Rafiq Tağı (1950-2011) müstəqillik dövrü ədəbiyyatının tanınmış siması, yazıçı və publisistdir. Hekayə və esse ustası kimi şöhrət qazanmış, müasir Azərbaycan hekayəçiliyini ideya-bədii yeniliklərlə zənginləşdirmişdir.
Gənclik illərindən bədii yaradıcılıqla məşğul olan Rafiq Tağı həkimliklə yanaşı yazıçılıq peşəsini seçmiş, böyük istedadı, günün ağrılı problemlərini ədəbiyyata gətirən yazıları, iti qələmi ona az bir zamanda şöhrət qazandırmışdır. Rafiq Tağı yaradıcılığa şeirlə başlamış, ilk şeiri 1968-ci ildə Masallının “Çağırış” rayon qəzetində dərc olunmuşdur. “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında işıq üzü görsə də, intensiv mətbu fəaliyyəti, yazıçı qələminin təsdiqi müstəqillik dövrünə təsadüf edir. Bu illərdə Rafiq Tağının çoxsaylı hekayə, esse, şeir, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında çap olunmaqla geniş ictimai rezonans doğurur, ciddi polemika yaradır.
Rafiq Tağının “Yanaşı ulduzlar” (Bakı, Yazıçı, 1987) adlı ilk hekayələr kitabı son sovet dönəmində çap olunmuş, müstəqillik illərində “Düşmənimin xatirinə” (Bakı, Yazıçı, 1991), “Pozitiv. Neqativ” (Bakı, “Şur”, 1996), “Gənc qraf Kenterberiyski” (Bakı, “Adiloğlu”, 2005) hekayə kitabları, iki cilddə: “Şahzadə Dipendranın məhəbbəti. Ekstremal şeirlər və hekayələrim” və “Ucaboy liliput. Ekstremal şeirlər və hekayələrim” (Bakı, “Adiloğlu”, 2005), “Hekayələr” (Bakı, “Əli və Nino”, 2010) kitabları işıq üzü görmüşdür. Kiril əsaslı (birinci üç kitab) və latın qrafikalı əlifba ilə çap olunmuş bu kitablar bütövlükdə Rafiq Tağının 179 hekayəsi və 49 şeirini oxuculara təqdim edir. Yazıçının əsərlərini populyarlaşdırmaq niyyətilə, ölümündən sonra “Alatoran yayınları” Rafiq Tağının sağlığında başlamış olduğu “kirildən latına” layihəsi sırasından: “Yanaşı ulduzlar” (Bakı, “Alatoran”, 2013), “Keçmişə yaxın yer” (“Pozitiv, neqativ”) kitablarını (Bakı, “Alatoran”, 2014) təkrar nəşr etmiş, son hekayələrindən ibarət “Qatilə didaktika dərsləri. 13 hekayə” (Bakı, “Alatoran”, 2022) toplusunu buraxmışdır. Mətbuatda geniş rezonans doğursa da, Rafiq Tağının esseistikası sağlığında kitab şəklində çap olunmamışdır. Yalnız yazıçının qardaşı İlqar Tağının təşəbbüsü ilə hazırlanan çoxcildliyinin dörd cildi (1, 2, 3, 6-cı cildlər) “Hekayələr”, 4-cü cildi “Seçilmiş esselər”, 5-ci cildi “Müsahibələr. Haqqında məqalələr” (Bakı, “Qanun”, 2021) olmaqla işıq üzü görmüşdir.
Rafiq Tağının Azərbaycan ədəbiyyatında yeri başlıca olaraq hekayəçi kimi görünür. Cəlil Məmmədquluzadə və Əbdürrəhimbəy Haqverdiyevin realist, 60-cılardan Anar, Elçin, Əkrəm Əylislinin neorealist hekayəçiliyinin ardınca Rafiq Tağıya tamamilə yeni, orijinal hekayə tipi yaratmaq nəsib olmuşdur. Müstəqillik illərində yazıçının hər bir mətbu hekayəsi böyük maraq doğurmuş, hekayə kitabları hadisə kimi qarşılanmışdır.
