Xatirələrdən yağan yağış
Cəmənə, çiçəyə, yarpağa yağar,
Son qoyar çöllərin sarı qəminə.
Gündüz yağan yağış torpağa yağar,
Gecə yağan yağış mənim qəlbimə.
Gecə də, gündüz də parlayıb sönər,
Şimşəklər odlayar buludları da.
Gündüz yağan yağış daşlarda dinər,
Gecə yağan yağış – duyğularımda.
Bu yaz yağışının yolu uludu,
Yağar, göydən yerə xəbər gətirər.
Gündüz yağan yağış – adicə sudu,
Gecə yağan yağış – həzin xatirə axar…
Damcılar nur olab qəlbimə
Mən də kövrək-kövrək deyərəm hərdən.
Gündüz yağan yağış buluddan yağar,
Gecə yağan yağış – xatirələrdən.
Payız suyu
Payız suyu – suların ən göyçəyi,
Amma həzin bir giley var dilində:
Gecə dərər göydən ulduz-çiçəyi.
Səhər görər xəzəl qalıb əlində.
***
Sapsarıdı cığır, iz,
Xəzəl yağır başıma.
Gözləməzdim, belə tez –
Payız çıxa qarşıma …
Oyanıbdı necə də
Həm həsrətim, həm qəmim.
Ta gündüz də, gecə də
Küləklərdi həmdəmim.
Yan-yörəmdə dolanıb
Haray-həşir qoparır.
Xəyalımı elə hey
Uzaqlara aparır.
Yapışaraq qolumdan
Pıçıldayır: “Gəl, gedək!”
Çıxardacaq yolumdan
Deyəsən, məni külək….
Yox! Küləyə qoşulmaq
Yaraşarmı yaşıma?
Onsuz da hara getsəm –
Payız çıxar qarşıma.
***
Üfüqlərə qızıl halə çökəndə
Bu yerlərdən yana-yana gedirəm.
Əkinləri yaz suala çəkəndə
Mən şəhərə imtahana gedirəm.
Arxda suyun hər gecədən səhərə
Nəsə deyən axarını görmürəm.
Neçə ildi yollanıb bu səfərə,
Kəndimizin baharını görmürəm.
Sıxır məni şəhərdəki günlərim,
Görün, niyə dərdə-qəmə batıram? —
Mən gedəndə düymələnən güllərin
Qayıdanda, solmuşuna çatıram
Kənddə mənsiz çiçək gülər, ot ağlar;
Ağacların budağına bar gələr…
İnstitutda qızla dolu otaqlar
Bahar çağı mənə yaman dar gələr.
Bir də geri qayıdarmı ötən an?
Güllər bir də öz şaxını əyərmi?
Alnıaçıq qurtardığım imtahan
İtirdiyim bir bahara dəyərmi?!
Bal arısı
Hər səhər çəmənə xəfif meh ilə
Ballı pətəklərin arısı gələr.
Üzünü yumağa büllur şeh ilə
Həm bozu, həm də ki sarısı gələr
Biri bir çiçəyin sorar halını,
Sonra dodağının əmər balını…
Bir gilə qeyrəti olmaz zalımın –
Gedəndə, yerinə ayrısı gələr.
Bezib bu vüsaldan axşama yaxın,
Uçarlar pətəyə hey axın-axın.
Çəmənin qəlbinə bu ayrılığın –
Sükuta bürünmüş ağrısı gələr.
Səhərlər üzünün kədəri itər,
Çiçəklər elə bil, təzədən bitər.
…Yaxşı ki, çəmənə payıza qədər –
Ballı pətəklərin arısı gələr;
Həm bozu, həm də ki, sarısı gələr.
***
Dağın döşündəki o tənha evdə
Gecələr qorxudan heç yatmaz div də!
Nə işıq süzülər pəncərəsindən,
Nə tüstü boylanar damından bir yol.
İçində çırpınan yelin səsindən
Qorxacaq, kim keçsə yanından bir yol
… Sağında bir yarğan açıb ağzını –
Hələlik bu evin “çəkir nazını…”
Kövşən iyi
Boyu balacadı sətrinə görə,
Bununçün kiməsə bir işi düşməz.
Mənim şerlərim ətrinə görə
Heç kəsin şerilə dəyişik düşməz;
Kövşən iyi gəlir şeirlərimdən
Ulu qaynaqlara bağlıdır kökü,
Di gəl ki, taleyi məni yandırır;
Hələlik birini özünə çəkib,
Yüzünün burnunu qıcıqlandırır –
Kövşən iyi gəlir şeirlərimdən
Kəsir qabağımı küləklər bəzən,
Saçımdan yapışır, dizimə döyür.
İş elə gətirib, sevdiyim gözəl
Şeirimi oxuyub gözünü döyür;
Kövşən iyi gəlir şeirlərimdən
Pərişan-pərişan susur çinar da,
Dərdini üzümə deyəmmir mənim.
Bəlkə, kəndimizdə əkinçilər də —
Heç bircə misramı bəyənmir mənim:
Kövşən iyi gəlir şeirlərimdən
Düşmən sevincini duydum uzaqdan,
Bezdim dinləməkdən dost gileyini…
Süni ətirlərin artdığı vaxtda
Sevən olacaqmı kövşən iyini?
Kövşən iyi gəlir şeirlərimdən