Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/07/24/oldos-haksli-c%c9%99sur-yeni-dunya-9/

  (davamı)

BEŞİNCİ HİSSƏ

        1

         Saat səkkizdə hava qaralırdı. Stouk Pocis klubunun binasının qülləsindəki ruporlardan insana xas tenor səsdən daha qalın bir səslə qolf meydançalarının bağlanmasını elan etməyə başladılar. Lenina və Henri oyunlarını bitirib klub binasına doğru getdilər. Daxili və Xarici Sekresiya Trestinin sahəsindən hormon və süd ilə Farnam Royaldakı böyük fabriki xammalla təchiz edən minlərlə mal-qaranın böyürtüsü eşidildi.

Helikopterlərin uğultusu alatoranlığa qarışdı. Hər iki dəqiqə yarımdan bir aşağı kasta qolfçularını müxtəlif oyun sahələrindən paytaxta gətirən təkreysli elektrik qatarının yola düşməsini bildirən zəng və fit səslənirdi.

Lenina və Henri maşınlarına oturub havaya qalxdılar. Səkkiz yüz metr yüksəklikdə Henri pərlərin sürətini azaltdı və bir-iki dəqiqə ərzində qaralmaqda olan mənzərənin üzərində asılı vəziyyətdə qaldılar. Bornham Biçiz meşəsi qaranlıq bir hovuz kimi qərbə, parlaq səmalı sahilə doğru uzanırdı. Orada, üfüqdə qürubun son zolağı qızarır, yuxarıda səma narıncdan sarı, daha yuxarıya doğru isə açıq yaşıl rəng alırdı. Qərbə doğru ağacların üzərində Daxili və Xarici Sekresiya fabriki, iyirmi mərtəbədəki hər pəncərədən əks olunan parlaq elektrik işığı ilə gözqamaşdırıcı şəkildə parıldayırdı. Aşağıda Qolf Klubunun binaları, aşağı kastalara aid nəhəng baraklar, ayırıcı divarın o biri tərəfində isə alfa və beta üzvlər üçün kiçik evlər var idi. Aşağı kastalar qara qarışqa sürüləri kimi qaynaşa-qaynaşa təkreysli stansiyaya yaxınlaşırdılar. Şüşə qübbənin altından işıqları yanan qatar açıqlığa çıxıb yola düşdü. Baxışları ilə qatarı cənub-şərqə doğru yola saldıqdan sonra nəzərləri Slou krematorisinin böyük binalarına yönəldi. Gecə uçan təyyarələrin təhlükəsizliyi üçün dörd ədəd hündür bacaları projektorlarla işıqlandırılmış yuxarıda isə xəbərdaredici işıqlar quraşdırılmışdı. Bu, bir istiqamətverici idi.

– Niyə bacaların ətrafında eyvana bənzər şeylər var? – deyə Lenina soruşdu.

– Fosfor əldə etmək üçün, – deyə Henri qısaca izah etdi. – Qazlar bacadan çıxmazdan əvvəl dörd müxtəlif emal mərhələsindən keçir. Əvvəllər kimisə yandıranda fosfor beş oksid ( P 2 O 5 ) bacadan çıxıb gedərdi. İndi isə doxsan səkkiz faizdən çoxunu tutub saxlayırlar. Hər yetkin cəsəddən bir kilo yarımdan çox. Bu isə təkcə İngiltərədə hər il dörd yüz ton fosfor əldə etməyə imkan verir. Henrinin səsində şadyanalıq və qürur duyulur, o bu nailiyyətə sanki özününkü imiş kimi bütün qəlbi ilə sevinirdi.

– Öldükdən sonra belə bitkilərin böyüməyinə kömək etməklə cəmiyyətə fayda verə biləcəyini düşünmək necə də xoşdur.

Bu arada Lenina gözlərini çevirmiş, aşağıya təkreysli dəmiryolu stansiyasına baxırdı.

