Əli Bəbiroğlu. Daha səlis “qeyri-səlis məntiq”

Tarixin daha dərin qatlarından gələn dilimizin zənginliyi və imkanlarını daha geniş müstəvidə bizə göstərən, elmin məntiq nəzəriyyəsinin qeyri-səlis anlam və düşüncə tərzi əsasında qədim dastanımızın mətni üzərində işləyərək əcdadlarımızın demokratik fikir və düşüncələrini açıb bizə göstərən hörmətli akademiklərimiz Kamal Abdulla və Rafiq Əliyevin “”Kitabi – Dədə Qorqud” və qeyri – səlis məntiq” kitabını filologiya elmləri doktoru, LDU – nun professoru Yədulla Ağazadə mənə verib oxumağı məsləhət bildi. Öncədən qardaşıma, hörmətli professora, əziz müəllimimə təşəkkür edirəm. Kitabdan yetərincə faydalandım, mətndə keçən fikir və düşüncələrə, ümumiyyətlə sözə münasibətimdə qeyri-səlis məntiqi təfəkkür vasitəsi ilə özüm üçün yeni olan bir baxış sistemi əldə etdim. Hörmətli akademiklərimiz Dədə-babalarımızın deyim və düşüncə tərzinə tam yeni bir sferadan nəzər yetirmiş, qeyri-səlis məntiq nəzəiyyəsinin bütün atributlarından (bəlkələr, güman və şübhələr, ehtimal və axtarışlar və s.) istifadə edərək Ana kitabımızda dilimizin daha dərin köklərə dayanan məntiqi gözəlliklərini üzə çıxartmışlar. Qeyri – səlis məntiq ilk olaraq əsasən texnikada, sənayedə öz tətbiqini tapsa da, ilkin olaraq insanlıq üçün bütün digər təriqət və nəzəriyyələr kimi Allah kəlamı olan “Oxu” kitabımızda vəhy vasitəsi ilə sözlə gəlmişdir. Ta qədimdən insanlar Ali kitablarda olan müəyyən söz və məqamlara, mütəşabih (mənası lazımınca anlaşılmayan ayələrə) fikir və ifadələrə uyaraq onları qabardaraq önə çıxartmış yeni təlim və tərbiyə məktəbləri yaratmışlar. Etiraf edək ki, Şərqin (ərəbin, türkün, azərbaycanlının) yaratdığı özünüdərk , özünütərbiyə, sufi, hürufi baxışları min dörd yüz ildir ki, əhəmiyyətini itirməyərək Allahın insanlıq üçün qoyduğu yola yardımçı missiyasını, kamilləşmə yolunda xidmət missiyasını davam etdirir. Füzuli dühasının örnəklərindən olan “Ənisül – qəlb”də oxuyuruq: – Sözün şəni o əndazə böyükdür ki, müəllimlər, Sözün məhsulu bilmişlər duanı, vəhyi, Qurani. Qurani – Kərim bildiyimiz kimi heç də “molla kitabı” deyil, o, bütün elmi mənbəələrin məcmusunu özündə əhatə edir. Hər bir nəzəriyyə və yaradıcılıqlar üçün sözlər daxilində insan düşüncəsi üçün gizlin kod və işarələr qoyan uca Allah bütün nəzəriyyələrdən yüksəkdə durur, heç bir nəzəriyyə ona şamil oluna bilmir. Hakim Allahın hökmü keçən fikirlərə də nəzəriyyələr işləmir, məsələn qeyri – səlis məntiq baxışları ilə “Eşitdik və itaət etdik!” tabu sözündən qabağa, irəli getmək olmur, insan düşüncəsi tabeləşdirilir, uca Yaradan hökm qoyur, alternativ variant saxlamır. Yaradılanın Yaradanın kimliyini, necəliyini bilmək arzusuna, Adəm peyğəmbərin, İsa peyğəmbərin dünyaya gəlişinin və bir sıra məsələlərin təfsilatını öyrənmək istəyinə Allah hədd və sədd qoyur. Tabu söz və deyimlərdə məntiq işləmir. “Onlar (yaranmışlar) Allahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər”. (Surə 2, ayə 255). Bu, Allahın əzəli və əbədi, insanlıq üçün daha faydalı olan elmindən bir nümunədir. “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(bəşər) Ol! ” – dedi, o da oldu”. Odur ki, “bəlkələrin”, “şübhələrin”, “tərəddüdlərin” özü şübhə altına düşür. “Demokratik” adlandırdığımız düçüncə tərzimiz yeni konsepsiyaya ehtiyac duyur. Aristotel “ya…ya” modeli Şekspir qələmində “olum, ya ölüm?” sxemi ilə bizə dünyanın ən böyük əsərlərindən biri olan “Hamleti” bəxş etmişsə də, o əsəri mükəmmələşdirən L. Zadənin “nə…nə” sxemi, qeyri – səlis məntiq nəzəriyyəsinin köməyi ilə bütün xırdalıqları üzə çıxara bilən əsərin “şübhə – kölgə” atributudur. Dahi Nəsimi yaradıcılığı isə demək olar ki, şübhəyə, gümana yer qoymur, əsərləri əsasən yəqinlik üzərində qərar tutur. Hürufilər kamillik mübarizəsi aparır, bu təriqətdə insanın yer üzündə hədsiz şərafətli bir missiyası olan Allaha ibadəti və itaəti inkar və rədd etmədən Allah olma var, insan qeyri – səlis məntiqi düşüncədən kənarlaşıb Allahlaşır. “Ol yəqini sən güman etmək dilərsin, etməgil!”. Qeyri – səlis məntiq nəzəriyyəsi Allaha şamil oluna bilmədiyindən hürufilərin “İnsan – Allah” düşüncəsinin “Mənəm Allah”, “Haqq mənəm, haqq məndədir” səlis məntiqi qarşısında aciz qalır. Dahi şairimiz cahanşümul yaradıcılığında özünü üç istiqamətdə bizə təqdim edir.

