(Yuxugörmə barədə elmi-fəlsəfi konsepsiyam)
Biosentrizm nəzəriyyəsi qəti qərar verir ki, ölüm yoxdur. O, insan şüurunda yaranan bir illüziyadır. İnsan bu dünyada ölürsə, başqa paralel dünyalarda yaşamağa davam edir. Bu mühakimə də Kvant nəzəriyyəsinə əsaslanır: istənilən bir hissəciyin müşahidə və ya ehtimal oluna bilən bütün variasiyaları eyni vaxtda müxtəlif kainatlarda mövcud olurlar. Yenə də Paralel dünyalar, Kvant nəzəriyyəsi.
Bu möhtəşəm metafizik nəticələr fonunda mən də elmin və fəlsəfənin qüdrətindən istifadə edərək bir məsələyə – yuxugörmə fenomenal hadisəyə tamamilə fərqli bir elmi-fəlsəfi yanaşma (təyin) təqdim etmək istərdim: yuxuda görülənlər fərqli zaman-məkan müstəvisinin gerçək hadisələridir.
Yuxu, elmi informasiyalardan məlum olduğu kimi, fizioloji prosesdir və canlıların əksəriyyətinə xas xüsusiyyətdir. Yəni canlıların əksəriyyəti yatır və bununla da bir növ özünü yenidən bərpa edir. Lakin bizi maraqlandıran yuxugörmə halıdır ki, bu fenomenə müxtəlif elmi, fəlsəfi, mistik yanaşmalar mövcuddur. Elə bu müxtəliflik, yeri gəlmişkən qeyd edim ki, həm də yaradıcı sahələr üçün də kifayət qədər maraqlı və qeyri-adi xammal hazırlayır.
Ümumiyyətlə, fəlsəfi fikir tarixində yuxugörməyə, əsasən, iki münasibət mövcud olmuşdur:
1.Yuxugörmə – keçmişin, yəni yaşananların nəticəsidir; 2. Yuxugörmə gələcəkdən xəbər verir.
Lap qədim zamanlardan insanlar yuxu zamanı görülən hadisələrə və predmetlərə müəyyən yozum verir, onları gələcək hadisələr barədə işarələr kimi anlayırdılar. Məsələ burasındadır ki, bu tendensiya hazırda da cəmiyyətin bəzi dairələri arasında öz aktuallığını saxlayır. Bu yozumlar nə dərəcədə həqiqətə uyğundur? Gələcəklə bağlı yuxuyozmalar barəsində hər hansı bir elmi əsaslandırmaya rast gəlmədiyimdən bu barədə dəqiq bir söz deməyə çətinlik çəkirəm.
Freydə görə, yuxular gələcəkdən yox, keçmişdən xəbər verir. O, irəli sürdüyü bu tezisin izahını Psixoanalizin köməyi ilə verir. Hesab edir ki, yaşam boyu şüuraltına yığılmış istəklər, görüntülər, həyata keçməyən arzular insan yatdığı zaman donunu dəyişib, onun şüuruna yuxular kimi daxil olurlar.
Demək, hər iki halda – istər keçmişdən xəbər versin, istər gələcəkdən, yuxugörmə – şüurla, insan düşüncəsi ilə bağlı hadisədir. Belə olan halda, biz də bu məsələyə bir qədər fərqli – bu vaxta kimi mövcud olan konteksdən fərqli, elmin və fəlsəfənin inteqrasiyası prizmasından yanaşsaq, ortaya nə kimi məqamlar çıxar, görəsən? Bəlkə özümüzü sınayaq: hesab edək ki, yuxu zamanı gördüyümüz hadisələr də elə gerçək hadisələrdir. Fərqli məkan-zaman müstəvisinin real hadisələri. Nəyə görə? Fikir verin: yuxuda hadisələr elə sürətlə baş verir, əslində, həmin hadisələr real həyatda daha uzun zaman axınında yaşanardı. Yəni real həyatda uzun zaman kəsiyində baş verən hadisələri yuxuda bir neçə dəqiqə, bəzən də bir neçə saniyə ərzində müşahidə etmək mümkündür. Deməli, yuxuda zaman axını dəyişir, daha dəqiq, yuxuda zaman qısalır. Ümumi nisbilik nəzəriyyəsinə istinad etsək, fərqli zaman axını hadisənin fərqli məkanda baş verməsi anlamını da yaradır. Kvant fizikası, müəyyən mənada onun doğurduğu Paralel kainatlar nəzəriyyəsi, Biosentrizm nəzəriyyəsi bir daha təsdiq edir ki, çoxlu sayda kainat (paralel aləmlər) var və müşahidə oluna bilən hər bir hadisənin müxtəlif variasiyaları (fərqli ehtimallarla) bu kainatlarda eyni zamanda mövcud olurlar. Bu elmi-fəlsəfi mülahizələrə söykənsək, yuxuda gördüklərimizin fərqli zaman-məkan müstəvisində baş verən gerçək hadisələr olduğunu fərz edə bilərik.
ƏDƏBİ SUPREMATİZM:
Heç yerdə və heç vaxt
Gözlənilməz hadisələrin şahidi oluram
yuxuda,
yəqin hamının başına gəlir.
Yuxuma girir
dostlar, doğmalar, yadlar,
bəzən də heç tanımadıqlarım,
üzünü belə görmədiyim adamlar
müxtəlif tanış və yad hadisələrin fonunda.
Tez-tez yuxuma girənlər də olur;
həyatda artıq olmayan atam, anam
və başqa doğma adamlar
yenə də tanış və yad hadisələrin içində.
Dəqiq bilirəm
yuxu təkcə nə keçmiş, nə də gələcəkdi
xatirələrdən və xəyaldan fərqli,
yuxu – daha çox gerçəklikdi,
ayrı məkan – zaman hadisəsi və reallığın inikası.
Keçmişi
nizamla düzülmüş
avtobus dayanacaqları kimi xatırlayıram;
hər dayanacaqda adamlar və hadisələr
bir-birindən təcrid olunmuş halda,
sanki ayrı-ayrı çoxluqlardı heç bir kəsişməsi olmayan.
Amma hadisələrin bir-birinə qarışmasının da
şahidi oluram hərdən. Bir hadisə başqa hadisə ilə kəsişir
özü ilə daşıdığı yad və doğma adamlarla birgə. Məsələn,
görürəm anam ömrünün son günləri çox cavandı – sevinirəm,
amma qəfil xəstəlik peyda olur yanında qocalıq libasında,
üz alır torpağa sarı; torpaq işıq saçır rəngbərəng çalarlarda.
Bəzən də keçmiş (elə gələcək də)
üst-üstə düzülmüş kitab rəfləri kimi gəlir xəyalıma:
rəflər – məkan, yəni insanlar və müxtəlif hadisələr,
rəflərin düzümü – zaman, üst-üstə yığılmış
və o qədər rəf var ki, hardasa gözdən itir üzü yuxarı
ona sığınan hadisə və adamlarla birgə; baxıram atamdı,
körpəyə çevrilir gözdən itdikcə üzü səmaya
və eynən adaşı olan nəticəsinə bənzəyir getdikcə.
Bütün bunları
və buna bənzər bir çox hadisələri
yuxuda da görürəm. Beləcə, hamı kimi
qəribə hadisələrin şahidi oluram yuxuda
mən də.
Amma mən
bir həqiqətə əminəm;
hər şeylə və hər kəslə görüşəcəyəm,
fərqi yox, doğma, tanış yoxsa kənar, yad, qərib.
Görüşəcəyəm mütləq, görüşəcəyəm
heç yerdə və heç vaxt.