Hər kəsin ömründə donub qalmış bir fəsli var. Dörd fəsil keçir, amma sən sadəcə o fəsildə qalmış olursan. İndi pəncərədən baxsan, səni özünə məhkum edə biləcək bir payız var. Həyat Musa Yaqubun dediyi kimidir:
“Bir gül yarpağına qanadı islaq
Sığınıb durmuşam kəpənəksayaq”
Bax elə beləcə həyata tutunub durmuşuq. Məqsədli ya məqsədsiz heç fərq etmir. İndi oturub danışsaq, bəlkə də, ən böyük məqsədimiz işdən, dərsdən tez evə qaçıb yatmaqdır. Çıxdığımız yerdən də elə qaçırıq ki, elə bil ardımızca qırx min atlı qoşun gəlir. Maşını hansı sürətlə sürdüyümüz, metroda kimi əzib, kimi tapdadığımız vecimizə belə olmur. Əsas odur beş dəqiqə daha çox yata bilək.
Küçədə, metroda, ümumiyyətlə, bu geniş, amma dar dünyada gündə yüzlərlə üz görürük. İnsanların üzünə baxanda, orda “böyük məqsədli” insanlar görürük. Kimi bu günlük çörək pulunu təmin etməyi günün ən böyük uğuru hesab edir. Kimi ay sonunda bankomatda görünən sıfırların çoxluğu ilə özünə alacağı şeyləri məqsədinin ən pik nöqtəsi hesab edir. Bəlkə də, o, sıfırları hansı içkilərə xərcləyəcəyini elə ay başından planlayıb da. Övladları çətinlik çəksə də olar. Əsas alınacaq həzzdir. Kimi dəyişdiyi evi, şəhəri, ölkəni məqsədinin ən zirvə nöqtəsi kimi görür. Bəzən bununla yetinməyən əllər biraz da kənara uzanır. Artığın kimə nə zərəri var ki?
Nolsun kiminsə haqqına girilir? Onlar əziyyət çəksə də olar. Biraz rüşvət, biraz yaltaqlıq, biraz yalan və ələ dünya malından daha çoxu gəlməyə başlayır… Çoxunu aldıqca bu dünyadan daha çoxunu istəyirik. Daha çoxunu aldıqca daha çoxunu… Beləcə bu “daha çoxlar” mənəvi dünyamızı “lap çox” dərinə məhkum edir. Vicdanımızın əllərini qalın zəncirlə elə bağlayır ki, yeddi igidin belə gücü çatmır açmağa. Var olandan yox olana hər şeyi unuduruq. Nəfsimiz iradəmizdən daha güclü olur. Amma danışsaq, elə böyük danışırıq ki, sanki bu düz dünyanı elə biz yaratmışıq.
Ən halal insan kimi danışanda heç düşünmürük belə. Halaldan harama atlamağı “məqsəd” bəlli etmişik. Heç özümüzdən xəbərimiz belə yoxdur. Amma danışanda bizə “əhsən” deyilir. Biz də o “əhsən”ləri hər gün yad edib özümüzü ən yaxşı insan kimi reklam edirik.
Mənəviyyatdan, insanlıqdan, vicdandan ən çox ondan məhrum olanlarımız danışır. Haqqı olanın haqqını əlindən alırıq. Gücümüz çatsa, bizə doğrumuzu deyənin basıb gözlərini çıxararıq. Bəzən hirs bizə elə güc gəlir ki, edirik də. İnsan olmaqdan başqa hər şeyi özümüzə rəva bilirik, sonra da ən hörmətli biz oluruq. Bax bu hər kəsin min rəngdən ibarət gördüyü “qara donlu dünya” beləcə tərsinə dönür.
Bu ən “halal” halımızla bütün işlərimizin baş tutması üçün “inşallah” deyib, bir də bacardıqca özümüzə “maşallah” deyirik. Sonrada fəxrlə ayağımızı qaldırıb qoyuruq digərinin üstünə, cənnətdə ən gözəl yerin bizə ayrılacağından əminlik dolu baxışla bu qara donlu dünyaya hələ də doymamış, daha artığını istəyən gözlərlə baxırıq.