Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/08/21/oldos-haksli-c%c9%99sur-yeni-dunya-13/

(davamı)

Qamçı amansız bir şəkildə enməyə davam edirdi. Yeddi dövrə vurdu. Sonra oğlan qəfildən səndələdi və yenə də səs çıxarmadan üzü üstdə yerə yıxıldı. Oğlanın üzərinə əyilən yaşlı adam uzun ağ bir lələk ilə kürəyinə toxundu, al rəngə boyanmış lələyi hamını görməsi üçün bir anlığa havaya qaldırdı, sonra üç dəfə ilanların üzərində silkələdi. Bir neçə damla qan damladı və təbillər yenə anidən, təlaşlı notlarla guruldadı; bərk bir bağırtı qopdu. Rəqs edənlər irəli atılaraq ilanları topladılar və qaçaraq meydanı tərk etdilər. Kişilər, qadınlar və uşaqlar, bütün kütlə onların ardınca qaçdı. Bir dəqiqə sonra meydan boşalmışdı, yalnız üzü üstdə yatıb qalan oğlan qalmışdı, demək olar ki, heç tərpənmirdi. Evlərin birindən üç yaşlı qadın çıxdı, bir az çətinliklə oğlanı qaldırıb içəri apardılar. Qartal və çarmıxdakı adam bir müddət boşalmış hindi kəndində qarovul çəkməyə başladılar və baxmaqdan doyub lyuklardan yeraltı dünyaya enərək qeyb oldular.

Lenina hələ də ağlayırdı. Dəhşət, – deyə təkrar edirdi və Bernardın bütün təsəlliləri əbəs idi. – Çox dəhşət! O qan! – Titrədi. – Ah, kaş somam yanımda olaydı.

Arxalarındakı otaqdan ayaq səsləri gəldi.

Lenina tərpənmədi, əlləri üzündə, öz iztirabına dalmış halda oturmuşdu. Bernard döndü.

İndi terrasa çıxan gəncin əynində hindi paltarları var idi, ancaq hörülmüş saçları saman rəngi, gözləri açıq mavi, günəşdə yanmış dərisi ağ idi.

– Salamlar olsun. Sizə xoş sabah arzu edirəm, – ingilis dilində doğru, ancaq qəribə tərzdə dedi.

– Siz mədəni insanlarsınız, elə deyilmi? Rezervasiyadan kənardakı o biri dünyadan gəlmişsiniz?

– Bəs sən kimsən…? – deyə Bernard çaşqınlıq içində sözə başladı.

Gənc oğlan ah çəkərək başını yırğaladı.

– Çox bədbəxt bir insan. – Meydanın ortasındakı qan izlərini göstərərək həyəcanla titrəyən bir səslə soruşdu: – O lənətlənmiş yeri görürsünüzmü?

– Yaxşıdır bir qram soma, nəinki lənət oxuma. Kaş yanımda soma olaydı, – deyə Lenina barmaqlarının arasından mexaniki bir şəkildə dedi.

– Orada mən olmalıydım, – deyə gənc oğlan sözünə davam elədi. – Niyə mənim qurban verilməyimə icazə vermirlər? Mən on dövrə vurardım – on iki, on beş. Paloxtiva cəmi yeddi dövrə vura bildi. Məndən iki dəfə çox qan ala bilərdilər. Ətraf qan gölünə bələnərdi. – Çoxluq bildirən hərəkətlə qollarını geniş açdı və sonra çarəsiz bir şəkildə aşağı saldı.

– Ancaq icazə vermirlər. Dərimin rənginə görə məni xoşlamadılar. Bu həmişə belə olub. Həmişə. Gəncin gözləri doldu; utanıb üzünü yana çevirdi.

Təəccübdən Lenina somadan məhrum olmasını unutdu. Əllərini üzündən çəkdi və ilk dəfə tanımadığı gənc oğlana baxdı.

– Yəni demək istəyirsiniz ki, o qamçı ilə döyülmək istəyirsiniz?

Hələ də üzünü Leninaya tərəf çevirməyən gənc başı ilə təsdiqlədi.

– Bəli. Kəndimiz xatirinə – yağış yağması və qarğıdalı bitməsi üçün. Pukonq və İsaya xoş gəlməsinə görə. Həm də çığırmadan ağrıya dözə biləcəyimi göstərmək üçün, – səsi cingildədi, çiyinlərini qürurla enlədib başının məğrur, əyilməz şəkildə qaldıraraq, – kişi olduğumu göstərmək… Ah! – dedi və nəfəsi kəsilib sakit və ağzı ayrıq halda qaldı. Ömründə ilk dəfə yanaqları şokolad və ya it dərisi rəngində olmayan, saçları şabalıdı və dalğalı və səmimiyyət və maraqla baxan (heyranedici yenilik!) bir qız görürdü. Lenina gənc oğlana gülümsədi; çox yaraşıqlı oğlandır, deyə düşündü, bədəni həqiqətən də gözəldir. Gəncin sifəti qızardı, başını aşağı saldı, sonra bir anlığa yenə qaldıranda Leninanın hələ də gülümsədiyini gördü və elə utandı ki, üzünü çevirdi və özünü elə apardı ki, guya meydanın o biri tərəfində nəyə isə diqqətlə baxır.