– Xoşdur, – deyə Henrinin fikri ilə razılaşdı. Amma alfa və betaların aşağıdakı bu pis qamma, delta və epsilonlardan daha çox bitkinin inkişafına səbəb olmaması qəribədir.

– Bütün insanlar fiziki-kimyəvi cəhətdən bərabərdirlər, – deyə Henri nəsihətamiz şəkildə bildirdi. – Üstəlik epsilonlar belə çox vacib xidmətlər yerinə yetirir.

“Epsilon belə…”- Lenina qəfildən məktəbdə balaca qız olanda, gecənin bir vaxtı oyanıb, yuxularında ona rahatlıq verməyən pıçıltının ilk dəfə fərqinə varmışdı. Ay işığını, ağ çarpayılarının cərgəsini yenə gördü, “Hamı hamı üçün çalışır. Hər kəsə ehtiyacımız var. Epsilonlar belə faydalıdır. Epsilonlarsız keçinə bilmərik. Hər kəs hamı üçün çalışır…” – deyən mülayim səsi eşitdi. Çoxsaylı gecələr boyu dəfələrlə təkrar edilən sözlər yaddaşına həkk olmuşdu və unudula bilməzdi. Lenina ilk qorxu, sarsıntısını və təəccübünü, oyaq keçirdiyi yarım saat ərzində düşündüklərini, sonra da sonsuz təkrarların təsiri ilə beyninin get-gedə yumşaldığını, oğrun-oğrun sürünərək gələn yuxunu xatırladı…

– Yəqin epsilonlar epsilon olduqlarına görə peşman deyillər, – o ucadan dedi.

– Əlbəttə ki, deyillər. Axı necə ola bilərlər? Başqa birisi olmağın necə olduğunu bilmirlər. Biz əlbəttə ki peşman olardıq. Amma biz başqa cür tərbiyələndirilmişik. Üstəlik irsiyyətimiz də fərqlidir.

– Epsilon olmadığıma görə şadam, – deyə Lenina əminliklə bildirdi.

– Epsilon olsaydın, aldığın tərbiyə sayəsində alfa və ya beta olmadığına görə sevinərdin, – Henri dedi. O, qabaq vinti işə saldı və helikopteri Londona doğru yönəltdi. Arxada, qərbdə qımızı və narıncı şəfəq solurdu, qara bulud topası zenitə doğru sürünürdü. Krematorinin üzərindən uçarkən helikopter bacalardan çıxan isti hava axınına düşərək havaya yüksəldi və yenidən soyuq hava kütləsi ilə rastlaşaraq əvvəlki yüksəkliyinə qayıtdı.

– Necə möhtəşəm sıçrayış idi! – deyə Lenina kefdən qəhqəhə çəkdi.

Amma Henrinin səsinə bir anlığa məyusluq çökdü.

– Bilirsən o nə sıçrayış idi? – deyə soruşdu. Bu son və qəti şəkildə yox olan bir insan idi. İsti qaz axını olub göyə qalxdı. – Qadın, kişi, alfa yoxsa epsilon olduğunu bilmək istərdim…

Ah çəkdi sonra isə qətiyyətli və şən səslə fikrini tamamladı:

– Hər halda, bir şeydən əmin ola bilərik, kim olursa olsun, sağ olarkən xoşbəxt olub. İndi hamı xoşbəxtdir.

– Bəli, indi hamı xoşbəxtdir, – deyə Lenina təkrar elədi. Bu sözlər onlara on iki il ərzində hər gecə yüz əlli dəfə təkrarlanmışdı.

