Ceyms Corc Freyzer. İnsan obrazında təcəssüm etmiş Allahlar – 2

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

 (davamı)

Müvəqqəti ruhlanma doğurmağın başqa bir üsulu müqəddəs ağac və ya bitkidən istifadə etməkdən ibarətdir. Hinduquşda müqəddəs sidr (kitrə) ağacının budağını yandırırlar və başı örtülü görücü əsməcəyə düşənədək və bayılıb yerə yıxılanadək qatı acı tüstünü udur. Tezliklə o qalxır və qulaqbatırıcı səslə nəsə oxumağa başlayır və oradakılar da onunla səs-səsə verərək oxuduqlarını təkrarlayırlar. Kəhanətlər etməzdən öncə Apollon kahinəsini də müqəddəs dəfnə ağacının tüstüsünə qərq edib ona yeməyə dəfnə yarpağı verirdilər. Vakx qızları sarmaşıq yeyirdilər və bəzi müəlliflərin fikrincə, onların qızğın divanəlikləri bu bitkinin qızışdırıcı və məstedici xüsusiyyətləri üzündəndir. Uqandada kahin özünü vurğunluq, divanəlik halına salmaq üçün ta cinli olanadək çox tünd tütünlə dolu qalyan çəkirdi: onun hündür və qızğın səsini ətrafdakılar onun vasitəsilə danışan tanrının səsi kimi qəbul edirdilər. Yavanın şimal sahili yaxınlığındakı Madura adasında hər bir ruhun daimi bir mediumu (araçısı) vardır, çox vaxt bunlar qadınlar olurlar. Belə qadın ruhu qəbul etməyə hazır olmaq üçün tüstülənən buxurdandan qalxan buxur buğunu sinəsinə çəkirdi. Tədricən o, qulaqbatırıcı səslər, üz-göz əymələr və şiddətli qıcolmalarla transa düşürdü (vəcdə gəlirdi). Belə sanılır ki, bu andan etibarən ona ruh daxil olur; o bir az sakitləşdikdən sonra onun sözləri, ona daxil olmuş ruhun sözləri, deyimləri olaraq peyğəmbərlik kimi qəbul edilir.

Keçici divanəlik halında olan adam, belə sayıldığı kimi, tanrıdan sadəcə bilik almır, ən azı bəzi hallarda – qüdrət alır. Kambocada epidemiya baş qaldıranada bir neçə kəndin sakinləri yerli tanrının guyaki özünə müvəqqəti iqamətgah kimi seçmiş olduğu insanı axtarmaq üçün bir yerə yığışırlar. Belə insanı həmin tanrının mehrabına aparırlar və orada təcəssüm ayini yerinə yetirilir. Bu andan etibarən o öz yoldaşlrının səcdəgahına çevrilir, onlar ona kəndi bəladan qurtarması üçün yalvarırlar. Yunanlar inanırdılar ki, Apollonun Giledəki (Maqnesiya yaxınlığında) müqəddəs mağaradakı heykəli fövqəltəbii güc vermək iqtidarındadır. Bu heykəldən ilhamlanaraq kahinlər uçurumlara atılır, böyük ağacları kökündən qoparır və onları bellərində ən dar dərələrdən keçirirdilər. Divanə dərvişlər də elə bu cür şücaətlər göstərirdilər.

Öncəki misallar bizi əmin etdi ki, özünün təbiət üzərindəki hakimiyyətinin hədlərini ayırd və dərk etmək iqtidarında olmayaraq vəhşi insan özünə və bütün adamlara bizim fövqəltəbii adlandıra biləcəyimiz qabilyyətlər aid edir. O, həm də inanır ki, ümumi şəkildə fövqəltəbii qabiliyyətə malik olmaqla yanaşı bəzi şəxslərə qısa zaman aralıqlarında ruh nazil olur və onlar bilik və qüdrət sahiblərinə çevrilmiş olurlar.

Bu cür inanclardan bəzi insanların daimi vəhylənmə, ruhlanma vəziyyətində olduqları və ya hansısa başqa bir yolla diriykən tanrılıq məqamına aid edilə və dualar və qurbanlar şəklində onlara səcdə edilə biləcək qədər yüksək fövqəltəbii qabilyyət sahibi olduqları barədə təsəvvürə bir addım qalır.

