Qardaşxan Əzizxanlı. Məmməd Araz dili – Araz dili

Məmməd Araz – 90

Məmməd əmi sözümü yerə salmayıb əlli yaş öncəsi 1983-cü il mart ayının 22-də axşamüstü bizə gəldi (yeri gəlmişkən, şairin yubileyi may ayında filarmoniyada qeyd olundu. Özü deyirdi, əslində, mayda doğulub).

Bayıl bir gün qabaqdan qatı ağ dumana bürünmüşdü.

Sabah, sabah Məmməd Araz bizə gələcək,

Fərəhdi hey dörd bir yana daşınır duman.

Bu xoşbəxt ev nədən qorxur? Gözə gələcək,

Bütün günü duz çevirir başına duman.

Anamın bayram plovundan sonra dostların iştirakı ilə qardaşım və mənim şairlə şirin söhbətimiz başladı.

– Məmməd müəllim, “Azərbaycan – dünyam mənim” şeirinin yaranması barədə deyərdiniz. Necə oldu ki, o şeir yarandı?

– Mən Azərbaycanın şəklini, coğrafi mənzərəsini verməyə çalışdım:

Azərbaycan– qayalarda bitən bir çiçək,

Azərbaycan– çiçəklərin içində qaya.

– Bəs buradakı ictimai məna? Onu niyə demirsiniz?

– Nə bilim, vallah?! İctimai məna varsa…

– İndi görün oxucularınız ona necə qiymət verir?! Bir oxucu kimi bu şeiri oxuyandan sonra belə bir qənaətə gəldim ki, vaxt gələcək həmin şeir hökmən Azərbaycan milli dövlətinin himninə çevriləcək.

– Azərbaycanın himnini yazmaq üçün müsabiqə elan eləmişdilər. Mən də iştirak elədim o tədbirdə. Mən himni bu şeir üzərində qurmuşdum.

– “Azərbaycan – dünyam mənim” şeirinin?

– Bəli. Məzmunu dəyişmişdim. Amma ruh oradan gəlirdi. Düzdür, qəbul olunmadı. Oxundu, oxunmadı, onu da deyə bilmərəm. Bir də mən o şeirə adi şeirlərimdən biri kimi baxıram.

– Deyirlər ki, baharda adamın qanı təzələnir, təbiət canlanır. O şeiri ilk dəfə oxuyandan sonra… elə hər dəfə oxuyanda vətəndaşlıq hisslərimiz təzələnir, canlanır.

– Şeir oxucu üçün yazılır. Oxucu bilər.

– Oxucu daha yaxşı bilir?

– Xiridar oxucu.

– Sizi ki, oxucular başa düşürlər, xoşbəxt adamsınız, Məmməd müəllim.

– Mən bunu dəfələrlə demişəm, yazmışam da. Azərbaycanda şair olmaq çox çətindir. Ənənə böyükdür. Qabaqda ağsaqqallar var. Bunların qabağına çıxmaq da oğul işidir. Burada Nizami, Nəsimi, Füzuli, Sabir var. Bu yaxınlarda sizin dərnəkdən mənə xeyli sual veriblər. Cavanlar deyirlər ki, sizcə yaxşı şair olmaq üçün nə etmək lazımdır? Demişəm ki, vallah, doğrudan da, mən özümü yaxşı şair hesab eləmirəm. Şeirim də ki, deyə bilmərəm güclüdü, ya adi şeirdi.

– İndi siz “Dünya sənin, dünya mənim…” kitabını nəşrə hazırlayırsınız. Orada “Dünya sənin, dünya mənim…” , “Haqqın yoxdu, haqqın var”, “İlhamım”, “Mən yollarda öləcəyəm” və başqa samballı, ləngərli şeirləriniz var.

– Mənə qalsa, “Sahibsiz qəbirlər” şeirini üstün tutardım, nəinki “Dünya sənin, dünya mənim…”

– Sizcə, bu yeni kitabınız “Anamdan yadigar nəğmələr” kitabınız kimi güclü ola bilərmi?