1990-cı illərin əvvəllərində “Düşmənimin xatirinə” (1991) kitabına önsözdə xalq yazıçısı Elçin məxsusi vurğulayırdı: “Yaradıcılığın psixolojisi bir sirri-xudadır və başdan-başa gözlənilməzliklərdən ibarətdir. Lakin bugünün həqiqəti ondan ibarətdir ki, Rafiqin hekayələri orijinal strukturu, “qrafik təhkiyəsi” və xüsusən müşahidə qabiliyyəti ilə yaşadığımız və əhatə olunduğumuz həyat haqqında öz sözünü deməyə çalışır. Bu yerdə bəlkə də onun həkimliyi sövq-təbii öz işini görür. Hər halda bu fikri Çexovun və Bulqakovun təcrübəsi doğurur” (Elçin, On beş il əvvəl və onbeş il sonra //Rafiq Tağızadə, Düşmənimin xatirinə. Bakı, “Yazıçı”, 1991, s. 3-6)
Ötən əsrin sonunda isə ədəbi tənqidin Rafiq Tağı qənaəti belədir: “Amma gəlin, obyektiv olaq, Rafiq Tağı ümumən hekayəçiliyimizdə son hadisədir. Bir var hekayədir, əhvalatdır, süjetdir – başına, ya ağlına gələni kim necə bacarır qələmə götürür. Bir də var janra can, nəfəs verirsən, hekayəni yaradırsan (!), təkcə altına imza yox, üstünə möhürünü də vurursan… – bax, bu qisimdə Rafiq Tağıyla əsr də qurtardı; kim daha fürsət tapıb bura nəsə əlavə eləyə, inanılası deyil” (T.Əlişanoğlu, XX yüzilin son hekayələrindən Rafiq Tağının hekayəti // “Rezonans” qəzeti, fevral 2000-ci il).
Rafiq Tağı qısa, yığcam hekayənin ustasıdır; təhkiyəni konkret bir əhvalat, süjet üzərində deyil, xarakter, qəhrəman üzərində qurur və ətrafında “qrafik” çizgilərlə bütöv bir “ictimai məcmu” – insanın da, qapsadığı zamanın da obrazını yarada bilir. Bu baxımdan Rafiq Tağı hekayəsini ilkin başlanğıcda bəlkə Ə.Haqverdiyevin portret-hekayələri ilə qiyas etmək olar. İlk yığcam həcmli kitablarında yazıçının 13 (“Yanaşı ulduzlar”), 41 (“Düşmənimin xatirinə”), 47 (“Pozitiv, neqativ”) olmaqla bütövlükdə 101 hekayəsi yer almış, əksərən 2-4 səhifəlik mətnlərdə onlarla xarakter, həyat personajı, insan fərdi – obrazını, təcəssümünü tapmışdır. Ədəbi kuluarlar qəhrəmanı Mehdi Bəyazid deyirdi ki, bizdə Cəfər Cabbarlıdan sonra bu qədər xarakteri həyatda kəşf edib ədəbiyyata gətirən bəlkə bir Rafiq Tağı olmuşdur.