Bir qisim hallarda insan surətli bu cür allahların hakimiyyəti sırf fövqəltəbii və ya ruhani funksiyalarla məhdudlaşmış olur. Digər hallarda onlar üstəlik ali siyasi hakimiyyətə də malik olurlar; bu zaman onlar həm də ali hakimlər və tanrılar olurlar. Bu halda idarəetmə forması teokratik olur. Məsələn, Markiz (və ya Vaşinqton) adalarında hələ diriykən ilahiləşdirilən insanlar sinfi mövcud idi. Belə düşünülürdü ki, onlar təbiət qüvvələri üzərində fövqəltəbii hakimiyyətə malikdirlər: onlar bol məhsul və ya qıtlıq-kasadlıq, habelə xəstəlik və ya ölüm göndərə bilirdilər. Onların qəzəbinə tuş gəlməmək üçün onlara insan qurbanları verirdilər. Belə insan-tanrılardan hər adaya bir-iki nəfər düşər-düşməzdi. Onlar sirli bir tənhalıqda yaşayırdılar. Belə zənn edilirdi ki, onların qabiliyyətləri irsən keçir. Missioner öz şəxsi müşahidələrinə əsasən insan surətli belə tanrılardan birini təsvir etmişdir. Tanrı – içərisində mehraba oxşayan nəsə bir şey qoyulmuş hasarlı böyük evdə yaşayan pirani bir qoca idi. Evin ətrafındakı tir və ağaclardan insan sümükləri sallanırdı. Hasardan (çəpərdən) içəri özlərini tanrıya xidmətə həsr etmiş şəxslərdən savayı heç kəs girmirdi; qaracamaat hasarın o tayına yalnız insan qurbanları kəsilən günlərdə keçə bilərdi. Bu insan-tanrı başqa ilahilərdən daha çox nəzir-niyaz alırdı. O tez-tez evinin qabağında dar ağacına oxşar bir şeyin yanında oturub iki-üç nəfərin birdən ona qurban verilməsini tələb edirdi. Bu tələb həmişə yerinə yetirilirdi, çünki bu şəxs adamlara çox güclü xof, dəhşət hissi aşılayırdı. Bütün adalılar ona dualarla müraciət edir və ona hər yandan hədiyyə və ianələr gəlirdi. Ümumiyyətlə deyirlər ki, Okeaniya adalarının hər birində ilahini özündə şəxsləşdirən bir nəfər olurdu. Belə adamları ilahi adlandırırdılar və elə əslində də onlar ilahi funksiyalarını yerinə yetirirdilər. Bəzən insan-tanrı ali başçı olurdu, ancaq çox vaxt o kahin və ya daha kiçik çinli rəhbər olurdu.

Qədim misirlilər təkcə pişiklərə, itlərə və sair heyvanlara deyil, daha çox və canı-dildən insanlara sitayiş edirdilər. İnsan surətli belə ilahilərdən biri Anabis kəndində yaşayırdı və mehrablarda onun şərəfinə qurbanlar yandırılır, sonrasa, Porfirinin sözlərinə görə, ilahi elə fani bir insan kimi nahar edirdi. Klassik qədim dövrdə siciliyalı filosof Empedokl (m. ö. təx. 490 – 430-cu illər) özünü sadəcə bir sehrbaz kimi deyil, tanrı kimi qələmə verirdi. O öz yurddaşlarına belə bir mənzumə ilə xitab edirdi:

Siz ey qızıl Aqrigent təpəsinin yamaclarındakı

Uca şəhər sakinləri, xeyir əməlləri sevən, şərdən uzaq duran,

Hörmətli qonağa sığınacaq verib qoruyan dostlar,

Salam olsun sizlərə!

Fanilər içrə Ölməz tanrı kimi mən layiq olduğum ehtiramla təzətər yaşıl çələnglər içrə və qızıl sarğılara qərq olaraq məni təqdis edən saysız qadın və kişilərin müşayiəti ilə çiçəklənən şəhərlərə doğru yol alıram; xeyirə gedən yolun haradan keçdiyini məndən soraraq onlar ardımca gəlirlər (sətri tərcümə, -tərc.).

