Əvvəli: https://klv.az/2023/11/29/edmund-husserl-kartezian-dusunceleri-3/
Düşüncə III. KONSTİTUTİV PROBLEMATİKA. HƏQİQƏT VƏ GERÇƏKLİK
(davamı)
§ 25. Gerçəklik və kvazigerçəklik
Bundan əlavə, bütün şüur sferasından keçməsinə müvafiq olaraq və gerçəkliklə fantaziyanın (“bir növ” gerçəklik) fərqləndirilməsi vasitəsi ilə bütün varlıq modallıqlarına korrelyativ olaraq, bu fərqlərin hamısı parallel sıralar yaradır. Sonuncu ilə, burada meydana çıxan yeni ümumi mümkünlük anlayışları əlaqəlidir ki, bu da, eləcə yalnız göz qabağına gətirilən kimi (təsəvvürlərdə mövcud olan kimi), varlığın adi doğruluğundan başlamaqla, modifikasiyalaşmış formada bütün varlıq moduslarını ikinci dəfə təkrar edir. Bu, gerçəkliyin moduslarının ziddinə (gerçək varlığın, gerçək mümkünlüyün, gerçək şübhəli varlığın, yaxud gerçək yoxluğun və s.), xalis fantaziya ilə törədilmiş qeyri-gerçəkliyin moduslarında həyata keçirilir. Beləliklə, şüur modusları korrelyatıv olaraq müsbətlik moduslarına və kvazimüsbətlik (“bir növ” şüur modusları; fantaziyalaşdırma – bu, əlbəttə, son dərəcə qeyri-müəyyən ifadədir) moduslarına bölünür, onların xüsusi moduslarına isə, onlarda fərz edilən predmetlərin– onların varlıq moduslarında – aşkarlıq moduslarının özü necə uyğun gəlirsə, aşkarlığın özünün potensial əldə edilmə imkanları da eləcə uyğun gəlir. Bura o şeylər aiddir ki, biz onları addımbaşı aşkarlığın aydınlaşdırılması, əldə edilməsi adlandırırıq ki, bunu da deyəndə, həmişə aşkarlığın hansısa əldə edilmə modusları, aydın olmayan fərziyyələrin güman edilən sintezi ilə hansısa əyani müşahidəyə qədər, xüsusən də, həmin mənanı implisit olaraq özündə saxlayan müşahidəyə uyğun gələn yollar nəzərdə tutulur, belə ki, əgər o birbaşa olan kimi baş tutsaydı və predmetin özü onda verilsəydi, o, sonuncunu onun varlıq mənasında təsdiq edərək bu fərziyyəni tamamlayardı. Bu cür təsdiqedici tamamlamadan ibarət əyani müşahidə, elə bir aşkarlıq hasil edir ki, bu aşkarlıq varlıq olmasa da, hər halda ən azı, bu və ya digər məzmunun həqiqi mümkün varlıq formasını təşkil edən bir şəkil alır.
§26. Gerçəklik aşkar sübutun korrelyatı kimi
Bu qısa qeydlərdə, ilk öncə, əsasən formal-məntiqi anlayışların və prinsiplərin fünomenoloji mənbələrinə aid olan, intensional təhlilin ümumi-formal problemləri göstərilmiş və artıq bütünlüklə geniş və iri həcmli müvafiq araşdırmalar nəzərdə tutulmuşdu. Ancaq onlar təkcə bununla qurtarmır; bu araşdırmalarla qarşımızda həmin əlamətdar fakt açılır ki, bu anlayışlar özünün formal-ontoloji ümumiliyi ilə ümumiyyətlə şüur həyatının universal struktur qanunauyğuluğuna işarə edir və həqiqət və gerçəklik də məhz, bunun sayəsində bizim üçün yalnız mənaya malik olur və ola bilər. Doğrudan da, əgər predmetlər mənim üçün ən geniş mənada mövcud olsa da, bu hələ əlbəttə, aşkarlıq haqqında heç nə demir, ancaq yalnız onu bildirir ki, bu predmetlər mənim üçün əhəmiyyətlidir, başqa sözlə, onlar mənim üçün müəyyən əminliklə müsbət modusda dərk edən şüurumda coqitata kimi mövcuddurlar. Lakin biz həmçinin bilirik ki, əgər aşkar eyniləşdirmənin sintetik prosesi aşkar mövcudluqla ziddiyyətə gətirib çıxarsaydı, bizə dərhal bu əhəmiyyəti rədd etmək lazım gələrdi, belə ki, biz gerçək varlığa yalnız, əsl və həqiqi gerçəkliyin verə bildiyı aşkar dəlillərin sintezi sayəsində əmin ola bilərik. Aydındır ki, gerçək predmetin həqiqiliyi və həqiqəti ancaq aşkarlıqdan çıxarıla bilər ki, yalnız bunun sayəsində həqiqətən mövcud olan, həqiqi, qanuni əhəmiyyər kəsb edən predmet – hansı formada və ya növdə olur-olsun – özünün bütün müəyyənliyi ilə bizim üçün, onun yanında bu cür varlığı ilə həqiqi yerə malik məna kəsb edir.
Bizim transsendental subyektivliyin özündən baş verən hər cür qanunauyğunluq da buradandır; ağla gələn hər cür adekvatlıq, bizim yerinə yetirdiyimiz sübutlar kimi, həyata keçirdiyimiz sintezlər kimi meydana çıxır və özünün son transsendental əsasını bizdə əldə edir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2023/12/13/edmund-husserl-kartezian-dusunceleri-10-5/