Bernard öz sualları ilə onu xilas etdi.

O kimdir? Necə? Nə vaxt? Haradan? Gözlərini Bernardın üzündən çəkmədən (çünki Leninanın gülümsəməyini elə coşqu ilə istəyirdi ki, ona baxmağa cəsarət etmirdi) özü barədə izahat verməyə çalışdı. Linda və o – Linda onun anası idi (bu söz Leninanı rahatsız etdi) – rezervasiyada yad insanlar idi. O, doğulmamışdan çox əvvəl anası atası ilə birlikdə o biri dünyadan gəlib. (Bernard qulaqlarını şəklədi.) Anası şimaldakı dağlarda təkbaşına gəzməyə çıxıb və dik bir yerdən yıxılıb başını yaralayıb. (Bernard ürəyində həyəcanla, – “Davam elə, davam elə”, – dedi) Malpaisdən olan bir neçə ovçu onu tapıb kəndə gətirib. Atasına gəldikdə isə Linda onu bir daha görməyib. Adı Tomakin imiş. (Bəli, İTM Müdirinin adı Tomas idi.) Lindanı burada qoyub təyyarə ilə o biri dünyaya qayıtmış olmalıdır – pis və qəlbi daş bir adam.

– Beləliklə də mən Malpaisdə dünyaya gəlmişəm, – deyərək sözünü bitirdi. – Malpaisdə. – Qəmli şəkildə başını yırğaladı.

Kəndin qırağındakı o balaca evin səfalət və çirki!

Toz və zibil dolu bir ərazi evi kənddən ayırırdı. Aclıqdan bir dəri bir sümük qalan iki it, burunları ilə evin qapısındakı zibilliyi eşələyirdilər. İçəri girəndə evin alaqaranlığından üfunət iyi və milçək vızıltısı gəlirdi.

– Linda! – deyə gənc çağırdı.

– Gəlirəm, – içəridəki otaqdan xırıltılı bir qadın səsi cavab verdi.

Gözlədilər. Döşəmədəki kasalarda bir gündən, bəlkə də bir neçə gündən qalmış yemək artıqları var idi.

Qapı açıldı. Çox kök və sarışın bir hindi qadın kandardan içəri keçdi və gözlərini bərəldərək, ağzı açıq halda donub qaldı. Lenina iyrənərək qadının iki ön dişinin olmadığını gördü. Yerdə qalan dişlərini rəngi…Ğığ! Tükləri ürpəşdi. Əvvəl gördükləri iyrənc qocadan da pis idi. Elə kök idi ki. O qırışlar, solğun sifətindəki cizgilər. Bənövşəyi ləkələr basmış sallaq yanaqları. Burnundakı qırmızı damarlar, qan çanağı gözləri. O boynu, buxaqları; başına atdığı cırıq, çirkli ədyal. Qəhvə rəngi torbaya oxşar köynəyin altındakı tuluğa oxşar döşləri, qarnının qabağa çıxmağı, budları. Qoca kişidən çox pis idi, çox pis! Və bu məxluq qəfildən sözləri dəyirman kimi üyüdüb tökməyə başladı və qollarını açaraq sürətlə ona yaxınlaşdı və – Aman Ford! Mədə bulandırıcı idi, qusmağı gəldi – Leninanı tutub şişkin qarnına, sinəsinə basdı və öpməyə başladı. Ay Ford! Ağzından su tökülə-tökülə marçamarç öpürdü, ağzından isə it iyi gəlirdi, ömründə çimmədiyi bəlli idi; delta və epsilonların şüşələrinə əlavə edilən o iyrənc şey iylənirdi (xeyr, Bernardla bağlı deyilənlər doğru deyildi) açıq-aşkar alkoqol iyi verirdi. Lenina bacardığı qədər tez qurtuldu.

Qarşısında ucadan ağlayan və haldan-hala düşən bir sifət dayanmışdı.

– Ah, əzizim, əzizim. – Sözlər hıçqırtı ilə birlikdə çıxırdı.

