Azər Musaoğlu. Qar yağdı güvənc yerimə (şeirlər)

“Lacrimosa”

Qanla suvarılsa da

Çarmıx ağac olmadı.

Taclar tikan olsa da

Tikandan tac olmadı.

 

Qanla suvarılsa da

Çarmıx yarpaqlamadı.

Havada ölənləri

Kimsə torpaqlamadı.

 

Qanla suvarılsa da

Səhralar bağ olmadı.

Qolqofa təpə qaldı,

Böyüyüb dağ olmadı.

 

Qanla suvarılsa da

Torpaqda qan qalmadı,

Hopdursa da canına

Təşnəsi azalmadı.

 

Qanla suvarılsa da

Mismarlar yumşalmadı.

Biləklər qurusa da,

Kəndirlər boşalmadı.

 

Qanla suvarılsa da

Saçları Mariyanın,

Ağ saçı boyamadı

Rəngi qırmızı qanın.

 

Qanla suvarılsa da

Çarmıx bar gətirmədi.

Ömürlər kal qalaraq

Çarmıxda yetirmədi.

 

Şikayət

Qar yağdı güvənc yerimə,

Əlim-ayağım güməşdi.

İyirmi vatlıq lampanı

Elə bilmişəm günəşdi.

 

Ömrün qartal illərində

Qıyım dağlara çırpıldı,

Səsimə hay vermədilər

Hayım dağlara çırpıldı.

 

Külə körükçülük etdim

Qurularla höyüş yandım.

Məni öz içimdən yeyən

Qurdu o biri qurd sandım.

 

Əppəyə nə vicdan satdım,

Nə də mənliyə dəyişdim…

Gözəlliyi nə donlara,

Nə də ənliyə dəyişdim.

 

Tək qaldım, toyuqlar üçün

Toyuq hinində fal kimi,

Darvazalara vurulmuş

Dırnağa həsrət nal kimi.

 

Şərti şumda kəsəmmədim

Xışım kötüyə ilişdi.

Qarğaları qovammadım

Əlim tətiyə ilişdi.

 

Hər gələnə qucaq açıb

Urvatla yola salmışam.

Özüm piyada qalsam da,

Ağ atla yola salmışam.

 

Dostun noxtasını çəkdim,

Noxtamı əllərə verdi.

Gəmisinə mayak oldum,

Buxtamı sellərə verdi.

 

Meyvə ağacı olsam da

Susuz səhraya əkildim.

İuda öpüşləriylə

Yüz yol carmıxa çəkildim.

 

Dar ayaqda yaxınlar da

Mənə dar ağacı oldu.

Adını bilmədiklərim,

Yadlar qardaş, bacı oldu.

 

Çidarlandı ayaqlarım,

Dünəndən qaça bilmədim.

Qanadlarımı qırdılar,

Sabaha uça bilmədim.

 

Oxlovlara kündəsini

Yaymaq üçün peşqun oldum.

Xəmiri sıyıq olana

Urvalıq üçün un oldum.

 

 Suallar

Görəsən, insanın ürəyindəki

Sevgimi qədimdir, nifrətmi qədim?

Görəsən, insanın mədəsindəki

Buğdamı qədimdir, çiy ətmi qədim?

 

Görəsən, insanın dili ucunda

Şirinmi qədimdir, acımı qədim?

Bir ana bətninin isti qucunda

Qardaşmı qədimdir, bacımı qədim?

 

Görəsən, ilk dəfə sükutu pozan

O səsmi qədimdir, sözmü qədimdir?

Doğru yolda olan, yolunu azan,

Görəsən əyri, ya düzmü qədimdir?

 

Dünya teatrının qoşa maskası

Sevincmi qədimdir, kədərmi qədim?

Yerin də, göyün də stixiyası

İnsanmı qədimdir, qədərmi qədim?

 

Görəsən, yaşadan, bir də, öldürən

Ümidmi qədimdir, ümidsizlikmi?

Görəsən ağladan, bir də, güldürən

Bilikmi qədimdir, bilgisizlikmi?

 

Bu yer kürəsinin qədim hinində

Yumurtamı qədim, toyuqmu qədim?

İlk çılpaq insanın dəri əynində

İstimi qədimdir, soyuqmu qədim?

 

İlk qoca qarının dişsiz ağzında

Duamı qədimdir, qarğışmı qədim?..

Qora bişirəndə, sərt ayazında

İsti yaymı qədim, sərt qışmı qədim?

 

Görəsən, insanın əməllərində

Savabmı qədimdir, günahmı qədim?

İlk dəfə tutduğu cod əllərində

Çiçəkmi qədimdir, silahmı qədim?

 

Həbsxana dünyanın gen hücrəsində

Zalımmı qədimdir, zülmmü qədim?

Qabilin Habili öldürməsində

Öldürmək fikrimi, ölümmü qədim?

 

Təbrizdən Tiflisə

“Caddələrdə rüzgar” mahnısının fonunda…

Hardasa Təbrizin caddələrində

ağlında eşq olan qəmzəli qızın

çadrası altından çıxan hörüyü

rüzgar tərpətdikcə çox özləyirdi…

 

Bəlkə də Tiflisə yağan yağışlar

gecəyarısında Təbrizə yağıb

o qızın kəpənək dodaqlarıyla

şərqi söyləyərək yol gözləyirdi…

 

Yenə də Təbrizdən Tiflisə sarı

bir cüt əl toxunmaq üçün uzanıb

uzaqdan uzağa xatirələri

üsulca sığalla əzizləyirdi…

 

Daha nə Təbrizdən, nə də Tiflisdən

sevgi məktubları yazmayıb heç kəs

Təbriz, Tiflis boyda saf sevgisini

kiçik ürəyində hey gizləyirdi…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/08/28/oldos-haksli-c%c9%99sur-yeni-dunya-14/ (davamı) SƏKKİZİNCİ HİSSƏ          Bernard və Con bayırda tozun və zibilliyin arasında (indi zibillikdə dörd it eşələnirdi) aşağı-yuxarı gəzirdilər. – Təsəvvür etmək, anlamaq mənim üçün elə çətindir ki, – Bernard dedi, – Sanki fərqli əsrlərdə, fərqli planetlərdə yaşayırıq. Ana, bütün bu çirk, tanrılar, qocalıq və xəstəliklər… […]