Henrinin Vestminsterdəki qırx mərtəbəli evinin damında endikdən sonra birbaşa yemək otağına getdilər. Orada şən və nəşəli bir dəstə ilə əla bir şam yeməyi yedilər. Kofe ilə birlikdə süfrəyə soma da gətirdilər. Lenina iki ədəd, henri isə üç yarım qramlıq həb qəbul elədi. Ona iyirmi dəqiqə işləmiş küçəni keçib Vestminster Abbatlığına yeni açılmış kabareyə getdilər. Səma demək olar ki açılmışdı buludsuz, aysız və ulduzlu bir gecə idi. Xoşbəxtlikdən, Henri və Lenina əslində üzücü olan bu faktdan xəbərsiz oldular. İşıq reklamlarının arxasından kosmik qaranlıq görünməz olmuşdu. “KALVİN STOUPS VƏ ONUN ON ALTI SEKSOFONÇUSU”. Abbatlığın fasadında iri hərflər cəlbedici şəkildə parıldayırdı. “LONDONUN ƏN KEYFİYYƏTLİ ƏTİR VƏ RƏNG ORĞANI. ƏN SON SİNTETİK MUSİQİLƏR”.

İçəri girdilər. Ənbər və səndəl ağacı iyi gələn hava isti və boğucu idi. Rəng orğanı zalın qübbə şəklində olan tavanında tropik qürubun şəklini çəkirdi. On altı seksofonçu köhnə və sevilən bir mahnını ifa edirdi:

“Ara, gəz bütün dünyanı, mənim əziz şüşəm kimi şüşə hanı?” Dörd yüz cüt işıldayan döşəmə üzərində fayf-step rəqs edirdilər. Tezliklə Lenina və Henri onlara qoşulub dörd yüz birinci oldular. Saksofonlar ay işığındakı qəmli-qəmli miyoldayan pişiklər kimi qəmli ifa edir, üzərlərinə ölüm çökübmüş kimi alt və tenor registrlərdə inildəyirdilər. Ahəng baxımından zəngin, titrəyən səsli xor get-gedə yüksələn səslə zilə qalxdı və nəhayət, dirijorun əlinin işarəsi ilə fövqəladə, səmavi not səsləndi və on altı saksofonçunun mövcudluğuna son qoyan lya-bemol major göy gurultusu kimi çaxdı. Sonra demək olar ki, səssizlik və qaranlıqda tədrici diminuendo enmə başladı, dördlük tonlardan dominant akkorda düşmə, xəfif pıçıltı tondan üstün bir tona çevrildi (bu arada 5/4 ritmlər nəbz kimi vurmaqda davam etdi) və qaranlığı həyəcanlı gözləmə ilə doldurmağa başladı. Nəhayət, gözləmə gerçəkliyə çevrildi. Ani partlayışla günəş doğuşu baş verdi və on altı saksofonçu hamısı birdən mahnıya başladı:

Mənim şüşəm, həmişə səni istəmişəm

Mənim şüşəm, niyə səndən ayrı düşmüşəm?

Daxilində mavi səma

Daxilində gözəl hava

Ara, gəz bütün dünyanı,

Mənim əziz şüşəm kimi şüşə hanı?

Digər dörd yüz cütlə fayf-step rəqsini oynayan Lenina və Henri başqa bir aləmdə – ilıq, rəngarəng, sonsuz dostluq dolu, bayramsayağı soma dünyasında rəqs edirdilər. Hamı elə kübar, elə gözəl və əyləndirici idi ki! “Mənim şüşəm, həmişə səni istəmişəm. Daxilində mavi səma, daxilində gözəl hava…” Amma Lenina və Henri istədiklərini əldə etmişdilər. İndi burada, daxildə – əbədi mavi səma, gözəl hava olan yerdə idilər. Yorulan on altı saksofonçu alətlərini yerə qoydular və sintetik musiqi aparatı ən son həzin maltuzian blyuzu ifa etməyə başladı. Lenina və Henri süni qan okeanının dalğalarında bir cüt embrion əkizi kimi astaca yırğalanırdılar.

– Gecəniz xeyrə qalsın, əziz dostlar. Gecəniz xeyrə qalsın, əziz dostlar, – reproduktorlar əmrlərini mehriban və musiqili nəzakət ilə pərdələdilər. Gecəniz xeyrə qalsın, əziz dostlar…

Lenina və Henri digərləri ilə bilikdə əmrə tabe olaraq binanı tərk etdilər. Darıxdırıcı ulduzlar göy üzündə uzaqlara çəkilmişdi. Elektrik reklam lövhələrinin işıqları solğunlaşsa da Lenina və Henri hələ də xoşbəxtliyin təsirindən gecədən xəbərsiz idilər.

