Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/08/14/oldos-haksli-c%c9%99sur-yeni-dunya-12/

(davamı)

YEDDİNCİ HİSSƏ

Dik kənarlı yayla açıq qonur rəngli toz boğazda küləksizliyə tərpənməyən gəmini xatırladırdı. Kanal dik sahillər arasında dolanır, çay ətrafındakı çölləri ilə birlikdə yaşıl bir zolaq kimi vadi boyunca uzanırdı. Boğazın mərkəzindəki bu daş gəminin burnunda onun bir hissəsi kimi görünən çılpaq qayanın biçimli və geometrik çıxıntısı, hindi kəndi Malpais yerləşirdi. Köhnə evlər bir-birinin üzərində olmaqla hər bir mərtəbə altındakından balaca idi, hündür evlər pilləkənli və başı kəsilmiş piramidalar kimi göyə ucalırdı. Onların dibində dağınıq, alçaq tikililər, bir-birinə girmiş divarlar var idi; üç tərəfdə uçurumlar dərəyə düşürdü. Bir neçə tüstü spiralı küləksiz havaya qarışaraq əriyib yox olurdu.

– Qəribədir, – Lenina dedi. – Çox qəribədir. “Qəribə” Leninanın ittihamedici sözü idi.

– Buralar xoşuma gəlmir. Bu adam da xoşuma gəlmir, – deyə onları kəndə aparacaq.

Bələdçinin də eyni hissi keçirdiyi aşkar idi; irəlidə gedən hindinin hətta kürəyindən də düşmənçilik və həqarət yağırdı.

– Hələ üstəlik, – deyə Lenina səsini qısaraq, – iy verir, – dedi.

Bernard bu faktı inkar etmədi. Yollarına davam etdilər.

Birdən hava canlandı və sanki yorulmaq bilməyən ürəyin hərəkəti ilə nəbz kimi vurmağa başladı. Yuxarıda Malpaisdə təbillər çalınırdı. Onlar bu sirli ürəyin ritminə qapılaraq addımlarını yeyinlətdilər. Nəhəng yayla gəmisinin dik kənarları onların üzərində yüz metrə qədər yüksəlirdi.

– Kaş helikopter burada olaydı, – Lenina peşmanlıqla dırmaşmalarını gözləyən çılpaq qayanın səthinə baxaraq dedi. Yeriməkdən zəhləm gedir. Təpənin dibində dayananda insan özünü balaca hiss edir.

Bir müddət yaylanın kölgəsi ilə yeridilər, qaya çıxıntısının başına dolandılar və qarşılarında su ilə aşınmış yuxarıya uzanan pilləvarı bir dərə gördülər. Dırmaşmağa başladılar. Pilləkən dərənin bir kənarından digərinə ziqzaq kimi burulan dar bir cığır idi.

Təbillərin səsi bəzən az qala eşidilmir, bəzən isə adama elə gəlirdi ki, səs iki addımlıqdan gəlir.

Yolun yarısına qədər qalxanda bir qartal elə yaxınlıqdan uçdu ki, qanadlarından çıxan sərin külək sifətlərinə vurdu. Qayalardan birinin oyuğunda sümük yığını tökülüb qalmışdı.

Bütün bunlar rahatsız edəcək qədər qəribə idi və hindi get-gedə daha da pis iy verirdi.

Nəhayət, dərədən çıxaraq gözqamaşdıran günəşə qovuşdular. Yayla, qarşılarında yastı daş göyərtə kimi dayanmışdı.

– Çerinq T qülləsinə bənzəyir, – deyə Lenina qeyd etdi.