“Fərqanə”, “Maral”, “Anna”, “Qalina Yuryevna”, “Nikolay Maksimoviç”… – konkret prototip adlarla; prototip-səciyyələrlə: “Sərili paltarlara baxan”, “Tezqocalan, tezölən”, “aDil”, “Heç kəsi öldürmək istəməyən”, “Siam əkizi”, “Düşmənimin xatirinə”, “Rasim-Lukaşin”, “Xristian”, “Professor”, “Lazım gələndə əsgər olanlar”, “Yas aşiqi”, “Divanə”, “Ölü Həsən”, “Atamın gəzən heykəli”, “Pozitiv, neqativ”, “XIX əsrin sahibəsi”, “Dəfn ağsaqqalı”, “Klassiklər sevəsi gözəl”, “Coğrafiya şairi”…; prototip-obrazlarla: “Puşkin olmayan Aleksandr Sergeyeviç”, “Roma burunlu bayquş”, “Annalar, vronskilər”, “Herakl”, “Leyli-Məcnun”, “Teymurləng”, “Simurq quşu”, “Stalin ustası”…; kollektiv obrazlarla: “Yanaşı ulduzlar”, “Qonaqlar”, “Ədəbiyyatçılar evi”, “Kitabxanaçılar”, “Klassik üslubu sevənlər”, “Həsənlər”…; problem-situasiyalarla: “Marı yaxşı yerdi”, “Sokolniki parkı”, “Qırmızı körpü”, “Məni Bakıya apar”, “Evi müharibədən sonra tikərlər”, “Vahid Əsədovun ölümü”, “Həsrət çəkməməyə az qalır”, “Əvvəl sülh yox, müharibə görən”, “Ot tayası ili”, “Höccətin tutulması”, “Nöktürn”, “Radioaktiv tale”…; sosial və a-sosial tablo-portretlərlə: “Xalça şərqisi”, “Qədim kitab”, “TV- xəbər dizaynı”, “Sivilizasiya”, “Mizan-tərəzi”, “Dünyanın ən yaxşı müharibəsi”, “Vətən ağacı”, “Evləri qəbir abidələrinə bənzəyən şəhərdə”, “Müharibə mövzusunda divertisment”, “Keçmişə yaxın yer”… və s. çoxsaylı motivlərlə Rafiq Tağı qələminə gələnlər ictimai-siyasi zaman etibarilə ötən əsrin 70-80-ci illəri, son sovet dönəminin, ilk müstəqillik illərinin personajları, insanlarıdır.
Rafiq Tağı hekayələrinin sonunda tarix qoymağı sevir və bu hekayələrin axırında ya 80-ci illər, ya da qoşa tarix – 1980-1990-cı illər rəqəmləri durur. Belə ki, Rafiq Tağı qəhrəmanının genetik şəcərəsi, “ictimai cəm”i çox da uzağa getmir; bu – əvvəli “sovetin qürubu” dönəmindən o yana keçməyən, sonu bugünün keşməkeşlərində bitən Azərbaycan insanıdır. Amma sovet dövrü – müstəqillik illəri, dünən və bugün damğasını vurub, yazıçı heç də bu insanı zamanlara bölməyə, içdən parçalamağa mail deyil; Rafiq Tağı qəhrəmanlarının dünyası ictimai-siyasi formasiyalar, sosial-ideoloji sərhədlərlə müəyyənləşmir. Onsuz da bu insan “parçalanmış ərazilər”in: təkcə ictimai-siyasi deyil, milli-mənəvi, mental, patriarxal, sivilizasion, qlobal qarşıdurmaların hissələrə “parçaladığı” dünyanın sakinidir. Rafiq Tağı bu “ərazilər”ə və ümumən də dünyaya – bütöv bir qalaktika timsalı; bu qalaktikanın sakini insana – bir-birinin yanında, təmasda, yaxında olduğu qədər də, uzaq, ayrıca, “yanaşı ulduzlar” kimi baxır, qəhrəmanlarının simasında onu tədqiq etməyə girişir.
