Əvvəli: https://klv.az/2023/07/31/oldos-haksli-c%c9%99sur-yeni-dunya-10/
(davamı)
ALTINCI HİSSƏ
1
Leninada Bernardın qəribə, həqiqətən də çox qəribə olması barədə fikir formalaşmışdı. Elə qəribə idi ki, sonrakı həftələrdə Lenina bir neçə dəfə Nyu Meksika tətili barədə fikrini dəyişdirib Benito Huver ilə Şimal qütbünə getməyin daha yaxşı olduğu barədə düşündü. Ancaq Şimal qütbündə Corc Edzel ilə keçən yay olmuşdu və oralar ona darıxdırıcı gəlmişdi. Əylənməyə bir şey yox, mehmanxana isə nuh əyyamından qalma idi – yataq otaqlarında televizor, xoş ətir cihazı yox idi, kiflənmiş sintetik musiqi və iki yüzdən çox istirahətçi üçün vur-tut iyirimi beş eskalatorlu tennis meydançası var idi. Xeyr, şimal qütbünü bir daha qətiyyən görmək istəmirdi. Üstəlik bu vaxta kimi Amerikada cəmi bir dəfə olmuşdu. Özü də çox qısa müddətə – həftə sonu iki gün. Nyu Yorka ucuz bir ekskursiya Jan Jak Həbibulla ilə, ya da Con Bokanovski ilə getmişdi? Yadına sala bilmirdi. Onsuzda bunun indi heç bir əhəmiyyəti yox idi. Yenidən qərbə uçmaq, özü də bir həftəliyə uçmaq imkanı çox cəlbedici idi. Bundan başqa həftənin ən azı üç gününü vəhşi rezervasiyalarında qalacaqdılar. Mərkəzdən cəmi beş-altı nəfər vəhşi rezervasiyalarında olmuşdu. Bernard bir alfa plyus psixoloq kimi rezervasiyaya giriş icazəsi olan Leninanın tanıdığı çox az sayda insandan biri idi. Bu, Lenina üçün hər vaxt ələ düşməyən bir fürsət idi. Ancaq Bernardın qəribəliyi də elə az tapılan, nadir idi ki, onu qəbul etməyə tərəddüd etmiş, hətta risk edib tüklü Benito ilə yenidən şimal qütbünə getməyi də düşünmüşdü. Ən azı Benito normal idi. Bernard isə…
Fanni onun bütün qəribəliklərinin bir şeylə – süni qanına alkoqolun əlavə edilməsi ilə izah edirdi. Ancaq Lenina bir axşam Henri ilə yataqda olarkən, narahatlıqla yeni məşuqundan bəhs etmişdi və Henri yazıq Bernardı kərgədan ilə müqayisə etmişdi.
– Kərgədanı əhliləşdirmək mümkün deyil, – deyə Henri öz lakonik və enerjili üslubunda açıqlamışdı. – Bəzi insanlar kərgədana bənzəyir, tərbiyələndirmək mümkün deyil. Zavallılar! Bernard da onlardan biridir. Bəxti gətirib ki, öz işini yaxşı bacarır, yoxsa Müdir onu burda bir saniyə də saxlamazdı. Ancaq – deyə təsəlliverici bir tərzdə əlavə etdi, – məncə o, zərər yetirən deyil.
Ola bilsin ki, zərər yetirən deyil, ancaq olduqca narahatedicidir. Elə götürək onun hər şeyi cəmiyyətdən ayrı etmək vərdişini ki, bu elə, əslində heç nə etməmək deməkdir. Axı cəmiyyətdən ayrı nə etmək olar ki? (Əlbəttə ki, kimsə ilə yatmaq istisna olmaq şərti ilə, ancaq həmişə də yatmaq olmaz axı) Daha orada nə qalır ki? Çox az şey. İlk dəfə görüşməyə çıxdıqları gün çox yaxşı keçmişdi. Lenina Toki* çimərlik klubunda üzməyi, sonra da “Oksford Yunion” da şam etməyi təklif etmişdi. Ancaq Bernard oralarda qələbəlik olacağını düşündü.
– Elə isə Sent Endryusda* elektromaqnit qolf oynayaq.
Ancaq Bernarda yenə də etiraz eləmədi. Bernard elektromaqnit qolf oynamağın vaxt itkisi olduğunu düşündü.
– Onda vaxt nəyə lazımdır ki? – deyə Lenina təəccüblə, soruşdu.