Rəqsin qurtarmasında yarım saat əvvəl qəbul etdikləri soma dozası gerçək dünya ilə düşüncələri arasında keçilməz sədd çəkmişdi. Şüşənin daxili aləminə düşmüş halda küçəni keçib liftə mindilər və Henrinin iyirmi səkkizinci mərtəbədəki otağına qalxdılar. Somanın ikinci qramının təsiri ilə düşdüyü hala baxmayaraq, Lenina qaydalara uyğun olaraq mayalanmaya qarşı bütün tədbirləri görməyi unutmadı. İllər ərzində davam edən hipnopediya və on iki yaşından on yeddi yaşına kimi həftədə üç dəfə maltus təlimi, ehtiyat tədbirlərinin görülməsini Lenina üçün göz qırpmaq qədər, avtomatik, qeyri-iradi bir vərdişə çevirmişdi.

– Yeri gəlmişkən, – vanna otağından geri qayıdarkən, Lenina dedi, – Fanni Kraun mənə bağışladığın yaşıl süni tumac kəməri haradan əldə etdiyini bilmək istəyir.

2

         İki həftədən bir, cümə axşamı Bernardın həmrəylik ibadəti günləri idi. O, Helmholts ilə “Afraditeum”da 33 ibadət günü şam elədi (Helmholts bu yaxınlarda klub nizamnaməsinin ikinci maddəsinə əsasən buraya üzv seçilmişdi) sonra dostundan ayrılıb damda bir taksi saxladıb sürücüyə Fordson Camaat İbadət Evinə uçmağı tapşırdı. Maşın bir neçə yüz metr yüksəlib şərqə doğru yönəldi və dönərkən İbadət Evi öz əzəməti və gözəlliyi ilə Bernardın gözlərinin önündə peyda oldu. Projektorlarla işıqları altında Ladqeyt təpəsində üç yüz iyirmi metr hündürlüyündə süni Karrar mərmərindən hazırlanmış bina bəyaz qar kimi parlayırdı, uçuş-enmə zolağının dörd bir tərəfində qaranlıq səmada nəhəng “T” hərfləri qızarırdı və iyirmi dörd ədəd böyük qızıl boru şəkilli ruporlardan təntənəli sintetik musiqi sədaları ətrafa yayılırdı.

İbadət Evinin Biq Henri* zəngli saat qülləsi gözünə sataşdıqdan sonra öz-özünə, – “lənət şeytana, gecikirəm”, – dedi. Doğrudan da, taksinin pulunu ödəməyə macal tapmamış saatın zəngləri çalmağa başladı. Qızıl boru şəkilli ruporların hamısı gurlayan bas səslə — Ford, – deyə səslənirdi. – Ford, Ford, Ford, – və beləcə düz doqquz dəfə təkrar etdi. Bernard liftə tərəf qaçdı.

Ford günü və digər Camaat İbadətləri üçün ayrılmış geniş akt zalı binanı aşağı mərtəbəsində yerləşirdi. Zalın üstündə isə həmrəylik qruplarının ayda iki dəfə istifadə etdikləri hər mərtəbədə yüz ədəd olmaqla yeddi min otaq var idi. Bernard otuzuncu mərtəbəyə endi, dəhlizi tələsik keçib 3210 nömrəli otağın qarşısında bir an tərəddüd edib gözlədi. Sonra özünü toplayıb qapını açaraq otağa daxil oldu.

Forda şükür! Ən son gələn o deyildi. Dəyirmi masanın ətrafına düzülmüş oturacaqlardan üçü hələ də boş idi. O mümkün qədər tez və diqqət cəlb etmədən yaxınlıqdakı oturacaqların birində əyləşdi və sonradan gələnləri qaşlarının çatıb narazılıqla qarşılamağa hazırlaşdı.