Sonrakı kitablarında da (“Şahzadə Dipendranın məhəbbəti…”, “Ucaboy liliput…”) Rafiq Tağı bir çox hekayələrinin altına qoşa tarix yazmaqda davam edir: “İncinin qardaşları ” (1982-1999), “Xor ölüsü” (1982-1999), “Stansiya aptekçisi” (1982-2000), “Bakını bir də görməyəcəm” (1982-2000), “Evi üzü günçıxana istəmişdim” (1982-2002), “Hayıf, övlad da qocalır” (1982-2003), “Y.Senkeviçin dostu” (1982-2003), “Professor Feldman” (1983-2000), “Adı Arıq” (1986-1998), “Opera-balet” (1987-2003), “Mikelancelonun səhvləri” (1988-2003), “Feldşer Kalabaşkina hekayətinə düzəlişlər” (1988-2003), “Uğur hesab dəftəri” (1990-2004), “Üç dayıqızı” (1996-2003), “Tolstoy Cəfər” (1997-1998), “Cəmaləddin. Camal” (1997-1999), “Yarımçıq tarixçələr” (1998-1999) və s. Burda mətləb təkcə yazıçının mətnə tələbkarlıqla yanaşıb, hekayələri təzə nəzərlə işləməsində deyil; Rafiq Tağı öz “qalaktikası”nın insanlarına biganə olmayıb, qələminə xas səliqəylə hər birini dünənin reallığından xüsusi bir şövqlə dirildib bugünə gətirir və aqibətlərini izləyir.
Bu mənada Rafiq Tağının insanı yalnız “ictimai münasibətlərin məcmu”yu, sosial varlıq olaraq səciyyələnmir. Rafiq Tağının qəhrəmanlarında milli-mental vurğular qabarıqdır; istər kənd insanı, şəhər sakinləri, paytaxt Bakı, Moskva əhli olsun, istərsə əksər hekayələrinin personajları sadə peşə adamları, ya intellekt sahibi ziyalılar… – mental xasiyyətlərin əsiri, təəssübkeşi, “qurbanı”dırlar. Amma Rafiq Tağı qəhrəmanlarında “millət”dən kənar, “sivilizasiya” notları, kosmopolit keyfiyyətlər də az deyil; həm də təkcə məxsusi vurğuladığı prototip-obraz bənzərliyində: “Tolstoy Cəfər”, “Roma burunlu bayquş”, “Annalar, vronskilər”, “Herakl” və s. kimi yox; ümumən düşüncə tərzi, həyat amalı və amacı, tale ortaqlığında həmçinin.
Yazıçı hər bir hekayəsində, hər qəhrəmanının simasında mental dəyərlərlə sivilizasiya dəyərlərini üzləşdirir, toqquşdurur və nəticələrini qələmə alır. “Hərdən elə bilirsən şəhər Avropadır, kənd -Şərq. Moskvada sivilizasiya tırıltıyla da olsa, işləyir; o, sınıq kombayn kimi dayananda da arxayınsan ki, haçansa ustası gələcək, mexanizmlərini qurdalayıb düzəldəcək. Kənddəsə nə sınığı var, nə də bir qeyrisi…” (“Sivilizasiya”) Rafiq Tağının hekayələrindən açılan mənzərələr: kəndi də, şəhəri də, paytaxtı da, əyaləti də… – bir nöqtədən, “sivilizasiyanın nəzərləri”ndən işıqlanır, sivilizasiyanın “işlədiyi” və “işləmədiyi” yerləri tapır, görükdürür.
Rafiq Tağı hekayəsinin xronotopu yazıçının (təhkiyəçinin) qəhrəmanları ilə bitib-tükənməyən “oyun”u; oxucu marağına, “iştirakı”na qədər sirayət edən oyun estetikası üzərində qurulmuşdur. Şərq, ya Qərb, ölüm – həyat, müharibə – sülh, patriarxaliya – sivilizasiya, sevgi – nifrət, sosium – fərd, üz və astar, pozitiv – neqativ… – Rafiq Tağı hekayəsində xronotop qütblərin toqquşmasından doğan sürəkli qarşıdurma anını fiksə etməyə, müstəviləşdirməyə çalışır və bütövlükdə, gündəm aktuallığından başlayıb fəlsəfi diskursacan yüksəlir.
