bu ona Qızına ad qoyduğu günü anımsatdı; “Dəniz adı moddur indi…” demişdi onda.

Masada dik vəziyyətdə qoyulmuş kitabçaya bənzər nəsnə, dəniz muzeyindəki kimi çevrəsinə şaşqın-şaşqın baxan atanın diqqətini cəlb etdi. Sahib usta kitabçanı götürüb oyan-buyanına baxmağının ardından üzqapağındakı sözləri oxudu; “Yazıldıqdan sonra yaşanacaq hekayə”

Gözlərini hərflərdən ala bilməyən ata ömründə ilk dəfə hansısa kitabı oxumaq üçün əyləşdi.

DƏNİZGƏNİN DİLƏYİ

1-ci səhifə

Açıq göy üzündə, yupyumru altun Günəş birini izləyir, Xəzər dənizi sahilində oturub, su ilə danışan balaca bir qızı. O, Xəzərə belə deyir: Bilirsən, səni çox sevdiyim üçün məktəbdə hamı məni dənizgən deyə çağırır… “Dənizgən Dəniz” deyib lağ edirlər, amma… bu mənim xoşuma gəlir. (gülümsəyir)

2-ci səhifə

Xəzərin başqa bir sahili. Hava tutqun və küləklidir. Mavi don geyinmiş balaca bir qız Xəzərə belə deyir; Xəzərim, axı niyə anam məni dinləmir? O, məni barbi kimi geyindirir, darayır, yedizdirir, içizdirir, amma məni heç dinləmir. Bizim söhbətimizdə ancaq o danışır, çox vaxt mən onu heç anlamıram da. Atam? Yox, o ancaq qiymətlərimi soruşur…

Son cümləni oxuyan Sahib ustanın qaşları çatılır və maraqla sıradakı səhifəyə keçir.

3-cü səhifə

Xəzərin yaxından çəkilmiş rəsmi və orada diz çöküb əllərini suya salmış qız. (Dəniz bir qədər böyüyüb, o artıq səkkizinci sinifdə oxuyur) Xəzər ölümcül xəstəliyə tutulub və bunu qıza etiraf edir.

Qız üzülür, Xəzərin sağalması üçün dua edir.

4-cü səhifə

Öz otağında oturmuş qız pəncərədən dışarı baxır. O, hərşeyi anlayır. ( Neft, tullantı, konalizasiya ilə boğulur Xəzər…) Qız öz-özünə deyir; Xəzərin içindəki həyat tükənir, canlılar ölür, insanlar da çimərliklərə getmir, təmizləri isə hər keçən yay bahalaşır…

Məğrurca durub divarından asılmış Xəzərin şəklinə deyir; Mən səni sağaldacağam! (söz verir)

5-ci səhifə

Dənizin otağı. O narahat şəkildə var-gəl edir. Dərindən nəfəs alıb yan otağa keçir. Divanda oturmuş ata siqar çəkir. Qız əllərini ovuşduraraq deyir: Ata, mən xaricdə oxumaq istəyirəm.

Bu yerdə Sahib ustanın tükləri biz-biz oldu, o, yerindən dik qalxıb lampaya yaxınlaşdı və diqqətlə oxumağa davam etdi.

Atanın üzündə öfkə bəlirir və o bağıraraq cavab verir: Gic-gic danışma! Qız uşağı xaricdə təhsil almaq nədi, özü də tək başına??? Qız yalvarmağa başlayır. Ata isə son sözünü belə bitir: Bala, oxu burda müəllim ol, qız üçün ən gözəl sənət…

Qız atasının sözünü yarımçıq kəsib, gözlərindən yaş axıdaraq otağına qaçır.

Sahib ustanın rəngi ağarır, ürəyi şiddətlə döyünməyə balayır. Lakin o durmadan səhifələri bir-birinin ardınca çevirməyə davam edir.

6-cı səhifə

Sabahısı gün. Gecə vaxtı ay işığı ilə aydınlanan Xəzərin sahili. Dəniz uzanmış halda ulduzları seyr edir. Birazdan uyquya dalır. Yuxusunda gözləri yumulu halda haradasa gəzir, nədənsə, gözlərini açmaqdan qorxur. Ancaq bilnməyən amiranə bir səs ona gözlərini açarsa ən böyük diləyinin gerçəkləşəcəyini söyləyir. Qız gülümsəyib səsə tabe olur və o, gözlərini açaraq qaranlıqdan qurtulur…

7-ci səhifə

Dəniz hər gecə o, yuxunu görür. Bu ona ümid verir. Və Dəniz anasını müəllimliyə hazırlaşacağına inandırsa da, gizlin-gizlin xaricə imtahan üçün çalışır. (öz-özünə deyir: Bəlkə qəbul olsam yumşalarlar…)

8-ci səhifə 

Gecə. Dənizin otağı. Qız həyəcanlıdır. Sabah universitedlərə qəbul imtahanıdır, o isə heç də hazır deyil. Əvəzində, o iki gün əvvəl xarici universitedə qəbul üçün olan imtahanı mükəmməl yazıb. Birdən qonaq otağından atasının gərgin sədaları eşidilir: Əgər qəbul olmasa, verəcəm gedəcək! Onda ağlı başına gələr…

Sahib usta donub qaldı. Nəfəsi çatışmadı. Divardan tuta-tuta pəncərəyə tərəf yüyürdü. Az öncə bitən qonaqlıqda gülərək “verdim getdi” deməsi ağlında dəfələrlə yanqılandı.

