Aleksandr Blokun şeirləri Ramiz Rövşənin tərcüməsində

Şair

 

Sahil boyu uçuşurdu havada quşlar,

Atasıyla pəncərədən baxırdı uşaq:

– Mənim təzə, alabəzək bir çətirim var,

Tez ol, tez ol! Yağ ey yağış, yağ!

 

– Bu dənizin o tayında indi yazdı, yaz,

Burda qışdı, üşüyürsən, soyuqdu sənə.

Ay çəhrayı papaqlı yazıq qızcığaz,

Uçaq, gedək bu dənizin o sahilinə.

 

– Mənim anam ordadımı?

– Yox!

– Bəs hardadı?

– Anan ölüb.

– Ölüb?! Axı bu nə deməkdi?

– O küçədən keçənə bax; şairdi adı,

Həmişə gözü yaşlıdı, həmişə təkdi.

– Onun da anası yoxdu?

– Var. Amma ona

anasından daha əziz bir xanım da var.

– Bəs o xanım niyə gəlmir onun yanına?

– Aralığı kəsib axı dəli dalğalar.

– Bir gəmiyə minib gəlsin.

– O xanım axı

gəmiyə də, qayığa da minməyə qorxur.

Yox, yox, heç vaxt gəlməyəcək o gözəl xanım!..

 

Ata susdu. Uşağın da qaraldı qanı.

Sonra hava qaraldı.

Bu söhbət də

elə burda qırıldı.

 

Xordan bir səs

 

Siz də, mən də, hamımız tez-tez ağlayırıq biz,

Bu boş keçən ömürdən inciyirik nahaqdan.

Eehh, ey incik dostlarım, siz əgər bilsəydiniz,

Necə soyuq, qaranlıq günlər gəlir qabaqdan.

 

Sevgilinin əlini indi sıxıb əlində,

Onu əzizləyirsən, o səni əzizləyir.

Qəfil yalan görürsən onun şirin dilində,

Ya görürsən, əlində iti bıçaq gizləyib, –

diksinirsən, çaşırsan,

görürsən aldanmısan, uşaqsan ki uşaqsan.

 

Hiylə, yalan bürüyüb dünyanı başdan-başa,

Naza qoyub özünü, gəlib çıxmır əcəl də.

Heç bitənə oxşamır bu dəhşətli tamaşa,

Bu neçənci pərdədi, görən, neçənci pərdə?

 

Nələr görüb gözümüz, hələ nələr görəcək?!

Əgər ömür budursa, doğulmasan yaxşıdı.

Gündən-günə daha bərk fırlanır çərxi-fələk,

Bu dünya bu gedişlə dağılmasa yaxşıdı.

 

Gözləməyin baharı, bahar gələn deyil, yox.

Bu dərdli uşaqların üzü gülən deyil, yox.

Günəşə “çıx” desəz də, günəş çıxmaz buluddan,

Çığırmaq istəsəz də, –

çığırtınız daş kimi batar dərin sükutda.

 

Odur ki, bu həyatdan narazı qalmayın siz,

Yaxşı ki, xəbəriniz yoxdu gələn sabahdan.

Ay ağlağan uşaqlar, siz əgər bilsəydiniz,

Necə soyuq, qaranlıq günlər gəlir qabaqdan.

 

aydinyol.az

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dzyunyitiro Tanidzaki. Kiçik dövlət

Şb Dek 2 , 2023
Dzyunyitiro Tanidzak dünya şöhrətli Yaponiya yazıçısı, modernizm və avanqardizm cərəyanının parlaq nümayəndəsi, “Səfehin məhəbbəti”, “Uşaqlar”, “Sirr”, “İblis” kimi məşhur roman və povestlərin müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub. (hekayə) Tokionun yerli sakini Kaidzima Masayosi iki il bundan qabaq M. şəhərinin ibtidai məktəbinə işləməyə göndəriləndə otuz altı yaşı var […]