KLV.az saytı Yeqzar Cəfərlinin yeni şeirlərini təqdim edir.
Buludlar ağlayanda insanlar sevinirlər.
Təbiət qocalanda insanların çiçəyi çırtlayır.
Günəş qəzəblənəndə insanlar çimərliyə gedirlər.
Payız yarpaqlarına xəyanət edəndə insanlar ləzzət alırlar.
Bunları duya bilməyən insanlar, hissiz adlanırlar….
***
Ölü xatirələr səpilib küçələrə
İrili-xırdalı ümid qığılcımları süpürür şəhərin öləziməkdə olan ruhunu
Dəmir yol relslərinin kənarındakı otlar böyüməkdən qorxurlar.
Futbol oynadıqları top qonşularının bahalı avtomobilinə dəydikcə danlanan, diksinən, donquldanan…
Göydələnlər ucbatından günəşi 3-4 saat gec qarşılayan gecəqondu uşaqları…
Hava oksigen çatızmazlığından boğulmaq üzrədir.
Hamilə qadınların qarnındakı uşaqlar bu dünyaya gəlməmək üçün təpik atırlar…
***
Diksindikcə payızın işıldayan yarpaqları
Qaranlıqlarla savaşa girir təhna qalmaq istəyənlər.
Buludlar yağış dolu qəzəb tüpürür üstümüzə,
Günəş alın tərimizin damcılarını qurban seçir.
Hər gün bayram etmir rahatlığına düşkün eqoistlər,
Sevginin aliliyini birbaşa Allaha bağlayanlar yenə də haqlıdırlar.
Balıqların kürü tökmə dövrü
Bəxtsiz Xəzərin bulanıq sularında dəhşətə çevrilir.
Yük aparan vaqonları sayaraq riyaziyyat imtahanına hazırlaşan uşaq
Ara-sıra göy üzünə baxıb buludların arxasınca qaçmaq istəyir…
Kəndin başıpozuq itləri gonbul qəssabın qeybətini edirlər hürüşə-hürüşə
Külək əsdikcə unudulur irrasionallığın simfoniyası
Bu gün gələcəyə hamilədir.
Doğ(may)acaq…