Əvvəli: https://klv.az/2023/09/04/oldos-haksli-c%c9%99sur-yeni-dunya-15/
(davamı)
Bu qəribə sözlər beynində, şimşək kimi gurlayır, yay rəqsləri zamanı çalınan təbillər kimi səslənir, əgər təbillər danışa bilsəydi, qarğıdalı mahnısını oxuyan kişilərin xoru kimi, adamı ağladacaq qədər möhtəşəmdir. Lələklərinə, oymalı çubuqlarına, sümük və daş parçalarına sehr söyləyən Mitsima kimi: Kiathla tsilu silokve silokve silokve. Kiai silu silu, tsithl – ancaq Mitsimanın sehrindən daha güclü idi, çünki bu sözlər daha böyük məna kəsb edirdi, çünki bu sözlər onunla danışırdı, çox gözəl danışırdı və tam olaraq anlaya bilmirdi, qorxulu və möhtəşəm bir sehr idi, fincanı yatağın yanında döşəmədə, özü yataqda xoruldayan Linda haqqında, Linda və Pope haqqında danışırdı.
Hər ötən gün Popeyə olan nifrəti bir az da artırdı. Bəli, adam üzdə gülüb daxildə isə yaramaz ola bilər. Vicdansız, xain, şəhvət düşkünü, tayı bərabəri olmayan bir yaramaz. O sözlərin əsl mənasını tam olaraq anlaya bilmirdi. Ancaq onların sehri güclü idi və beynində gurlayıb dururdu və sanki o, Popeyə əvvəllər heç vaxt əsl nifrət etməmişdi, çünki nə qədər nifrət etdiyini heç vaxt deyə bilməmişdi. Amma indi onda bu sözlər var, təbillərə, mahnılara və sehrə bənzər sözlər. Bu sözlər və onların alındığı qəribə hekayə (tam mənası ilə anlaya bilməsə də, möhtəşəm idilər) Popeyə nifrət etməsi üçün ona əsas verir, nifrətini daha da gerçək edir, hətta Popenin özünü də daha gerçək edirdilər.
Bir gün oynamaqdan qayıtdıqda içəri otağın qapısı açıq idi, yatağa birlikdə uzanıb yatdıqlarını gördü – Linda ağappaq, Pope isə onun yanında demək olar ki, qapqara görünürdü. Popenin bir qolu Lindanın çiyinlərinin altında, o biri qara əli Lindanın sinəsində idi. Lindanın boynuna düşən hörüklərinin biri onu boğmağa çalışan qara ilana oxşayırdı. Popenin balqabağı və bir fincan yatağın yanında döşəmədə idi. Linda xoruldayırdı.
Ürəyi donub qaldı və sonra özündən sonra boşluq qoyaraq yox oldu. İçində bir boşluq var idi. Boşluq və soyuqluq, mədəsi bulanır və başı gicəllənirdi. Özünü toplamaq üçün divara söykəndi. Vicdansız, xain, şəhvət düşkünü… Sözlər təbillər, qarğıdalı mahnısı oxuyan kişi xoru və sehr kimi beynində ara vermədən uğuldayırdı. Qəfildən üşümək əvəzinə istilənməyə başladı. Yanaqları yanır, otaq gözlərinin qarşısında fırlanır və qaralırdı. Dişlərini qıcırdadaraq, “Onu öldürəcəyəm, onu öldürəcəyəm” – təkrar etməyə başladı. Birdən beynində sözlər gurladı:
O sərxoş olanda, ya hirslənəndə,
Gecələr şəhvətlə xumarlananda…53
Sehr Conun tərəfində idi, sehr izah edir, əmr verirdi. O geriyə, kandardan bayıra çıxdı. “O sərxoş olanda…” Ət bıçağı ocağın yanında, döşəmənin üstündə idi. Əyilərək bıçağı götürdü və barmaqlarının ucunda yeriyərək qapıya yaxınlaşdı. “O sərxoş olanda, o sərxoş olanda…” Qaçaraq yatağa yaxınlaşdı və bıçaqladı – aha, qan! – Pope sıçrayaraq oyandıqda yenə bıçaqladı, üçüncü dəfə bıçaqlamaq üçün əlini qaldırdı, ancaq biləyindən yapışdığını və – ay, ay! – burduğunu hiss etdi. Tərpənə bilmirdi, onu tutmuşdular. Popenin kiçik qara gözləri, lap yaxından gözlərinin içinə zillənmişdi. Baxışlarını qaçırdı. Popenin sol çiynində iki çapıq var idi.
– Ah, qana bax! – deyə Linda çığırdı, – qan axır! (Qan görəndə qorxurdu.)