– Bu gün hansı qolf oynayırdın? – deyə solundakı qız ona tərəf çönərək, soruşdu, – Maneəli yoxsa elektromaqnitli?

Bernard qıza baxdı (Aman Ford! Bu Morqana Rotşild idi) və qızararaq heç birini oynamadığını etiraf etmək məcburiyyətində qaldı. Morqana təəccüblə ona baxdı. Araya narahatedici bir sakitlik çökdü.

Sonra Morqana solunda oturan və idmanla daha ciddi məşğul olan şəxsə tərəf çönərək onunla söhbət etməyə başladı.

“Həmrəylik ibadəti üçün yaxşı başlanğıcdır”, – deyə Bernard daxilində xoşagəlməz bir hisslə düşündü və günahının yuyulması ilə bağlı növbəti uğursuzluğunu əvvəlcədən hiss elədi. Ən yaxın oturacağa cummaq əvəzinə ətrafa diqqətlə baxmaq lazım idi! Fifi Bredlou və Coanna Dizelin ortasında otura bilərdi. Bunun əvəzində kor kimi Morqananın yanına soxulmuşdu. Morqana! Ford! Onun o qara qaşları – daha doğrusu, qaşı, çünki qaşları burnunun üstündə birləşirdi. Aman Ford! Sağındakı isə Klara Deterdinq idi. Doğrudur, onun qaşları birləşmirdi. Ancaq o, həddindən artıq kök idi. Coanna və Fifi isə tamamilə qaydasında idilər. Dolu, sarışın həm də həddindən artıq kök deyildilər… Budur, o yekəpər Tom Kavaquçi onların ortasında əyləşdi.

Sonuncu gələn Sarocini Engels oldu.

– Gecikmisən, – qrupun rəhbəri sərt bir şəkildə dedi. – Bir daha təkrar olmasın.

Sarocini üzr istədi və sakitcə Cim Bokanovski ilə Herbert Bakuninin ortasında əyləşdi. İndi bütün qrup üzvləri toplanmış, həmrəylik çevrəsi qapanmış və tam idi. Kişi, qadın, kişi, qadın – bu ardıcıllıq bütün çevrə boyu davam edirdi. On ikisi də bir vücud olmağa, bir araya gəlməyə və özlərinin on iki fərdiliklərini əridib ümumi böyük bir orqanizmdə birləşdirməyə hazır idi.

Sədr ayağa qalxdı, “T” işarəsi elədi və sintetik musiqini – aramlı, yorulmaq bilməyən təbil səsləri, qaçıb qurtulması mümkün olmayan birinci həmrəylik mahnısı iniltili bir şəkildə təkrar-təkrar ifa edən nəfəsli alətlərdən super simli alətlər xorunu işə saldı. Təkrar – təkrar nəbz kimi vuran ritmi qulaq yox, diafraqma eşidirdi, təkrarlanan inilti və cingiltinin ahəngi şüura deyil, bağırsaqlara işləyirdi.

Sədr yenə T” işarəsi elədi və əyləşdi. İbadət başlamışdı. Müqəddəs suyuna çəkilmiş soma həbləri masanın ortasına qoyulmuşdu. Çiyələk dondurmalı su soma olan cam əldən-ələ ötürüldü və – “Mən ”in aradan qaldırılmağının şərəfinə içirəm”,  – deyilərək on iki dəfə başa çəkildi. Sonra sintetik orkestrin müşayiəti ilə birinci həmrəylik mahnısı oxundu:

Ford, on ikiləri bir araya gətir

Necə ki, çaydakı damcılar gəlir

Bizə güc ver birlikdə gedək

Sənin parlaq maşının tək

On iki həsrət dolu beyt. Sonra cam ikinci dəfə əldən-ələ ötürüldü. Bu dəfə, – “Uca varlığın şərəfinə içirəm, ” – deyərək hamısı içdi. Musiqi yorulmaq bilmədən davam edirdi. Təbillər səslənirdi. Çığıran və cingildəyən ahəngdən bağırsaqlar da tutulurdu. İkinci həmrəylik mahnısı oxundu:

