Yumor gülüşdür. Gülüş isə müxtəlif mənalar doğura bilər. Lakin yumor hələ inkarçı və rəqib gülüşü deyil, daha çox məişət və yoldaş gülüşüdür. Ona görə də bir çox hallarda ironiya ilə yumorun sərhədi mübahisəli olur. “Qarqantua və Pantaqruel” əsəri bir yandan yumoristik şəkildə qeyri-ciddi məsələlərdən bəhs edərkən, özü-özlüyündə bir o qədər də ciddilik anlayışını ortaya qoyan bir romandır. Əsərdə cəngavərlik hekayələrinə, krallarla sərkərdələrin yaşam tərzinə, dini moizələrlə verilmiş parodiyaya rast gəlirik. Hadisələr folklar motivləri üzərində qurulub. Mifologiya ilə reallıq, yalan ilə həqiqətin açıq müqayisəsi verilib. Burada daim yumor və qara yumor bir-birini əvəz edir. Yumoristik səhnələr daha çox intibah dövrünə, insanın müasirlik və mədəniyyətlə daha yaxından tanış olduğu dönəmlərə işarə edir. Qarqantuanın uşaq olarkən silinməklə bağlı dediyi fikirlər oxucunu nə qədər güldürsə də, eyni zamanda müxtəlif mənaları əks etdirir. Artıq natəmizlikdən çıxıb daha yaxşı mühitə keçidə işarə edirdi bu səhnə. Panurqun qoçların birini götürüb suya atdığı səhnə isə birinin digərlərinin güdazına gedəcəyi fikrinə bariz nümunə kimi verilib. Yumor əsərin ta başından sonuna qədər fərqli səhnələrlə bir-birini əvəzləyir.
Bəs müharibələr? Müharibələr isə bir-birinə bənzəmir. Onların aparıldığı vaxt kimi, məkan da müxtəlif olur. Müharibələri doğuran səbəblər də başqa-başqadır. Fəsadları isə eynidir, acıları, fəryadları, izləri oxşardır. Müharibəni, insan acgözlüyünü qara yumorla təsvir edən ədib, əslində, bəşər övladının acı simasını ortaya qoymaq istəyib. Bunu Pikroxolla Qarqantua arasındakı müharibənin, Anarx, General Naftex və vəhşi kolbasa ordusunun təsvirini verərək edib. Digər bir yumoristik səhnə isə Qarqantuanın təhsil alma dönəmidir. Onun yeni təhsil sisteminə öyrəşməsi və bununla paralel yeməyi də daim düşünməsi bizə bəzi mətləbləri açmağa kömək edir. Bu məsələ artıq intibahda təhsilin yerinə və yeməyin insan həyatındakı roluna işarə edir. İnsan acgözlüyünün yumor və qara yumorla vəhdət halında təsviri müharibə zamanı əsgərlərin Tanrıdan şərab və yemək üçün yalvardıqları səhnədir. Yemək hər nə qədər insana nəslini artırmaq üçün vacibli amil olsa da, bir o qədər də doymayan nəfsinin bir parçasıdır. Digər bir qara yumor səhnəsi isə sevgisinə qarşılıq almayan qəhrəmanımızın “sevdiyi” qadının dalınca itləri saldıgı məqamdır. Bu nə qədər bir aşiqin intiqamına bənzəsə də, insan xislətinin, kişi hegemonluğunun yenilməyi gözə ala bilməməsinə işarə edir. Qarqantuanın geyimi səhnəsində nə qədər gülsək, bir o qədər də müəllifin yazılmamış qanunların həyatımızdakı təsirini göstərdiyini aydın sezirik. Əsərdə bu tip səhnələr meydan gülüşü ilə təlxəy oyununu birləşdirir. Bununla həm yumoristik, həm də satirik səhnələr ortaya çıxır.
Romanda insan üçün yemək qədər əsas olan ölümlə bağlı yumoristik səhnələr də var. Anakreonun üzüm tumundan ölməsi, Fabıyın keçi tükündən vəfat etməsi bu tip səhnələrdəndir.
Qarqantua nəsli bədheybətlərdən gəlmə, yəni köhnəliyin müasirliyə qovuşması arasında bir körpüdür. Bu nəsil, əslində, dünyaya yemək, içmək və zövq almaq üçün gəlib. Nəslin özündə əks etdiriyi fantastik olaylar reallığı daim darmadağın edir. Məsələn, Pantaqruelin mədə dərmanı əvəzinə atdığı tunc şarlar və onun içindən insanın çıxması səhnəsinə nəzər salaq. Bu səhnə Troya atına da işarə ola bilər. Lakin bu da qeyri-real səhənlərdən biridir. Bir digər səhnə Qarqantuanın 11 ay ana bətnində qalıb, qulaqdan dünyaya gəlməsi, bununla yanaşı doğulan kimi danışması da abstrakt səhnələrdəndir. Qarqantua və Pantaqruel, əslində, keçmişin tipikləşmiş obrazlarıdır. Qarqantuenin anasının hamilə qalması səhnəsi də bu nəslin fərqliliyindən xəbər verirdi.
Pantaqruel artıq atasına nisbətən daha çox elmlə bağlıdır. Müasirliyə can atmaqdadır. Lakin müəllif alışılan hər bir yazılmamış qanunu darmadağın etməyə əsər boyu davam edir. Qarqantuanın Pikroxolla etdiyi müharibə, əslində, bədheybətlərin insanlara qarşı çıxması ilə bağlı idi. Çünki insan qarnını doyursa da, gözünü doyura bilmirdi. Daha çox istəyirdi. Bu zaman isə özünə aid olmayanlara can atırdı. Qarqantue bu zaman ağıllı hökmdar obrazına çevrilir. Əsərin əvvəlində yemək, kef çəkmək bu nəsilin necə ayrılmaz hissəsi idisə, bu, sonralar da davam edir. Yazıçı onların simasında qarınqululara işarə edir. Qarqantua və Pantaqruellin arasındakı məktublaşma səhnəsini xatırlasaq, görərik ki, artıq bu nəslin dilində təhsil daha tez-tez hallanır.
Müəllifin qəhrəmanları nə qədər bədheybət olsalar da, onlar bir insandan daha zərərsizdirlər. Qarqantuenin təhsil aldığı dönəmdə onun yeni təhsil sisteminə öyrəşməsi, bununla paralel yeməkdən uzaq qalması yazıçı tərəfindən onların soy kökünə bağlılığının bəddi ifadəsidir. Bu nəslin nümayəndələri real dünyadan ona görə seçilirdi ki, onlar bədiiliyin vəhdətində müəllifin görmək istədiyi bir az tarixi, bir az da nağılvari qəhrəmanlar idi.