Klv.az yazıçı, publisist Seymur Baycanla müsahibəni təqdim edir.
– Buenos-Ayres, yoxsa Tbilisi?
– Tarix istisna olunmaqla, ədəbiyyatdan kənar digər sahələrdə, həmçinin coğrafiyada özümü çox savadsız hiss edirəm. Hələ də boğaz, La-Manş nə deməkdir, görünüşü necə olur, bilmirəm. Hərçənd oxuduğum bədii əsərlərdə, xüsusən, Jül Vernin əsərlərində boğaz, La-Manş sözlərinə çox rast gəlmişəm. Hərdən istəyirəm bir yekə dünya xəritəsi alıb divardan asım, arada xəritəyə baxım, kanallar, səhralar, dağlar, meşələr, çaylar barədə bir az biliyimi artırım. Bunu etmək mənim üçün çox asandı. Allaha şükür, xəritə almağa pulum, xəritəni asmağa divarım var. Fəqət xasiyyətimə bələdəm. Bilirəm ki, hər dəfə xəritəyə baxanda özümdən asılı olmadan, istər-istəməz, xəritədəki uzaq, tanımadığım ölkələrin adamlarının həyatı, yaşayışı, dərd-sərləri barədə düşünməyə başlayacağam. Bu da məni durduğum yerdə sonsuz dərəcədə kədərləndirəcək. Onsuz da müxtəlif kədərlər belimi büküb, əlavə bir kədərlə özümü yükləmək istəmirəm. Buenos-Ayres şəhəri haqqında məlumatsızam. Bircə onu bilirəm ki, Argentinanın paytaxtıdır. İnan ki, heç buna da tam əmin deyiləm. Buenos-Ayres Perunun, Çilinin də paytaxtı ola bilər. Buenos-Ayresin hansı ölkənin paytaxtı olduğunu dəqiqləşdirmək bircə dəqiqəlik işdir. Sadəcə buna bir qram da ehtiyac görmürəm. Mənası yoxdur. Buenos-Ayres Argentinanın yox, Çilinin paytaxtı olsa belə, bu şəhərə münasibətimdə yaxşılığa və pisliyə doğru heç nə dəyişməyəcək. Buenos-Ayresdə nə qədər adam yaşayır, orda adamlar nə yeyirlər, nə geyinirlər, nə vaxt yatıb, nə vaxt yuxudan oyanırlar, şəhər nə boydadır – bu haqda heç nə bilmirəm.
Tbilisi haqqında isə daha geniş danışa bilərəm. Tbilisiyə qarşı marağımın tarixçəsi, təbiri caizsə, bioqrafiyamın pəncərəsindən baxdıqda, çox qədimdir. Bizim küçədən bir küçə aralıda bir avtobus sürücüsü yaşayırdı. O reysdən qayıdanda sürdüyü “Laz” markalı avtobusu küçədə, darvazalarının qabağında saxlayırdı. Avtobusun ön pəncərəsinin yuxarı tərəfinə qırmızı, iri hərflərlə Tbilisi yazılmışdı. Avtobusun sürücüsü Tbilisidən qayıdanda o vaxtlar çətinliklə tapılan, ərzaq mağazalarında görünməyən, səhv etmirəmsə, əgər yaddaşım məni aldatmırsa, sarı rəngli qutusunun üstündə şən, həyatsevər fil şəkli olan Hindistan çayı alıb gətirirdi. Yerli çay içmək istəməyən ailələr, o cümlədən, bizim ailəmiz gedib avtobus sürücüsünün evindən o çaydan alırdıq…
Xalalarımdan biri trikotaj fabrikində işləyirdi. Fabrikin işçilərini kollektiv surətdə Tbilisiyə aparmışdılar. Xalam da kollektivlə birgə getmişdi. Bu, onun başqa respublikaya ilk səfəri idi. Qayıdanda Tbilisidən, bizim rayonda tapılmayan müxtəlif şeylər gətirmişdi…