Pope o biri əlini qaldırdı. Con onu vuracağını düşündü. Zərbəni qarşılamaq üçün gərildi. Ancaq əl çənəsini altından tutub yenidən Popenin gözlərinin içinə baxmaq üçün başını çevirdi. Yenə göz-gözə gəldilər. Xeyli, bir xeyli beləcə baxdılar. Sonra birdən, özünü saxlaya bilməyib ağlamağa başladı. Pope qəhqəhə çəkdi.
– Get – hindi dilində, – dedi. – Get mənim cəsur Ahayutam.
Göz yaşlarını gizlətmək üçün o biri otağa qaçdı.
– Sənin on beş yaşın var – qoca Mitsima hindu dilində dedi. – İndi sənə gildən əşyalar düzəltməyi öyrədə bilərəm.
Çayın yanında çömbələrək birlikdə işləməyə başladılar.
– Əvvəlcə balaca bir ay düzəldək, – Mitsima ovcuna bir parça yaş gil götürüb, – dedi. Gili əlləri ilə sıxıb yastıladı sonra da kənarlarını qatladı, ay dayaz bir fincana çevrildi.
O, yavaş və bacarıqsız şəkildə qocanın incə əl hərəkətlərini təkrar elədi.
– Ay, fincan, indi də ilan. – Mitsima başqa bir gil parçası götürdü və silindr kimi yaydı sonra halqa halına salaraq fincanın kənarına yapışdırdı.
– Bir dənə də ilan, bir dənə də, bir dənə də. – Mitsima bir-birinin ardınca halqaları fincanın kənarına düzürdü, fincanın kənarları aşağıda daralır, ortada şişərək genişlənir və boğaz hissədə yenidən daralırdı. Mitsima əli ilə gili gah sıxır, gah hamarlayır gah da siyirirdi, nəhayət, onun qarşısında Malpais su qabı dururdu, ancaq qara əvəzinə açıq sarı və hələ də yumşaq idi. Yanında isə Mitsimanın düzəltdiyi su qabının əyri-üyrü oxşarı – Conun düzəltdiyi su qabı durmuşdu. Mitsima yan-yana dayanan iki qaba baxdıqda gülməkdən özünü saxlaya bilmədi.
– Ancaq gələn dəfə daha yaxşı olacaq, – dedi və başqa bir gil parçasını islatmağa başladı.
Yapmaq, şəklə salmaq, barmaqlarının məharət və vərdiş qazandığını hiss etmək Cona hədsiz zövq verirdi. İşlədikcə öz-özünə mahnı oxuyurdu,
– A, B, C, vitamin D. Yağ treska balığının ciyərində, treska balığı suda.
Mitsima da ayını öldürmək barədə mahnı oxuyurdu. Bütün günü işlədilər və gün ərzində Conun ürəyi xoşbəxtlik hissi ilə aşıb-daşırdı.
– Qışda sənə yay düzəltməyi öyrədəcəyəm, – deyə qoca Mitsima sözə başladı.
Bir xeyli evin qarşısında dayandı, nəhayət, içəridəki mərasim bitdi. Qapı açıldı, çölə çıxdılar. Birinci Kothlu çıxdı, sağ əlini qiymətli cəvahirat tutubmuş kimi möhkəm sıxmış və irəli uzatmışdı. Arxasınca eyni qaydada yumruğunu düyünləmiş və irəli uzadaraq Kiakime çıxdı. Səssizcə yeridilər, onların ardınca yenə səssizcə qardaş və bacılar, qohum-əqrəba və bir dəstə qoca gəlirdi.
Kəndən çıxıb yayla boyunca yeridilər. Qayanın kənarında üzü sübh günəşinə tərəf dayandılar. Kothlu ovcunu açdı. Ovcunda bir az qarğıdalı unu var idi, una tərəf əyilərək nəfəs verdi və bir neçə söz pıçıldadı sonra bir ovuc unu günəşə doğru atdı. Kiakime də belə elədi. Sonra Kiakimenin atası önə çıxdı və lələkli bir dua çubuğunu qaldıraraq uzun bir dua oxudu, sonra da çubuğu günəşə doğru atdı.
– Bitdi, – qoca Mitsima uca səslə dedi. – Onlar nikaha daxil oldular.
Linda Conla birlikdə yaylaya qayıdarkən yolda dedi:
– Bircə onu deyə bilərəm ki, məncə xırda bir şey üçün bu həngamə əbəsdir. Sivil ölkələrdə oğlan bir qızı istəyəndə, o sadəcə… Con, hara gedirsən?
O, anasının çağırışına məhəl qoymayıb dayanmadan qaçıb uzaqlaşdı, uzaq, tənha qala biləcəyi uzaq bir yer axtarırdı.
