Ceyms Corc Freyzer. İnsan obrazında təcəssüm etmiş Allahlar – 4

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

 (davamı)

Təqribən 1830-cu ildə Kentukki ilə həmsərhəd olan Amerika ştatlarının birində özünü kafirləri, dinsizləri və günahkarları öz borclarını yerinə yetirməyə dəvət etmək üçün dünyaya yenidən zühur etmiş allah oğlu, bəşəriyyətin xilaskarı elan etmiş bir yalançı peyda oldu. O əmin edirdi ki, əgər qoyduğu vaxtacan onlar islah olunmasalar, dünya bir anın içində xarabaya dönəcəkdir. Bu sərsəm iddialar hətta varlı və nüfuzlu şəxslər tərəfindən belə təqdirlə qarşılanmışdı. Nəhayət, bir alman acizanə surətdə yeni mehdidən (məsihdən) xahiş etdi ki, dəhşətli fəlakət barədə onun soydaşlarına alman dilində bəyan etsin, çünki onlar ingilis dilini başa düşmürlər və yalnızca elə buna görə onların lənətlik olması heç yaxşı olmazdı. Cavabında adıbelə xilaskar tam bir səmimiyyətlə boynuna aldı ki, alman dilini bilmir. “Necə yəni! – deyə alman hiddətlə bağırdı, – sən – Allah oğlusan və bütün dilləri, hətta alman dilini belə bilmirsən?! İtil burdan, sən – dələduz, riyakar və dəlisən! Sənin yerin dəlixanadır.” Tamaşaçılar öz sadəlövhlüklərindən utanaraq gülüşüb dağılışdılar.

Bəzən belə düşünülürdü ki, ilahi ruh öz daşıyıcısının ölümündən sonra başqa bir adama köçür. Buddist tatarlar (yəqin ki, müəllif buddist monqol və kalmıkları nəzərdə tutur, – tərc.,) lamalar olaraq ən böyük monastırların başında duran çoxlu canlı buddaların mövcudluğuna inanırlar. Lamalardan hansısa öləndə onun şagirdləri yas tutub qəmlənmirlər, çünki bilirlər ki, tez bir zamanda o, bir körpə cismində yenidən doğulacaqdır. Onlar yalnız yeni lamanın doğum yerini bəlliləmək sarıdan qayğılanırlar. Belə bir zamanda onlar göy qurşağı ilə rastlaşırlarsa, bunu mərhum lama tərəfindən göndərilən və onları uşağın beşiyinə gətirib çıxaracaq bir əlamət, işarə kimi qəbul edirlər. Bəzən ilahi körpə özü özü barədə xəbər verir. “Mən böyük lamayam, – deyə o özünü bəyan edir, – filan monastırın canlı buddası. Məni öz köhnə monastırıma aparın. Mən onun ölməz başçısıyam.” Buddanın doğum yerinin hansı üsulla – öz bəyanı və ya səmaların işarəsi yoluyla bəlli olmasından asılı olmayaraq sevincək zəvvarlar səfərbər olur (çox vaxt xan və ya onun ailə üzvlərindən sayılıb seçilən şəxslərdən birinin başçılığı altında) və ilahi körpəni tapıb evinə qaytarmaq üçün yollara düşürlər. Adətən o müqəddəs Tibet torpağında doğulur və onun yanına gedib çatmaq üçün bu karvan ucsuz-bucaqsız səhralardan keçib getmək lazım gəlir. Zəvvarlar nəhayət onu tapdıqda onun ayaqlarına düşüb səcdə edirlər. Lakin axtarılan Böyük Lama kimi qəbul edilməzdən öncə uşaq həqiqətən o olduğunu sübut etməlidir. Ondan özünü başçısı elan etdiyi monastır, ona qədər olan məsafə, onda yaşayan rahiblərin sayı barədə soruşurlar. O, həmçinin mərhum lamanın vərdişləri və onun necə ölməsi barədə danışmalıdır. Onun qarşısında cürbəcür şeylər – dua kitabları, çaydanlar, fincanlar, – düzürlər və o, öncəki həyatında istifadə etmiş olduğu şeyləri göstərməlidir. Əgər o bütün bunları səhvsiz yerinə yetirirsə, onun iddiaları əsaslı iddialar kimi qəbul edilir və onu böyük təntənə ilə monastıra aparırlar. Bütün lamaların başında Lhasadan, yəni Tibetin Romasından olan dalay-lama durur. Ona canlı bir allah kimi baxırlar və ölümündən sonra onun ilahi və ölməz ruhu bir uşaqda yenidən doğulur. Bəzi məlumatlara görə dalay-lamanın axtarılıb tapılması üsulu adi Böyük lamanın yuxarıda təsvir olunan bulunma üsuluna bənzəyir. Başqa məlumatlarda onun qızıl küpədən püşk çıxarılması yolu ilə seçilməsindən bəhs edilir. Onun doğulduğu yerdə ağac və bitkilər yaşıl don geyir; onun buyruğu ilə çiçəklər açılır və su şırnaqları burula-burula göyə qalxır. O, ətrafına səmavi bəxtiyarlıq saçır.