Rafiq Tağı düşüncə mövqeyində qatı Qərbçidir, sivilizasiya dəyərləri tərəfdarıdır; bunu onun bir çox esseləri də açıq şəkildə bəyan edir (“Şərq-Qərb əsəb tarixi”, “Şərq-Qərb Sivilizasia – terror qanunu”, “Faciə: Şərq-Qərb konteksti”, “Homeostaz. Köhnəlmiş mədəniyyətlər səmtində düşüncələrim”, “Mədəniyyət və sivilizasiya mövzusuna qayıdış”, “Avropa və biz”, “Sivilizasiya və Azərbaycan” və s.). Amma hekayələrində yazıçı geridə qalmış Şərq cəmiyyətini, bu cəmiyyətin əzabları altına girmiş Şərq insanını hədəfləyir, yazır…
Rafiq Tağı sülh, barışıq, həmrəylik adamı, demokratiya və ədalət carçısıdır (“Azərbaycanda hüquq”, “Mədəniyyət və müharibə”, “Millətimiz. Əxlaqımız”, “Qarışıq fikirlər. Müharbə”, “Qara azadlıq etüdləri”, “Sülh mentalitetli xalq” və s. esselərini yada salaq); amma hekayələrində müharibə, xaos, qarmaşıqlıq dövrünün insanını yazmalı olur. İstər mental çərçivələrdən Qarabağ müharibəsi olsun (“Müharibə mövzusunda divertisment”, “Əvvəl sülh yox, müharibə görən”, “Dünyanın ən yaxşı müharibəsi”, “Müharibələr və ana”…), istərsə də kosmopolit Əfqanıstan savaşı (“Feldşer Kalabaşkina hekayətinə düzəlişlər”). Rafiq Tağının dərc etdirdiyi 49 sayda “Ektremal şeirlər”i də (1998-2001) əslində qəfil şairlik həvəsindən çox, “müharibə zamanı”nın “ekstrim”ləri, effektləri, “batal mənzərələri” kimi doğulur: “Batal rəsmli/ xoşbəxt müharibələri/ gördükcə Avropada/ it-bata/ düşən/ Qarabağ savaşlarına/ ağlayıram yavaşca…”
Rafiq Tağı sevgi, gözəllik, harmoniya aşiqidir; bəzən hekayələrində esse başlanğıcı, ani oçerk havası da birbaşa təcəssümdən doğur (“Xalça şərqisi”, “Vətən ağacı”, “Keçmişə yaxın yer”…). Amma yazıçı əksərən nifrətlərin, eybəcərliklərin, yadlaşmanın hakim olduğu disharmonik cəmiyyəti hədəf götürməyə, çözməyə məhkumdur (“Höccətin tutulmağı”, “İtdən yaxşı hürən”, “TV- xəbər dizaynı”, “Evləri qəbir abidələrinə bənzəyən şəhərdə”, “Radioaktiv tale” və s. onlarla hekayəsini anmaq olar)…
Hər bir yazıçı kimi, Rafiq Tağı da insansevərdir; insanı pozitivlərdən görmək, kəşf etmək xiridarıdır. Xarakterindən, əməllərindən, düşüncə və niyyətlərindən xali, Rafiq Tağı hekayələrində “pis insan” yoxdur; qəhrəmanlarına verdiyi növbənöv səciyyələr içərisində (prototip-səciyyələr) bircə suçlayıcı hökmə belə rast gəlmək olmur. Amma çətinlik budur ki, yazıçı pozitivlərin də neqativlərdən fokuslandığını bilir və hekayələrində(n) bunu görükdürməyə səylər edir.
