Sənur Yaqubov. Yer altında xatirə

Səhər təzəcə açılırdı. Günəş dağların arxasından boylanmış kəndi seyr edirdi. Gecə boyu yağan yağış hələ də ağacların yarpaqlarında məskən salmışdı. Sanki günəşin də məqsədi bu damlaları qovmaq, onları məhv etmək idi. Təbiətin bu kiçik haqq-hesablarına heç vaxt diqqət etməyən Kamil müəllim bu gün də tezdən oyanmışdı. Oyanan kimi pəncərəni açmış, yağışın islatdığı torpaq qoxulu havadan içinə çəkmiş, sonra hazırlaşmağa başlamışdı. Bu gün, onun qəlbində uzun illərdən sonra sevinc, həyəcan qarışıq duyğu baş qaldırmışdı. Nə duyğu idi bu?

Kamil müəllim gəncliyini xərclədiyi Bakıya gedəcəkdi. Həə, deməli, qəlbindəki təlatüm də bununla əlaqəli idi.

Qapıları bağlayıb asta addımlarla kəndin qurtaracağına doğru addımlamağa başladı. Yol boyu tək-tək adamlarla rastlaşdı. Salam verənləri dilucu salamlayıb yoluna davam edirdi. Qurtaracağa az qalmış geriyə dönüb, sanki nəyisə dəqiqləşdirmək istəyirmiş kimi yaşadığı evlərinə tərəf boylandı. Bir neçə dəqiqə beləcə dayandı. Onu fikirlərindən qəfil gələn maşın səsi ayırdı: “Kamil müəllim, gəlirsiz?”

– Hə, bu saat. Arxada əyləşdi. Yol boyu, sürücünün mənasız söhbətlərinə qulaq assa da,  diqqəti yol boyu uzanan taxıl sahələrində idi.

2 saat sonra onlar artıq şəhərdə idilər.

– Eldar, metroya yaxın yerdə saxla.

– Baş üstə, – deyə Eldar cavab verdi.

Buyurun. Müəllim pulu verib metroya doğru addımladı. İzdihama qarışıb, pillələri enməyə başladı.

Bir-birini əvəz edən platformalar, onu mənzilə çatdırdı. Vaqondan düşüb, sağa buruldu. Şüşəli qapıya çatanda dayandı, dərindən ah çəkib yoluna davam etdi. Niyə dayanmışdı?

Universitetin sonuncu ili idi. May ayının son günlərindən biri idi. Gənc Kamil dərsdən icazə alıb 4-cü mərtəbədən liftlə aşağı enib həyətə çıxdı. Sola burulub, bir dəstə qızın arxası ilə addımlamağa başladı. Qızlardan biri addımlarını yavaşladıb onlardan arxaya qaldı. Kamil də ona yetişdi. Bərabər addımlamağa başladılar. Heç biri danışmırdı. Metronun yaxınlığında, bütün cəsarətini toplayaraq, Şəbnəm, dedi. Qız ona tərəf baxmadan dilləndi: Kamil, bizdə alınmaz.

-Niyə?

-Tək səbəbi var, o da sənin kənddə yaşamaq istəməyindir.

– Şəbnəm, axı… sağ ol.

– Şəbnəm “Kamil, çalış heç vaxt sevgini işinə məğlub etmə”, – deyib sürətlə uzaqlaşmışdı. Kamil də şüşə qapılara qədər gəlmiş, orada xeyli gözləmişdi. Bütün duyğularını buralara atmış, indi də illər sonra onu görüb qarşısına çıxmışdı.

Dərin nəfəs alıb addımlamağa başladı. Pillələri qalxdıqca Şəbnəmi, əziz xatirəsini düşünürdü. Heç vaxt niyə bu qərarı verdiyini anlaya bilmirdi. Yolla fikirli-fikirli addımlayırdı. Nəhayət, sağa burulub, universitetə girdi. Mühafizəçilərə “məzunlardanam” dedi. İcazə kartı alıb dəhlizlə addımlamağa başladı. Heç nə dəyişməmişdi. Pillələrlə enib həyətə çıxdı. Burda da 1-2 ağac, skamyadan başqa heç nə yox idi. Yeni tikilmiş binaya da daxil olub heç nəyin dəyişmədiyini görəndə qəhərləndi. Özünü toplayıb 3-cü mərtəbəyə qalxdı. Təhsil aldığı dövrdə tabe olduğu dekanlığın qapısına yaxınlaşdı. Qapının yazısı belə dəyişməmişdi. O yenə “ilahi, niyə?” – deyə özü özünə sual verirdi. Bu zaman qapı açıldı. İçəridən eynəkli bir qadın çıxdı. Kamil! – deyə ona yaxınlaşdı. Kamil müəllim onu tanıyan bu xanımı ilk baxışdan tanımamışdı. Amma baxışları toqquşan zaman xatırladı. O, Şəbnəm idi…

Qadın onu otağa dəvət etdi.

– Universiteti bitirdikdən sonra nə etdin?

– Heç. Kəndə getdim. 1-2 il müəllim işlədim. Sonra da təsərrüfat… Bəs sən?

– Mən magistır da oxudum. Evləndim. İndi doktorantam. Yoldaşım vəzifədədir. Tanışlıqla bura göndərildim.

– Həə, lap gözəl! Bunu deyib Kamil ayağa qalxdı. Şəbnəmlə sağollaşanda:

-Aaa, sən nə əcəb ay Kamil, buralarda?

Kamil qadının dayanmağını gözləmədən dedi: “Dedim, gedim görüm bizdən sonra nə dəyişib? Keçmişi xatırlayım. Əfsus ki, heç nə dəyişməyib”.

– Səni sabitlik niyə üzür ki?

– Sabitlik varsa, inkişaf yoxdur. Necə üzülməyim?

Həə, nə deyim e, deyə qadın çiynini çəkdi. Kaş qalıb oxuyardın, işləyəydin. Heç peşmansan?

– Hə, məhəbbətimi təhsilə dəyişdiyimə…

Kamil sağollaşıb bayıra çıxdı. Öz-özünə düşünməyə başladı. Niyə insanlar bir-birini əvəz edir? Bəs təhsil? Axı o dəyişməli, inkişaf etməli idi. Niyə övladlarımız bizimlə eyni formada təhsil almalı idi? kimi suallarına cavab tapmayacağı qənaətinə gəlib əlini fikirləri özündən uzaqlaşdırmaq istəyirmiş kimi yellədi.

Hava qaralırdı. Kamil müəllim şüşəli qapıdan keçərək platformaya doğru gedirdi. Üzündə hüzünlü bir ifadə var idi. Bu gün olanlarla, illər öncə Şəbnəmlə ayrılığını xatırladı. İndi daha çox üzüldüyünü dərk etdi.

Qaranlıq idi. Şəhərin rəngarəng işıqları onu yola salırdı. Maşına əyləşəndə Eldar soruşdu: “Tapdınız tanışlarınızı?” Kamil istəksiz tərzdə, “Hə”, – dedi. Onlar yol boyu daha heç nə danışmadılar.

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Xəzər Universitetində Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilmişdir

Ca Mar 30 , 2023
Xəzər Universitetində “Humanitar elmlər yeni paradiqmalar kontekstində” mövzusunda Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilmişdir. 2023-cü il mart ayının 29-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə görkəmli təhsil qurucusu, riyaziyyatçı-alim, şair-publisist, tərcüməçi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının anadan olmasının 75 illiyinə həsr olunan “Humanitar […]