Eyvaz Zeynalov
“Plastilin hekayələr” silsiləsindən
Plastilin pişik
Günlərin bir günü Səlim qonşu qızın pişiyini pəncərədən anasına göstərib dedi:
– Ana, istəyirəm mənim də o cür qəşəng bir pişiyim olsun.
Anası mətbəxdə şam yeməyi hazırlayırdı.
– Elə indi istəyirsən?
– Hə!
– Belə tez olmaz, oğlum. Gərək axtaraq, soraqlaşaq. Bir-iki gün gözləməlisən.
– Yoox, mən indi istəyirəm!.. – Səlim ayaqlarını yerə döyüb kürlük elədi.
Anası dedi:
– Yaxşısı budu, plastilindən özünə bir pişik düzəlt. Axı, sən bunu bacarırsan. Yadındadı, atanla plastilindən xoruz, toyuq, cücə düzəltmişdin?..
– Yadımdadı, – Səlim dedi. – Sonra plastilindən tülkü düzəltdim. O da toyuq-cücələri tutub yedi.
– Atan da tülkünü aparıb heyvanxanaya təhvil verdi.
– Ana, deyirsən, plastilin pişik yaxşıdı? – Səlim soruşdu.
– Hə, oğlum. Çalış, düzəltdiyin pişik qonşu qızın pişiyindən də qəşəng olsun.
Səlim plastilinlərini qabağına tökdü. Xeyli çalışıb, bir pişik düzəltdi. Qonşu qızın pişiyi kimi zolaqlıydı. Ancaq ondan bir az yekəydi. Lap vəhşi çölpişiyinə oxşayırdı. Di gəl nə qonşu qızın pişiyi kimi miyoldaya, nə də hərəkət eləyə bilirdi. Hara qoyurdusa, oradaca hərəkətsiz qalırdı.
Plastilin pişiyin bu halı Səlimi bərk əsəbləşdirdi. Ona dedi:
– Ay pişik, qonşu qızın pişiyi axşamacan onunla oynayır. Bəs sən mənimlə haçan oynayacaqsan?..
– Haçan istəyirsən! – Plastilin pişik bu sözə bənd imiş kimi o saat dil açdı.
Səlim plastilin pişiyin danışdığını görüb sevindi.
– Onda tez ol, gəl, oynayaq, mənim pələng pişiyim!
Onlar birlikdə oynamağa, şənlənməyə başladılar. Plastilin pişik bu zaman birdəncə quyruğunu qısıb küncə çəkildi. Səlim soruşdu:
– Niyə dayandın?
– Mən acmışam, – pişik zəif səslə miyoldadı.
– Heç plastilin pişik də acarmı? – Səlim təəccübləndi.
– Niyə acmır?! – pişik dedi. – Əgər mən danışa, səninlə oynaya bilirəmsə, deməli, aca da bilərəm.
Səlimin deməyə sözü qalmadı. Plastilin pişik haqlıydı. Tez mətbəxə qaçdı. Bir kasa yemək gətirdi. Plastilin pişiyin qabağına qoydu. O, yeməyə yaxın durmadı.
– Mən bu cür yeməkləri yemirəm.
– Bəs nə yeyirsən?
– Sən hələ bilmirsən ki, biz pişiklər siçan əti yeyirik?
– Bilirəm, – Səlim dedi. – Amma bizim evdə siçan yoxdu.
– Heç nə eşitmək istəmirəm! – Plastilin pişik qəti şəkildə dedi. – Məni sən yaratmısan, sən də necə lazımdı, qayğıma qalmalı, yedirtməlisən.
Səlim çox baş sındırsa da, çıxış yolu tapmadı. Axırda yenə anasının köməyinə ehtiyac duydu.
– Nədi, oğlum, yenə nə olub? – Anası oğlunu kefsiz görüb əl-ayağa düşdü.
– Ana, pişiyim siçan əti yemək istəyir.
– Neynək, qoy tutub yesin, – anası fkirləşmədən dedi.
– Axı, bizim evimizdə siçan yoxdu.
– Hə, düz deyirsən, – anası təsdiqlədi. Sonra fikirləşib əlavə etdi. – Yaxşı, oğlum, onda sən pişiyin üçün plastilindən siçan düzəlt, o da həmin siçanı tutub yesin.
Anasının fikri Səlimin xoşuna gəldi. Plastilinlərini təzədən ortaya tökdü. Pişik böyründə şöngüyüb gözləməyə başladı. Səbri çatmır, arabir Səlimi tələsdirirdi:
– Nə oldu, qurtar də! Axı, mən acından öldüm.
Nəhayət, Səlim işini başa çatdırdı. Plastilindən düzəltdiyi balaca siçanı pişiyin qabağında yerə qoydu.
Plastilin pişiyi görəndə plastilin siçanın rəngi sapsarı saraldı. Qorxusundan əsim-əsim əsməyə başladı. Siçana yazığı gələn Səlim:
– Nəyi gözləyirsən? – dedi. – Qaç, canını qurtar!
Siçan o saat ciyildəyə-ciyildəyə ortalıqda o tərəf-bu tərəfə qaçmağa başladı. Plastilin pişik onun dalınca cumdu.