Tbilisi ilə yaxından-uzaqdan bağlı olan irili-xırdalı bütün bu kimi məqamlar, televiziyada tez-tez göstərilən gürcü filmləri, xüsusən “Əsgər atası” filmi, “Dinamo” futbol komandası həssas qəlbimə öz təsirini göstərirdi. Bir tərəfdən də uşaqlıq, yeniyetməlik dövründə oxuduğum bir çox yerli yazıçıların əsərlərində bu şəhərin təsvirlərinə tez-tez rast gəlirdim. Bu təsvirlər məndə nədənsə Tbilisiyə qarşı indi də ifadə edə bilməyəcəyim qəribə bir maraq, doğmalıq hissi yaradırdı. Getdikcə maraq, doğmalıq hissi daha da artdı. Tbilisiyə artıq sərbəst olaraq gedib gəldikdən sonra şəhəri tam, dərindən hiss etmək istəyi yarandı. Müxtəlif cür evlərdə yaşayan, müxtəlif təbəqələrə mənsub adamlarla daha yaxından tanış olmaq, onlarla söhbətlər etmək, çaxır içmək istəyirdim. Hər dəfə Tbilisini tərk etdikdə canımı kədər bürüyürdü. Mənə elə gəlirdi ki, Tbilisidə gəzmədiyim küçə, görüşmədiyim dost-tanış, vaxt baxımdan çatdırıb yeyə bilmədiyim yeməklər qaldı. Hətta bu barədə balaca bir şeir də yazmışdım. Tale mənə Tbilisini dərindən hiss etmək şansı tanıdı. Etiraf edim ki, çox gözəl hissdir. Bu mənada taleyimə minnətdaram. Ədalət naminə onu da qeyd edim ki, Tbilisi özü də ünsiyyətə açıq, onu tanımağa, dərindən hiss etməyə imkan verən şəhərdir. Bəlkə də, başqa bir şəhəri bu dərəcədə tanımaqda, dərindən hiss etməkdə çətinlik çəkərdim. Bir şəhəri, tanımaq, hiss etmək mənasında şəhərin sakinlərindən çox şey asılıdır. Gürcülərin süfrəsi açıqdır, içki ənənəsi də ünsiyyət qurmaqda, ünsiyyətə girməkdə öz müsbət təsirini göstərir.
– Seymur, maraqlıdır ki, Qombroviç Argentinaya, sən isə Gürcüstana üz tutubsan. Hətta romanlarınız arasında ideya-məzmun oxşarlığı var. O, öz milli elementlərini, sən öz doğma gerçəkliyini yazıbsan. Hərçənd ki, tamam başqa estetik platformaları təmsil edirsiniz. “Ferdidurka” romanını Azərbaycan dilində niyə görmək istəmirsən?
– Folkner müsahibələrindən birində demişdi ki, mən yazıçıları qeyri-mümkün olanı ifadə etmək cəhdlərindəki parlaq məğlubiyyətlərinə görə dəyərləndirirəm. Pis çıxmasın, “Ferdidurka” əsərini oxuyanda Folknerin nəzərdə tutduğu həmin o parlaq məğlubiyyəti gördüm. Qambroviç, belə deyək, mənim yazıçım olmasa da, onun parlaq məğlubiyyətinə öz tərəfimdən hörmət göstərməyi bir vicdan borcu hesab etdim. “Ferdidurka” hər kəsin oxuya biləcəyi əsər deyil. Olduqca ağır əsərdi. Azərbaycanda “Ferdidurka”nı oxuyub bir əsər kimi qiymətləndirə biləcək adamların sayı, bəlkə də, əllidən, altmışdan artıq olmaz. Bunu bilə-bilə Şahbaz bəydən “Ferdidurka”nı Azərbaycan dilində nəşr etməyi israrla xahiş etdim. Sağ olsun Şahbaz bəy israrlı xahişimi nəzərə alıb “Ferdidurka”nı Azərbaycan dilində nəşr etdi. Fürsətdən istifadə edib ona öz təşəkkürümü bildirirəm.