Bitdi. Qoca Mitsimanın sözləri beynində təkrarlanırdı. Bitdi, bitdi…
O, uzaqdan, susaraq, ancaq ehtirasla, ümidsiz və çarəsiz şəkildə Kiakimeni sevmişdi. İndi isə bitmişdi… Onun on altı yaşı var idi.
Bədr gecəsində Antilop kivasında sirlər söylənir, sirlər sona yetir və bölüşdürülürdü. Uşaqlar kivaya enər və oradan kişi olub çıxardılar. Uşaqların hamısı qorxar, ancaq bir tərəfdən də səbirsizləşərdilər. Axır ki, gözlənilən gün gəldi. Günəş batdı, ay yüksəldi. Con da digərləri ilə getdi. Kişilər kivanın girişində qaranlıqda dayanmışdılar, nərdivan işıqlanmış qırmızı dərinliyə enirdi. Qarşıdakı uşaqlar enməyə başlamışdılar. Birdən kişilərdən biri irəli çıxıb Conun qolundan yapışaraq cərgədən çıxartdı. Con cəld tərpənərək onun əlindən qurtuldu və cərgədəki yerini tutdu. Kişi bu dəfə onu vurdu və saçından dartaraq:
– Sarı, bu sənin üçün deyil!
– Əxlaqsız qancığın oğlu üçün deyil, – kişilərdən kimsə dedi.
Uşaqlar güldülər.
– Get burdan! – Görəndə ki, cərgənin yanında dayanıb, yenidən üstünə çığırdılar:
– Get burdan!
Biri yerdən daş götürüb atdı.
– Get burdan, get burdan!
Daşlar yağış kimi yağırdı. Üstü-başı qan içində qaranlığa tərəf qaçdı. Kivanın qırmızı dərinliklərindən musiqi səsləri gəldi. Uşaqlardan ən sonuncusu da nərdivanla enmişdi. O, tək-tənha idi.
Kəndən kənarda, yaylanın çılpaq düzənliyində tək-təkinə idi. Ay işığında qayalar ağaran sümüklərə oxşayırdı. Aşağıda, dərədə qurdlar başlarını yuxarı, aya qaldırıb ulayırdılar. Daşların əzdiyi yerlər hələ də ağrıyır, kəsiklərdən isə hələ də qan axırdı, ancaq o, ağrıdan ağlamırdı, tamamilə tənha olduğu, qovulduğu, bu sümükləri andıran qayalar və ay işığından ibarət dünyasında yalnız qaldığı üçün ağlayırdı. Uçurumun kənarında əyləşdi. Kürəyini aya çevirmişdi, aşağıya yaylanın qara kölgəsinə, ölümün qara kölgəsinə baxdı. Bircə addım, bircə sıçrayış bəs idi… Sağ əlini ay işığına tutdu. Biləyindəki kəsikdən hələ də qan süzülürdü. Tap, tap, tap. Sabah, yenə sabah, yenə sabah…
Zamanı, Ölümü və Allahı kəşf etmişdi.
– Tənha, həmişə tək-tənha idim, – deyirdi.
Bu sözlər Bernardın ürəyində qəmgin əks-sədaya səbəb oldu. Tənha, tək-tənha…
– Mən də tənhayam – deyə anidən ürəyini boşaltdı. – Çox tənhayam.
– Tənhasan? – deyə Con təəccüblə soruşdu.
– Mən elə bilirdim, o biri dünyada insanlar… Axı Linda deyir ki, orada heç kəs heç bir vaxt tənha olmur.
Bernard utandığından qızardı.
– Bilirsən, – deyə kənara baxaraq burnunun altında dedi, – Yəqin, mən əksəriyyətdən fərqlənirəm. Əgər şüşədən fərqli çıxarılmısansa…
– Bəli, məsələ elə bundadır, – deyə başı ilə təsdiqlədi. Əgər fərqlisənsə tənhalığa məhkumsan. Səninlə vəhşi kimi davranacaqlar. Bilirsən, məni heç bir yerə qoymurlar. Digər uşaqlar gecələmək üçün dağlara gedəndə – özün bilirsən də yuxuda müqəddəs heyvanı görmək üçün – məni getməyə qoymadılar; sirlərin heç birini mənimlə bölüşmədilər. Buna baxmayaraq, mən bunu təkbaşına etdim, – deyə o, əlavə etdi. Beş gün heç nə yemədim və sonra da təkbaşına oradakı dağlara çıxdım, – deyərək əli ilə göstərdi.
Bernard iltifatla gülümsədi.
– Yuxuda bir şey gördünmü?
Con başı ilə təsdiqlədi.
– Ancaq yuxumda gördüyümü sizə deməməliyəm. – Bir müddət susduqdan sonra, alçaq səslə: – Bir dəfə, o birilərinin heç vaxt etmədiyi bir şeyi etdim: yayda, günün qızmar vaxtı çarmıxa çəkilmiş İsa kimi qollarımı açaraq bir qayaya söykəndim.