-Bircə bilsəydiniz necə sevinirəm! Neçə müddətdir ki, mədəni insan sifəti və mədəni paltarlar görməmişəm. Elə düşünürdüm ki, bir daha asetatlı ipək parça görməyəcəyəm. -Barmaqları ilə Leninanın köynəyinin qoluna toxundu. Dırnaqları kirdən qapqara idi.

– Bir də bu süni ipək məxmərdən olan şort! Əzizim, bilirsən bura gələndə əynimdə olan köhnə paltarlarımı hələ də qutuda saxlayıram. Sonra sizə göstərərəm. Ancaq asetat, əlbəttə ki, deşik-deşikdir. Nə qədər qəşəng patrondaş kəmər idi, ancaq deməliyəm ki, sizin yaşıl süni tumac patrondaş kəməriniz daha gözəldir. O patrondaşdan mənə bir fayda olmadı! – Yenidən yanaqlarından göz yaşları süzüldü. – Yəqin Con sizə nələr çəkdiyimi danışıb. Qəbul etməyə bir qram soma da yox idi. Arada bir Pope gətirəndə içdiyim bir az meskal* olurdu. Pope əvvəllər bizə gəlib gedərdi. Ancaq sonra adam elə pis olur ki, meskaldan da sonra peyotl* qəbul edəndə xəstələnirsən, üstəlik sabah özünə gələndə o pis utanc duyğusu. Mən də elə utanırdım ki. Bir düşünün – mən, beta və uşaq dünyaya gətirirəm; özünüzü mənim yerimə qoyun. (Bu söz Leninanı diksindirdi.) Ancaq and içirəm ki, mənim günahım deyildi, çünki necə olduğunu hələ də bilmirəm, axı mən maltusçuluq* tədbirləri görürdüm, özünüz bilirsiniz sayla bir, iki, üç, dörd həmişə edirdim, and içirəm, ancaq yenə də oldu, əlbəttə ki, burada Abort mərkəzinin olmağından söhbət belə gedə bilməz. Yeri gəlmişkən, bizim Abort mərkəzi hələ də Çelsidədir? – deyə soruşdu. (Lenina başı ilə təsdiqlədi). – Hələ də çərşənbə və cümə günləri projektorlarla işıqlandırılırmı? – (Lenina yenə başı ilə təsdiqlədi). – O möhtəşəm çəhrayı rəngli şüşə qüllə! – Zavallı Linda ekstaz halında başını yuxarı qaldırdı və gözlərini yumaraq yaddaşında Abort mərkəzinin parlaq görüntüsünü canlandırdı. – Axşamlar isə çay! – deyə pıçıldadı. Möhkəm yumduğu kirpiklərindən astaca iri göz yaşları süzüldü. – Axşamlar şəhərdən helikopterlərlə Stok Podcisə uçursan. Evdə isə səni isti vanna və vibro-vakuumlu masaj gözləyir… – Dərindən nəfəs aldı, başını yırğaladı, gözlərini açdı, bir-iki dəfə burnunu çəkdi, sonra burnunu barmağı ilə sildi, barmaqlarını da köynəyinə ətəyinə sildi. Leninanın iyrənərək sifətini qırışdırmasına cavab olaraq, – Çox üzr istəyirəm, – dedi. – Bunu etməməli idim. Üzr istəyirəm. Ancaq dəsmal yoxdursa nə etmək olar? Yadımdadır bu natəmizlik, qeyri-steril şəraitə görə necə rahatsız olurdum. Məni bura ilk dəfə gətirəndə başımda dərin bir kəsik var idi. Kəsiyin üzərinə nə qoyduqları ağlınıza belə gəlməz. Palçıq qoydular, sadəcə palçıq.

Onlara dedim ki: “Sivilizasiya sterilizasiyadır”. Sanki uşaqmışlar kimi dedim: “Streptokok* və mikrob murdarlığa dəstəkdir, hər evə hamam və tualet gərəkdir”. Ancaq əlbəttə ki, anlamadılar. Necə anlasınlar axı? Məncə, axırda mən də bütün bunlara öyrəşdim. Onsuz da isti su olmadan necə təmiz olmaq olar? Bu paltarlara baxın. Bu heyvan yunu süni ipək kimi deyil. İllər keçsə də heç nə olmur. Yırtılsa yamamalısan. Ancaq mən betayam, dölləndirmə otağında işləyirdim; heç kəs mənə yamaq vurmaq öyrətməyib. Mən başqa işlə məşğul olurdum. Üstəlik paltar yamamağa pis baxırdılar. Yırtıldı tulla və təzəsini al. “Yamamaq artdıqca varlanmaq azalır”. Elə deyilmi? Köhnəni təmir etmək cəmiyyətin əleyhinədir.