– Doğurdan da, Vaqif Azəryar “Ferdidurka”nı Azərbaycan dilinin poetik potensialında tərcümə etməyə çalışıb. Mən də həmişə təəssüf etmişəm ki, Qombroviç niyə bizim dildə yoxdur. Dəqiq ifadədir: “Parlaq məğlubiyyət”. “Ferdidurka”nın qəhrəmanı Yuzek baş götürüb şəhərdən kəndə-təbiətə qaçır. Ancaq oranın insanlar tərəfindən daha çox korlandığını görür. Özündən – mövcudluq əsarətindən ki qaça bilmir. Qombroviç kimi Yuzek də “parlaq məğlubiyyət”lə üzləşir. Sənin qəhrəmanın isə komik və tragikomik əhvalatlar nəql edir. Nəql deyəndə, nəqllik bir şey də yoxdur burda. Göstərmə, dramaturji keyfiyyət daha çoxdur. Dadımlıq hekayələrdir bu. Dumanlı pasajlar, hissələrdən ibarət bir romandır. Dumanın içərisində yeriməyin azadlığı isə XX əsrlə XXI əsri bir-birinə bağlayan bir dövrün ədəbi icmalı təsirini bağışlayır. “Reportaj-roman” da deyə bilərik. Yaxşı “Ferdidurka” – V.Qombroviç – “Ət və ət məhsulları” – S. Baycan… bu məntiqi ardıcıllığa necə yekun vurmaq olar?
– “Ət və ət məhsulları”nı yazanda “Ferdidurka” adlı əsərdən, Qombroviç soyadlı yazıçıdan əsla xəbərim yox idi. Qombroviçi “Ət və ət məhsulları”nı yazandan xeyli sonralar tanımışam. İki mininci illərin ortalarına qədər Azərbaycanda ciddi bir roman xofu hökm sürürdü. Bizdən əvvəlki ədəbi nəsil, şərti olaraq “səksəninci” adlanan nəsil romanın ciddiliyi barədə o qədər danışmış, o qədər yazmışdılar ki, bir növ özləri bu ciddiliyin qurbanına çevrilmişdilər. Roman yazmağa qorxurdular. Qorxurdular ki, yazdıqları roman bu vaxta qədər roman haqqında danışdıqları, yazdıqları standartlara cavab verməz və bu, onların biabır olması ilə nəticələnər. Bu xof müəyyən mənada bizim nəslə də sirayət etmişdi. Xarici yazıçılardan söhbət düşdükdə ədəbi mühitin hələ roman yazmayan nümayəndələri çox vaxt Markesi, Kamyunu, Folkneri yada salırdılar. Kasıbçılıq idi. Bütöv halda yeni əsərlərin tərcüməsindən söhbət belə gedə bilməzdi. Ədəbiyyat ancaq fədakar adamların ümidinə qalmışdı. Jurnallarda, qəzetlərin ədəbiyyat əlavələrində Markesin, Folknerin, Kamyunun müsahibələri, esseləri, hekayələri at oynadırdı. Belə bir ab-havanın hökm sürdüyü vaxt, vurdum çayı keçdim, “Ət və ət məhsulları”nı yazıb ortaya atdım. Çox adam “Ət və ət məhsulları”nı roman adlandırmağımı qəbul etmirdi. Roman janrına belə qeyri-ciddi münasibət göstərdiyimə görə, cırnayanlar da az deyildi. Amma “Ət və ət məhsulları”, tam məsuliyyətlə deyə bilərəm ki, öz işini gördü, roman xofunu dağıtdı.
– Romanlarının heç birində kompozisiya bütövlüyü yoxdur. Səbəbi?
– Olsaydı, əlbəttə, daha yaxşı olardı. Kim istəməz ki, romanında kompozisiya olmasın? Yoxdursa, deməli, qura bilməmişəm. İstedadım, intellektim çatmayıb.