Göllər bölgəsində* gəzinti üçün lazım imiş, çünki Bernardın təklifi bu idi. Sikiddo dağının təpəsinə enib süpürgə kolu bitən ərazilərdə bir neçə saat gəzişmək.
– Səninlə baş-başa, Lenina.
– Bernard, axı bütün gecə baş-başa olacağıq.
Bernard qızardı və üzünü yana çevirdi.
– Söhbət etmək üçün baş-başa qalmağı nəzərdə tuturdum, – deyə mızıldandı.
– Söhbət eləmək? Nə barədə? Günortanı gəzmək və söhbət etməklə keçirmək ona qəribə görünürdü.
Bernard nə qədər inad etsə də sonda onu Amsterdama uçub ağır çəkili qadın güləşçilər arasında çempionatın dördə bir final oyunlarına baxmağı razı saldı.
– Yenə qələbəliyə, – deyə deyindi. Həmişə qələbəliyin içindəyik.
Bütün günü qaşqabaq tökdü; güləş qarşılaşmalarındakı fasilə ərzində soma dondurması verilən barda qarşılaşdıqları Leninanın çoxsaylı dostları ilə danışmadı və qüssəsinə baxmayaraq Leninanın israrla təklif etdiyi yarım-qramlıq qaymaqlı çiyələk dondurmasını götürmədi.
– Özüm olmağa üstünlük verirəm, – dedi. Başqası olub şən olmaqdansa, dilxor olsam da, özüm olum.
– Vaxtında qəbul edilən bir qram soma sonradan qəbul edilən doqquz qramdan daha yaxşıdır, – deyə Lenina yuxuda qazandığı parlaq bilik xəzinəsini nümayiş etdirdi.
Bernard hövsələsiz şəkildə ona uzanan stəkanı geri itələdi.
– Yaxşı əsəbiləşmə, – Lenina dedi. Unutma ki, bir kub santimetr min bəlanın əlacıdır.
– Ah Ford xatirinə, sus! – deyə çığırdı.
Lenina çiyinlərini çəkdi.
– Yaxşıdır bir qram soma, nəinki lənət oxuma, – deyə etiraz etdi və stəkandakını özü içdi.
La Manş üzərindən uçaraq geri qayıdarkən Bernard ön mühərriki söndürüb pərvanələrin hərəkəti ilə dalğalar üzərində otuz metr məsafədə asılı qalmaqda təkid elədi. Hava pisləşməyə başlamışdı; cənub-qərbdən əsən külək güclənmiş, göy üzü buludlarla örtülmüşdü.
– Bax, – amiranə tərzdə dedi.
– Axı qorxuludur, – deyə Lenina pəncərədən geri çəkilərək dedi. Gecənin sürətlə çökən boşluğu, aşağıda qara rəngdə köpüklənən su, təlaşla hərəkət edən buludların arasından görünən ayın solğun bənizi onu vahiməyə salmışdı.
– Radionu qoşaq, – deyə radionu qoşdu.
– “…daxilidə səma mavi, – deyə on altı titrək zil kişi səsi oxuyurdu, – hava daim gözəldir…”
Sonra bir şaqqıltı səsi gəldi və sakitlk çökdü. Bernard radioqəbuledicini keçirdi.
– Dənizi sakitlikdə seyr etmək istəyirəm, – dedi. O baş-qulağı aparan səs-küydə rahat baxmaq da olmur.
– Axı yaxşı oxuyurdular, həm də mən baxmaq istəmirəm.
– Mən isə istəyirəm, – deyə Bernard güzəştə getmək istəmədi. Dəniz məndə elə hisslər yaradır ki… – ara verərək hisslərini ifadə etmək üçün söz axtardı. – Sanki mən daha çox özüm oluram. Büsbütün başqa bir şeyin bir hissəsi olmaqdan çıxaraq daha çox təkbaşına qalıram. Sadəcə ictimai tamın bir hüceyrəsi, hissəciyi olmaqdan qurtuluram. Səndə də belə hisslər yaratmırmı, Lenina?
Ancaq Lenina ağlayırdı.
– Qorxuludur, qorxuludur, – deyə təkrarlayırdı. – İctimai tamın bir hissəsi olmaq istəməməkdən necə bəhs edə bilirsən? Nəhayətdə, hər kəs hamı üçün çalışır.
