Görkəmli Polşa şairi Vislava Şimborska 1923-cü ildə Kurnik şəhərində anadan olub. 1948-ci ildə Krakovdakı Yagellon Universitetini bitirib. Şairin ilk kitabı 1952-ci ildə işıq üzü görsə də, sonralar ondan imtina edib. O, “Özümə suallar”, “Yetimin harayı”, “Seçmə şeirlər”, “101 misra”, “Bundan ötrü yaşayırıq” kimi şeirlər kitablarının müəllifidir.
Poetik əsərləri dünyanın 36 dilinə tərcümə olunmuş şair 1995-ci ildə beynəlxalq “Herder” mükafatına, 1996-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Ədib 2012-ci ildə Krakov şəhərində vəfat edib.
Qəfil görüş
Rastlaşdıq yenə də.
Uzun ayrılıqdan sonra bu təsadüf
sənə də xoşdu, mənə də.
Bizim pələnglərimiz xama yalayır indi.
Qırğılarımız səmada yeriyir.
Akulalarımız boğulur okeanda.
Qəfəsdə əsnəyir canavarlarımız.
Bizim ilanlarımız qabığından,
tovuzquşularımız lələyindən olub…
Dayanmışıq üz-üzə,
nə sən dinirsən, nə mən,
əlacsızlıqdan gülümsəyirik yalnız –
danışmağı yadırğayıb bizim adamlarımız.
Son və başlanğıc
Hər müharibədən sonra
kimsə yır-yığış eləməli savaş yerlərində.
Səliqə-sahman
öz-özünə yaranmır axı.
Kimsə yolları təmizləməli –
cəsədləri daşıyan arabalar
rahat keçsinlər deyə.
Kimsə eşələnməli palçığın, külün içində.
Şüşə qırıntılarının,
qanlı əsgilərin üstündə
kimsə əzaba qatlaşmalı.
Kimsə paya tapmalı
divarlara dayaq vurmağa.
Kimsə pəncərələrin şüşəsini salmalı,
qapıların həncamasını düzəltməli.
Gör bu işlərə neçə il lazımdı, neçə il…
Mənzərə şəkillik mənzərə deyil.
Hərçənd fotomüxbirlərin hamısı
başqa savaşları çəkməyə gedib.
Körpüləri, vağzalları
yenidən qurmaq gərək.
Əlləri qabar eləməli
ağır, üzücü əmək.
Kimsə səhər erkən
saralmış yarpaqları süpürərkən
yada salmalı o müharibənin dəhşətlərini,
cavabında isə kimsə salamat qalmış başını tərpətməli…
Və darıxdırıcı gəlməli bu söhbətlər
ətrafda veyillənən kimlərəsə.
Kimsə pas atmış sübutları
eşib çıxartmalı kolların dibindən,
zibilliyə tullamalı.
Uşaqkən gördüyü o müsibətdən
nəsə xatırlayanlar
qocaları dəfn eləməli
bu barədə heç nə bilməyənlərin
yeri gen olsun deyə.
Kimsə də uzanmalı
səbəblə nəticəni gizlədən çəməndə
və buludlara baxmalı
ağızında ot saplağı.
Heç nə təkrar olunmur
Heç nə təkrar olunmur tarixdə.
Biz dünyaya gəlişimizi məşq eləməmişik axı,
eləcə də köçüb gedəcəyik, uzağı.
Həyat məktəbinin əlaçıları belə
təkrar yaşaya bilməzlər eyni qışı,
eyni yayı, eyni payızı.
Bir-birinə oxşayan
iki gündüz yoxdu,
iki gecə yoxdu,
iki öpüş yoxdu…
Sən bugünkü nəzərlə
bir də baxmayacaqsan mənə –
bir-birinə bənzəyən iki baxış yoxdu…
Dünən adını çəkdilər yanımda –
sanki pəncərəmdə qızılgül açdı.
Bu günsə bir yerdə olsaq da,
divara çevirmişəm üzümü:
qızılgül nə olan şeydi –
güldü, ya bəlkə daşdı?
Nədən, nədən bu zalım il
əbəs yerə qorxu salsın canımıza?
Gedəcək, başqası gələcək yanımıza,
gözəl olacaq hər şey.
Hər şey gözəl olacaq,
Gəl qucaqlaşaq, gülümsəyək…
Biz axı bir-birimizə bənzəmirik
suyun iki damcısıtək.
İlk baxışdan sevgi
İkisi də elə sanır,
sevgi qəfildən haqlayıb onları.
Gözəldi nəyəsə belə inanmaq,
şübhələnmək daha yaxşıdı amma.
İkisi də elə bilir,
qabaqlar tanış deyildilərsə,
aralarında heç nə olmayıb, demək..
Amma… amma onların bu fikrinə gülər
nə vaxtsa bir-birinin yanından keçdikləri
dəhlizlər, küçələr, pillələr.
Soruşmaq istərdim bu sevgililərdən:
yaddaşlarını qurdalasınlar barı –
bəlkə, fırlanan qapıların biri
nə vaxtsa üz-üzə gətirib onları?
Bəlkə, nə zamansa telefonda
“bağışlayın, səhv düşmüşəm” deyiblər bir-birinə?
Amma qabaqcadan bilirəm cavablarını:
“Yox, yox, xatırlamırıq”.
Hərçənd heyrətə gələrdilər
fələyin onlarla çoxdan oynadığını bilsəydilər…
Allah bilir, indiyəcən neçə kərə
tale gah yaxınlaşdırıb, gah uzaqlaşdırıb onları,
neçə yol gülüşünü boğaraq
keçib gedib yanlarından.
Allah bilir, neçə anlaşılmaz nişanə,
nə qədər işarə olub…
Bəlkə, üçcə il əvvəl bir sarı yarpaq uçub
birinin çiynindən o birinin çiyninə?
Bəlkə, indi tapılıb nə vaxtsa itmiş nəsə –
məsələn, uşaqlığın kolluqlarında yoxa çıxmış top.
Bəlkə, əllərinin toxunuşu
üst-üstə düşüb nə zamansa
qapı dəstəklərinin, zəng düymələrinin üzərində?
Bəlkə, nə vaxtsa yanaşı düşüb
saxlama kamerasında çamadanları?
Bəlkə, oyanan kimi unudulmuş eyni yuxunu görüblər
gecələrin birində?
Axı… axı bu, həyatdı…
Axı hər başlanğıc – sonrakı gedişatdı.
Tərcümə edən: Salam Sarvan
xezerjurnali.az