İlahə Abasova. “Vişnə” dadı

Ruhuna yad bir insanla ömür keçirmək, yoxsa ruhuna, qəlbinə, ağlına tay bir insanla bir an keçirmək? Hansı daha dəyərlidir? Bəzən düşünürəm ki, leqal şəkildə oğurlanır insanların həyatları. İki imza, düşünülmədən verilmiş sözlər, bir-iki pafoslu ifadə və budur, ailə adlanan o “ciddi müəssisə”, “kiçik dövlət”. Qəlb, ağıl bir yanda, bədən bir yanda. Sonra gəlsin “məsuliyyətlər”, “malı, məli”lər. “Sizi ər və arvad elan edirik”: Təbriklər, artıq bütün hərəkətləriniz elin gözündəki tərəzi ilə ölçüləcək, şəxsi həyatınız ümumun malı olacaq, hər kəs nələri edib-etməməli olduğunuzu deyəcək, dediklərini etməsəniz, qınayacaq, etsəniz, yenə qınayacaq. Siz yoldaşınıza, o da sizə bəs etsə də, bu cəmiyyətə bəs etməyəcək, tam bir ailə ola bilmək üçün hələ nəsil artırmağınız da tələb olunacaq. Bununla bitdiyini düşünərək xəta edə bilərsiniz, amma bitməyəcək, övladı necə böyütməklə bağlı hər ağızdan bir söz çıxacaq, istənməyən məsləhətlər, ürək üzən söhbətlər ana-ata olmağı nə anlamağa, nə də dadını çıxarmağa imkan verəcək. Düzü hələ ər-arvad olmağı belə anlamamış ata-ana olmağı necə bacaracaqsınız? Eyni anda sevgini diri, üzünüzü gülər, başınızı da dik tutmağı bacarmalısınız. Bu “xoşbəxt ailə” oyununu davam etdirməyə çalışarkən bir anda üzdə qırışlar, saçda ağlar görünəcək güzgüdə. Bu güzgü nə xain şeydir. Bircə dəfə də yalan desə, ovutsa şəkillərimiz kimi. Biz ki yalandan gülməyi, əylənirmiş kimi görünməyi, yaşayırmış kimi davranmağı yaxşı bacarırıq. Amma bu güzgülərdən heç nə gizləmək olmur. Çarə gözləri yummağa qalır. Yum gözünü və kənardan gözüyumulu halına bax. Bu xaosun içindəki kimdi belə? Hələ özünü axtararkən, sadəcə “insan” olmağa çalışarkən bir anda “yoldaş”, bir anda “valideyn” olmuş bu insan kimdir belə? O ətrafında qaçıb oynayan, paltarından dartan balaca uşaq kimdir? Səni “valideyn” edən o balaca insan hansı ara həyatının mərkəzi olmağı bacarıb? O yanındakı yad insan kimdir bəs? Sən ki onu sevmirsən, dünyadakı milyardlarla yaddan onu ayıran xətlər çoxdan solğunlaşıb, o da “hamı”ya qarışıb. Ruhu ruhuna yad olan bu insan həyatın üzərində haqq sahibi olub. Bütün bu fikirlərin içində qapalı gözlərin dolur, hər şey dumanlanır.  Amma bir an, sadəcə bir an üçün duman dağılır, hər şey daha bərraq olur. Uzaqdan tanış bir sima görünür. Hər zaman olduğu kimi tək dayanmış o insanın sevən gözlərini görürsən. İllər əvvəl yarım qalmış o hekayənin detalları xatirəndə canlanır. Və elə bir an içində də bu xəyal yox olur, keçmişə qarışır. Gözlərini açırsan, ağzında vişnə* dadı qalır…


*Vişnə – albalı

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Ç Sen 20 , 2023
Əvvəli: https://klv.az/2023/09/13/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-6/ (davamı) Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL § 11. Psixoloji və transsendental MƏN. Dünyanın Transsendentliyi Nə qədər ki, mən dünya təcrübəsində mövcud varlığa münasibətdə, sərbəst εποχή sayəsində mənim baxişlarıma, fikirləşən baxışlarıma təqdim olunan şeylərin təmizliyini saxlayıram, mən bu xüsusda hansı qərarı qəbul etsəm də və dünyanın varlığı və ya […]