Dinin, mədəniyyətin, sözün bir don olduğu, hər kəsin öz məqsədi üçün istifadə etdiyi bir zamandan danışsaq, bütün dövrləri göz yaşları ilə xatırlamalı olarıq. Bu zaman dilimlərindən bir xatirə, bir göz yaşı, bir yara keçər əlimizə. Məhz həmin dəhşətli zaman dilimlərdən birinə biz Madımaktda rast gəlirik. Bu mövzuya həsr olunmuş bir filmin məndə buraxdığı xatirələr hələ də məni düşündürür. Nəyə görə vicdanımıza sahib çıxa bilmirik?
1993-cü ildə qadınların cəmiyyətdə olan rolunu, onların həyatını və insanların bir-birinə davranış şəklini araşdıran Hollandiyalı Karina Türkiyəyə gəlir. Mühit, insanlar, ətraf onu düşünməyə vadar edir. Beləcə, beynində suallarla boğuşan tədqiqatçı sualları ilə bizim də düşünməyimizə yol açır.
“Görəsən, kim daha çox müsəlmandır?”
Evliliyi böyük həyat uğuru sayan, fiziki-psixoloji şiddət görməsinə baxmayaraq susan qadınlar daha çox müsəlmandır. Axı onlar cəmiyyətin heç bir tələbini geri çevirmir. Həyatları evlənməkdən, ana olmaqdan, həyat yoldaşlarının sözlərinə boyun əyməkdən ibarətdir. Hicaba bürünən, təhsildən uzaq qaçıb ailəyə, uşaqlara həyatını adayan qadınlar “əsl müsəlman” olduğunu zənn edirdi. Karina “siz türk qadınları çox anacsınız”, – deyirdi.
Toplumun bəlli qaydaları vardı. Mütləq evlənməli, uşaq dünyaya gətirməli və həmin uşaqları mütləq şəkildə “müsəlman” böyütməlidirlər. Bunların hamısı daha uşaq yaşlarımızdan bizə öyrədilən “milli dəyərlərimizdir”. Bəlkə də, milli dəyərlərdən daha çox bizim üzərimizdə qurulan hakimiyyətdir? Heç bunu düşündükmü?
Qadın bu qədər yükü boynuna götürərkən bir fərd olaraq tanına bilmir. Özü müstəqil qərar vermək haqqına sahib deyil. Əslində, Karina burda dini, insanların həyatını sorğu-suala çəkmir. Sadəcə bütün dövrlər kimi yenə dindən öz xeyrinə istifadə edən insanların qadınların haqqını necə tapdadığını göz önünə qoyur.
Karina təcrübə üçün bir qadınla söhbəti zamanı həmin qadına evliliyindən gördüyü şiddətə qarşı şikayət etməsini tövsiyə edəndə qadının polisə risk etmədiyini, atasına şikayət etməsinə baxmayaraq isə, yerinin yalnız yoldaşının yanı olduğuna dair təlimatlandırıldığını öyrənmişdi.
Ən dəhşətlisi isə ondan ibarətdir ki, qadın həyat yoldaşının özlüyündə çox gözəl insan olduğunu düşünür. Məncə, faciənin əsl mahiyyəti də burda açılır…
Karina tanrılara inanmırdı. Dinin isə sadəcə bir şəkil olduğunu düşünürdü. Etnik kimliyini və dinini qoruyan hər kəsin bunu sadəcə məcburiyyətdən etdiyini və bu məcburiyyəti özü istəyirmiş kimi qəbullandığını deyirdi. Karina dinlərə toxunmurdu, onları qəbul edən insanları alçaq görmürdü. Hicablı qadınları alçaltmırdı. Sadəcə dinin cahilliyə, asılılığa, şiddətə apardığı yola sərhəd çəkməyin gərəkli olduğunu deyirdi.
Bütün bu din oyunlarının digər bir qurbanı isə Əziz Nesindir. O, Allahın “siz bu əməlləri etməsəniz, cəhənnəm sizin yerinizdir”, deməsinə inanmırdı. Bunun heç bir məntiqə sığmadığını deyirdi. Lakin yenə də müsəlmanlara qarşı gəlmirdi. Belə bir vəziyyətdə havası, suyu, bütün həyatı din olan, “Mən müsəlmanam!” deyən insanlar bir neçə kənar toplumun təkidi ilə çıxışlar edirlər. Buna isə əsas səbəb əfqanlarla olan münasibətdir. Həmin gün Əziz Nesinin qaldığı hotelin önünə gəlirlər. Əslində, hər şey 3-5 insanın bir yığın “sürü” üzərindən oynadığı oyundur. Əziz Nesini yandırmaq istəyən, “Əziz yaşasa, azan səsinin batacağını” düşünən xalq həmin gün o hoteli yandırır. Əziz Nesin, Karina və bir neçə başqa din nümayəndələri, həmçinin müsəlmanlar da həmin hoteldə yanaraq kül olur. Müsəlman müsəlmanı yandırır! Doğulmamış körpənin atası daha övladını görmədən atası küllərə qarışır…
Ən qəribəsi isə bu oyun elə şəkilli qurulur ki, heç bir polis və əsgər qüvvəsi yardıma gəlmir.
Karina son nəfəsinə qədər hər şeyi öz dəftərinə yazmışdı. Və o xatirələr bu gün bizə həm tarixi anladır, həm də insanların dinə bürünüb bir-birlərinə kin güdməsinin nələrə səbəb olduğunu göstərir. Heç bir din, heç bir kimlik qatil olacaq qədər amansız olmamalıdır…
İnsanlar doğularkən onların adı, yaşadığı yer, dini, hətta gələcəkdə sahib olacağı peşə belə seçilir. Yəni, nəticədə, sən bunları sonradan dəyişmək istəsən, cəmiyyət səni “dinə düşmən” kimi görür. Amma bu həyat sənindir, mənimdir. Bizim deyil. Mənim dinimə qərar vermək cəmiyyətin haqqı deyil. Hər kəsi özü etməkdən əl çəkməyən cəmiyyətdə qurban kimi dolaşırıq. Əsrlər keçsə belə, fərd olmağı tam bacarmırıq. Daima nələrisə qurban veririk.
Dinin yanlış yöndən təbliğinin yaratdığı bu faciələrin içində isə ən təsiredici cümlələrdən biri filmin sonunda səslənir: ‘’Nəhəng Sivasda dövlət yox oldu!”
İşinə qeyri-peşəkar yanaşan, vicdandan nəsib almayan insanların qurbanı günahsızlar oldu.
Din bütün zaman bölümlərində istənilən bir məqsəd üçün vasitə halına gəlir. İnsanlar dini sadəcə öz qaydaları ilə var etdiyi zaman onun əsl dəyərlərindən, ona sitayiş etməyin mahiyyətindən uzaq düşürlər. Bu müddətcə inkişaf yolunu gözləmək mənasızdır. Görəsən, daha neçə “don geyindirilmiş dinlər” qatilimiz olacaq?