İslam Türkay. Elə bil çağırır məni uzaqlar (şeirlər)

Alqışlar

İstilər boğurdu dağı, aranı,

Göylər itirmişdi çəni-dumanı.

Başladı, başladı bahar leysanı-

Yarpaqlar əl çaldı…

 

Göylər asım-asım bulud gətirdi,

Ağaclar elə bil cırıq çətirdi.

Başladı, başladı payız leysanı,-

Son yarpaq, son bahar tir-tir əsirdi,

Budaqlar əl çaldı…

 

Bayırda qar idi, qarda bir qarı,

Qar qarını sevməz, qarı da qarı.

Yıxıldı… güldürdü, bax uşaqları,

Bu necə yığnaqdı, necə mahaldı

Uşaqlar əl çaldı…

 

Bu da bir taledi, bəxtdi – nədisə,

O gözəl sındırdı könül tarımı…

Üzdə ağız büzüb bəyənmədisə,

Oğrun oxuduqca yazdıqlarımı

Dodaqlar əl çaldı…

 

Kərpic-kərpic sökdüm ömrümü elə,

Payladım könlümü hər əhli-dilə.

Ürək tonqalımda bişdi sözlərim

Alovum saçımda çevrildi külə.

Ağzına su alıb susdu yaxınlar,

Uzaqlar əl çaldı…

 

Hardasan

Bu dünyada biz üz-üzə gəlmədik,

Məni sevən, mən sevdiyim, hardasan?!..

Bir-birmizi tanımadıq, bilmədik,

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Bəyənmədim mənə heyran gözəli,

Mən sevdiyim məndən uzaq dolandı…

Belə oldu bu yazının əzəli,

Hey varlığım atəşlərə qalandı.

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Bəlkə, elə əl edirsən dünyaya,

Bəlkə, indi səksən yaşlı qarısan.

Boyun əyib bir taleyə, bir paya,

Bəlkə sən də bir özgənin yarısan,

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Bəlkə, hələ gəlməmisən cahana,

Bir gözəlin bətnində yol gəlirsən…

Sığışmayıb indi vaxta, zamana

Öz bəxtinə yuxularda gülürsən…

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Bəlkə, məndən min il əvvəl yaşayıb,

İndi qartək ələnirsən başıma?..

Yaz gələndə, kol dibində, utancaq

Bənövşətək sən çıxırsan qarşıma?..

 

Bəlkə, elə suya dönüb axırsan

Bir bulağın gözlərindən yaş kimi…

Yolum üstdə yollarıma baxırsan,

Bir yamacda bir sal qaya, daş kimi…

Məni sevən, mən sevdiyim, hardasan?!

 

Həyat oyun, sevgi oyun, müəmma,

Dünya sirdi, sən bəxtimin sirrisən.

Sən varsansa, burdasansa, utanma,

Bəlkə, elə bu qızlardan birisən?

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Sən varsansa, hay ver mənim səsimə,

Ölmüsənsə, mən arxanca ağlayım…

Bax, başımda dumanıma, sisimə

Vüsalını uzaqlara saxlayım…

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Tək ağacam, sən suyum, sən torpağım,

Lüt–üryanam, sən gülüm, sən yarpağım…

Göydə keyfim, göz üstündə papağım,

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Sənsizliyin saçlarımda qar olub,

Ürəyimdə yuva salıb kədər, qəm…

Yalqızlıqdan dünya mənə dar olub,

Bir ocaqda tüstülənən kösövəm…

Məni sevən, mən sevdiyim, hardasan?!..

Məni sevən, mən sevdiyim, hardasan?!..

 

Məndən uzaqdasan

Məndən uzaqdasan, burda qar yağır,

Görən neynəyirsən məndən uzaqda…

Qulağın səslənsə, adımı çağır

Burda, üşüyürəm isti otaqda…

 

Hər yan bir rəngdədir, başında ağ tac

Qara ilə ağı gəl indi ayır.

Həyətdə boynunu əyən bir ağac

Uzaqdan ağ donda sənə oxşayır…

 

Hər tərəf ağarıb, yaxşı da, pis də,

Görən nə paltardı geyib təbiət?..

Bulud çiçəkləyib başının üstdə,

Göylərə dərdini deyib təbiət…

 

Arzular atlana, həsrət dağlana,

Ömür-gün uzana, yaş ötüşməyə

Qar yağa hicranın yolu bağlana,

Bir də aralığa gəlib düşməyə!..

 

Bağrımın başını göynətdin yenə,

Uzun ayrılıqdan yar küsən deyil.