Empedokl iddia edirdi ki, öz şagirdlərinə külək əsdirmək və yatırtmağı, yağış yağdırmağı və gün çıxarmağı, azarları və qocalığı dəf etməyi, ölüləri diriltməyi öyrədə bilir. Eramızın 307-ci ilində Demetri Poliorket Atenada (Afinada) demokratik idarəçiliyi bərpa etdikdən sonra atenalılar ona və atası Antiqona (o zaman hər ikisi sağ idi) Xilaskar-Tanrılar adı altında ilahiyə yaraşan şan-şövkət və ehtiram göstərirdilər. Xilaskar üçün xüsusi kahinlərin xidmət etdiyi mehrablar düzəltdilər. Xalq öz xilaskarının pişvazına himnlərlə, çələnglərlə, rəqslərlə, şərab-şərbət paylamaqla və buxur yandırmaqla çıxdı. Camaat küçələrə doluşdu və onun yeganə əsl tanrı olduğu barədə mahnılar oxumağa başladı, çünki qalan tanrılar ya yatmışlar, ya da heç mövcud deyillər belə. O zamankı şairin dillərdə əzbər olmuş misraları belə səslənirdi:

Tanrılardan, tanrıçalardan ən qüdrətlisi və ən qiymətlisi Demetri və Demetra qoşa gəldilər şəhərimizə.

O, qızların ayinlərini icra etməyə gəlir. Osa elə tanrı kimi şən, gülər, gözəl,

Ulduzlar kimi dostlarının arasında bir güntəkin.

Salam olsun sənə ey Poseydon və Afroditanın oğlu!

Bütün başqa tanrılar uzaqlara getdilər, ya da heç nə eşitmirlər, ya da heç yoxdurlar, ya da biz onlara gərək deyilik.

Sənisə ey tanrı, qarşımızda görürük. Nə ağacda, nə daşda, – necə varsan elə!

Ona görə də biz sənə dua edirik. (sətri tərcümə, -tərc.).

Qədim germanlar inanırdılar ki, qadınlarda nəsə müqəddəs olan bir şey var, odurki onlarla kahinlər kimi məsləhətləşirdilər. Xəbər verirlər ki, müqəddəs qadınlar onlarda su burulğanına baxır, suyun şırıltı və ya gurultusunu dinləyir və onun görünüşü və səsinə görə nə baş verməli olduğunu öncədən deyirdilər. Ancaq çox vaxt kişilərin pərəstişi daha uzaqlara gedirdi və onlar qadınlara gerçək canlı ilahələr kimi sitayiş edirdilər. Məsələn, imperator Vespasianın dövründə Veleda adlı bir qadın brukter tayfasının ilahəsi sayılırdı. Bu keyfiyyətdə o xalqı idarə edirdi və onun hakimiyyəti hər yerdə qəbul olunurdu. O, Reyn çayının qolu olan Lippa çayında bir qüllədə yaşayırdı. Köln sakinləri saziş bağlamaq üçün onun yanına elçilər göndərdikdə onları onun yanına buraxmadılar: danışıqlar onun nökəri vasitəsilə aparılırdı, nökər bir carçı kimi hərəkət edirdi və onun kəhanətlərini çatdırırdı. Bu misaldan bizim qaba əcdadlarımızın ilahilik və ali hakimiyyət ideyalarını necə asanlıqla birləşdirdikləri bəlli olur. Məlumdur ki, ta bizim eramızadək getlərdə həmişə ilahini özündə şəxsləndirən və xalq arasında tanrı adlandırılan insan olmuşdur. O, müqəddəs dağda yaşayır və ali başçının müşaviri vəzifəsini tuturdu.

