Hər şey birdən-birə oldu. Çılpaq ruhu ilə sevgisini etiraf edən qız qarşısındakının real üzünü gördüyü gün xəstə düşdü, ürəyi azarladı.
Qismət…
Elə bil yer də, göy də qurumuşdu. İsti idi yaman. Heç payız havasına oxşamırdı. Uzanan yollar qızın gözünün ışığını udur, həsrətin sonu gəlmirdi
Sayısız binaların arxasında yenicə çərtməkdə olan günəş şəhəri yavaş-yavaş yuxudan oyadır, beləliklə, xatirələr dirilir, əlli-ayaqlı adama çevrilib döyüşürdü.
Safura bir vaxtlar zərif görünüşlü, uzun saçlı, suyuşirin bir qızı idi. Lakin indi o, pəncərənin şüşəsində dəyişən üz cizgilərini gördükcə hirslənir, qaşlarını çatıb ötən mənasız illərə qəzəbləndirdi.
Gözləri köşkün üzərinə yelpik kimi düşmüş ağaca zillənən qız həyətə baxanda bir anlıq keçmişin sehrinə düşdü. İndi onlar yad adamlar idilər. Cəfərin ona heç bir dəxli yox idi. Ancaq nədənsə qız beş il öncə başına gələnləri unuda bilmir, hər dəfə pəncərədən həyətə baxanda – həmin ağacı, həmin ağ rəngli taxta qapısı olan köşkü görəndə bütün olanlar gözünün önündə film kimi canlanırdı.
Qız indiki kimi subay idi. Cəfər adlı fəhlə oğlanla evlərinin yanındakı dükanda tanış olmuşdu. Oğlan ucaboylu, yaraşıqlı bir gənc idi. Görüşdülər. Bir dəfə belə, iki dəfə belə, üç dəfə belə, qız oğlana yaman öyrəşdi.
– Bəs gecələr darıxırsan?
Onlar yenə həmin ağacın altında görüşəndə oğlan əvvəl qızın saçlarını, sonra üzünü sığallamağa başladı. Safura xeyli oğlanın gözlərinə baxdı. Qəlbinə – ruhuna qəribə bir sevinc, rahatlıq gəldi. Üzündə uşaqlara xas saf təbəssüm yarandı.
– Gəl, evlənək!..
Bəlkə, kimlərsə bu qızı qınayacaq. Lakin bir şeyi dəqiq bilirəm ki, gənclik ruhu ilə adam sevib-sevilmək, görüş gününün həyəcanını yaşamaq istəyir. Ağır bir yük kimi sıxan taleyinin nə vaxtsa düzəlməyini gözləyir.
Ağ gəlinlik geyib ata evindən ər evinə köçmək Safuranın çoxdankı arzusu idi. Çoxdankı deyəndə, bir elə çoxdan deyildi. Üç-dörd il olardı – ölüb-gedən atasının xiffətini çəkəndən, ondan qalma iki otaqlı təmirsiz mənzilləri lal, kar olandan bəri.
Cəfər “Qızdan xoşum gəlirsə, niyə axı istəyimi boğmalıyam?” – deyə düşünən gənclərdən idi. Kobud, iri barmaqlarını qızın sinəsində gəzdirdi.
– Sənə bir söz deyim? Gedib anana satmazsan ki? – astadan pıçıldadı.
– Yox, Cəfər, nə danışırsan? Onsuzda hər şey aramızda qalır.
– And iç! – Cəfər hələ də tərəddüdlü idi.
– Nəyə? – qız çaşqın halda soruşdu.
– Kimi əziz bilirsən, onun canına.
– Atamın qəbri üçün heç kəsə heç nə demərəm.
– Evlənəcəyik. Səni ağ gəlinlikdə aparacağam evimizə. İşim-gücüm düzəlsin, evlənək. Bir də ki, hələ cavanıq. Gəzib əylənməliyik. Sabah gedək gəzməyə? Evdə bahanə uydurub gələ bilsən, əla olar, – indi Cəfər əvvəlkindən daha inamlı görünürdü.
– Eh, nə bilim evdən çıxa bilsəm.
– Di, indi dur get evinizə, yoxsa anan axtaracaq. Sabah gedəsi olsan, vatsapa yazarsan, – tez-bazar sağollaşdılar.
Əslində, Cəfər öz işində – gəzməyində, kefində-dəsgahında olan biri idi. Yəqin dədəsi, goru çatlamış, bilsəydi ki, oğlunun şorgözlüyü böyüdüyü kiçik qəsəbədə dildə-ağızda gəzəcək gözüaçıq gedərdi o dünyaya.
Bir fincan çaya salınmış limon diliminə bənzəyirdi günəş. Axşam düşürdü.
Anasına bələd idi. Nuh dedi, qurtardı. Dədəsi-nənəsi, qardaş-bacısı gələ, fikrindən dönməzdi
– Ana, sabah şəhərə çıxmaq istəyirəm. Ev-eşiyi necə lazımdı, yığıb yığışdırmışam.
İcazə versən, səhər sinif yoldaşım Arifə ilə paltar almağa gedərik. Dünəndən mənə
yalvarır ki, əynimə geyinməyə bir şey qalmayıb. Köhnə-külüşün içində itib-batıram.