Bütün bu cəhətlərə görə, Rafiq Tağının klassika ilə müttəfiqliyi, klassikanın davamı olması sanki şübhə doğurmamalıdır: “Min cür adamdan/ mən/ onları seçdim,/ aldanmadan./ Oxşadım keçmişin/ və həm gələcəyin/ klassiksevərlərinə…” (“Keçdim klassiklər tərəfinə”) Amma maraqlıdır ki, bir sıra esselərində yazıçı milli klassikaya hərb elan edir, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun kölgəsini qılınclayır (“Ədəbiyyatşünaslıq etüdləri”, “Ölü ədəbiyyatın əlamətləri”, “Mirzə Cəlillə ayrılıq məqamı”, “Mirzə Ələkbər Sabir haqqında gecikmiş sözlər”, “Qafqazın qartalı Şaumyan belə”…) Sərt həcv üslubunda qələmə alınmış bu yazılar, əslində, daha çox “klassika ilə oyun” təsiri bağışlayır; klassik dəyərlərdən çox, klassiklərin bütə çevrilməsi məqamına üsyan edir: “Doğrudan da, bütə çevirdiyimiz klassiklər Azərbaycan ədəbiyyatını hərəkətsiz duruma gətirmişdir…”; “Nə qədər gec deyil, ədəbi bütlərə sevgi aldanışlarından qurtulmalıyıq…” (Rafiq Tağı, Seçilmiş esselər. Bakı, Qanun nəşriyyatı, 2021)
Ümumən, Rafiq Tağı nəsrinin milli ədəbi ənənə sırasında yeri birmənalı görünmür. Gülüş estetikası, hekayəçilik məktəbi baxımından Rafiq Tağı nəsrinin klassik ənənələri davam etdirdiyi şəksizdir; amma bu, birbaşa bəhrələnmədən çox, tipoloji hadisədir. Rafiq Tağının hekayə qəhrəmanlarının Əbdürrəhimbəy Haqverdiyevin milli tühəflərinə, “marallar”ına natura bənzəyişi var, eynən “vətənimizin yetirdiyi meyvələr”dir (Cəlil Məmmədquluzadə) ki, üstündən yüz il ötəndən sonra da yazıya gəlir. Bununla belə, sənət axtarışlarında yazıçı milli nəsrin yığcam yaddaşına etina etməyib, daha çox rus ədəbiyyatı dəryasına baş vurmağa üstünlük verir. Müsahibələrinin birində “heç bir yazıçının başqasında olan kombinasiyanı təkrar etmədiyi”ni vurğulayan Rafiq Tağı deyir: “Məsələn, mənim yaradıcılığımda XIX əsr rus klassik ədəbiyyatının, Moskva arxitekturasının, Qoyya və Salvador Dalinin, Bethoven və Asəf Zeynallının, Nitsşe və N.Berdyayevin təsirləri olub” (“Üç nöqtə” qəzeti, 18 oktyabr 2003) Belə ki, Rafiq Tağının bir çox hekayələrində bütöv əyalət mənzərələrinə qələm çalması, “balaca” əyalət insanına qısınması və onunla rəftarında Çexov qılığı, Tolstoy himayəsi, Qoqol patriarxalizminin kodları bariz görünürsə, qəhrəmanlarına mütləq, güzəştsiz, “inqilabi” yanaşmada həmçinin M.Qorki pozitivizminin əlamətləri də hiss olunur. O cümlədən yaradıcılığının son mərhələsində bədii axtarışları Rafiq Tağını Dostoyevski problemlərinə (cinayət, cəza, günah, tövbə…) gətirib-çıxarır (“Parlaq quş”, “Gənc qraf Kenterberiyski”, “Güzgü” və s. )
İlk baxışda sabit, dəyişməz görünən Rafiq Tağı dünyasının alt qatında zamanın hərəkəti aşkar duyulur. Dəyişməz olan yazıçının dəyərləri, mənəvi imperativləridir, dəyişən isə zamanla birgə yaradıcılıq poetikası. Rafiq Tağı dünyasının hərəkətverici impulsu yazıçının gülüşüdür; nikbin, həyatsevər, müdrik yanaşmadan doğan yaradıcılıq platforması nasirin bədii-estetik axtarışlarında da özünü göstərir. İlk hekayələrində (“Yanaşı ulduzlar”, 1987) Rafiq Tağı realistdir; sanki missiyasını yaşadığı, müşahidə etdiyi cəmiyyət, mənəviyyat, patriarxaliya, hətta gender problemlərini yazıya almaqda görür. Üslubu duru, aydın, təhkiyəsi axıcı, obrazlar qalereyası rəngarəng, çoxtipajlıdır. Bu mərhələdə yazıçının gülüşü xəfif, isti-qılıqlı, hardasa şəbədə xarakterlidir; qəhrəmanlarına acıdığı, mental ağrılarını bölüşdüyü hiss olunur.
