Zenfira Mayılova. Milli əxlaq və qadın

İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında “milli əxlaq və qadın” mövzusu

Gözümüzü açandan bəri milli dəyərlərin izlərini həyatımızda görürük. Bu ta qədimə dayanan bir nüansdır. Lakin hər şey günümüzdəki kimi olubmu? Xeyr. Hər şey sirkənin öz tündlüyündən qabını çatlatdığı dönəmdə dəyişib. “Dəli Kür” əsərində isə tam orjinallığı ilə bunları görmək mümkündür. Bu əsər özündə müxtəlif mövzuları əks etdirir. Bəyliyin çöküşü, uzun müddətli  dəyərlərin artıq iflasa uğraması və bu tip məsələlərlə yanaşı, bəlkə də məhz maarifçiliyə toxunması bu əsərin mövzusunu belə aktual edir. Əsərdə obrazların dilinin “kişi” və “qadın” kimi iki böyük qrupa bölünməsi elə uzunmüddətli dəyərlərin çöküşünün ən əsas bədii ifadəsidir. Cahandar ağa kimi bir obrazın ailəsinə, namus-qeyrət məsələlərinə, bəylik standartlarına ciddi həssaslıqla yanaşanmasına baxmayaraq, başqasının yoldaşını qaçırması, əslində,  qəhrəmanın namus fəlsəfəsinin iflası deməkdir. Cahandar ağa namusu hesab etdi arvad, at və papaq məsələrində müəyyən müddət sonra xətalar edir. Bu isə onun iç dünyasındakı psixolji məsələləri ortaya qoyur.

Zərnigar, Mələk, Şahnigar, Salatın kimi qadın obrazlarının təcəssümündə, əslində, yazıçı qadın anlayışını, onun iç dünyasını, mühitə qarşı nə qədər mübarizə apara biləcəyini göstərir. Bunu müəllif fərqli aspektdən – Cahandar ağanın gözündən baxaraq, ən əsası bir kişi tərəfindən qadının necə dəyərləndirildiyini göstərərək  açıq-aydın təsvir etmişdir. Şahnigar Cahandar ağanın bacısıdır. O, namuslu, dul qalmış kənd qadınlarının taleyini yaşayır. Lakin son əməlinə görə ölümü qardaşının əlindən olur. Baxmayaraq ki, Cahandar ağanın özü elə həmin dönəmdə mənəvi çöküntü içində idi.   Əslində, onun bu qəddar addımı təkcə özünün deyil, bütöv bir cəmiyyətin qərarı idi.  Çərçivələnmiş namus anlayışı və mövcud qaydalar onu buna vadar etmişdi.

Zərnigar xanım və Cahandar ağanın münasibətlərində isə fərqli məqamlar var. Zərnigar xanım ərinin, uşaqlarının atasının, ömür-gün yoldaşının xəyanət etməsini bağışlamır və içində ona qarşı böyük bir nifrət daşıyır. Lakin maraqlısı da budur ki, bu nifrət onun ərinə qarşı olan sevgisini yox etmir. O, yaşanan hadisələrin ərini çökdürdüyünü düşünür və ona xüsusi mərhəmət hissi duyur. Bu ya özünü aldatmadır, ya da ciddi empatiya. Bəlkə də, çarəsizlikdən doğan anlayış…

Cahandarın qızı Salatına qarşı münasibəti isə onun bir ağa kimi deyil, ata kimi düşündüyünü göstərir. Qızına qarşı digər xanımlara nisbətən daha mərhəmətli olması, bəlkə də, sevginin hər şeyi dəyişdirdiyinə nümunədir.

Bəs Mələk?  Cahandar ağanın Mələyə qarşı olan rəftarı isə kişi psixologiyasının kəskin təzahürüdür. Onların münasibəti Cahandar ağanın mənəvi çöküş yaşadığı zamanlara aiddir və bu hal adlı-sanlı bir bəyin xarakterinə xələl gətirir. Namusu ilə aləmdə tanınan biri, başqasının arvadını qaçırır. Düzdür Mələyin əvvəlki yaşayışından və vəziyyətindən daha yaxşı idi indiki halı. Amma bu, milli-əxlaqi dəyərlərə tamamilə zidd idi. Lakin bu dəfə səhv yeni səhv doğurmadı. Cahandar ağa nə qədər yanlış hərəkət etsə də, sonuna qədər bu addımının ardında durdu və Mələyi qorudu.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Seyid Aynur. Naxış

  Hər şey birdən-birə oldu. Çılpaq ruhu ilə sevgisini etiraf edən qız qarşısındakının real üzünü gördüyü gün xəstə düşdü, ürəyi azarladı. Qismət… Elə bil yer də, göy də qurumuşdu. İsti idi yaman. Heç payız havasına oxşamırdı. Uzanan yollar qızın gözünün ışığını udur, həsrətin sonu gəlmirdi Sayısız binaların arxasında yenicə çərtməkdə […]