– “Anamdan yadigar nəğmələr” kitabında elə şeirlər var ki, indi olsaydı verməzdim. Hər kitab bir pilləkən kimidir. Kitabdan-kitaba qalxmalısan. “Anamdan yadigar nəğmələr” kitabında bəzi şeirlər pilləkəndi. Onları yazmaya da bilərdim.

– Başqa sözlə, “Sənət yarışında, söz yarışında, Yüzümüz bir Sabir deyilik hələ”, “Bir də azarkeşlər diliylə desək Çoxumuz oynayır B qrupunda…”, eləmi?

– Əslində də, belədi. Yenə deyirəm, bəzi şeirlər ürəyimcə deyil.

– Siz yazmısınız ki, ürəyimsiz kəlmə yazan deyiləm. Biz həmişə ürəklə yazdığınızı görmüşük. Hələ ki, ürəksiz yazdığınız şeirə rast gəlməmişik. Əsasımız var, ona görə deyirik.

– Belə olmağı yaxşıdı (gülür).

– Bir məsələ də var. Bir var müəllif, bir var oxucu öz səviyyəsindən yanaşır. Bizim səviyyəmizdə zəif şeiri yoxdur. Məmməd müəllim isə görür ki, var zəif şeiri.

– Məmməd müəllim, mübahisə doğuracaq, ancaq bu çox maraqlıdır. Məsələn, şeirin bir misrasını oxuyub, müəllifdən soruşursan ki, nəyi nəzərdə tuturdun? O deyir, məsələn, filan şeyi. Amma oxucu da həmin misranı başqa yerə yoza bilər.

– Çox təbiidir.

– O da ola bilər ki, oxucu şairin nəzərdə tutduğu şeylərdən yüksəyi nəzərdə tutsun?

– Ola bilər.

– Şeirlərinizdən hansı qəlbinizə daha çox yaxındır?

– Bəlkə də, “Mən yollarda öləcəyəm…” Bəlkə də, “Sahibsiz qəbirlər” şeiri. “Qəbiristana gedən gəlin”, “Üstümə qayıdan yazılarım”, “Şəhriyar gəlmədi”, “Qoruyun dünyanı” şeirlərini də deyə bilərəm.

Ağıllı artdıqca ağılsız artır,

Qoruyun dünyanı ağıllılardan.

Atom, nüvə bombasını kəşf edən kimlərdi? Ağıllı adamlar. Mənim aləmimdə belədir. Bütün bəşərə üz verən pislikləri, vəhşilikləri edənlər kimlərdi? Hamısı ağıllı adamlardı.

Ağıllı ovçular azdı o zaman,

Həvəskar ovçular dovşan vurardı.

Sonra dağ kəlini dağlarımızdan

Ağıllı ovçular qırıb qurtardı.

Dağ kəllərini vuran ağıllılardı. Hardasa ağılsız ağıllılardı…

Şeir deməsini xahiş etdik. “Yadımda qalmayıb” – dedi. Şeirlərini bir-bir yada saldım. “Sən”, “Salamat qal”, “Əlvida dağlar”, “Ana torpaq, hər daşına üz qoyum”, “Təklikdə – çaylaq daşıyam” şeirlərini lentə aldım. O vaxtadək şairin öz səsində bir şeiri belə yox idi. “III M.Araz Poeziya günü”nü keçirdiyimiz zaman – şairin 85 illiyində həmin şeirləri, ictimailəşdirdim, radio və televiziyalara verdim.

2002-ci ildə rayona anamın görüşünə gələndə şair qırıq məftillərlə çəpərlənmiş həyətin taxta qapısını açıb, iki otaqlı kiçik evi qəribə nəzərlərlə süzmüşdü. İndiyədək o baxışları unuda bilmirəm. “Bəlkə şairin uşaqlığı belə bir evdə keçib? Bizim ev kənddəki evlərini, uşaqlığını yadına salıb yoxsa?” deyə düşünmüşdüm. Bu haqda ondan nə o vaxt, nə də sonralar soruşdum. Uzun illərdən bəri xəstəliyinin acısını yaşayan şair çətinliklə də olsa evə qalxıb, həyat yoldaşı Gülxanımla bərabər yaşlı anamla görüşmüş, həyətə düşüb qollu-budaqlı gilas ağacının altında süfrə arxasında əyləşmişdilər. O zaman Cənub televiziyası fürsəti qaçırmadı. Gəlib şairlə söhbətimizdən bir saatlıq veriliş hazırladı.