Ancaq o, bu sakitləşdirici bənzərlikdən çox da zövq ala bilmədi. Astadan gələn ayaq səsini eşidib arxaya çevrildilər. Boyunlarından göbəklərinə qədər çılpaq, tünd-qəhvəyi rəngli bədənlərinə ağ xətlər çəkilmiş (Lenina sonralar bu barədə bəhs edərkən, – asfalt tennis meydançaları kimi, – deyəcəkdi) qırmızı, qara və oxra ilə boyanmış insanlıqdan çıxmış iki hindi cığır boyunca qaçaraq yaxınlaşırdılar. Qara saçlarına tülkü xəzi və xovlu parça hörülmüşdü. Yüngül hinduşka lələklərindən hazırlanmış çiyinliklər çiyinləri üzərində yellənirdi; başlarına qoyduqları hündür tacın lələkləri pırtlaşıq halda göyə ucalmışdı. Yeridikcə gümüş bilərzikləri, bənövşəyi muncuqları və ağır sümük boyunbağıları cingildəyirdi. Ayaqlarına maral dərisindən olan mokasinlər, bir söz söyləmədən qaçaraq yaxınlaşırdılar. Onlardan biri əlində lələk fırça, o birisi isə hər iki əlində uzaqdan qalın ipə oxşayan üç-dörd dənə nə isə tutmuşdu. İplərdən biri qıvrılıb açıldı və Lenina birdən onların ilan olduğunu anladı.

Onlar get-gedə yaxınlaşırdılar; qara gözləri Leninaya baxır, ancaq üzlərində heç bir tanıma əlaməti yox idi, sanki o heç yox idi və onu görmürdülər. Qıvrılıb açılan ilan digərləri kimi sakitcə sallandı. Hindilər yanlarından ötüb keçdilər.

– Bura xoşuma gəlmir, – Lenina dedi – Xoşuma gəlmir.

Onun daha çox xoşuna gəlməyən isə yaylanın girişində onları gözləyən hadisə idi, hindi onları orada qoyub özü qonaqlar barədə məlumat verməyə getdi. Onları ilk qarşılayan palçıq, zibil qalaqları, toz, itlər və milçəklər oldu. Lenina iyrənərək sifətini qırışdırdı. Dəsmalının burnuna tutdu.

– Burada necə yaşayırlar? – gördüklərinə inana bilməyərək hiddətlə ucadan dedi. (Burada yaşamaq mümkün deyildi.)

Bernard filosofcasına çiyinlərini çəkdi. Hər halda beş-altı min ildir ki, belə yaşayırlar. Yəqin indiyə kimi öyrəşiblər.

– Ancaq təmizlik, Forda imandan gəlir, – deyə Lenina təkid etdi.

– Bəli, sterilizasiya* sivilizasiya deməkdir – deyə Bernard gigiyenaya giriş üzrə ikinci hipnopedik dərsinin son cümləsindən istehza ilə sitat gətirdi. Ancaq bu insanlar Fordumuzdan xəbərsizdirlər və onlar mədəni deyillər. Ona görə mənası yoxdur ki, …

– Oy! – deyə Lenina onun qolundan yapışdı.

– Bax.

Qonşu evin birinci mərtəbədəki terrasından az qala çılpaq bir hindi divara söykənmiş bir nərdivandan ağır-ağır düşürdü – pillələri ahıl qocalığın titrək ehtiyatlılığı ilə enirdi. Sifəti obsidian* maskası kimi qırış-qırış və qara idi. Dişsiz ağzı içəri batmışdı. Dodaqlarının qıraqlarında və çənəsinin hər iki tərəfində bir neçə uzun tük, qara bədənində demək olar ki, ağ görünürdü. Uzun, hörülməmiş çal saçları çininə və sinəsinə tökülürdü. Beli bükülmüş, dərisi sümüklərinə yapışmışdı. Çox ağır addımlarla, hər pillədə sonrakına addım atmadan əvvəl ara verərək endi.

– Bu adama nə olub belə? – deyə Lenina dəhşət və təəccübdən gözləri bərəlmiş halda pıçıldadı.

– Sadəcə qocalıb, – deyə Bernard tam etinasızlıqla cavab verdi. O da sarsılmışdı, ancaq özünü sıxaraq bunu büruzə verməməyə çalışırdı.

– Qocalıb? – deyə Lenina təkrar etdi. Axı Müdir də qocadır, bir çox insanlar qocadır, amma onlar belə deyil.