1 – ci. Zaman və məkan xaricində, bizim sferadan kənarda; Allahlıq iddiasında olduğu vaxtlar, “Laməkan” olduğu anlar, tam əmin və yəqinlik halında;

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri – laməkan mənəm, gövnü məkana sığmazam.

2 – ci. Zaman və məkan daxilində “İnsan – Allah” (hürufi dünyagörüşü, hürufi qayəsi) kimi görünmək istədiyi anlar, şübhə və gümanlardan uzaq, səbrin fəqan halında;

Mömünün mirati mömündir, dedi Xeyrülbəşər,

Güzgüyü – safı dutun, güzgüdə Allahı görün.

3 – cü. İnsanın bəşər olduğu anlarda, aşiq, vurğun, məftun, dəli – divanə halında;

Üzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Qeyri – səlis məntiqi yanaşma tərzi qarşımızda hədsiz geniş üfüqlər açır, daha demokratik düşüncəyə imkanlar yaradır. Demokratiya, aristokratiya, partokratiya tam mükəmməl münasibətlər sistemi olmadığı üçün görkəmli şairimiz B. Vahabzadə dövrünün haqsızlıqlarına etiraz edir, sözdə, işdə, əməldə tamlıq və bütövlük arayır, Mükəmməli, Əlanı, Ucanı, Bütövü parçalayıb kiçildən, zərrəciklərə döndərən, bəlkələrin “bətnində” gizlənən şübhə və gümanlarda olan həqiqətləri qəbul etmir. Bəlkə də biz zaman və məkan daxilində olduğumuzdan “min üzlü” bəlkələr orbitində tez – tez azırıq. Müəyyən həqiqətləri daha qabarıq, daha kəskin göstərmək istəyi bizi “ya …ya” məntiqi model sxeminə çəkir. Şairin “Mərdlərin ya “hə”si, ya da ki, “yox”u var, Namərdin, qorxağın tanrısı bəlkədir” yanaşmasında bir pafos, bayraqdarlıq hissi olsa da o bizi, necə deyərlər, küləyin hər istiqamətinə əsən bəzi bayraqların tərəfsiz, ikiüzlü müvafiq münasibətsizliyindən çıxarır, “sadiqi – bəndə”, “bəndeyi – çakər” müttəqi mömin yəqinliyinə tərəfdaş edir. Şairin insanda fəlsəfi düşüncələrə yol açan “Bəlkə” şeirindən kiçik bir hissəni oxumağa dəyər;

Həqiqət ummadım min üzlü bəlkədən,

İnkarla – təsdiqin arası bəlkədir.

Bəlkənin dadı yox, duzu yox, sözü var

Gözə kül üfürür, dalında gözü var

Özü bir kəlmədir, bətnində yüzü var

Utanan gerçəyin çarəsi bəlkədir.

Bəzən həyat “bəlkə”nin özünə kölgə salır. Elə düşüncələr var ki, biz onu şüuraltı, təhtəlşüur qatlarında qəbul edirik, adına sufi yanaşma tərzi deyirik, lakin heç bir halda məzmununun açılışı ilə şeirin mənasını, bətnində gizlənən həqiqəti düzgün əks etdirə bilmirik, bu məqamda hər kəsin öz həqiqəti olur, “bəlkələrdən, şübhələrdən” heç bir fayda gəlmir. Arifin “dünyəvi – mafiha” içində elmi nə qədərdir?, dünya bilən, yoxsa dünya bilməyən arif sayılır? Qüdrətli şair Füzuli dünya bilməyəni niyə arif sayır, onun məntiqi hansı əsasa söykənir? Bizim üçün din yolunun səbri, salamatlıq tədbiri önəmlidir, yoxsa məlamət mülkünün sultanlığı? Sufi düşüncə tərzimiz qeyri – səlis məntiqi qəbul edirmi? və ya əksinə qeyri -səlis məntiqi düşüncə ilə sufi termin və anlamları şübhə altına almaq olarmı? Təlqin vasitəsi ilə cahilə, nadana təsir imkanlarımız nə qədərdir? Dahi Fizulinin arif barədə düşüncələrindən biri ilə tanış olaq;

Füzuli, dünyəvi – mafiha bilən arif deyil,

Arif oldur, bilməyə dünyəvi – mafiha nədir?