Dalay-lama bu bölgədə ilahi mərtəbəyə yüksəldilmiş yeganə insan deyildir. XIX əsrin əvvəlində Çin imperiyasının tanrı-adamlarının rəsmi siyahısı Pekində Müstəmləkələr nazirliyində idi. Bu xislətdə qəbul olunmuş tanrıların sayı yüz altmışa çatırdı. Onlardan otuzu öz zühuru ilə Tibeti bəxtəvər etmiş, doxsanı ilə Şimali Monqolustan qürrələnirdi, Cənubi Monqolustansa ən azı əlli yeddi tanrının nuruna qərq olmuşdu. Öz təbəələriinin rifahına atalıq qayğısı göstərərək Çin höküməti siyahıya daxil olan allahlara Tibetdən savayı başqa bir yerdə yenidən doğulmağı qadağan edirdi. O, ondan ehtiyatlanırdı ki, Monqolustanda tanrıların doğulması hansısa bir şəkildə ciddi siyasi fəsadlara səbəb ola və monqolların mürgüləyən yurdsevərliyini və döyüşkən ruhunu oyadıb onları hansısa bir ilahi-şahzadə ətrafında toplaşıb onunçün od və qılıncla təkcə ruhani deyil, həm də dünyəvi səltənət fəth etməyə sövq edə bilər. Ellikcə qəbuledilmiş bu tanrılardan savayı saysız-hesabsız xırda xüsusi tanrılar və gizlicə möcüzələr göstərib insanları xoşbəxt edən cadu mütəxəsisləri var idi. XX əsrin başlanğıcında Çin hökuməti Tibet hüdudlarından kənarda bu xırda tanrıcıqların yenidən doğulmasına barmaqarası baxırdı. Ancaq onlar dünyaya gəldiyi gündən etibarən hökümət bir rəsmi mütəxəsislər olaraq onlara nəzarət edirdi və əgər onlar özlərini pis aparırdılarsa, qısa bir zamanda onları devirib gözdən iraq bir sovməəyə göndərir və bir daha haçansa insan bədənində yenidən doğulmağı onlara qəti qadağan edirdilər.

Beləliklə, primitiv cəmiyyətlərdə baş hakim dini baxımdan elə bir yer tuturdu ki, daha sonrakı böyük imperiyaların – Misirin, Meksika və Perunun, – hökmdarları tərəfindən ilahi və fövqəltəbii qabiliyyətlərə malik olma iddiası sadəcə elə hədsiz şöhrətpərəstliyin nəticəsi deyildi, həm də ta qədimdən vəhşi insanlar arasında yer alan canlı hökmdarların apofeozunun (ifrat şöhrətləndirmə, – tərc.,) qalığı və daha irəliyə getməsi idi. Məsələn, Günəş övladları, Peru inkləri öz hökmdarlarına bir tanrı kimi sitayiş edirdilər. Monarxın və ya ali zatdan olan bir kimsənin şəxsiyyətinə, şərəf və əmlakına zərər vurmaq, qəsd etmək onların heç ağlına belə gələ bilməzdi.

İnsanların çoxundan fərqli olaraq inklər (əslində”inkalar”, – tərc.,) xəstəliyi şər saymırdılar. Onlar onu ataları Fünəş tərəfindən göndərilmiş və onları göylərdə hüzur tapmağa dəvət edən bir müjdəçi kimi qəbul edirdilər. İnka yaxınlaşan əcəli barədə belə deyirdi: “Atam məni yanına, hüzura çağırır.” İnklər atalarının (Günəşin, – tərc.,) iradəsinə qarşı çıxmağa və sağalmaq üçün qurban kəsməyə cəhd etmirdilər.