– Qombroviç ədəbi konstruksiya və ahəngdarlığı ələ salır. Kompozisiyanı insanın onurğa sistemi ilə müqayisə edir. Bütün bədən üzvlərinin, mütəhərrik orqanların onurğadan güc və dəstək aldığını vurğulayır. Və vacib keyfiyyət kimi istedad amilini irəli sürür…
– Ülvi, sən mənim haqqımda olduqca yüksək fikirdəsən. Mənim belə söhbətlərdən başım çıxmır. Ədəbiyyatı sırf əsərlərdən öyrənməyə çalışıram. Daha doğrusu, başqa yolum yoxdur. Başqa yollarla, vasitələrlə heç nə öyrənə bilmirəm. Başıma girmir. Vaxt və enerji itirirəm. İzmlər, janrlar, struktur filan haqqında məlumatlarım çox səthidir. Bunu açıq etiraf edəndə, hətta yaxından tanıyan adamlar belə, mənə inanmaq istəmirlər, elə bilirlər artistlik edirəm, özümü gicliyə qoymuşam, guya bu da bir üslubdur. Mən bədii əsəri oxuyuram və öz tərəfimdən qiymət verirəm. Xoşuma gələndə deyirəm yaxşı əsərdi, xoşuma gəlməyəndə deyirəm pis əsərdi. Oxuduğum əsərin tirajı, müəllifin məşhurluğu, aldığı mükafatlar məni maraqlandırmır. Əsərdən aldığım təəssürat, bədii zövq daha vacibdir. Müəllifin məşhurluğundan qorxub onun yazdığı zəif əsərə bəy tərifi vura bilmərəm. Kazuo İşiquronun “Məni əsla tərk etmə” əsərini oxudum. Biabırçılıq idi. Sonra Kazuo İşiquronun “Dəyişən dünyanın rəssamı” əsərin oxudum. Xoşuma gəldi. Vəssalam. Bu qədər sadə. Əsərdə yersiz, süni, rəmzlərə, təsvirlərə rast gələndə müəllifə əsəbiləşirəm. Məsələn, Ken Kizinin “Ququ yuvası üzərindən uçuş” əsərini oxudum. Əsərdə kifayət qədər yersiz, süni rəmzlər, təsvirlər vardı. Süni rəmzlərə, təsvirlərə rast gəldikdə əsəbiləşirdim, qələmlə səhifənin kənarına “çox süni”, “çox səthi”, “ayıb olsun”, “inanmadım” sözlərini yazırdım.
– Nədənsə, sənin dediyin sünilik çağdaş ədəbiyyatımızda da nəzərə çarpır. Yeni nəsil Azərbaycan yazıçıları daha çox struktur oyunları ilə Qərb ədəbiyyatını imitasiya edirlər. Nəticədə, alınmayan eksperimentlər ortaya çıxır.
– Yaradıcılıqla məşğul olan adam nəyə qadir olduğunu dəqiq hesablamağı bacarmalıdır. Xalq dilində desəm, ayağını yorğanına görə uzatmalıdır. Belə də ki, hər kəs özünə cavabdehdir.
– Sənin kimi, Qombroviç də ədəbiyyatı ədəbi əsərlərin özündən çıxış edərək öyrənir. Ekzistensializm fəlsəfəsini Kamyu və Sartrdan fərqli olaraq bədii atmosferdə, obraz və mühit kontekstində təqdim edir…
– Berqmanın kinoya dəxli olmadığı kimi Sartrın, Ceyms Coysun, Kortasarın, Borxesin də ədəbiyyata dəxli yoxdur. Kamyu haqqında ayrıca danışmalıyam. Kamyu çox iztirab çəkib. Onun iztirabları ən azı, hörmətə layiqdir. Əgər Kamyu avtomobil qəzasında ölməsəydi, çox güman, intihar edəcəkdi. Lakin Kamyu çəkdiyi iztirabların bədii həllini əsərlərində verə bilməyib. Nəsə ona çox mane olub. Konkret nəyin Kamyuya mane olduğunu müəyyən etməkdə adam çətinlik çəkir. Ola bilsin intellektual pafos ona çox mane olub. Lap yaxınlarda Kamyunun “Çöküş” romanın oxudum. Bərbad bir roman idi. Şəxsən mən o yaşda elə bərbad bir roman yazmağı özümə sığışdırmazdım. Ümumiyyətlə, intellektual pafos yaradıcı insanın düşmənidir. Kamyunu qoyaq kənara, mən həyatda nə qədər adam görmüşəm ki, intellektual pafos, adi görünmək qorxusu özlərini daha yaxşı ifadə edə biləcəkləri mövzulara girişməyə onlara mane olub. Əlinə qələm alan adam bilməlidir ki, mövzunun böyüyü-kiçiyi yoxdur. Necə yazmaq şərtdir. Bu, iki vuraq ikidir. Amma adamlar bunu qəbul etmək istəmirlər. Adi görünməkdən qorxurlar. Nəticədə özlərinə zülm verirlər. Görünür, adi görünməkdən qorxmamaq asan deyil və hamıdan eyni şeyi tələb etmək olmaz. Çətin də olsa bununla razılaşmalıyıq.