Onlar məktəbi bir yerdə oxumuşdular. Arifə sarıbəniz, bəstəboy bir qız idi. Safura ilə məktəbdən rəfiqə olsalar da, qız səhər oğlanla görüşəcəyini ona deməmişdi.
Dünyada əzəmətli nə vardısa, Safuranın nəzərində hamısı Cəfərə bənzəyirdi – qara-boz sərt qayalar, əzəmətli dağların zirvəsi. Bir sözlə, qız oğlanı yaman möhkəm sevirdi.
O, çənəsini ovcuna qoyub dinməz-söyləməz qara dəri söykənəcəkli kresloda əyləşdi. Ağac torpaqdan üzüləndən necə quruyurdusa, qız da evə qayıdandan bax o cür saralıb-solmuşdu. Cəfərsiz dayana bilmirdi.
Arvad burnunun altında nəsə deyə-deyə yan otağa keçdi.
O günü qız həm qorxu, həm də qəribə bir sevinc içərisində keçirdi. Cəfərə olan sevgisini anasına danışmaq istəsə də, dilinin ucundan birbəbir geri qaytardı, onun qəzəbindən çox qorxdu. Çarpayısında bərk-bərk yorğana bürünüb oğlanla şəhərdə qol-qola dolaşmaqlarını xəyal edib yuxuya getdi.
Bakı ayın işığında şirin-şirin yatırdı.
Və sonra…
İlmə düşdü, dan söküldü…
Sübh tezdən Safura simli yaylığı anasının başında görən kimi anasının kefsiz olduğunu, üstəlik də azarladığını anlamışdı. Qız qorxa-qorxa arvadın əyləşdiyi kresloya tərəf getdi. İçində az qala yüz dəfə günəş çıxıb, yüz dəfə günəş batdı.
Arvad pəncərədən yola baxağa davam elədi. İfadəsiz gözlərini geniş açıb sonsuzluğa zillədi. Fikrə getmişdi.
- Sabahın xeyir…
Qız mehriban səslə dilləndi. Ana, qurban olum sənə, icazə ver, bu gün şəhərə gedək.
Desəydilər dünya dağılacaq bu xəbər arvadı o qədər qorxutmazdı. Rəhmətlik ərini görmüşdü. Bu gecə yuxusunu qatmışdı. Kişi sağlığında az zülm verməmişdi yazığa. Gecə yuxusuna gəlmişdi ki, bəs qıza bir şey olsa, dədənin-nənənin tifağını odduyaram. Bilməzsən qızı gözündən qoyarsan, başına iş gələr.
Anası bir anlıq Safuranı təpədən dırnağa süzdü. Biixtiyar dodaqlarını çeynədi. Canından dəhşətli bir sızıltı keçdi.
Hardasa ürəyinin dərinliyində şırhaşır haray qoparan xəbərdarlıq idi bu yuxu. Ümid suya idi. Qaranəfəs ayılıb, yuxusunu danışdığı suya.
– Bu gün yuxumu qatmışam. Deyəsən, başımızda bir pis iş var. Ay qız, eşidirsən? Geciksən, saçını yolacam, – deyib üzünü pəncərəyə tərəf çevirdi.
Qız dəhlizin işığını söndürdü. Qapını bağlayıb açarı çantasına qoydu.
Gecənin zülməti adamda vahimə yaradırdı. Elə bil Safura itən günün gecəsi göydəki ay da batmışdı. Haradasa bir yalquzaq it də dayanmadan sabaha kimi ulayırdı.
Səhərə qədər Safuradan bir xəbər çıxmadı. Külək saralmış yarpaqları küçələrə səpələdi. Göydən şıdırğı yağış da tökdü. Qonşular məhəllənin ətəyindən ta mərkəzi yolun qurtaracağınacan qapı-qapı, tin-tin axtardılar qızı. Safura dəryadan çıxan saf bir inci idi. İtmişdi.
Qızın anası ərazi polis şöbəsinə bircə balasının itkin düşməsi barədə müraciət etsə də, elə bil Safura qeybə çəkilmişdi. Qonşular, polislər Arifəni də sorğu-sual etmişdilər. Ancaq qız Safuradan xəbərsiz olduğunu, dünən onunla heç hara getmədiyini demişdi.
– “Mən yuxusunu görmüşdüm. Gərək qızı getməyə qoymayaydım. Bir gün, bircə gün dözüb evdə qalsaydı, yuxuma inanmadı, höcətin qızı, höcət”, – arvad baş-gözünə döyə-döyə haray qopardı.
Qızın şəhərin harasında olduğu bilinmirdi. Gün batmışdı. Ayın süd kimi işığı şəhərin küçələrinə düşürdü. O gün Safuranın əyninə geyindiyi don da ağ idi – namusu kimi tərtəmiz.
Səhəri gün polislər qızı parkdan üstü-başı yaman gündə tapıb gətirdilər. O gündən Safuranın gözlərinin işığı çəkilib yoxa çıxdı. Səssizliyi sakitliyə qarışıb şəhəri sükuta qərq elədi. Daha əvvəlki kimi gülə bilmədi üzü. Payızın günü ömrünə qış gəldi. Saçlarına ağappaq qarlar yağdı. İllər ötdükcə bütün oğlanlar onun təsəvvüründə nağıllardakı adamyeyənə, amansız divə çevrildi…