– Hə, di tut görüm, tut də! – Səlim bu dəfə pişiyi qızışdırdı.
Qəfildən stolun qıçına toxunan plastilin siçan büdrəyib yıxıldı. Hətta, bir neçə dəfə dombalaq aşdı. Pişik az qaldı onu yaxalasın, ancaq gecikdi.
– Qaç, siçanım, imkan vermə səni tutub yesin! – Səlim həyəcanla qışqırdı.
Plastilin siçan nə qədər cəhd etsə də, canını plastilin pişiyin caynağından qurtara bilmədi. Plastilin pişik onu xeyli qovub yorandan sonra tutdu. Hopp, eləyib uddu. Bığlarını burub, divanda xorhaxorla yatdı.
***
Plastilin pişik bir də siçanların ciyiltisinə oyandı. Səlim plastilindən ikinci, üçüncü, dördüncü, hətta, beşinci siçanı düzəltmişdi. Onlar ortalıqda qorxusuz-hürküsüz ciyildəşə-ciyildəşə o baş-bu başa qaçır, bir-biriynən oynaşırdı. Plastilin pişik pusa-pusa səssizcə onlara yaxınlaşdı. Birdən üstlərinə atıldı. Siçanlardan birini iti pəncəsinə keçirsə də, qalanı ciyildəşərək ətrafdakı stol-stulun, divanın, mebelin altına girdi. Plastilin pişik də hiyləgərdi. Böyür-başda pusqu qurdu. Üzə çıxdıqca plastilin siçanların hamısını bir-bir tutub yedi. O, indi lovğalığından yerə-göyə sığmırdı.
– Baxın, dünyada mənim tayım-bərabərim yoxdu! Mən qonşu qızın pişiyindən də cəld, qoçağam!
Səlim plastilin pişiyini təriflədi.
– Afərin, mənim pələngim!
Səlim plastilin pişiyini zolaqlı pələngə oxşadır, ona “mənim pələngim”, deyirdi. O da həmişə məmnun qalırdı. Amma bu dəfə sahibinə etirazını bildirdi:
– Mən daha pələng olmaq istəmirəm!
– Bəs nə olmaq istəyirsən?
– Şir! Mən şirəm! Heç bir siçan mənim əlimdən qaçıb canını qurtara bilməz!
Səlim plastilin pişiyinin tələbi ilə onun zolaqlarını ləğv etdi, görkəmini dəyişdi. İndi o, doğrudan da, şirə oxşayırdı.
***
Günlərin bir günü Səlimgilin evində bir doğruçu, əsl siçan peyda oldu. Hardan, necə? Bilmədilər. Ancaq çox bic siçandı. Səlimin düzəltdiyi plastilin siçanların tayı deyildi. Könlündən pələng əvəzinə, şir olmaq keçən plastilin pişik onu nə qədər o tərəf-bu tərəfə qovdu, fənd işlətdi, neynədisə, tuta bilmədi. Siçan onu lap asanca aldadır, başına oyun açırdı.
Yorulub əldən-dildən düşən plastilin pişik, nəhayət, bu qaçdı-qovdunun mənasız olduğunu anladı. Əsl siçanı tutmaqdan vaz keçdi.
– Eh, fərsizin biri, fərsiz! – Səlim dilini bir qarış çıxardaraq ləhləyən pişiyinə baxıb hirsləndi. – Sənin elə bircə plastilin siçanlara gücün çatırmış!
– O siçan deyil, allahın bəlasıdı, – plastilin pişik dedi.
– Lovğalanırdın ki, heç bir siçan mənim əlimdən qaça bilməz, mən şirəm! Göstər görək də şirliyini!
– Mərc gəlirəm ki, onunla heç qonşu qızın tərifli pişiyi də bacarmaz!
– Çağıraram, gələr haa!..
– Çağır, gəlsin!
***
Səlim əhvalatı qonşu qıza danışdı. Əsl siçanı tutmaq üçün əsl pişiyini götürüb onlara gəlməyini xahiş etdi. Qonşu qız da onun xahişini yerə salmadı. Pişiyini götürüb gəldi. Onu otağa buraxdılar. Bir kənara çəkilib gözlədilər.
Əsl siçan çox tədbirliydi. Şkafın arxasında gizlənmişdi. Otaqda tam sakitlik yaranandan sonra gizləndiyi yerdən ehtiyatla çıxdı. Hər şeydən xəbərsiz ortalıqda lovğa-lovğa gəzişməyə başladı. Əlbəttə, qonşu qızın əsl pişiyini görürdü, lakin elə bilirdi Səlimin plastilin pişiyinin bir tayıdı. Plastilin pişik onu qonşu qızın pişiyinə göstərib istehza ilə dedi:
– Tut görüm, onu necə tutursan?
Əsl siçanın meydan oxuyurmuş kimi saymazyana duruşunu, baxışını təəccüblə izləyən qonşu qızın əsl pişiyi əməlli-başlı qəzəbləndi. Bircə həmləyə onu tutub yedi. Səlimin plastilin pişiyi pərt oldu.