Getdikcə bu gülüş tündləşir, fəlsəfi-ironik çalar alır. “Düşmənimin xatirinə” və “Pozitiv, neqativ” kitablarında Rafiq Tağı artıq qəti bir modernistdir; sivilizasiyanın şən, gümrah yerişi altda hər cür mentallıqlara inkarçı-nihilist mövqelərdən qənim kəsilir. Bu, fəlsəfi nihilizmdir; gerçəklərin üstündən hər cür örtüləri (sosial, psixoloji, mənəvi-əxlaqi və s.) söküb-götürüb, birbaşa insan həqiqətinə çıxmaq, onu diriltmək üçündür. Rafiq Tağı bunu edir; qəhrəmanlarının həyatında sadəcə realist ziddiyyətləri deyil, fatal və total şəkildə “taleyin istehzası”nı izləyir. Yığcam, tutumlu, az qala roman gücündə mətləbləri sərrastlıqla balaca bir mətnə sığdıran Rafiq Tağı hekayəsi məhz bu dövrün bəhrəsidir. Rafiq Tağıda “realizm” aldadıcıdır, mətnləri ekzistensial-fəlsəfi yüklüdür.
Rafiq Tağının qəfil və amansız ölümündən təkanlanaraq yazılan bir sıra şərhlərdə yazıçının son dövr yaradıcılığında qəribə bir şəkildə “ölüm” motivinə marağı, xüsusən “Qatilə didaktika dərsləri” hekayəsində (2008) əvvəlcədən ölümünə fərman verməsi heyrət doğurmuşdur. Halbuki “ölüm” motivasiyası, “həyat-ölüm” mistifikasiyaları Rafiq Tağının hekayələrində daimi atributdur (hətta hekayələrin adlarına da çıxarır: “Tezqocalan, tezölən”, “Heç kəsi öldürmək istəməyən”, “Ölü Həsən”, “Ölməyə hazır durub, “Qocalığı görən” və s.); yazıçının təfsirində həyat hər zaman ölüm haləsinə bürünmüş şəkildədir. Həyat-ölüm faniliyindən əxz etdiyi fəlsəfi didaktika Rafiq Tağı yaradıcılığında dominant olmuşdur.
Yaradıcılığının son mərhələsində Rafiq Tağının gülüşü qəzəbli şəkil alır, ironiyası şiddətlənir (“Şahzadə Dipendranın məhəbbəti…”, “Ucaboy liliput…”, “Gənc qraf Kenterberiyski”, “Hekayələr” kitablarında); sanki yazıçı “taleyin istehzası”na qane olmayıb çərxi-fələyin özü ilə də savaşa girməyə cürət edir. Ən aktual ictimai-siyasi mövzulara (“Şahzadə Dipendranın məhəbbəti”, “Gənc qraf Kenterberiyski”, “Parlaq quş”, “Slavyan universitetinin professoru” və s. ), dini tabulara (“Aşura kriminal durumu”, “Molla”, “İmam Hüseyn və qardaşım” və s.), böyük “fəlsəfi dilemmalar”a (“Beş şəkil”, “Subyektiv idealizm – təsadüfi oyun növü”, “Vulqar fəlsəfəçilik dövrü”, “Əlverişli intihar hündürlükləri”, “Kaspar evi”, “Güzgü” və s.) toxunmaqdan çəkinmir; gülüşünü birə-iki qat artıraraq sürəkli qəhqəhələrlə süsləyir. Bu zaman Rafiq Tağının ən zəif yeri əndazəsiz publisist ehtirası, ən etibarlı müttəfiqi – postmodernist ironiyadır.