İspan istilaçıları qızmar vadilərdən Kolumbiya And dağlarının yüksək yamaclarına soxulduqda, aşağıda, bürkülü cəngəlliklərdə qoyub gəldikləri vəhşi insan sürülərinin əksinə olaraq burada sivilizasiyanın xeyli yüksək səviyyəsində olan, əkinçıliklə məşğul olub və Humboldtun Tibet və Yaponiya teokratiyaları ilə müqayisə etdiyi bir idarəçilik sistemində yaşayan bir xalqla qarşılaşmalarından çox heyrətlənmişdilər. Bunlar – paytaxtları Boqota və Tunxada olan iki məmləkətə bölünmüş, böyük baş ruhani Soqamozaya ümumi dini tabeçilkdə birləşmiş çibçalar və muiskalar, yaxud da moskalar idilər. Belə hesab olunurdu ki, bu ruhani hakim uzunsürəli tərkidünyalıq və fədailik sayəsində elə bir müqəddəslik, övliyalıq mərtəbəsinə qalxmışdır ki, su və yağış ona tabe, havasa onun iradəsindən asılı olmuşlar. Biz artıq bilirik ki, taxta çıxanda Meksika çarları and içirdilər ki, günəşi işıq saçmağa, buludları – yağış yağdırmağa, çayları – axmağa, torpağısa – bol məhsul verməyə məcbur edəcəklər. O da bəllidir ki, xalq son Meksika hökmdarı Montesumaya tanrı kimi sitayiş edirdi.

Babilin ilk hökmdaları – I Sarqondan tutmuş Urun dördüncü sülaləsinədək və daha sonralar sağkən özlərini allah kimi qələmə verirdilər. Urun dördüncü sülaləsinin hakimlərinin şərəfinə məbədlər ucaldılır, heykəlləri ayrı-ayrı tapınaqlarda qoyulurdu və xalq onlara nəzir-niyaz və qurbanlar gətirməyə borclu idi; onlara qurbanlar təzə ay çıxanda və hər ayın on beşində kəsilirdi. Arısaq (Arşak) xanədanından olan Parfiya (Pəhləvi) şahları da özlərinə günəşin qardaşı deyirdilər və onları allah sayırdılar. Davada Arısaq xanədanından olan ən adi bir şəxsə sillə vurmaq ən böyük günah sayılırdı.

Misir fironları sağikən ilahiləşdirilirdilər: onlara qurbanlar verilir, sitayiş ayinləri məxsusi bu iş üçün təyin olunmuş kahinlər tərəfindən xüsusi məbədlərdə icra olunurdu. Doğrudan da, fironlara sitayiş bir çox hallarda tanrılara sitayişi kölgədə qoyurdu. Beləki, firon Merenranın hakimiyyəti dövründə bir yüksək məqam sahibi bildirmişdi ki, o, çoxlu müqəddəs yer, səcdəgah inşa etdiribdir ki, əbədi yaşar firon Merenranın ruhuna “bütün allahlardan daha çox” üz tutub yalvarsınlar. Fironun həqiqətən tanrı olması heç vaxt şübhə altına qoyulmurdu: O – “böyük tanrı”, “Qızıl Qor” və Ranın oğlu idi. Onun hakimiyyəti təkcə Misir üzərində deyil, həm də “bütün ölkələr və xalqlar”, “uzununa və eninə bütün dünya, şərq və qərb üzərində”, “böyük günəş dairəsinin bütün çevrəsi üzərində”, “səma və səmada olan hər şey, yer və yer üzərində olan hər şey”, “iki və ya dörd ayaq üzərində gəzən hər şey”, “uçan və qaçan hər şey” üzərində bərqərar idi; ”dünyadakı hər şey ona öz nümayəndələrindən qurbanverir.” Misir fironuna günəş allahının bütün epitetləri tətbiq olunurdu. Onun titulları birbaşa günəş allahının titullarından götürülürdü. “Mövcudluqları dövründə, – deyə bizə xəbər verirlər, – Misir fironları misirlilərin tanrı barədə təsəvvürlərindən tam şəkildə istifadə etmişdilər. Zatına və hökmdar ünvanına görə insan-tanrı olaraq firon olan hər şey onda öz təcəssümünü tapırdı.”