– Ona görə ki, bu vəziyyətə düşmələrinə imkan vermirik. Onları xəstəliklərdən qoruyuruq. Daxili ifrazat vəzilərini süni olaraq tarazlaşdırıb gənclik səviyyəsində saxlayırıq. Maqnezium-kalsium səviyyəsinin otuz yaşda olduğundan aşağı düşməsinə imkan vermirik. Onlara gənc qan köçürürük. Maddələr mübadiləsinin daima stimullaşdırırıq. Ona görə də, əlbəttə ki, belə görünmürlər. Qismən də, – deyə əlavə elədi, – ona görə ki, onların əksəriyyəti bu qoca məxluqun yaşına gəlib çatmazdan çox əvvəl ölür. Onlarda gənclik demək olar ki, altmış yaşa qədər davam edir, sonra da xırp! – və son.

Ancaq Lenina dinləmirdi. O, qocaya baxırdı. Qoca ağır-ağır endi. Ayaqları axır ki, torpağa toxundu. Çöndü. Çuxura düşmüş gözləri hələ də qeyri-adi şəkildə parıldayırdı. Gözləri, sanki Lenina heç orada yoxmuş kimi uzun müddət ifadəsiz və təəccübsüz ona baxdı. Sonra da səntirləyə-səntirləyə yanlarında keçib getdi.

– Axı bu dəhşətdir, – deyə Lenina pıçıldadı. Həm dəhşətlidir, həm də qorxulu. Gərək bura gəlməyəydik, – dedi.

Əlini cibində salıb soma axtardı, ancaq diqqətsizlik edib şüşəni istirahət evində qoyduğunu aşkar elədi. Bernardın da cibləri boş idi.

Lenina Malpaisin dəhşətlərini ayıq başla qarşılamaq məcburiyyətində qaldı. Dəhşətlər isə bitmək tükənmək bilmədən bir-birinin ardınca gəlirdi. Körpələrini əmizdirən iki gənc qadını görəndə qızarıb üzünü yana çevirdi. Ömründə belə ədəbsizlik görməmişdi. Hələ bu azmış kimi, Bernard ədəblə buna əhəmiyyət verməmək əvəzinə diridoğanların həyatının bir hissəsi olan bu iyrənc mənzərə barədə öz rəyini bildirdi.

Somanın təsiri keçib getdiyindən səhər mehmanxanada nümayiş etdirdiyi zəifliyə görə utanan Bernard özünü güclü və qeyri-adi göstərmək üçün əlindən gələni edirdi.

Ədəb qaydalarını qəsdən pozaraq dedi:

– Necə də gözəl və isti münasibətdir. Nə qədər güclü bir hiss yaratmış olmalıdır! Çox vaxt düşünürəm ki, insan anasız olmaqla nə isə itirə bilər. Lenina, bəlkə sən də ana olmamaqla nə isə itirmişsən. Bax, təsəvvür elə ki, sən orada öz körpənlə əyləşmişsən…

-Bernard! Utanmırsan?!

Bu dəmdə göz iltihabı və dəri xəstəliyi olan yaşlı bir qadın yanlarından keçdi və Lenina hiddətlənməyə ara verdi.

– Gedək burdan, – deyə Lenina yalvardı. – Bura mənim heç xoşuma gəlmir.

Ancaq bu vaxt bələdçi qayıtdı və onun dalınca gəlməyi işarə edərək evlərin arasındakı dar bir küçəyə ilə apardı. Tindən döndülər. Ölü bir it zibil yığınının üstündə yıxılıb qalmışdı; uru olan bir qadın kiçik bir qızın saçında bit axtarırdı. Bələdçi divara söykənmiş bir nərdivanın altında dayandı, əlini əvvəlcə yuxarı sonra isə irəli uzatdı. Bələdçinin səssiz verdiyi əmrləri yerinə yetirdilər – nərdivanla yuxarı qalxıb uzun ensiz bir otaqdan keçdilər. Otaq çox qaranlıq idi və oradan tüstü, yanmış yağ, nimdaş və çirkli paltar iyi gəlirdi. Otağın o biri başında giriş var idi, oradan içəriyə günəş işığı düşür və təbillərin səsi gəlirdi.

