Nisbilik: qələbə və məğlubiyyət barədə
Proloq: Qələbə ədalət uğrunda mübarizədə yaxşı, haqsız mübarizədə pisdir.
Giriş: Yaxşı nədir, pis nədir? Bir çox məqamlarda dəqiq cavab vermək çətindir: biri üçün yaxşı olan başqa biri üçün pisdir və yaxud biri üçün pis başqası üçün yaxşıdır. Yaxşı və pis də digər qiymətləndirilən nəsnələr kimi dərəcəsi ilə təzahür edir. Yaxşı müəyyən dərəcədə pis olanı, pis müəyyən dərəcədə yaxşını özündə saxlayır. Yaxşının dərəcəsi nə qədər böyükdürsə pislik o qədər kiçik, pisin dərəcəsi nə qədər böyükdürsə, yaxşılıq o dərəcədə kiçikdir. Burası məlum:hər bir şeydə özünün müəyyən qədər tərsi (əksi) var.
Xülasə:
Qələbə qalib üçün yaxşı, məğlub üçün pisdir: qələbədə müəyyən dərəcədə məğlubiyyət var.
Qələbə: instinktdir – bioloji tələb olub, özünü qoruma göstəricisidir.
Qələbə: təbii seçmənin əlaməti – zəif üzərində (hesabına) varolmanın təsdiqidir.
Qələbə: sevincdir – məğlubiyyətdən doğan kədər üzərində nəşənin təntənəsidir.
Qələbə: təkəbbürdür, başqasının zəif, özünün güclü olduğunun isbatıdır.
Qələbə: güc göstəricisi olaraq düşüncə məhrumiyyətidir: idrakı əngəlləyir.
Məğlubiyyət məğlub üçün pis, qalib üçün yaxşıdır: məğlubiyyətdə müəyyən dərəcədə qələbə var.
Məğlubiyyət: varolma uğrunda mübarizədə təslimçilik göstəricidir.
Məğlubiyyət: təbii seçmədə yoxolma əlamətidir.
Məğlubiyyət: qalibiyyət uğrunda mübarizədə uduzmaq – məyusluqdur.
Məğlubiyyət: güclü qarşısında zəif olmanın təsdiqi – kədərdir.
Məğlubiyyət: güc qarşısında zəifliyin düşüncəyə açdığı yeni yoldur: idrak təşnəsidir.
Əsaslandırma:
Qələbə dedikdə ağıla ilk gələn nədir? Rəqibi məğlub etmək. İstər döyüş meydanı olsun, istər idman meydançası. İstərsə adi həyat. Rəqib varsa, mübarizə labüddür. Hər mübarizənin isə öz qaydaları var. Hətta rəsmiləşməyən mübarizələrdə belə təcrübə sayəsində hər bir “oyun”un qaydaları və bu qaydalara əsasən qalibi məlumdur.
Mübarizənin növündən asılı olmayaraq, oyunu kim daha tez axıra çatdıra bilirsə, qalib odur. Məğlub olan sonun – nəticənin qarşısında acizdir. Elə məğlubiyyəti də müəyyənləşdirən nəticədə üzə çıxan həmin acizlikdir. Yenə sonuc, yenə də sonuca canatım. Hər ikisi, istər qələbə, istər məğlubiyyət bu canatmanın nəticəsi olaraq yaranır.
Sona canatma isə yaranmışın təbiətindən doğan prosesdir. Tələb –ilkin olan (Dünyaya yeni baxış: fəlsəfi esse)* butun yaratdıqlarını elə yaranış anından sona sürükləməklə – bitirməklə məşğuldur. Yaradılan müvəqqəti varolmaya məhkumdur. Doğrudan da, həyat – müvəqqəti varolma vəziyyətidirsə, bu vəziyyət halında heç nə üçün nə dərindən sevinməyə, nə də kədərlənməyə dəyər. İstər qələbə olsun, istər məğlubiyyət. Amma bu insanı heç də bütün mübarizələrdən çəkindirə bilmir. Çünki insan hər an sona diyirləndiyini anlasa da, yaranışdan ona mövcudolma uğrunda mübarizə əzmi verilib ki, bu da onun həyatını – indiki məkan ölçülərində varlığını müəyyənləşdirir. Qələbə, bir tərəfdən, həm də varolma uğrunda mübarizənin nəticəsi olaraq meydana gələn hadisədir. Məğlubiyyət də həmçinin. Yəni qələbə varsa, məğlubiyyət də mövcuddur, ya da tərsinə.
Belə ki, hər qələbədə həm də məğlubiyyət var. Qələbə rəqib tərəfi məğlubiyyətə uğratmaqdır. Bu baxımdan qələbə – bir tərəfdən sevinclə nəticələnsə də, o biri tərəfdən məyusluğa səbəb olur. Yəni hər hansı bir sevinc bir məyusluq sayəsində meydana gəlir. Böyük mübarizələrdə isə bu daha faciəli sonluqla müşahidə olunur. Müharibələrdə olduğu kimi.
Beləliklə, qələbə və məğlubiyyət mahiyyət etibarı ilə sona yaxınlaşmadırsa, nə qələbə naminə yaşamağa dəyər, nə də məğlubiyyətə görə məyus olmağa. Başlıcası, insana verilən həyatı mübarizə meydanına çevirməməkdir ki, insan bunu bacarmamaqla özünü əbədi məğlubiyyətə məhkum edib, əslində.
Qeyd: * – müəllifin “Ədəbi suprematizm və dünyaya yeni baxış” elmi-populyar kitabı (internet informasiya resurslarında PDF variantı mövcuddur).
Ədəbi Suprematizm (elmi informasiyanın fəlsəfəsinin bədii mətnlərdə ifadə konsepsiyasına aid):
Eristik dialektika: Otaqda qara milçək
Əsas olan qələbədir, həqiqət deyil! – Eristik dialektika.
Daima qələbəyə canatma daimi məğlubiyyətə düçar edib bəşəriyyəti –
anlayanda bu həqiqəti büsbütün ititrir mənasını xöşbəxtlik anlayışı.
Xöşbəxtlik axtarmaq həyatda – bilirsiz bu nəyə bənzəyir:
cəngəllikdə çiçək axtarışına.
25 damcı valeriana azca su qatıb çəkdi başına
azca dincəlsin keçib masa arxasına. Şəffaflıq işə qarışsa da
dəf edə bilmir otaqda hökm sürən xoşagəlməz valerian qoxusunu.
İri qara bir milçək vızıltı ilə çırpır özünü pəncərə şüşəsinə.
Sonra qonur dibçəkdə məyus dayanmış gül koluna.
Qara milçək heç yaraşmır sarı çiçəklərə – bir yandan da
qələbə marşı kimi səslənən vızıltısı.
Öldürmək istəmir – canlıdı axı! Açıb pəncərəni,
çox səy göstərir qovmaq üçün milçəyi bayıra.
Əməlli-başlı mübarizə gedir
qələbə marşı çalan qara milçəklə
valerian içib azca dincəlmək istəyən adam arasında.
Qara milçək azadlığı əldən vermək istəmir
sarı çiçəklərin boylandığı otaqda,
adam hakimiyyət əzmini. Və
milçəyin də, adamın da öz həqiqəti var yəqin
qələbə uğrunda gedən bu mübarizədə.
İnanırsız,
xeyli vaxt keçsə də, hələ də başa çatmayıb
hakimiyyət uğrunda gedən bu qlobal mübarizə.
Sarı çiçəklərdən hər biri isə
təbəssümlə seyr edir bu mənzərəni
pəncərə önündə
əbədi məhkum olunduğu dibçəkdən.