Gəl, uca varlıq və sosial dost

On ikini əridib bir eyləyən

Ölməyə can atırıq, çünki sonunda

Daha uca həyatdır bizi gözləyən

Yenə on iki beyt. Soma artıq təsir etməyə başlamışdı. Gözlər parıldayır, yanaqlar qızarır, ümumi xeyirxahlığın daxili işığı hər bir sifətdə xoşbəxt, dostyana təbəssümlər şəklində özünü büruzə verirdi. Hətta Bernard da bir az əridiyini və yumşaldığını hiss edirdi. Morqana Rotşild çönüb öz işıq saçan təbəssümü ilə ona baxdıqda o da öz növbəsində mümkün qədər işıq saçan təbəssümlə ona qarşılıq verməyə çalışdı. Ancaq onun o çatma qara qaşı hələ də yerində idi, nə qədər çalışsa da fikrini başqa şeylərlə yayındıra bilmirdi. Lazımınca əriyib yumşala bilməmişdi. Bəlkə də Coanna və Fifinin ortasında otursaydı… Cam üçüncü dəfə əldən-ələ dolaşdı. Dairəvi ayini başlatmaq növbəsi Morqana Rotşild çatdıqda uca və təntənəli səslə, – Uca varlığın gəlişinin yaxınlaşması şərəfinə içirəm!, – dedi. İçib camı Bernarda ötürdü. Gəlişin yaxınlaşmasını hiss edə bilmək üçün o –“Uca varlığın gəlişinin yaxınlaşması şərəfinə içirəm!” – deyə təkrar elədi. Ancaq qara qaş ona rahatlıq vermirdi və Bernard üçün gəliş dəhşətli dərəcədə uzaqda idi. İçib camı Klara Deterdinqə ötürdü. “Yenə bacara bilməyəcəyəm, ” – öz-özünə dedi. – “Bilirəm ki, alınmayacaq.” Yenə də işıq saçan gözlərlə baxmağa çalışdı.

Cam əldən-ələ dolaşdı. Sədr əlini qaldıraraq işarə verdi, üçüncü həmrəylik mahnısını xorla oxumağa başladılar:

Hiss et uca varlığın necə gəldiyini

Sevinc və şadyanalıqla öl

Təbillərin mahnısı ilə əri

Mən sən olum, sən də mən ol

Beyt beyti əvəz etdikcə, səslər getdikcə yüksələn həyəcanla titrəməyə başladı. Gəlişin yaxınlığı hissi havada elektrik gərginliyi kimi idi. Sədr musiqini dayandırdı və son beytin son notu da kəsildikdə tam bir səssizlik çökdü, uzanan gözləyişin, təəccübləndirici həyatın titrəyən və sürünən səssizliyi. Sədr əlini qaldırdı və birdən Səs, adi insan səsindən daha musiqili dərin gur bir Səs, sevgi, həsrət və can yanğısı ilə titrəyən daha zəngin, daha isti möhtəşəm, sirli, fövqəladə bir Səs başlarının üzərindən danışmağa başladı. Getdikcə zəifləyən bir tonda çox yavaşca, – “Ah Ford, Ford, Ford, ” – deyirdi. Günəş kələfindən çıxaraq həyəcanla titrəyən bir istilik, dinləyənləri təpədən dırnağa qədər yayıldı, gözləri yaşardı, qəlbləri və bağırsaqları tərpəndi. – “Ford! ” – onlar əriyirdilər; – “Ford!” – əriyib həll olurdular. Sonra gözlənilmədən və qorxuducu bir tərzdə:

– Dinləyin!- deyə bir səs gurladı. – Dinləyin!

Dinlədilər. Qısa bir səssizliyin ardından pıçıltıya çevrildi, ancaq elə bir pıçıltı idi ki, ən uca çığırtıdan daha dərinə nüfuz edirdi:

– Uca varlığın addımları, – deyə davam elədi və təkrar elədi:

– Uca varlığın addımları.