– Bunu niyə etdin ki?
– Çarmıxa çəkilməyin necə olduğunu bilmək istəyirdim. Günün altında asılı qalmağın…
– Axı niyə?
– Niyə? – deyə tərəddüd etdi, – çünki, hiss edirdim ki, etməliyəm. Əgər İsa dözə bilibsə. Bir də mən səhv iş tutmuşdum… Üstəlik də qəmgin idim, bu da başqa bir səbəb.
– Qəmginlikdən qurtulmaq üçün qəribə üsuldur, – Bernard dedi. Ancaq bir az düşündükdən sonra o qədər də məntiqsiz olmadığını qərara aldı. Soma atmaqdan daha yaxşı idi.
– Bir müddət sonra huşumu itirdim, – Con dedi. – Üzü üstdə yıxıldım. Sifətimdəki çapığı görürsən? – deyərək alnındakı sarı, gur saçları yuxarı qaldırdı. Sağ gicgahındakı çapıq solğun və qırışmış idi.
Bernard baxdı, sonra ürpərərək baxışlarını yayındırdı. Mərhəmətli olmaqdan daha çox, son dərəcə çimçəşən olaraq tərbiyələndirilmişdi. Xəstəlik və ya yara barədə düşünmək sadəcə dəhşətə salmır, həm də iyrəndirir və hətta ikrah hissi doğururdu. Çirk, şikəstlik, yaxud qocalıq kimi. Tələsik söhbətin mövzusunu dəyişdi.
– Bizimlə birlikdə Londona getmək istərdinmi? – deyə Bernard bu gənc vəhşinin atasının kim olduğunu anladığı ilk andan bəri gizli strategiyasını cızdığı planın ilk addımını ataraq, soruşdu. – Belə bir şey istədinmi?
Conun üzünə işıq gəldi.
– Doğrudan məni özünüzlə aparacaqsınız?
– Əlbəttə, əgər icazə ala bilsəm.
– Lindanı da aparacaqsınız?
– Hm… – deyə şübhəli şəkildə tərəddüd etdi. O iyrənc məxluqu aparmaq! Yox, bu mümkün deyil. Ancaq əgər… Birdən Bernardın ağlına gəldi ki, Lindanın iyrəncliyi çox faydalı ola bilər.
– Əlbəttə! – deyə əvvəlki tərəddüdünü səs-küylü səmimiyyəti ilə ört-basdır etmək üçün çığırdı.
Con arxayınlıqla dərindən nəfəs aldı.
– Heç vaxt ağlıma gətirməzdim ki, bütün həyatım boyu xəyal etdiyim şey gerçəkləşəcək. Yadındadır Miranda* nə deyir?
– Miranda kimdir?
Ancaq görünür Con sualı eşitməmişdi.
– “Möcüzə! – Con sifəti qızarmış, gözləri parıldayaraq dedi. Nə gözəl möcüzədir! Nə gözəl sifətlərdir!”* – Üzündəki qızartı artdı, tünd-yaşıl süni ipək geyinmiş, gənclik və qidalandırıcı kremlərlə parıldayan, hamar dərili, mehribancasına gülümsəyən bir mələyi, Leninanı düşünürdü. Kəkələdi. – “Hey cəsur yeni dünya…” – deyə sözə başladı, sonra qəfildən sözünə ara verdi, qan yanaqlarından çəkildi, kağız kimi ağardı.
– Onunla evlisən? – deyə soruşdu.
– Onunla nəyəm?
– Evli, özün bilirsən də, həmişəlik. Hindi dilində “həmişəlik” qırılmayan deməkdir.
– Aman Ford! Xeyr! – Bernard özünü gülməkdən saxlaya bilmədi.
Con da gülürdü, ancaq gülüşünün səbəbi başqa idi – sırf sevincdən gülürdü.
– “Hey cəsur yeni dünya” – deyə təkrar etdi. Belə insanları olan cəsur yeni dünya nə gözəl, necə cazibəliymiş! Dərhal yola düşək! ”*
– Bəzən çox qəribə danışırsan, – Bernard çaşqınlıqla Cona baxaraq dedi. – Nə isə, yeni dünyanı öz gözlərinlə görənədək gözləsən yaxşı olmazdımı?
*Hamlet (3-cü pərdə, 3-cü səhnə)
*Miranda – Şekspirin “Fırtına “ dramının qəhrəmanı (5-ci pərdə, 3-cü səhnə) (Tərcümə edəni: Anar)
Davamı: https://klv.az/2023/09/18/oldos-haksli-c%c9%99sur-yeni-dunya-17/
Tərcümə edən: Xaqani Cavadoğlu