Portuqal tarixçisi Dos Santosun sözlərinə görə, Cənub-Şərqi Afrika xalqlarından olan zimba ya da muzimbalar “bütlərə sitayiş etmirlər və heç bir ilahi tanımırlar. Əvəzində onlar öz hökmdarlarına sitayiş edirlər, ona tanrı kimi baxır və barəsində deyirlər ki, o, dünyada ən böyük və ən yaxşı hökmdardır. Adı çəkilən hökmdarsa özü barədə deyir ki, o, dünyada  yeganə tanrıdır. Buna görə o istəmədiyi halda yağış yağanda və ya hava çox isti olanda o, itaətsizliyinin cəzası olaraq göyə oxlar atır.” Maşonlar (Cənubi Afrika) öz yepiskoplarına deyirdilər ki, haçansa onların da tanrısı olub, amma onu onların qonşuları olan maxabellər qovublar.” Bu sözlər bəzi kəndlərdə olan, allah adlandırdıqları bir nəfəri təmin edib saxlamaq adətinə də aiddir. Xalq məsləhət almaq üçün ona üz tutur və ona hədiyyələr gətirirlər. Keçmişdə başçı Maqondiyə məxsus kəndlərdən birində belə tanrılardan biri yaşayırdı. Tanrını qorxutmamaq üçün bizdən kəndin yan-yörəsində tüfənglərdən atəş atmamağı xahiş edirdilər.” Haçansa maşonların bu allahı matabellərin başçısına dörd qara buğa və bir rəqs şəklində xərac gətirməyə borclu idi. Bir missioner bu ilahinin kral koması qarşısında öz öhdəliklərinin son hissəsini necə ifa etdiyini görmüş və təsvir etmişdir. Düz üç saat sərbəsər təbilin gurultusu, şaxşaxların şaqqıltısı və qulaqdeşən nalə altında qaraşın ilahi dərzisayaq oturaraq, axta donuz kimi qan-tər tökərək və ilahi ayaqlarının gücü və əsnəkliyinə (çevikliyinə) dəlalət edən bir cəldliklə hoppanıb düşərək dəli-divanə kimi rəqs edib oynayırdı.

Mərkəzi Afrikadan olan baqandalar Niansa gölü tanrısına inanırdılar: ilahi gah kişidə, gah da qadında məskən salıb zühur edirdi. Tənləşmiş, təcəssüm etmiş ilahi, hökmdar və başçılar daxil olmaqla bütün xalqda vahimə doğururdu.Təcəssüm ayini sonlandıqdan sonra bu insan – daha doğrusu ilahi, – öz müqəddəs vəzifələrinin icrasına başlamazdan əvvəl gölün sahilindən təqribən üç kilometr uzaqlaşır və orada dolunayın (təzə ayın) doğmasını gözləyirdi. Göydə aypara göründüyü andan hökmdar və təbəələri ilahi insanım, yaxud lubarenin (tanrının) sərəncamında olurdular və bu lubare təkcə etiqad və ayin məsələlərində deyil, habelə müharibə və dövlət siyasəti məsələlərində hökm-fərma idi. Onunla bir kahin kimi məsləhətləşirdilər: bir sözlə, o, qada-bala, azar göndərə və onlardan xilas edə, yağışı dayandıra və ya aclıq sala bilərdi. Məsləhət üçün onun yanına gələndə bol-bol ərmağanlar gətirirdilər. Tanqanyika gölündən qərbdəki geniş bir bölgənin başçısı Urua “lovğalıqla ilahi şan-şövkəti və hakimiyyəti mənimsəyir və özünü elə aparırdı ki, guya günlərlə buna heç bir gərək duymadan ac-susuz qala bilər. O iddia edir ki, bir allah olaraq o, qidaya ehtiyac duymağın fövqündədir, guya yalnız ona görə yeyib-içir və tütün çəkir ki, bu ona ləzzət eləyir.”

Qallaslarda qadın evdarlıq qayğılarından usananda rabitəsiz sözlər danışmağa və özünü qəribə aparmağa başlayır. Bu onun əlamətidir ki, ona müqəddəs ruh Kallo nazil olmuşdur. Əri dərhal onun ayaqlarına düşür. Bundan belə o artıq arvad deyildir, “məlikədir.” Daha onu ev işləri qayğılandırmır və onun hər bir istəyi, buyruğu ilahi qanundur.

(davamı var)

Tərcüməçi: Obaçı

Davamı: Ceyms Corc Freyzer. İnsan obrazında təcəssüm etmiş Allahlar – 3 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Anni Erno. Nobel nitqi

Ca Dek 22 , 2022
  Haradan başlayım? Dəfələrlə gözümü boş səhifəyə dikib özümə bu sualı vermişəm. Elə bil kitabı yazmağa başlamağın açarını və bütün şübhələri birdəfəlik silib atacaq həmin cümləni, o yeganə cümləni axtarıb tapmalı idim. Bu gün, ilk çaşqınlıq – “yəni bu həqiqətən mənim başıma gəlir?” – keçəndən sonra təxəyyülüm getdikcə artan dəhşət […]