Türkan Nağıyeva. Zehni həbsxana

Dino Bussatinin “Tatar çölü” romanı əsasında

Zaman, qismət, var olmaq problemi, ümid, taleyinə boyun əyən insanlar və bütün bu məfhumları özündə cəmləyən Tatar çölü…

“Zabit kimi çıxan Giovanni Drogo ilk təyin olunduğu Bastiani qalasına getmək üçün bir sentyabr səhəri şəhəri tərk etdi”. Kitab bu cümlə ilə başlayır və əsərin ilk cümlələri – qəhrəmanın sevincinin və ümidlərinin təsviri oxucunu böyük gözləntilərin ardınca sürükləyir. Hadisələrin gedişatı isə yavaş-yavaş ümidli gözləntilərimizi sarsıdır. Drogonun Bastiani qalasında xidmət müddətini “öz istəyi ilə” uzatması onu çıxılmaz bir monotonluğa salır və öz istədiyi həyatı yaşadığını zənn edən Drogo, əslində, qalanın mövcud sisteminə sadəcə olaraq boyun əyir, fərqində olmadan ona və eləcə də, digər əsgərlərə qarşı qurulmuş oyunun bir parçasına çevrilir. O, vəzifəsini layiqincə yerinə yetirmə, qəhramanlıq göstərmə gözləntisini qərarlı bir şəkildə sürdürür, lakin bu gözlənti xülyadan başqa bir şey deyildir…

Əslində, Giovanninin hər şeyin düzələcəyini gözləyərək içində olduğu vəziyyəti qəbullanması, dəyişdirmək üçün çalışmaması, kor-koranə xülyalarda yaşaması həm də bizim mövcud vəziyyətimizə ayna tutur. Bəs biz bizi narahat edən vəziyyətlə barışaraq nəyə nail olmuşuq? Narazı olduğumuz həyatı dəyişmək üçün nələr etmişik? Gözlədiyimiz an nə zaman gələcək, və ya gələcəkmi? Bu suallar ətrafında Drogo Bastiani qalasına daxil olduğu andan bəri düşünməyə başlayırıq.

Əsərin əvvəllərində – Drogo Bastiani qalasına yola düşəndə beyində canlanan əzəmətli, gözoxşayan bir qalanı Drogo təyinat yerinə çatandan sonra bozumtul, qaranlıq, vahiməli bir tikili əvəzləyir. Ümumiyyətlə, qala və ətrafı o qədər rəngsiz və ruhsuz görünür ki, qəhrəmanın bu yerdə qalmaqdan imtina edib şəhərə qayıdacağını düşünürük. Axı belə çöllükdə, bezgin sifətli, ruhsuz baxışlı insanların içində (getmək şansı var ikən) qalıb niyə həyatını rəngsizliyə qərq etsin ki? Amma gözləntilərimizin əksinə, Drogo bu çıxılmaz tələdə – Bastiani qalasında qalmağı seçir.

Əsərdəki obrazları tənqid etməkdən ziyadə bu obrazların bizə tutduğu aynadan özümüzü görə bilmək əsas məqamdır. Dino Bussati Tatar çölünü, Bastiani qalasını, qalanın əsgərlərini, Giovanni Drogonu təsvirə tökməklə insanın özünə dönməsini, varoluşunu sorğulamasını, bəsitliyə sinə gərməsini, həyata qaranlıq qalanın toz basmış pəncərəsindən baxmamasını təlqin edir.

Təsəvvür edin, ucsuz-bucaqsız çöllüyün ortasındasınız, bir ümid işığı görmək eşqi ilə axıb gedən zamanla bərabər yol qət edirsiniz, amma qət etdiyiniz yol sizi hər dəfə eyni yerə gətirib çıxarır və qurtulma ehtimalı zamanın axıntısına qarışaraq sıfıra enir. Qurtuluşun tək yolu zehnimizdə yaratdığımız vahiməli, divarları sökülmüş köhnə, qaranlıq qalanı dağıdıb yerlə yeksan etmək və bunu etmək üçün özümüzdə cəsarət tapmaqdır. Bastiani qalası eynilə beynimizdə inşa etdiyimiz zehni həbsxanaları işarələyir. Minlərlə insan öz zehnində inşa etdiyi həbsxananın dustağı olduğundan xəbərsizdir. Biz elə bilirik ki, cəmiyyətin azad fərdləriyik, öz seçimlərimizlə həyatımızı inşa edirik, öz cızdığımız yolda addımlayırıq. Lakin çoxumuz fərqində deyilik ki, sistemin bizə verdiyi seçimlər azadlığımızı çoxdan əlimizdən alıb. Ümumiyyətlə, insan azad varlıq deyil. Niyə? Çünki mövcuduğumuz boyunca qarşı gələ bilmədiyimiz və əlimizi-qolumuzu bağlayan buxovların içindəyik. Hansımız bizi əsir edən müəyyən sistemlərə boyun əyməmə iqtidarındayıq? Məlumdur ki, bu qədər əsarətin içində bir də öz beynimizdə yaratdığımız həbsxananın da dustağı olmaq bütünlüklə bir ömrü bada vermək, puç etmək deməkdir. Gerçəyi etiraf edə bilməmək, olmayan, puç bir xülyanı gözləmək, özünü yox saymaq sonda Drogo kimi çöllüyün ortasında mənasızlaşan ömrün məngənəsində sıxışıb qalmağa gətirib çıxarır. Drogonun və digər qala əsgərlərinin timsalında “kiçik insan”ların tragediyasının şahidi oluruq…

Az öncə heç bir mənası olmayan ümidlərdən, gözləntilərdən söz açdıq. Fikirləşə bilərsiniz ki, niyə insan ümidlərinə (Drogonun və digər qala sakinlərinin qalada qalıb Tatarların qalaya nə vaxtsa edəcəyi hücumda qəhramanlıq göstərmə arzusundan söz gedir) belə dırnaqarası yanaşılır? Əslində isə, gözləntilər, ümidlər müəyyən mənada həyatımızı anlamlandıran mövcudatlardır, lakin gözləntiləri də elə tutmaq lazımdır ki, boş xülyaya çevrilməsin və o boş xülya həyat ağacımızın yarpaqlarını bir-bir qoparıb aparmasın. Mənasız bir ümidə qapılanda axıb gedən zamanı durdura bilmədiyimiz üçün gözləntilərimizi də maksimum şəkildə reallıqla ölçməliyik.

Qısaca, nə qədər ki, zamanımız var, önümüzə çəkdiyimiz sərhədləri yıxa və özümüzü boş ümidlərin məngənəsindən dartıb çıxara bilərik. Lakin zehni həbsxanamızdan dünyaya baxmağa çalışsaq, Tatar çöllüyündən başqa heç nə görə bilməyəcəyik…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Roberto Bolanonun oxucu və yazıçılara tövsiyələri

Çilili şair, yazıçı, esseist Roberto Bolanonun adı yazıçıların yazıçısına çevrilmişdir, eyni zamanda onu qeyri-adi dərəcədə geniş ədəbi biliyə malik Borxes kimi yazıçıların oxucusu da adlandırmaq olar. Hansı olduğuna isə siz qərar verin. Bolanonun yazılarının mərkəzində onun mütaliəyə olan sevgisi dayanır. O, qısa, avtobioqrafik bir yazısında “yazmaqdan çox, kitab oxuyarkən xoşbəxt […]