“Başqaları yaşayarkən mənim yaşamağım mümkündürmü?” Bu sualı bizə müəllimimiz ünvanlamışdı. Növbəti dərs isə Çingiz Aytmatovun “Cəmilə” povestini oxumağı tapşırdı. Bilmirəm bu, təsadüf idi, ya yox, amma əsəri oxuyub bitirdikdən sonra bu sualın doğru cavabının məhz Cəmilə olduğunu başa düşdüm. Povestin ilk səhifələrindən başlayaraq Cəmilə diqqət mərkəzindədir. Demək olar ki, bütün hadisələr onun ətrafında cərəyan edir. Cəmilə qoçaq, sözü üzə deyən, cəsur, mərd və həddindən artıq şıltaq bir xarakterə malikdir. Necə deyərlər, onun içi də, çölü də birdir. Onun bu xarakteri çoxlarına yaddır. İnsanlar Cəmiləni ağılsız adlandırırlar. Səbəbi isə Cəmilənin yerə-göyə sığmaması, həyatını dilədiyi kimi yaşamasıdır. Cəmilə heç kəsi ürəyinə salmır, könlündən keçəni edir. O, orijinal, özü üçün yaşamağı sevən bir obrazdır.
Çox gözəl bir qız olan Cəmilə, maddi imkanları yerində olan bir ailənin gəlini idi. Evləndikdən qısa müddət sonra II dünya müharibəsi başlanmışdı. Bu səbəbdən Cəmilənin həyat yoldaşı Sadiq də cəbhəyə yollanmışdı. Evin bütün yükü Sadiqin anasının çiyinlərində idi. Tək təsəllisi isə Cəmilənin varlığı idi. Bütün kənd Cəmilədən narazı olsa da, qayınanası onu çox sevirdi. O, Cəmilənin simasında özünü görürdü. Cəmilə dürüstlüyü ilə qayınanasının könlünü fəth etmişdi. Onların münasibətləri qibtə ediləcək qədər mükəmməl idi. Bununla belə Cəmilə qayınanasına əsla əyilməzdi. O, öz doğruları ilə yaşamağı hər kəsdən üstün tuturdu. Elə bu səbəbdən idi ki, qadınların çoxu onu sevmirdi. Çünki Cəmilə onların cəsarət edə bilmədikləri şeyləri edirdi. Onun həqiqi xoşbəxtliyi qadınlarda qıcıq yaradırdı. Kişilərin isə ondan, ümumiyyətlə, xoşu gəlmirdi. Kənd camaatına görə, Cəmilə dikbaş və vecsizdir. Onun bu rəftarı insanlarda onun haqqında yanlış düşüncələrə səbəb olurdu. Bunu Osmanın Cəmiləyə rəftarında da görmək olur. Ot biçimi zamanı Cəmiləyə sataşmaq istəyən Osman gözləmədiyi reaksiya ilə qarşılaşır. Cəmilə onun əlini bir göz qırpımında üzərindən atır və tayanın altından çıxaraq, “Siz ilxı dayçalarından bundan artıq nə gözləmək olar?” deyərək üsyan edir. Osman da digər kənd oğlanları kimi heç qızın ona qarşı gələ bilməyəcəyinə güman edirdi. Amma Cəmilənin üsyankar hərəkəti onu pərt edir.
Doğrudur, Cəmilənin həyat yoldaşı yanında deyildi. Amma o özünü mövcud vəziyyətdən asılı etmirdi. Cəmilənin ən məxsusi xüsusiyyəti onun hər kəsdən və hər şeydən öncə yalnız və yalnız özünü düşünməyidir. O, nə olursa olsun, qismətə boyun əymir. Evli olması, yaşadığı yerin kiçik olması və burada yaşayan insanların uzaqdan da olsa, bir-biri ilə qohum olması gerçəyi onun xoşbəxt olmaq istəyinin qarşısına keçə bilmir. Məhz bu səbəbdən o, Daniyar ilə qaçır. Çünki o, xoşbəxtliyi Daniyarın incə ruhunda görür. Cəmilə hər şeyin fərqindədir. O, kənd əhalisinin onun haqqında deyəcəyi sözləri, ərinin qəzəbini, qayınanasının göz yaşlarını və s. – bütün bunları göz önündə tutaraq bu addımı atır. O, sevgisi uğruna çoxlarının həsrətində olduğu həyatı əlinin tərsi ilə geri çevirir. Bütün adət-ənənələrə zidd olan bu obraz sonda özünü azad edir. Əks halda yaşayan Cəmilə yox, onlar olacaqdı. Onlar yaşayarkən Cəmilənin yaşaması mümkündürmü?