– Mənim üçün maraqlıdır, Seymur Baycan öz nəslindən olan şair və yazıçılardan kimləri zövq alaraq oxuyur?
– Müasirlərim haqqında danışmaq istəmirəm. Onlarda heç bir günah yoxdur. Problem məndədir. Məni indi mətnlə təəccübləndirmək, mətnlə qane etmək çox çətindir. Özümə qarşı da qəddarcasına tənqidi münasibətdəyəm. Günü-gündən bu tənqidi münasibət daha da artır, daha da qəddarlaşır. Dörd romanımdan ancaq “18,6 cm” məni azdan-çoxdan qane edir. “Ət və ət məhsulları”nın, “Körpüsalanlar”ın, ümumiyyətlə, yerli-dibli itməsini, yoxa çıxmasını arzulayıram. Barmaqlarım sınaydı, bu əsərləri yazdığım yerdə. “Quqark”da isə xeyli boşluqlar var. O boşluqları buraxmağımı özümə bağışlamıram. Bəzən özümü saxlaya bilməyib “Quqark”ı götürüb oxuyuram. Bu halı, barmağını açıq yarasının üstünə basıb bir insanın özünə əzab verməsinə bənzətmək olar. “Quqark”da buraxdığım boşluqlara rast gələndə əsəbiləşirəm. Axı mən necə bu səhvə yol vermişəm? Axı bu yeri tamam başqa cür yazmaq olardı? Xəcalətimdən ölüb yerə girmək istəyirəm. Məqalələrimdən ibarət altı kitabım nəşr olunub. Hələ nə qədər məqaləm itib-batıb. Və yaxşı ki, itib-batıb. Məqalələrimdən ibarət altı kitabımın nəşr olunmasına baxmayaraq, bu gün uzağı on-on beş məqaləmin altına nisbətən ürəklə təzədən imzamı ata bilərəm. Təxminən, doxsandan artıq hekayə yazmışam. Onlardan bütöv, təmiz mətn kimi ancaq yeddi-səkkizi ürəyimə su səpir.
– Sənlə razılaşıram ki, “18,6 sm” digər romanlarından fərqlənir. Nərmin Kamal hekayələrin haqda yazarkən sənin kimi sadə yazmağın çətinliklərini vurğulayır. Seymur Baycan üçün sadə yazmaq nədir? Bəlkə, bir az da tənbəllikdir. Nədənsə hekayələrindəki bəzi kəsirlər, pərakəndəlik, redaktəsizlik, ədəbi ovqat zəifliyi məndə bu fikri yaradır. Çünki süjet və hadisə tapmaqda olduqca peşəkarsan. Lakin onu ifadəyə gəldikdə… Onu da deyim ki, “Qəbiristanlıqda” hekayəndə bu hallara rast gəlinmir.
– Yadımdan çıxıb, illər əvvəl kimsə yazmışdı ki, Seymur mövzu korlamağın ustasıdır, yazıçılar arasında mövzu korlamaq yarışı keçirilsə, birinci yerə çıxar.
Təxəyyülüm bərbad vəziyyətdədir. Qurub-quraşdırmağı, lazım gələndə, vacib anlarda bəstəkarların təbirincə desəm, mövzunu inkişaf etdirməyi bacarmıram. Hər bir insan özünün zəif və güclü tərəflərini dəqiq müəyyən etməlidir. Güclü tərəflərini daima irəli çəkməli, önə çıxartmalı, zəif tərəflərini gizlətməli, əgər bacarırsa, mümkündürsə, imkan varsa, inkişaf etdirməlidir. Düşünürəm ki, özümün zəif və güclü tərəflərimi artıq müəyyən etmişəm. Çox güman, sənin gördüyün, qeyd etdiyin qüsurlar təxəyyülümün olmamasının yaratdığı, ortaya çıxartdığı qüsurlardı.