Baharı məktuba qoy yolla mənə,

Məktubun gəlməsə, qar kəsən deyil…

 

…Məndən uzaqdasan, burda qar yağır,

Görən neynəyirsən məndən uzaqda?..

Qulağın səslənsə, adımı çağır

Burda, üşüyürəm isti otaqda…

 

Payız duyğuları 

Qəriblik bürüyüb cığırı, izi,

Köçübdü, göllərin sonası yoxdu.

Bağların saralıb, solub bənizi,

Elə bil mənimtək anası yoxdu.

 

Tutulub göylərin qaşı, qabağı,

Əlləri qoynunda qalıbdı dağlar.

Meşənin çaylara yağan yarpağı,

Həsrət məktubudur, oxuyan ağlar.

 

Budaqlar – göylərə haykıran əllər,

Meşələr viranə şəhərdi, Allah!

Qayalar dibində titrəşən güllər

Qarıyan qızlardı, qəhərdi, Allah!

 

Tək ağac anammı, həsrət qarımı

Qəbirdən boy verən sədadı, bəlkə?!..

Tökülən yarpaqlar göz yaşlarımı,

Göz yaşı içində adadı, bəlkə?!..

 

Hava nəmişkəndi, cığır sürüşkən,

Palıdlar odlara qalanıb gedir.

Səhərlər döşləri çulğalayan çən

Baharın ruhudu, dolanıb gedir…

 

Ağarır dağların silsilə tağı,

Qayalar dayanıb dəyanət kimi.

Göy tala – baharın itən yaylığı,

Duman ütü çəkir əmanət kimi…

 

Çaylar yavaşıyıb, sular durulub,

Ayrılıq nəğməsi çalır bulaqlar.

Elə bil vaxt susub, zaman yorulub ,

Elə bil çağırır məni uzaqlar…

Elə bil çağırır məni uzaqlar…

 

 ***

Sözüm sənədi, Allahım,

Bu can bu tənə sığışmır.

Mənə nələri vermisən,

Bu “Mən”, bu Mənə sığışmır…

 

Bu tarla həminki deyil,

Bəlkə də mənimki deyil…

Bu un bu dəninki deyil

Bu un bu dənə sığışmır…

 

Üzülmüşəm üzüm-üzüm,

Sinəm dağ-dağ, düzüm-düzüm…

Bu çən tənmi, süzüm-süzüm?

Bu dağ bu çənə sığışmır…

 

Doğma yurda məktub 

Eşit nə deyirəm, ay qoca dədəm,

Təmənnalı çörək nə ağı imiş…

Mənə “can-can” deyən

dostum, həmdəmim,

Sən demə amansız bir yağı imiş..

 

Ömrümdə gah duman, gah çən görmüşəm,

Dünyanı gah qəmgin, gah şən görmüşəm,

Ayılıb saçımı dən-dən görmüşəm…

Ağ tellər pis günün sorağı imiş…

 

Mən uddum, uduzdum bu sərt yarışda,

Ver-verim eşitdim hər bir qarışda…

Anlayıb gördüm ki, dost da, tanış da

Ancaq yaxşı günün ortağı imiş….

 

Kimə yön çevirim, kimə əl açım?

Qırılıb ümidim, itib əlacım…

Məni bağışlasın qoy anam, bacım,

Qadınlar, bir bezin qırağı imiş…

 

O yurddan-yuvadan düşmüşəm uzaq,

Gün gələr, çəkilər bu qar, bu sazaq…

Sənin buxarında alışan ocaq

Mənim ürəyimin çırağı imiş…

 

Heç nə

Özünü öldürmə, a bədbəxt oğlu,

Bu qoca dünyanın talanı heç nə…

Quruca görməkdi, heç nəyin yoxdu,

Olmazı heç nədi, olanı heç nə…

 

Öz ağlın, şüurun vardı, dövlətdi,

Övlad da, nəvə də quru şöhrətdi,

Bu qohum, bu qardaş sözdü, söhbətdi,

Ağızdan sovrulur yalanı heç nə…

 

Bu namərd sürgündən çoxu bezardı,

Kiminin yeri gen, kiminin dardı…

Baxıram hər yanda açıq bazardı,

Satanı heç nədir, alanı heç nə…

 

Arzun xatirədi, bəlkən xatirə,

Xatirən kölgədir, kölgən xatirə…

Bu yurdun, məkanın, ölkən xatirə,

Quruca xatirə, qalanı heç nə…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ulu öndərin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir

Ça Yan 17 , 2023
2023-cü il fevral ayının 17-də Xəzər Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev fenomeni: tarixi missiya və milli özünüdərk ideyası” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. khazar.org