– Səkinə! Bax gör Dəniz hayandadır… deyə bağırdı.

– Otağında yoxdu?

– Yox!

Sahib usta dərindən nəfəs alıb doqquzuncu səhifəyə baxdı.

9-cu səhifə

Universitetlərə qəbul nəticələri elan olduğu gün. Dəniz valideyinlərinin önündə başıaşağı durub. Onun üzü bomboş və ifadəsizdir. O, nəticəni elan edir: Qəbul olmadım… Ata qəzəblə ayağa durur və ananı günahlandırır: “ Sənin qızın bundan artıq olmayacaq ki” deyə bağırır. Ana əlləri ilə ağzını tutub ağlayır. Bu sırada qız yüksək səslə atasına belə deyir: Ata, mən xaricə qəbul olmuşam…

Bunu eşidən ata donub qalır. Ananın rəngi qaçır. Qız isə bir də təkrar edir: Xaricə qəbul olmuşam, ata, özü də təqaüdlə…

Ata astaca dillənir: deməli sən bu qədər vaxtdı bizi alladırsan, ay it qızı? Ata Dənizin üzünə şillə vurur, qız yıxılır, ana isə özünü sipər edib araya girir. Bir də gözüm səni görməsin itin qızı it! Ata otaqdan çıxarkən səsi belə exolanır.

Səbri tükənən sahib usta qoparaq otaqdan çıxdı və “Dəniz!” deyə çağırmağa başladı.“Ay kişi, neçə gündü otağından dışarı çıxmır, yəqin darıxıb Gülnaz gilə keçib, indi gələr.” deyə öz ürəyinə də nəhs çökmüş Səkinə ana dedi.

Fərqində olmadan əlindəki kitabçanı yumruğunda əzən Sahib usta həyətə düşdü. Göy üzündən asılmış medalyon kimi görünən dolunay bütün məhləni işıqlandırırdı. Sahib usta həyətdə oturub qızını gözləməyi qərara aldı və bu sırada kitabçanı səliqəyə salaraq son hissəni oxumağa başladı.

10-cu hissə

Həmin hadisədən bir həftə sonra. Dəniz cizgi roman hazırlayır. Bu gəz onun üzündə həfif gülümsəmə var. Otağa girənin nəzərini çəksin deyə onu masaya dik qoyur. Evdən çıxır.

Sahib usta birdən ilk vərəqə qayıtdı; “Yazıldıqdan sonra yaşanacaq hekayə” cümlənin mənasını anlayan atanın bədənindən bir əsmə keçdi…

Geri dönüb oxudu.

Qız, avtobusla dəniz sahilinə gəlir. Orada Xəzərin rayihəsini udur, qumda gəzir, balıqqulağının nəğməsini dinləyir. Ardından Günəş batır və onun üfüq boyu sonsuzluğa uzanan sehirli cığırı ortaya çıxır. Qız geri dönüb (şəklə baxana doğru) gülümsəyir və deyir : Çünki bu diyarda qız doğulmaq, Xəzər olmaq kimidir… Sonra öz nəğməsini oxuyaraq altunsu cığırla irəliləyib, üfüqdə gözdən itir.

Bu sırada güclü bir külək gəldi və donub qalmış Sahib ustanın əlindən kitabçanı salıb düşürdü və qızın nəğməsini öz dilində oxuya-oxuya yoluna davam etdi:

Bilirsiniz kiməm mən?

Diləkləri donduran, dörddivar arasında,

İç səsiylə ağlamış.

Dənizgən bir qızam mən…

SON

Diləkləri dondurulan bütün abituriyentlər üçün…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç Dek 13 , 2023
Əvvəli: https://klv.az/2023/12/06/edmund-husserl-kartezian-dusunceleri-4/ Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK (davamı) § 27. “Mövcud predmet” anlayışının mənasına dair konstitutiv funksiya yerinə yetirən, xatibual və potensial aşkarlıq Aydındır ki, ümumiyyətlə, özlüyündə güman edilən predmetin eyniliyi necə, həqiqi mövcud predmetin də eyniliyi eləcə və daha sonra, özlüyündə güman edilən predmetlə həqiqi mövcud predmetin arasında […]