2004-cü ilin 1 dekabrında şair vəfat edəndən sonra həmin qışı gilas ağacı qurudu.

İbtidai məktəb təhsili belə olmayan anam bu gün də şairin şeirlərini deyir, onları mahnıtək oxuyur.

Məmməd Araz yeniliyə, gəncliyə açıq idi. Neçə-neçə cavan şairə “Uğurlu yol” yazmış, zəmanət vermişdi. 1991-ci ildə baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalının bir nömrəsini hazırlamağı mənə tapşırmasını xahiş edəndə (mən jurnalda çalışırdım) “yox” demədi. Jurnalın ikinci sayına o, ön söz, mən son söz yazdıq. 30 illik publisistik fəaliyyətinin bəhrəsi olan “Sənətdə son mənzil olmur” kitabına ön söz yazmağı, uşaqlar üçün yazdığı “Şikayət dəftəri” kitabına redaktorluğu mənə etibar etdi. Yazdığı şeirləri oxuyar, deyilən fikrimizi nəzərə alardı. Avtoqrafla verdiyi kitablarının birində yazmışdı: “Əminin şair oğlu, sərt tənqidçisi, etibarlı dostu Qardaşxana”.

Onun “Yaxşılıq” şeirini oxuyanda ilk növbədə özü gəlib durur gözümün qabağında:

Yaxşılıq neçə min ilməli hana,

Nəsildən- nəsilə qalan varımız.

Fəqət yaxşılığı başa qaxana

Kişi deməyibdir babalarımız.

Bəzən üz-üzə gəl qarla, yağışla,

Birinə yaxşılıq həvəsində sən

Əsl insanlara dünya bağışla,

Bir çürük qoz umma əvəzində sən.

Olma təmənnalı yaxşılıq acı…

Gözəl bir poetik deyim onu vəcdə gətirir, yerindən oynadır, yaxşı əsər oxuyanda sevinc dolu həyəcanını boğa bilmirdi. İşdə otağımız iç-içə idi. Bir dəfə məni səsləyib R.Rövşənin yenicə dərc olunmuş “Süd dişinin ağrısı” poemasını göstərərək heyranlıqla: “Zalım, gör neyləyib e!.. Yaman yazıb!” deyə heyrətini bildirdi. Poema onu əməlli-başlı təsirləndirmişdi.

M.Araz əlinə qələm götürdüyü ilk çağlardan “Arazın nəğməsi”ni oxuyub, özünü “Araz şeirinin Araz şairi” adlandırıb.

Qələm aldım əlimə –

Araz gəlir dilimə.

Sahilində küləklər

Gəzməyib mənim qədər.

Mən ondan su içmişəm

Anamdan süd əmən tək.

…Sudan çıxan balıq tək

Ölərəm mən Arazsız, – deyib.

“Yenə Arazı gördüm” şeirində:

Elə bil nə mənsiz

sən Araz,

Nə sənsiz mən şair

olmazdım,

Mən səni görməyə,

Yazmaya bilmirəm.

Mən səndən deməsəm,

Deməli, demirəm,

gülmürəm”, – deyir.

“Qanadlı qayalar” kitabınadək Məmməd İbrahim kimi tanıdığımız şairin özünə Araz təxəllüsünü götürməsi alın yazısıydı sanki. Çünki o hər bir dərdin, ağrının fövqündə dayanan milli faciəmizi şeirlərinin mövzusuna çevirirdi.

“Araz dili”ndə danışdığı üçün oxucu onu gözəl anlayır, amma şairin özü Arazla hansı dildə danışdığını heç vaxt bilmir ki, bilmir:

Mən neçə yol danışmışam Arazla…

Hansı dildə danışmışam? – Bilmirəm!

Quş dilində danışmışam? – Bilmirəm!

Daş dilində danışmışam? – Bilmirəm!

Şair üçün “Araz dili” cəmiyyət və təbiətdəki bütün dillərin cəmidir. Azərbaycan xalqının da onunla “Araz dili”ndə danışan şairinə ehtiyacı var, çünki “Araz məsələsi” onun taleyində çözülməli olan prioritet problemdir.