Ancaq burada hər şey tərsinədir. Elə bil dəlilərin içində yaşayırsan. Hər şeyi dəli kimi edirlər. – Ətrafına baxdı, Con və Bernard yanlarından getmişdi, evdən bayırda toz və zibilliyin arası ilə aşağı-yuxarı gəzirdilər. Ancaq yenə də sirli bir şeydən bəhs edirmiş kimi səsinin tonunu aşağı salaraq Leninaya tərəf əyildi. Lenina sıxılmışdı, ancaq qadın elə yaxınlaşmışdı ki, alkoqol zəhrimarın küləyi yanağındakı tükləri yelləndirirdi.

– Məsələn, – deyə xırıltılı səslə pıçıldadı, – götürək buradakı insanların birlikdə olmalarını. Deyərdim dəli kimidir, tamamilə dəli kimi. Hər kəs hamıya məxsusdur, elə deyilmi? Elə deyilmi? – deyə təkid edərkən bir tərəfdən də Leninanı qolundan dartırdı.

Lenina yana çevirdiyi başı ilə təsdiqlədi və bayaqdan içinə aldığı nəfəsi verərək nisbətən təmiz hava ala bildi.

– Burada isə, – deyə Linda sözünə davam elədi, – bir nəfər yalnız bir nəfərdən başqa heç kəsə məxsus olmamalıdır. Onlarla adi qaydada olsan səni əxlaqsız və cəmiyyətə düşmən hesab edirlər. Nifrət edib lənətləyirlər. Bir dəfə qadınlar bura gəlib kişiləri mənimlə görüşdüyü üçün mərəkə qopardılar. Axı niyə də yox? Sonra üstümə cumdular. Yada salınası deyil… Linda əli ilə üzünü tutub diksindi. – Buradakı qadınlar elə hirslidirlər ki. Dəlidirlər, dəli və qəddar. – Əlbəttə ki, onlar maltusçuluq tədbirləri, şüşələr, şüşədən boşaltma haqqında xəbərsizdirlər. Ona görə də it kimi dayanmaq bilmədən doğurlar. Çox iyrəncdir. Düşünəndə ki, mən də… Aman Ford, Aman Ford! Yenə də Con mənə böyük təsəlli oldu. Hətta o, körpə olanda da. Bir dəfə (ancaq onda bir az böyümüşdü) sadəcə arada bir onlarla birlikdə olduğuma görə yazıq Vayhusivanı – yoxsa Popenimi öldürmək istəmişdi? Çünki ona mədəni insanların belə davranmamalı olduğunu başa sala bilmədim. Görünür dəlilik keçicidir. Hər halda bu Cona hindilərdən keçib. Onunla heyvan kimi davranıb digər uşaqların etdiyi şeyləri onun etməyinə icazə vermirdilər, baxmayaraq onların arasında böyüyüb. Bu isə bir tərəfdən yaxşı oldu, çünki onu bir az da olsa tərbiyələndirməyimi asanlaşdırdı. Ancaq təsəvvür edə bilməzsən ki, bu necə çətindir. İnsanın bilmədiyi o qədər çox şey var ki; məndən bilməyim tələb olunmayan şeylər. Yəni bir uşaq səndən helikopterin necə uçduğunu, ya da dünyanı kimin yaratdığını soruşsa və sən bir betasansa və həmişə dölləndirmə otağında işləmisənsə ona nə cavab verəsən?


*Meskal və peyotl – kaktuslar fəsiləsinə aid alçaqboylu bitkilər, tibbdə spazma əleyhinə istifadə olunur; Meksika hindiləri kefləndirici içki kimi istifadə edir. Maraqlıdır ki, bu içkilərin təsirini özü sınamış və bu barədə elmi əsər də yazmışdır.

*Maltusçuluq – cəmiyyətin iqtisadi durumunu, yoxsulluğun səbəbini ictimai səbəblərlə deyil, əhalinin sürətlə artması ilə izah edən iqtisadi nəzəriyyə; ingilis iqtisadçısı keşiş Maltusun adından götürülmüşdür.

*Streptokok – irinli iltihabları törədən girdə bakteriya.

Davamıhttps://klv.az/2023/09/04/oldos-haksli-c%c9%99sur-yeni-dunya-15/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Simvolik üçbucağın tamamlanması

Ça Avq 29 , 2023
Tofiq Həsənlinin yeni kitabının adı şüurumda nədənsə Don Kixotun Yel dəyirmanı ilə vuruşunu assosasiya edir: “Polad qalxanlara qələm çırpıram”. Adama deyərlər, neylədin, şair, nəticəsi oldumu? Heç olmasa, qələminiz qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu qəddar savaşda polad qalxanların bumbuz üzündə xırda bir cızıq sala bildimi?! Cavabım hazırdır. Amma yox, qoy qalsın növbəti görüşümüzə, […]