Öz ali formasına və tam ifadəsinə Peru və Misir monarxiyalarında çatmış müqəddəs hökmdarlar institutunun təkamülünə dair icmalımızı biz sona çatdırdıq. Tarixi olaraq bu institut başlanğıcını, görünür, ictimai qulluqda olan cadugər və ovsunçular zümrəsindən götürür; məntiqi baxımdansa o, ideyaların yalançı assosiyasından edilən deduksiyaya söykənir. İnsanlar yanlış olaraq öz ideyalarının nizamını təbiət hadisələrinin nizamı kimi qəbul ediblər: onlar xəyal və güman ediblər ki, öz fikirlərini idarə etdikləri kimi onlara şeyləri də idarə etmək ixtiyarı verilibdir. Cismani gücü və ya zəifliyi, yaxud da başqa bir səbəbdən ali dərəcədə magik qabiliyyətlərə malik olanlar kimi qəbul edilmiş adamlar tədricən öz soydaşlarından ayrılıb siyasi, dini və intellektual cəhətdən bəşəriyyətin tərəqqisinə çox uzaqlara gedən təsir göstərmək qüdrətində olan xüsusi bir sinif əmələ gətirdilər. Bizə bəlli olduğu qədər, ictimai tərəqqi funksiyaların ardıcıl şaxələnməsindən, daha sadə desək, əmək bölgüsündən ibarətdir. Primitiv cəmiyyətdə hamı tərəfindən, özü də qeyri-məhsuldar şəkildə görülən iş tədricən işçilərin müxtəlif sinifləri arasında bölüşdürülür və get-gedə daha məhsuldar şəkildə yerinə yetirilir. İxtisaslaşmış əməyin maddi və sair bəhrələrindənsə hamı yararlandığına görə get-gedə artan ixtisaslaşmadan bütün cəmiyyət yararlanmış olur. Cadugər və ara həkimləri, görünür, toplumun tarixində peşəkarların ən qədim sinfini əmələ gətirirlər. Cadugərlər bizə məlum olan bütün tayfalarda var, Avstraliya aborigenləri kimi ən primitiv qəbilələrdəsə onlar yeganə əsnaf, peşəkar sinfidir. Şaxələnmə prosesi davam etdikcə ara həkimləri, çarəçilər sinfi əməyin daxili bölgüsünə məruz qalır: ara həkimləri, yağış yağdıran şamanlar və s., olur. Bu sinfin ən qüdrətli nümayəndələri başçı vəzifəsinə irəli çəkilir və tədricən müqəddəs padşahlara çevrilirdilər. Onların ovsunçu, magik funksiyaları tədricən arxa plana keçir və din magiyanı yavaş-yavaş sıxışdırıb çıxardıqca kahin vəzifələri ilə əvəzlənir. Daha sonra hökmdar hakimiyyətinin dünyəvi və dini qatları bir-birindən ayrılmağa başlayır: dünyəvi hakimiyyət bir adamın, dinisə başqalarının idarəçiliyinə keçir. Bununla belə dinin üstünlüyünün əzib sıxışdıra, amma kökünü kəsə bilmədiyi, elə əvəlkitək yeni tətbiq olunmağa başlanmış qurbanvermələr və dualardan daha çox qədim okkult sənətlərlə məşğul olmağa üstünlük verirlər. Ancaq zaman keçdikcə onlardan ən uzaqgörənləri magiyanın batilliyini, yanlışlığını dərk edir və insanın rifahı naminə təbiət qüvvələrinin idarə olunmasının daha səmərəli yolunu tapırlar, qısa desək, elm naminə cadugərliyi tərk edirlər.

Mən inkişafın hər yerdə sapmaz şəkildə məhz bu sxem üzrə getdiyini iddia etməkdən uzağam: ayrı-ayrı cəmiyyətlərdə bu gedişat, şübhəsiz, çox fərqli şəkildə olmuşdur. Sadəcə mən inkişafın əsas yönümü kimi təsəvvür etdiyim şeyi ümumi cizgilərdə vermək istəyirəm. Əgər istehsal baxımından təkamülü götürsək, onda bircinslilikdən müxtəlifliyə keçid baş vermişdir; siyasi baxımdansa inkişaf demokratiyadan despotizmə doğru getmişdir. Bu əsərdə bizi monarxiyanın daha sonrakı tarixi, o cümlədən də despotizmin tənəzzülü və onun bəşəriyyətin artan tələblərinə daha yaxşı uyğunlaşmış idarəçilik formaları ilə əvəzlənməsi maraqlandırmır. Analizimizin predmeti öz vaxtında faydalı olan bu institutun tənəzzülü deyil, doğuluşudur.

(davamı var)

Tərcüməçi: Obaçı

 

Davamı: Ceyms Corc Freyzer. Ayrı-ayrı təbiət qüvvələrinin hakimləri – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Fatimə Abdullayeva. Ağ qızılgüllər

Yazıçılıqda ən sevmədiyim cəhət məhz fəsil təsviridir. Klassik olan bu ənənəni pozsam, düşünürəm ki, ciddi yanlışlığa yol vermiş olmaram. İndi əziz və hörmətli oxucularım məndən soruşa bilərlər ki, bəs biz hadisələrin nə zaman, hansı fəsildə baş verdiyini necə bilək? Onda mən deyərəm ki, əziz oxucu, mənim təsvir etdiyim əhvalat payız […]