Bəlkə, arifin vaqiflik elmi zəhmətin, axtarışların “qazanılan elm”i deyil, uca Tanrının səxavətlə bəxşiş etdiyi “göndərilən elm”idir. Baxanda burada heç “bəlkə” də kara gəlmir, sözün səlis məntiqi anlamı tamam başqa sübut və isbat istəyir.

Bütün bu suallar bizi görkəmli filosoflarımız olan Kamal Abdulla və Rafiq Əliyevin düşüncə tərzinə bağlayır, sözə münasibətimizi həmişə diri tutur, dədə Fizulinin “Söz candır, əgər bilirsə insan” tövsiyyəsini həm xoş, ürəkaçan bir dost, həm də əzabkeş, sirrini verməyən bir müsahib kimi yazı masasından kənara buraxmayan və bizi qeyri – səlis məntiq nəzəriyyəsinin köməyi ilə sözün daha dərin qatlarına enmək yollarını öyrənməyə götürürlər.

Dövranın müəyyən vaxt və zamanları bu nəzəriyyələrə çıxış yolu insanlıq üçün daha əlçatan olmuşdur. Dünyanı yönəldənlər bu qocaman agıl sahiblərinin agac – budağında oturub idarəetmənin daha asan yollarını öyrənmişlər. Aristotel, Sokrat, N. Tusi, Nyuton, Qaliley, Eynşteyn, L. Zadə və bir çox başqaları belə dahilərdəndirlər. Və həm də çox – çox sevindirici bir haldır ki, dünya çapında fəlsəfə və astronomiyada, sənayedə, texnikada, iqtisadiyyatda mühüm nailiyyətlərin qazanılmasında xalqımızın görkəmli oğullarının da xüsusi əməyi vardır. Həyatımızın bütün sahələrinə nüfuz edən qeyri-səlis məntiq nəzəriyyəsinin formalaşması və inkişafı görkəmli Amerikan – Azərbaycan alimi, fəxrimiz olan Lütfizadənin adı ilə bağlıdır. L. Zadə Aristotelin “ya … ya” məntiq sxemindən “nə … nə” sxeminə keçməklə məntiq qarşısında hüdudsuz sərhədlər açır. Klassik (formal) Aristotel məntiqinin; – “ağ və qara”, “doğru və yalan”, “gecə və gündüz” sxeminin – “üçüncünü istisna” qanununun heç də həmişə doğru olmadığını sübuta yetirən L. Zadə “nə … nə” məntiqi yanaşması ilə “üçüncünü istisna”nın da öz istisnası olduğunu sübut edir.

Qeyri – səlis məntiq nəzəriyyəsi şübhələrin, bəlkələrin məntiqi kimi tanınır. Dünya ədəbiyyatının elə bir əsəri yoxdur ki, şübhə nəzəriyyəsi olan qeyri – səlis məntiqin özünü şübhə altına alsın. Nəinki yalnız qeyri – səlis məntiq, ümumiyyətlə yaratdığımız bütün qanun və qaydalar müqəddəs “Oxu” kitabımızın dirəniş, tabu nəzəriyyəsinə təsirsiz qalır. “Ən nur” surəsi ayə 51. “Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman mömünlərin sözü ancaq “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir”. İnsan ibadət və itaət halında kamilləşir, qarşısında elmin, sənətin üfüqləri açılır. Dünyanın nadir kitabı sayılan “Kitabi – Dədə Qorqud”, dünya şöhrətli yaradıcılarımız, dahi şairlərimiz Nizami, Nəsimi, Füzuli, Sabir, ümumiyyətlə bütün ədəbiyyat bizi elmə, ibadətə, itaətə, tərbiyəyə aparır, “ya … ya” sxem təfəkkürü ilə biz daha çox Allaha, “nə … nə” sxem yanaşması ilə daha çox dünyaya bağlanırıq. “Nə …nə” sxemi daxilində gümana, şübhəyə, bəlkələrə geniş meydan verildiyindən o daim yeniliklər axtarışındadır.