Kandardan içəri keçdilər və geniş bir terrasda peyda oldular. Aşağıda hündür evlərlə əhatə olunmuş və hindilərlə dolu kənd meydanı idi. Parlaq çiyinliklər, qara saçlardakı lələklər, firuzənin parıltısı və günəşdə yanmaqdan parıldayan dərilər. Lenina yenə dəsmalını burnuna tutdu. Meydanın mərkəzindəki açıqlıqda hörmə divar və ayaqla əzilmiş gildən düzəldilmiş iki dəyirmi platforma var idi – göründüyü kimi yeraltı otaqların damı idi, çünki hər platformanın ortasında bir lyuk var idi və aşağıdakı qaranlıqdan yüksələn nərdivanların ucları görünürdü. Yerin altından fleyta səsləri gəlirdi və təbillərin amansız və bitmək bilməyən gumbultusunda demək olar ki, güclə eşidilirdi.

Təbillər Leninanın xoşuna gəlmişdi. Gözlərini yumaraq özünü təbillərin asta, təkrarlanan gurultusuna təslim etdi və sonda dünyada bu asta nəbz vurmasından başqa bir şey qalmayanadək düşüncəsinə hakim kəsilməyə imkan verdi. Təbillər Leninaya sakitləşdirici bir şəkildə həmrəylik ibadətini və Ford günü bayramlarında çalınan sintetik musiqini xatırladırdı. “Eyşi-işrət” – deyə öz-özünə pıçıldadı. Bu təbillərin də ritmləri eyni idi.

Anidən partlayan musiqi onları diksindirdi – yüzlərlə kişi yoğun səslə metallik musiqi oxuyan bir xor kimi qışqırırdı. Bir neçə uzun not və səssizlik çökdü, təbillərin göy gurultusuna oxşar səssizliyi; sonra zil uğultulu bir çığırtı ilə qadınlar cavab verdilər. Sonra yenidən təbillər və bir daha kişilərin kişiliklərini göstərən dərin və vəhşi qışqırtıları.

– Qəribədir. Bəli, bura da, musiqi də, geyimlər də, ur da, dəri xəstəlikləri də, qocalar da qəribə idi. Ancaq bu xor ifasında elə də qəribə bir şey yox idi.

– Bu mənə aşağı kastaların Birlik ilahilərini xatırlatdı, – Lenina Bernarda dedi.

Ancaq bir az sonra gördükləri o zərərsiz ibadəti heç də xatırlatmırdı, çünki birdən yerin altındakı dəyirmi otaqlardan bir dəstə vahiməli bədheybət çıxdı. İyrənc maskalar taxmış ya da boyanaraq insanlıqdan çıxmış bu məxluqlar meydanın ətrafında yalın ayaqlarını yerə döyərək axsaya-axsaya qəribə bir rəqs etməyə başladılar; meydan ətrafında mahnı oxuyaraq təkrar-təkrar dairə vururdular və hər dəfə dairə vurduqca mahnı get-gedə sürətlənirdi; təbillər ritmi elə sürətləndirdi ki, qızdırma vaxtı qulaqlarda vuran nəbzə çevrildi. Kütlə də rəqs edənlərlə birlikdə mahnı oxuyur və səsləri getdikcə yüksəlirdi; əvvəl bir qadın qulaqbatırıcı səslə çığırdı, sonra digərləri də bir-bir ona qoşuldu, sanki onlara işgəncə verirdilər, sonra birdən baş rəqqas dairədən çıxıb böyük ağac sandığa doğru qaçdı, qapağını qaldırdı və içindən bir cüt qara ilan çıxardı.