Hər kəsə ehtiyacımız var. Epsilonlar belə…
– Bəli, bilirəm – deyə Bernard istehza ilə bildirdi. – Epsilonlar belə faydalıdır! Mən də faydalıyam. Kaş ki, olmayaydım!
Lenina onun küfründən sarsılmışdı.
– Bernard! – deyərək çaşqınlıq və iztirab dolu bir sələ onu qınadı. – Necə cəsarət edirsən?
– Necə cəsarət edirəm? – deyə fərqli tonla və dalğın halda təkrar etdi. – Xeyr, soruşmaq lazımdır ki, “Necə cəsarət etmirəm? ” – ya da, daha doğrusu, niyə cəsarət etmədiyimi gözəl bilirəm, bəs bacara bilsəydim, azad olsaydım, tərbiyələndirmənin qulu olmasaydım, onda necə?
– Bernard, sən çox qorxulu sözləri söyləyirsən.
– Məgər sən azad olmaq istəməzdin?
– Nə demək istədiyini anlamıram. Mən azadam. Vaxtımı gözəl keçirmək, əylənməkdə azadam. İndi hamı xoşbəxtdir.
– Bəli, – deyə Bernard güldü, – İndi hamı xoşbəxtdir. Bunu beş yaşından uşaqların beyninə yeridirik. Ancaq başqa bir şəkildə azad olmaq istəməzdinmi, Lenina? Başqaları kimi yox, öz istədiyin kimi.
– Nə demək istədiyini anlamıram – təkrar etdi. Sonra da ona tərəf çönərək, -Bernard, gəl geri qayıdaq! – deyə yalvardı. – Buradan zəhləm gedir.
– Mənimlə olmaq xoşuna gəlmir?
– Bernard, əlbəttə ki, xoşuma gəlir! Amma bu qorxulu yerdə yox.
– Burada… burada daha çox baş-başa olacağımızı düşünmüşdüm – biz, dəniz və ay. Kütlənin içində və hətta mənim evimdə olduğundan daha yaxın. Bunu anlamırsanmı?
– Heç nə anlamıram, – dedi tamamilə anlamaz halda qalmaqda qərarlı idi. Heç nə, ən çox anlamadığım isə, – deyə fərqli bir tonla davam elədi, – bu qorxunc düşüncələrə qapıldıqda niyə soma qəbul etməməyindir? Onları dərhal unudarsan. İztirab çəkməkdənsə şənlənərsən. Elə şən olarsan ki, – deyə gülümsədi, gözlərindəki çaşqınlıq və narahatlığa baxmayaraq gülüşünü cəlbedici və məftunedici etməyə çalışdı.
Səssizcə və ciddiyyətlə qıza baxdı – dediyi sözlərə reaksiya vermədən diqqətlə baxdı. Bir neçə saniyə sonra Lenina gözlərini qaçırdı, sıxıntısını gizlətmək üçün güldü, deməyə söz tapmağa çalışdı, ancaq tapmadı. Səssizlik bir az da uzandı.
Sonda Bernard zəif və yorğun səslə dedi:
– Yaxşı, – dedi, – elə isə, qayıdaq. – Sürət linginə basaraq maşını raket kimi səmaya qaldırdı. Əqrəb dörd minin üstündə dayananda mühərriki işə saldı. Bir-iki dəqiqə səssiz uçdular. Sonra Bernard birdən gülməyə başladı. “Qəribədə də olsa, ” – deyə Lenina düşündü, – “hər halda güldü. ”
– Kefin yaxşıdırmı? – deyə cəsarət edib soruşdu.
Buna cavab olaraq əlini sükandan çəkdi və onu qucaqlayaraq sinəsini oxşadı.
“Forda şükür, ” – deyə Lenina düşündü, – “yenidən normal vəziyyətə qayıtdı.”
Yarım saat sonra Bernardın mənzilinə qayıtdılar. Bernard bir udumda dörd soma həb qəbul etdi, radio və televiziyanı işə saldı və soyunmağa başladı.
– Hə, dünən gecə əyləncəli oldumu? – deyə Lenina ertəsi gün günorta damda görüşdükdə cilvə ilə soruşdu.
Bernard başı ilə təsdiq etdi. Təyyarəyə mindilər. Təyyarə titrəyib havaya qalxdı.
– Hamı mənim çox dolu bir qadın olduğumu söyləyir, – Lenina düşüncəli bir şəkildə budlarına vuraraq, – dedi.
– Dəhşət, – deyə Bernard təsdiqlədi. Amma Bernardın gözlərində acı dolu bir ifadə var idi. “Ət parçası kimi, ”- deyə düşündü.