Mətn daxilində olan kod – sözlərdən danışdıq. Hörmətli alimlərimiz dastanımızda adı keçən “kiçicik ölüm” sözünə diqqət çəkirlər: “Ol zamanlar Oguz yigitləri yatanda yeddi gün, yeddi gecə yatardılar. Adına kiçicik ölüm derlərdi”.

Günümüzün “koma” anlayışı qədim türkün düşüncəsində insanın nə ölü, nə diri vəziyyəti saydığı əcdadlarımızın “kiçicik ölüm” kod sözü mötəbər alimlərimizin dastan üzərində çox ciddi və mükəmməl axtarışlarından xəbər verir. Bu kodlaşmış terminlər axtarışlar, şübhələr, bəlkələr vasitəsi ilə üzə çıxır. Belə sözlər müqəddəs kitabımızda da istənilən qədərdir və elmin yeni nailiyyətlərinə xidmət üçün növbəsini gözləyir. “Nə ölüdür, nə diridir, (bəlkə komadadır?) məntiqi zəncir təfəkkürü bu gün də xalqımızın dilində, düşüncəsindədir; – “Səni ölüncən döyərəm”in yerinə “Səni elə döyərəm ki, biri deyər ölüb, biri deyər qalıb” düşüncəmiz də günümüzdəki insanın “koma” fikrini əvəz edən dastandan gələn “kiçicik ölüm” kod anlayışı altında gizlənib. Hörmətli alimlərimiz “Dədə – Qorqud” mətnlərinin alt qatlarındakı məna axtarışlarına çıxaraq qeyri-səlis epistemoloji yanaşma ilə mətndəki qeyri-müəyyənlikləri mümkünlük nəzəriyyəsi altında aydınlaşdırıcı bir şəkildə izahını verirlər. Bu bariz nümunəni biz mətndən gətirilən “Heyf” ilə “Ulu heyf” arasındakı fərqin on min qoyunla olçüldüyünü görürük.

Qurani – Kərimdə “qırılmaq bilməyən ip” (urvətil vusqa) ifadəsi ehtimal düşüncəsi yaradır; “Hər kəs şeytanı inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur”. (Surə 2, ayə 255). Şiələr onu imamlarımızla bağlayır, sünnülər isə öz baxışlarına aid edirlər. “Oxu” kitabımızda merac – yerə nisbətdə göyün bizə məlum olmayan digər bir sferası (məkansız və zamansız yer), Allahın məqamı. Peyğəmbərimizin zaman və məkan xaricində olma vaxtı, nisbi ölçü (nisbilik) vahidi, etidal – orta hədd , orta ümmət (orta, ədalətlə seçilmiş ümmət), kəmiyyət və keyfiyyət dəyişmələri, insanlıq üçün ən yüksək dərəcə (yanaşma nəzəriyyəsi), həm də “Eşitdik və itaət etdik”, “Sən məni əsla görə bilməzsən”, tabu, dirəniş ifadələri var.

Qeyri – səlis məntiq nəzəriyyəsi ilə dünyanın siyasi, iqtisadi, hərbi, ədəbi və mədəni həyatına daim yeni – yeni üstünlüklər gətirilir, şübhə və bəlkələr ortada olanın daha keyfiyyətli modelini yaratmağa xidmət edir. Həm də qeyri – səlis məntiqi düşüncə bitməyən müharibələr və hakimiyyət dəyişkinlikləri yaradılmasına, insanlar arasında çoxlu müxalif fikirlər, çoxlu firqə və dəstələrin yaranmasına da əsas yaradır. Qeyri səlis məntiq bu iki qütb arasında daimi axtarışları ilə insanlarda səlis məntiqi düşüncə qənaəti yaratmaq üçün bizi daim rahatsız saxlayır.

Kitabın təqdimat səhifəsində belə – bir cümlə keçir; – Oxucuya təqdim olunan bu kitab… “Oxucu ” kəlməsi tam yerində oldu. Həqiqətən də oxumaq həvəsi olan hər kəs bu kitabı rahatlıqla oxuya bilər, çünki bu kitab bizə mövzu və mətnə görə daha sadə bir dillə daha böyük həqiqətlər anladır və daha səlis qeyri-səlis məntiqi bir yanaşma düşüncəsi öyrədir.

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aqşin Yeniseylə müsahibə. “Məni Türkiyədən Məhəmmədəminin qəbri qovdu…”

Bu günlərdə şair Aqşin Yeniseyin doğum günü idi. 45 yaşı tamam olurdu. Kim üçünsə yaş nisbi anlayışdır, kim üçünsə yaşadıqlarının ömrü deməkdir. Bəzən 90 yaşlı qoca belə “özümü lap 18 yaşında hiss edirəm” deyir, 18 yaşlı gənc isə ”elə bil 70 yaşım var, qocalmışam” deyir.  Hətta biz belə düşünürük, onların […]