Kütlədən böyük bir fəryad qopdu və digər rəqs edənlərin hamısı əllərini uzadaraq ona tərəf qaçdılar. İlanları ilk çatanlara atdı və daha çox ilan çıxarmaq üçün əlini yenidən sandığa saldı. Yeni-yeni ilanlar – qara, qəhvəyi, qarışıq rəngli ilanlar çıxarıb atdı. Sonra rəqs fərqli bir ritmdə yenidən başladı. Onlar əllərində ilanlar, dizlərini və ombalarını dalğavari hərəkət etdirərək dövrə vurmağa başladılar. Dayanmadan fırlanırdılar. Sonra baş rəqqasın işarəsi ilə bir-birinin ardınca bütün ilanlar meydanın ortasına atıldı; yerin altından yaşlı bir adam çıxdı və ilanların üzərinə qarğıdalı unu səpdi, digər lyukdan çıxan qadın isə qara dolçadan ilanların üzərinə su çilədi. Sonra yaşlı adam əlini qaldırdı və araya qorxunc və diksindirici bir sakitik çökdü. Təbillər susdu, sanki həyat dayanmışdı. Yaşlı adam yeraltı dünyaya açılan iki lyuku göstərdi. Lyukların birindən yuxarıdan kim tərəfindən qaldırılması görünməyən bir qartal şəkli, digərindən isə çılpaq və çarmıxa mismarlanmış bir adam şəkli peyda oldu. Özbaşına havada durubmuş və kütləni izləyirmişlər kimi havada asılı qaldılar. Yaşlı adam əl çaldı. Kütlənin arasından belinə bürünmüş ağ pambıq parçadan savayı əynində heç nə olmayan on səkkiz yaşlarında bir gənc çıxaraq əllərini sinəsində çarpazlaşdırmış, başını aşağı əymiş halda yaşlı adamın qarşısında dayandı. Yaşlı adam onun üzərində xaç vurdu və uzaqlaşdı. Oğlan qıvrılıb açılan ilan komasının ətrafında asta addımlarla yeriməyə başladı. Birinci dövrəni vurub ikinci dövrəyə başlamışdı ki, rəqs edənlərin arasından qurd maskası taxmış, əlində hörülmüş dəridən bir qamçı tutan hündür boylu bir adam çıxdı və oğlana tərəf irəlilədi. Oğlan, sanki onun varlığından xəbərsizmiş kimi yeriməyə davam elədi. Qurd adam qamçısını qaldırdı; uzun bir gözləmə anı keçdi, sonra ani bir hərəkət oldu və qamçının vıyıltısı və bədənə dəydikdə çıxardığı yüksək səs eşidildi. Oğlanın bədəni titrədi, ancaq səs çıxartmadı, eyni asta və sabit addımlarla yeriməyinə davam elədi. Qurd təkrar-təkrar vurdu, kütlə hər zərbədə əvvəlcə ah çəkir, sonra isə dərin səslə inildəyirdi. Oğlan yeriməyə davam elədi. İki, üç, dörd dövrə vurdu. Qan bədənindən aşağı süzülürdü. Beş dövrə vurdu, altı dövrə vurdu. Birdən Lenina əlləri ilə üzünü örtdü və ağlamağa başladı.

– Ah, dayandır onları, onları dayandır! – deyə yalvardı.


*Sterilizasiya – mikrobsuzlaşdırma

*Obsidian – tutqun şüşəyə oxşayan vulkanik mineral

Davamı: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/08/28/oldos-haksli-c%c9%99sur-yeni-dunya-14/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Günün şeiri. Qanun kasıbların qənimidir

Ça Avq 22 , 2023
*** Qanun kasıbın qənimidir, həmişə bir bəhanə tapıb qandallayır əlini…   Ürəyində Allah xofu varsa, bir addım geridəsən ölkədən, yəni heç nədən səni güdaza verəcək Tanrın, səni arada qoyacaq sevdiyin, səni adam yerinə qoymayacaq adam bildiklərin…   Biləndə ki, həyat heç nəyin hesabını saxlamır birində, əl-qolu bağlanır, bəri başdan sinəsi […]