Yaradıcılığının bu çağında Rafiq Tağı postmodernizmlə ciddi maraqlanır; heç bir mütləqi qəbul etməyən postmodernist həqiqətləri, dünyaya ironik baxışı, hər cür ehkama, daşlaşmış dəyərlərə qarşı dekonstruktiv ideyaları ruhuna yaxın bilir. Esselərində dəblə gələn, “dildə bitən postmodernizm”i, “-izm”in adı ilə oynayıb, mahiyyətindən min yol uzaq olanları amansız istehzaya məruz qoyan yazıçı (“Bizdə klassiklərin tiraniyası”), hekayələrində postmodernizmin əyani nümunələrini yaratmağa da cəhdlər edir. Bu ki: klassika ilə oyun (“Parlaq quş”, “Anna Karenina ilə məhkəmə çəkişməsi perspektivləri”), həyat və sənət, professionallıq-kütləvilik sərhədlərinin itməsi (“Opera-balet”, “Qalamirzənin ədəbi obraza dönmə məqamları”, “Prototiplər və ədəbi qəhrəmanlar nağılı”, “Mikelancelonun səhvləri”, “Uca dağlar prototipi”, “Qoca Məcnun” və s.), həyat-ölüm-sənət hüdudlarının şəffaflığı (“Gənc qraf Kenterberiyski”, “İlk düşmənim”, “Feldşer Kalabaşkina hekayətinə düzəlişlər”, “Qatilə didaktika dərsləri” və s.), qlobalizə əsrinin kənd-şəhər utilizəsi (“Kiçik ailə xronikası: Xanhüseyn, Güllü, Sədəf, Əlihüseyn”, “Y.Senkeviçin dostu”, “Meqapolis qonağı”, “Qardaşımın sevgiləri”, “Magistral xətlər keçə o torpağın üstündən” və s.) kimi münbit postmodernist yanaşmalar və məşqlər Rafiq Tağının esselərindən hekayələrinə sürüşüb-gəlir.
Hər hansı bir “-izm” yalnız o zaman bəhrə verir ki, günün həqiqətlərinə güzgü olur, günün həqiqəti olur, günü İnsan həqiqətinin bir parçası olaraq görməyə, oxumağa, kəşf etməyə açar olur. “Ölü ədəbiyyatın əlamətləri” essesində yazıçı elə belə də deyir: “Zamanında aktual olmayan ədəbiyyat da ölüdür, zaman dəyişikliyində aktuallığını itirən ədəbiyyat da” (Rafiq Tağı, Seçilmiş esselər. Bakı, Qanun nəşriyyatı, 2021)
Bütünlükdə, Rafiq Tağının yaradıcılıq yolu, əsərləri, heç zaman susmayan qələm mübarizəsi – Sivilizasiya adından və Sivilizasiya adına, milli varlığın sabahı naminə açdığı savaşdır. Mental geriliyin İnsanlıq üzərində hakimi-mütləqliyi ilə heç vəch barışmayan yazıçı, həyatı bahasına olsa da, sonda ona qalib gəlir; ölməz yaradıcılığı, sənəti ilə.
Xalq yazıçısı Elçin hələ otuz il əvvəl yazdığı məqaləsində deyirdi: “İndi isə xəyal məni on beş il bundan sonraya (XXI əsrə!) aparır. Mən çox istəyirəm ki, o zaman Azərbaycan ədəbiyyatı bir küll halında bütün ideoloji komplekslərdən azad milli-mənəvi sərvətə çevrilsin. Və mən çox istəyirəm ki, Rafiq Tağızadə də, onun başqa istedadlı gənc həmkarları da o zaman özləri ilə bərabər öz xalqlarını da ifadə edən, həmin xalq tərəfindən tanınan və sevilən yazıçılar olsunlar” (Elçin, On beş il əvvəl və onbeş il sonra // Rafiq Tağızadə, Düşmənimin xatirinə. Bakı, “Yazıçı”, 1991, s. 6)
Rafiq Tağı həyatında və yaradıcılığında “əlverişli intihar hündürlükləri”ni fəth etməkdən qorxub-çəkinməmiş, Azərbaycan varlığını elə o ucalıqlardan da ifadə etmişdir.
edebiyyatqazeti.az