Pıçıltı az qala eşidilməz oldu.

– Uca varlığın addımlarının səsi pilləkənlərdən gəlir.

Bir daha səssizlik çökdü və gözləmədən yaranan gərginlik bir anlığa zəiflədi sonra yenidən son həddə qədər gərginləşdi. Uca varlığın addım səsləri – ah, eşidilirdi, pilləkənlərdən astaca düşdüyünü, gözəgörünməz pilləkənlərlə düşərək yaxınlaşdığını eşidirdilər. Uca varlığın addımları… Birdən gərginlik ən uca həddə qədər artdı. Morqana Rotşild göz bəbəkləri böyümüş, ağzı açıq sıçrayıb ayağa qalxdı.

– Onu eşidirəm! – deyə qışqırdı – Eşidirəm!

– Gəlir! – deyə Sarocini Engels çığırdı.

Fifi Bredlou və Tom Kavaquçi eyni anda ayağa qalxaraq, – Bəli, gəlir, onu eşidirəm, – dedilər.

Danışa bilməyən Coanna qırıq-qırıq – Oh, oh, oh, – dedi.

– Gəlir! – deyə Cim Bokanovski qışqırdı.

Sədr önə əyilərək bir düyməni basdı və boru, sinclər və tarap-turup səsi aləmi bürüdü.

– Aayyy! – deyə Klara Deterdinq ciyiltili səslə çığırdı elə çığırdı elə bil ətini kəsirdilər.

Onun da nə isə etmək vaxtının gəldiyini hiss edən Bernard ayağa qalxıb çığırdı:

– Onu eşidirəm, gəlir! Ancaq bu belə deyildi. O, heç nə eşitmirdi və ona qalsaydı heç kəs gəlmirdi. Mmusiqi və artmaqda olan həyəcana baxmayaraq, heç kim gəlmirdi. Ancaq əllərini, qollarını yelləyib canfəşanlıqla çığıranlara qoşuşub çığırmağa başladı və digərləri rəqs edib, ayaqlarını yerə döyəcləməyə başladıqda o da onlardan geri qalmadı.

Dairəvi şəkildə rəqs edən rəqs qrupu kimi, hər biri əllərini qarşısındakının ombasına qoyaraq fırlana-fırlana rəqs edir və bir ağızdan qışqırır, musiqini ritminə uyğun ayaqlarını yerə vurur, əlləri ilə qarşısındakının yanına vururdu, on iki əl hamısı, sanki bir əl imiş kimi eyni anda hərəkət edirdi. – “Eşidirəm, eşidirəm, gəlir, ” Musiqinin tempi artdı, ayaqlar yerə daha sürətlə döyülür, əllər ritmi daha sürətlə vururdu. Anidən yüksək sintetik bas səsi gurultu ilə günahların yuyulmasını, həmrəylik anın yaxınlaşdığını müjdələyən, on iki nəfərin yekun olaraq əriyib bir olmasını və uca varlığın yenidən yaranmasını bildirən sözləri elan etdi. Bas səs təbillərin gurultu sədası altında, -Eyşi-işrət- dedi.

Eyşi-işrət, Fordla nəşələn

Öp qızlarla birləş sən

Oğlan qızla xoşbəxt olur

Eyşi-işrət bizi uçurdur.

-Eyşi-işrət, – deyə rəqs edənlər ibadətdə işlənən sözü təkrarladılar. – Eyşi-işrət, Fordla nəşələn…

Onlar oxuyarkən işıqlar yavaş-yavaş zəifləməyə və eyni zamanda istiləşməyə və qızarmağa başladı, budur onlar artıq Embrion otağının al-qırmızı alaqaranlığında rəqs edirdilər. “Eyşi-işrət…” rəqs edənlər bir müddət qan rəngi və embrion qaranlığında fırlanmağa və yorulmaq bilmədən rəqs etməyə davam etdilər. “Eyşi-işrət… “ sonra çevrə dağıldı və cütlər masa və oturacaqların ətrafında kənar dairə yaradan divanlara sərələndilər. “Eyşi-işrət…” asta və incə bir səs öz-özünə mızıldandı, sanki qırmızı alaqaranlıqda nəhəng qara göyərçin arxası və ya üzü üstdə uzanmış rəqs edənlərin üzərində xeyirxahcasına süzürdü.