Sadə yazmağa gəldikdə isə… Somerset Moemdən sitat gətirməli olacağa: “Əsərin asan oxunması heç də o demək deyil ki, əsər asanlıqla yazılıb” . Yeri gəlmişkən Moemin “Həyata yekun vurarkən” əsəri misilsiz bir əsərdi. Çox istərdim Azərbaycan dilində nəşr olunsun… Sadə yazmaq çox çətindir. Oxuduqlarımdan və çoxsaylı şəxsi müşahidələrimdən qəti olaraq bu nəticəyə gəlmişəm ki, sadə yazmaq, özünü sadə formada ifadə etmək birbaşa insan təbiətindən irəli gəlir. Heç bir halda sadə olmaq, sadə görünmək, özünü sadə formada ifadə etmək istəməyən adamlar var. Bu, onların təbiətidir. Başqa cür ola bilmirlər. Əbəs yerə özlərinə əzab verirlər. Ən pisi də odur ki, onların əzablarında bəşərilik yoxdur.
– “Skelet roman” anlayışını bir də Seymur Baycanın dilindən eşidə bilərikmi?
– Bunu o dövrün ədəbiyyat əllaməçiliyi kimi qəbul et, işimiz yüngülləşsin.
– “Ət və ət məhsulları”nda saxta dəyərlər, saxta bədii təsvir və ifadə vasitələri ilə ələ salınır. Yəni ironiya çeynənmiş, artıq ürək bulandıran məcazlar sisteminin özündə baş tutur. Bir növ Qismətin “Klassika məşqləri” şeirinə bənzəyir. Hər kəsin çox sevdiyi bu şeiri Qismət klassikləri təkrarlamağın qara yumoru kimi ifadə edir. Gözəl bir parodiyadır.
– “Ət və ət məhsulları” ancaq öz dövrünün romanıdır. Roman xofunu dağıtmaq istəyirdim və buna nail oldum. Ülvi, sənin mənimlə düşmənçiliyin var? Mən o kitabı yaddan çıxartmaq istəyirəm, sən isə söhbəti hərlədib-fırladıb o kitabın üstünə gətirirsən. Danışmaq istəmirəm o kitab haqqında.
– Və deyim ki, məcazlarla işləmək səndə də pis alınmır.
– Ola bilər. Bəzən adamın nə yazdığından xəbəri olmur. Məsələn, sən “Qəbirstanlıqda” hekayəsi haqqında elə ciddi məqalə yazmışdın ki, özümə də qəribə gəldi. Hətta məqalənin linkini bir neçə yaxın dost-tanışa göndərib yazdım ki, dəyəsən, özüm də bilmədən ciddi hekayə yazmışam.
– “Birinci və amansız zərbəni ona, onun əsərlərindən qəti olaraq zövq almaq istəməyən sıravi oxucu vurur. İkinci və biabırçı zərbəni ona, onun ifadə edə bilmədiyi öz gerçəkliyi vurur. Hamısından biabırçı olan üçüncü zərbə və təpiyi isə içində gizləndiyi, ancaq ona fərsiz və qanmaz kimi nifrət edən sənəti vurur. Bu da biabırçılığın son həddidir”, – Seymur Baycan özünə belə bir ironiya ilə yanaşırmı? Ən azından, ovqatının olmadığı məqamlarda.
– Özümə qarşı lazım olduğundan da artıq tələbkaram.
– Nəhayətdə “miskin qələbə” yoxsa parlaq məğlubiyyət? Yaxud həyat yüngüllük, xəfiflik bürcündə maraqlıdır, yoxsa ciddilik, ağırlıq?
– Dovlatov senzuranı nəzərdə tutaraq yazırdı ki, kəsib-doğrayanda birtəhər dözmək olur, əlavə edəndə dözmək olmur. Dovlatovun sözlərini bir az başqa cür istifadə etsəm, belə deyə bilərəm: Bayağılığa dözə bilirəm, hətta bəzən bayağılıqdan həzz də alıram, intellektual pafosa qarşı bir qram da tolerantlığım yoxdur. Mənim üçün Salam Qədirzadənin yazıçı məsuliyyətsizliyi, əsərlərində heç bir maneə tanımaması Ceyms Coysun, Kamyunun, Sartrın, Kortasarın, Borxesin intellektual pafosundan daha maraqlı, daha cazibədardır.
Söhbətləşdi: Ülvi Babasoy