– Mənim həddindən artıq dolu olduğumu düşünmürsən, elə deyilmi? – Lenina müəyyən narahatlıqla ona baxaraq, soruşdu.
Bernard başını yırğaladı. (“Bir yığın ət…”)
– Səncə məndə hər şey qaydasındadır.
Başı ilə təsdiqlədi.
– Hər cəhətdən?
– Hər cəhətdən mükəmməlsən, – deyə ucadan dedi və ürəyində, – “Özü barəsində belə düşünür. Ət parçası olmağından xəbəri yoxdur” – dedi.
Lenina zəfər hissi ilə gülümsədi. Ancaq sonradan məlum olduğu kimi vaxtından əvvəl sevinmişdi.
– Hələ də, – deyə Bernard qısa bir aradan davam elədi, – hər şeyin başqa cür bitməsini istərdim.
– Başqa cür? Başqa cür də olur?
– Çarpayıda bitməsini istəməzdim, – deyə açıqladı.
Lenina təəccüblənmişdi.
– Dərhal, ilk gündəcə olmasın.
– Bəs onda nə…?
Bir sıra anlaşılmaz və təhlükəli cəfəngiyatdan danışmağa başladı. Lenina sözlərin beyninə işəməsinin qarşısını almaq məqsədilə qulaqlarını tıxamaq üçün əlindən gələni edirdi, amma aradabir bəzi ifadələr beyninə gedib çatırdı.
-…istək və həvəslərimi zəncirləməyin təsirini sınamaq… – dediyini eşitdi.
Sanki sözlər beynindəki hansısa yayı hərəkətə gətirmişdi.
– Bu günün kefini sabaha saxlama, – Lenina ciddi bir ifadə ilə dedi.
– On dörd yaşımdan on altı yaş yaşıma qədər cəmi iki yüz dəfə təkrar, – Bernard cavabında dedi. Öz ağılsız söhbətini davam etdi. Lenina onun, – ehtirasın nə olduğun bilmək istəyirəm, – dediyini eşitdi. – Güclü bir hiss yaşamaq istəyirəm.
– Fərdlər qapılsa hissə, cəmiyyətin dayaqları əsər, – Lenina dedi.
– Niyə də bir az əsməsin?
– Bernard!
Ancaq Bernardı susdurmaq mümkün deyildi.
– İntellektual baxımdan və iş saatları ərzində yetkinik, – deyə davam edərək, – duyğu və arzulara gəldikdə isə uşaq kimi davranırıq, – dedi.
– Fordumuz uşaqları sevərdi.
Sözünün kəsilməyinə fikir vermədi:
– Bu yaxın günlərdə ağlıma gəldi, – deyə Bernard sözünə davam elədi, – hər zaman yetkin olmaq olar.
– Anlamıram, – Lenina kəskin səs tonu ilə dedi.
– Anlamadığını bilirəm. Elə buna görə də dünən yetkinlər kimi gözləmək əvəzinə uşaqlar kimi yatağa girdik. – Amma əyləncəli idi, – deyə Lenina təkid etdi. – Elə deyilmi?
– Oh, əyləncələrin ən böyüyü, – elə kədərli və dərin iztirablı bir səslə dedi ki, Lenina bütün zəfərinin anidən əriyib getdiyini hiss etdi.
“Bəlkə də, hər şeyə rəğmən, ona dolu görsənmişəm”.
Lenina gəlib sirlərini bölüşdükdə Fanninin dediyi tək şey, – sənə demişdim, – oldu.
– Süni qanına qatdıqları alkoqola görədir.
– Bununla belə, o mənim xoşuma gəlir, – deyə israr edən Lenina dedi. – Elə gözəl və incə əlləri var ki və çiyinlərini hərəkət etdirməsi çox cəlbedicidir. – Ah çəkdi. – Amma kaş ki, bu qədər qəribə olmayaydı.
*Toki – İngiltərənin sahilində şəhər.
*Sent Endryus – Şotlandiyanın şərq sahilində şəhər.
*Göllər bölgəsi – İngiltərənin şimal-qərbində dağlardan və göllərdən ibarət mənzərəli ərazi. Burada məşhur romantik şairlər U.Vordsvod, S.Koldric, R.Sauti yaşamış və öz əsərlərində bu ərazini tərənnüm etmişlər
Tərcümə edən: Xaqani Cavadoğlu