Damda dayanmışdılar, Biq Henri indicə yeddini vurmuşdu. Gecə sakit və ilıq idi.

– Necə də möhtəşəm idi! – Fifi Bredlou dedi. – Bir sözlə, möhtəşəm idi! – deyə coşqunluqla Bernarda baxdı.

Ancaq bu coşqunluqda həyəcan, təşvişlilikdən əsər yox idi, çünki həyəcanlı olmaq hələ də narazı olmaq deməkdir. Fifinin coşqusu yerinə yetirilmiş birləşmədən doğan sakit vəcd idi, bu sadəcə doymaqdan və heçlikdən yox, tarazlaşdırılmış enerji və həyatdan qaynaqlanırdı. Zəngin və canlı bir rahatlıq. Belə ki, həmrəylik ibadəti sadəcə almırdı, həm də verirdi, alırdısa bunu yenidən doldurmaq üçün edirdi. Fifi güc və mükəmməlik ilə dolu idi, birləşmə onun üçün hələ də davam edirdi.

Fövqəltəbii şəkildə parıldayan gözləri ilə Bernardın üzünə baxaraq israrla, – Səncə də möhtəşəm deyildi mi? – deyə soruşdu.

– Bəli, möhtəşəm idi, – deyərək yalan söylədi və baxışlarını qaçırdı, qızın işıq saçan gözəlləşmiş sifətinə baxmaq eyni zamanda, həm onun ayrı olmasının ittihamı, həm də istehzalı şəkildə xatırladılması idi. İndi Bernard ibadətdən əvvəl olduğu kimi özünü bədbəxt və tənha hiss edirdi – yeri dolmamış boşluq hissinə, doyma hissinin ölü olması səbəbindən digərlərindən daha da təcrid olunmuşdu. Digərləri uca varlığa əriyib qarışdıqları halda o, təcrid olunmuş və günahları yuyulmamışdı, hətta Morqananın ağuşunda belə tənha idi, hələ bu vaxta qədər olmadığı qədər təcrid olunmuş, tənha və bədbəxt özü idi. Bernard qırmızı alaqaranlıqdan adi elektrik işığına çıxdıqda özündən utanmağı iztirab həddinə gəlib çatmışdı. Çox bədbəxt idi və ola bilsin (onun parlayan gözləri onu ittiham edirdi), ola bilsin ki, bu onun öz günahı idi.

– Doğrudan da möhtəşəm idi, – deyə təkrar elədi, ancaq düşünə biləcəyi yeganə şey Morqananın qaşı idi.


*Afraditeum – Londonda üzvlərini əsasən alim və yazıçıların təşkil etdiyi “Antenium” klubuna istehzalı kinayə.

*Biq Henri – Londondakı parlamentinin binasındakı “Biq Ben” in gələcəkdəki versiyası.

Davamı: https://klv.az/2023/08/07/oldos-haksli-c%c9%99sur-yeni-dunya-11/

Tərcümə edən: Xaqani Cavadoğlu 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Alber Kamyunun son müsahibəsi

Ça Avq 1 , 2023
Bütün bu fərqli kitablar hamısı birlikdə vahid bir əsəri ortaya qoyur   – Yazıçılıq fəaliyyətinizdə nəsliniz üçün “bələdçi” olduğunuzu düşünürsüzmü? – Bağışlayın, amma bu cür mühakimələr mənə həmişə gülməli gəlir. Mən kimsə üçün danışmıram. Özümə xas dili tapmaqla məşğulam. Kimsəyə yol göstərmirəm, hara gedəcəyimi bilmirəm, ya da ki çox az […]