M.Araz təkcə Arazdan yazanda Bütöv Azərbaycan amalından danışmır. Tamam başqa bir mövzuda – təbiət, ya məhəbbətdən, ya qələm dostunun poetik istedadından yazdığı zaman belə ürəyi onu yenə Araz mövzusuna gətirir. “Məmməd Aslana”, “Göyərdi” şeirlərində olduğutək:

Bəxtimə bir yazı qurumu dəydi,

Taxtıma iki əl qırımı dəydi,

Gözümə bir Araz şəırımı dəydi,

Yüz Araz töküldü gözümdən mənim.

“Məmməd Aslana”

Musa Yaqub, gözü yolda Təbrizin,

Gözlərinin qara yaşı göyərdi.

Göyərmədi istədiyi bircə dən,

Savalanın qara daşı göyərdi.

“Göyərdi”

“Oxuyan Təbriz” şeiri isə yeni dönəmin “Təbrizim”i (S.Rüstəm) sayıla bilər.

Ağlasa – ayaqda tüfəngə dönər,

Balası vurulan pələngə dönər,

Bir dərə ağızlı nəhəngə dönər.

Dumanlar yas qurdu dağlar başında,

Təbriz oxuyurdu dağlar başında

M.Arazın rəmzi-metaforik üslubda yazdığı “Duman ömrü” şeirində vətəni özgür görmək istəyi əks olunmuşdur. Müəllif bir kibrit, barıt ölümü arzulayır, dumana dönmək istəyir. Ondan ötrü ki, istədiyi səmtə yönünü tuta bilsin. Sərbəst, azad olsun.

Bəli, duman olum, duman,– bir çəngə.

Mənim öz yağışım,

öz qarım olsun.

İstədiyim yerə yükümü çəkən

Hökmüm, ixtiyarım, qərarım olsun.

“M.Araz yaradıcılığının açar sözləri nədir?” sualını versək, cavabı: ”qaya, vətən daşı, yurd, millət, Araz, Azərbaycan” anlayışları olardı.

Azərbaycanın müstəqilliyi – azadlığı, bütövlüyü, bölünməzliyi, milli birlik ideyası və Bütöv Azərbaycan idealı onun zamanın qasırğalarına davamlı şeir sarayının əsas sütünlarıdır.

Ustad şairin yaradcılığında fərqli bir fəlsəfi – poetik düzən var. Onun şeirində “bu torpağın, bu diyarın” oğlu, qızı, daşı, qayası, çəməni, çiçəyi tamın, bütövün (oxu: yurdun, məmləkətin) hissələritək tərənnüm olunur.

“Madam ki, əksliklər heç bir zaman özünün şəxsi səviyyəsində birləşmirlər, demək həmişə ali nizamın daha yüksək “üçüncü” müstəvisi tələb olunur ki, bütün hissələr orada birləşsin” (K.Q.Yunq). “Əksliklər” vəziyyətində olan Güney və Quzey Azərbaycanı coğrafi-siyasi cəhətdən ayrı olsalar da, daha yüksək M.Araz poeziyası müstəvisində milli-mənəvi, ideya-siyasi cəhətdən birləşirlər. Bütöv Azərbaycan idealı bu poetik müstəvidə gerçəkləşir.

“Varlıq”la (oxu: Quzey Azərbaycanı) “Yoxluq” ((oxu: Güney Azərbaycanı) öz keyfiyyətlərini saxladıqları təqdirdə yalnız “dialektik sintezdə” birləşirlər (A.F.Losev). M.Araz poeziyası Quzey və Güney Azərbaycanımızın milli-mənəvi və əxlaqi keyfiyyətlərinin “dialektik sintezi”dir.

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

V Məmməd Araz Poeziya gününə start verilib

Şb Okt 14 , 2023
Məmməd Arazın 90 illiyi ilə əlaqədar 2023-cü il oktyabr ayının 14-də  I Fəxri Xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib. V Məmməd Araz Poeziya günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və jurnalistlər, xalq şairinin ailə üzvləri və qohumları iştirak edib. Yeni formatda düzənlənən tədbir […]